19 May 2024

Bazar, 17:39

SİMSARLAR KLUBU

"Böyük yeddilik"in gələcəyi varmı?

Müəllif:

01.06.2016

Növbəti "G7" sammiti mayın 26-27-də Yaponiyanın İse-Sima milli qoruğunda keçirilib. Bu sammit - ilk baxışdan görünməsə də, "Böyük Yeddilik" üçün sanki bir dayanıqlılıq imtahanı idi.

ABŞ Prezidenti Barak Obama, Fransanın dövlət başçısı Fransua Olland, Almaniya kansleri Angela Merkel, Böyük Britaniyanın Baş naziri Devid Kemeron, İtaliya hökumətinin başçısı Matteo Rensi, Kanadanın Baş naziri Castin Tryudo, həmçinin Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk və Avropa Komissiyasının sədri Jan-Klod Yunker sammitdə o qədər çox sayda problemləri müzakirə ediblər ki, onların buna, təxminən, 2 gündə nail olmalarının özü belə, təəccüblüdür. Üstəlik, sammitin məcburi protokol proqramı, istirahət və nahar vaxtı da olub.

Bununla yanaşı, "yeddilik" liderlərinin dünya iqtisadiyyatı (o cümlədən neftin ucuzlaşması, korrupsiya ilə mübarizə, vergi sahəsində islahatlar və s.), iqlim, insan haqları və BMT-də islahatlar, Suriya, Ukrayna və Koreya yarımadasındakı vəziyyət, beynəlxalq terrorçuluq, nüvə tərk-silahı, İranın həyata keçirdiyi ballistik raket sınağı, Avropada miqrasiya böhranı kimi məsələləri müzakirə etdikləri bildirilir.

Bəzi KİV isə sammitin yekun bə-yannaməsinin hələ toplantıdan əvvəl hazırlandığına eyham vurur. 2014-cü ildə Rusiyanın qurumdan kənarlaşdırılmasından sonra, "Böyük Səkkizlik" sırf "öz"lərinin klubuna çevrilib və indi orada kompromisə gəlinməsi, əsas təhlükələrin müəyyənləşdirilməsi çox asandır. Bəs əslində, vəziyyət necədir? Bəlkə "G7" üzvləri üçün razılığa gəlinməsi ona görə asandır ki, onlar başqa səviyyələrdə detallı şəkildə razılaşdırılmış ümumi formullarla keçinirlər? Üstəlik, klubun qərarlarının icrası məcburi xarakter daşımır və onlar, sadəcə, tövsiyə xarakerlidir; məsələn, iqtisadiyyatdan danışan dünyanın ən güclüləri onun inkişafına nail olunması üçün birgə səylərin göstərilməsi ilə bağlı razılığa gəlib, BVF-nin kvotalarla bağlı islahatlarının qüvvəyə minməsini dəstəkləyib. Terrorçuluğa gəlincə, müvafiq qurumlar arasında informasiya mübadiləsinin genişləndirilməsi, sərhədlərə nəzarət sahəsində kooperasiyaların çoxaldılması, ekstremizmin maliyyələşdirilməsi və mədəni dəyərlərin qaçaqmalçılığı ilə mübarizəyə dair razılıqlar əldə edilib.

Amma sammitdə daha ciddi qərarlar da qəbul olunub. Bu dəfə "yeddilik" ölkələri Cənubi Çin dənizindəki vəziyyətlə bağlı kifayət qədər konkret narahatlıq ifadə edib, bütün fikir ayrılıqlarının beynəlxalq hüquqa əsasən, sülh yolu ilə çözülməsinin vacibliyini vurğulayıb. Söhbət Çin ilə regionun bir sıra ölkələri - Yaponiya, Vyetnam, Malayziya və Filippin - arasında dəniz sərhədləri və Cənubi Çin dənizinə görə məsuliyyət məsələsindəki fikir ayrılıqlarından gedir. Bu, Şərqi Çin dənizinə də aiddir.

Pekinin "Böyük Yeddilk"ə cavabı da özünü çox gözlətməyib - çinlilər baş verənlərə qəti etirazlarını bildiriblər. Çin Xarici İşlər Nazirliyinin rəsmisi Xua Çunin bildirib ki, onun ölkəsinin Cənubi Çin dənizindəki fəaliyyəti Çinin suverenliyinə uyğun hə-yata keçirilir və "G7" ölkələri ərazi mübahisələrində neytral mövqe tutmalıdır. O, klub üzvlərinin regionda sülh və sabitliyin dəstəklənməsi istiqamətində daha çox iş görməli olduğunu da bildirib.

Amma söhbət, əlbəttə ki, yalnız bayağı ədalətdən getmir. Hər halda, məsələn, ABŞ üçün Cənubi Çin və ya Şərqi Çin dənizindən suşilərin kimə - Çinə, yoxsa tutaq ki, Vyetnama çatacağının heç bir fərqi yoxdur. Onsuz da dünyanın dəniz ticarəti sahəsindəki strateji nöqtələrinin əksəriyyətinə bu və ya digər formada nəzarət edən ABŞ-da narahatlıq yaradan Çinin öz İpək Yolu İqtisadi Qurşağının yaradılması planına əsasən, regional nəqliyat marşrutlarının xəritəsini ardıcıl olaraq dəyişməsidir - Pekin onun bir hissəsini qitənin içərilərinə çəkir, həm də suda təşəbbüsü ələ almağa çalışır (XXI əsrin Dəniz İpək Yolu konsepsiyası).

Bundan başqa, Çinin əməlləri, xüsusilə Asiya İnfrastruktur İnvestisiyaları Bankının (AİİB) fəaliyyəti Trans-Sakit Okean Tərəfdaşlığı (TST) iqtisadi-ticarət təşkilatının fəaliyyəti baxımından amerikalılara çox mane olur. Qeyd edək ki, TST regionda, əlbəttə ki, ABŞ və Yaponiyanın nəzarəti altında azad ticarət zonasının yaradılmasını nəzərdə tutur. Bununla da onlar Asiya-Sakit okean regionunu Çin yox, Amerika məhsulları ilə doldurmağı planlaşdırır.

Bütün bunların fonunda ABŞ-ın regiondakı əsas müttəfiqi Yaponiya olaraq qalır. Ağ ev rəhbəri Yaponiyanın bu statusunu bir daha təsdiq etmək üçün sammitdə iştirakı çərçivəsində Amerika-Yaponiya münasibətlərinin önəmini xüsusi vurğulayıb. Bunun üçün o, hətta Xirosimaya da baş çəkib. Bu, İkinci Dünya Müharibəsi zamanı Amerikanın atom bombası atdığı, tarixdə nüvə silahından istifadə olunduğu yeganə şəhərə ABŞ-ın möv-cud prezidentinin ilk səfəridir. Bu səfəröncəsi yaponların Amerikadan üzr istəməsini tələb edə biləcəyinə dair narahatlıqlar var idi. Lakin Tokio diqqəti bu məqama çəkməyi lazım bilməyib.

Bütün postmüharibə dövrü ərzində ABŞ Yaponiya üçün nəinki vacib iqtisadi tərəfdaş, həm də bu ölkə ərazisində hərbi baza yerləşdirmiş dövlət olub. Bu səbəbdən də hər iki tərəf detallara varmadan bombardman qurbanlarının xatirəsini anıb, diqqəti nüvə silahının ixtisarı və məhvinin vacibliyinə yönəldib.

Bu problem həqiqətən də aktuallığını itirmir. Bu gün Rusiya və ABŞ dünyanın ən nəhəng nüvə fövqəldövlətləri olaraq qalır (ikisinin birlikdə 15 min başlığı var). Üstəlik, onlar tez-tez "soyuq müharibə" dövrünün geri qayıtdığını bəyan edir ki, bu da dünyada heç də nikbinlik yaratmır. Aparılan müzakirələr öz yerində, amma heç kəs nüvə silahından imtina etməyi düşünmür. Bu, 2009-cu ildə həm də nüvəsiz dünya yaratmaq cəhdlərinə görə Nobel Sülh mükafatına layiq görülmüş Obamaya da aiddir.

"Yeddilik" ölkələri üçün digər təhlükə kimi, Rusiya göstərilib və "G7" liderləri Yaponiya sammitində Moskvaya tətbiq olunmuş sanksiyaların qüvvədə qalmasını dəstəkləyiblər. Doğrudur, Rusiya KİV sammitin yekun bəyannaməsində Moskva ilə dialoqun vacibliyi fikrinin də yer aldığını xüsusi vurğulayır; məsələn, Almaniyanın XİN başçısı Frank-Valter Ştaynmayerin "Aİ ölkələri Rusiyaya qarşı sanksiyaların müddətinin uzadılması ilə bağlı müzakirələrdə çətinliklərlə üzləşir" sitatına xüsusi yer verir. Rus mətbuatı onu da qabardır ki, "G7" sammitindən bir qədər əvvəl Yaponiyanın Baş naziri Sindzo Abe Vaşinqtonun istəyinin əksinə olaraq, Soçiyə səfər edib, sentyabrda isə onun Şərq İqtisadi Forumunda iştirak üçün Vladivostoka səfəri gözlənilir. Amma bütün bunlara rəğmən, Moskva-Qərb münasibətlərinin son dərəcə gərgin olaraq qaldığına heç bir şübhə yoxdur. Bu, özünü xüsusilə "Böyük Yeddilik"in, Yaponiya istisna olmaqla, bütün üzvlərini özündə birləşdirən NATO-Rusiya qarşıdurmasında göstərir. Şimali Atlantika Alyansının iyulda Varşavada keçiriləcək sammitində Şərqi Avropada hərbi qüvvələrin mövcudluğu ilə bağlı son dərəcə önəmli qərarların qəbul olunacağı gözlənilir. NATO Polşa, Litva, Latviya və Estoniyadakı kontingentini, o cümlədən tank qrupları və artilleriya hesabına artırmaq niyyətindədir. Tallin isə alyansa onun ərazisində "ZRK Patriot" qurğularının yerləşdirilməsini təklif edib.

NATO-nun Baş katibi Yens Stoltenberq bildirib ki, Şimali Atlantika Alyansı sırf müdafiə məqsədilə çalışır və Rusiya ilə yeni "soyuq müharibə" istəməsə də, bəzən çıxış yolu qalmır: "Alyans Rusiyanın Silahlı Qüvvələri necə intensiv maliyyələşdirdiyini çoxdan müşahidə edir".

Bundan başqa, "G7"nin Yaponiya sammitindən əvvəl NATO-ya üzv dövlətlərin XİN başçıları qurumun Brüsseldəki mənzil-qərargahında Çernoqoriyanın alyansa üzvlüyünə dair protokol imzalayıb. Beləliklə, Çernoqoriya rəsmən NATO-nun 29-cu üzvü olacaq.

Yaşananlar zəncirvari reaksiya yaradır və Rusiya bütün bunları, həmçinin Avropada HHM sisteminin yaradılmasını milli təhlükəsizliyinə təhdid kimi qiymətləndirir. Yaponiya sammiti ilə demək olar ki, paralel Yunanıstanda rəsmi səfərdə olan Putin bildirib ki, Moskva ABŞ-ın Rumıniyada HHM sistemi quraşdırmasına reaksiya vermək məcburiyyətindədir, çünki orada zərbə kompleksləri quraşdırıla bilər. Putin xatırladıb ki, bunun üçün proqram təminatının dəyişdirilməsi kifayətdir: bu üzdən də Rusiya öz təhlükəsizliyini təmin etmək üçün cavab addımları atmalı olacaq. "Əgər dünənədək Rumıniyanın həmin əraziləri hədəfdə olmağın nə olduğunu bilmirdisə, bu gün biz təhlükəsizliyimizi təmin etmək üçün müəyyən addımlar atmalıyıq", - deyə Putin bildirib.

Bütün bunlarla yanaşı, "yeddilik"in terror, Çin və Rusiyadan əlavə də kifayət qədər problemi var. Bu, ilk növbədə, Avropadakı miqrasiya böhranı və Böyük Britaniyanın Aİ-ni mümkün tərk etməsidir (Brehit). Londonun birlikdən ayrılması ilə bağlı referendum tezliklə - iyunun 23-də keçirilməlidir və indi son söz Britaniya xalqınındır. "G7"nin maliyyə nazirləri bəyan ediblər ki, Böyük Britaniyanın Aİ-ni tərk etməsi "dünya iqtisadiyyatını təhlükə ilə üz-üzə qoyacaq şok ola bilər".

Qaçqınlara gəlincə, 2015-ci ilin yayının təkrarlanacağı ehtimalı yük-səkdir. Mayın son həftəsində havaların isti keçməsi ilə əlaqədar, Avropaya qaçqın axını artıq xeyli artıb. Miqrasiya böhranını həlli yenə də NATO üzvü olan Türkiyədən çox asılıdır. Lakin Ankara son dövrlərdə siyasi burulğana düşüb və onun Aİ ilə münasibətləri yenidən korlanıb. Demək, indi onların arasındakı ikitərəfli razılaşma da təhlükə qarşısındadır.

Bu arada Avropa İttifaqı Şurasının rəhbəri Donald Tusk bildirib ki, bu, qlobal böhrandır və müvafiq olaraq, onun həlli üçün qlobal məsuliyyət tələb olunur. İndi bir şey aydındır - avropalıların özləri Şimali Afrika və Yaxın Şərqdən gələn "qonaq" axını ilə bacarmaq iqtidarında deyil.

Bütün bunlarla yanaşı, 7 ölkənin lideri bir sıra qlobal problemlə bağlı suallara cavab tampağa çalışıb. Amma problemləri bu formatda çözmək mümkündürmü? Əksər analitiklər hesab edir ki, "G7" həddindən artıq qərbpərəstdir və bu mənada "G20" formatı daha ədalətlidir. Çünki orada inkişaf etməkdə olan iqtisadiyyatlar və daha vacibi, dünyada ikinci iqtisadiyyata sahib Çin də sözünü deyə bilir. Hazırda "G20" qlobal iqtisadi və maliyyə əməkdaşlığı ilə bağlı məsələlərin müzakirəsi üçün aparıcı forum sayılır. Lakin deyəsən, orada tezliklə siyasət də aparıcı yer tutacaq. Yeri gəlmişkən, "iyirmilik" ölkələrinin növbəti sammiti Çinin Xançjou şəhərində təşkil olunacaq və toplantı çərçivəsində tarixin ən miqyaslı biznes sammitinin keçirilməsi nəzərdə tutulub. Orada Si Cinpin də çıxış edəcək.

İndi "yeddilik" liderlərinin bəzilərinin "axsaq ördək" olması, yaxud bu vəziyyətə yaxınlaşması da "G7" formatının xeyrinə işləməyən amillərdəndir. Bu, ilk növbədə, əlbəttə ki, ABŞ Prezidenti Barak Obamaya aiddir. Obamanın Ağ evə rəhbərlik etdiyi dövrdə ABŞ qoşunlarını Yaxın Şərqdən çıxarmasına, Ştatlar üçün çox vacib olan ticarət razılaşmaları əldə etməsinə, "son onillikdə ABŞ prezidenti üçün ilk dəfə" formulunda bir çox işlər görməsinə (Kuba və İranla münasibətlərin qurulması, Xirosimanı ziyarət və s.) baxmayaraq, onu müharibədənsonrakı dövrdə Ağ evin ən qeyri-populyar rəhbəri adlandırırlar. Lakin ABŞ-ın tərəfdaşlarını daha çox narahat edən Obamadan sonra bu vəzifəni kimin tutacağının məlum olmamasıdır. Hazırda ABŞ-ın siyasi kursu ciddi sual altındadır - Klinton üstünlüyü xarici siyasətə verməyi düşünürsə, Tramp bütün diqqəti daxili məsələlərə yönəldib.

Fransa Prezidenti Fransua Ollandın da reytinqi çox aşağıdır və o da "Beşinci respublika"nın ən qeyri-populyar prezidenti adlandırılır. Ollandın seçkiqabağı vədlərinin əksəriyyətini yerinə yetirmədiyi, onun rəhbərliyi dövründə Fransanın terror aktları ilə silkələndiyi, bu ilin yazından isə əmək qanunvericiliyindəki islahatlarla bağlı miqyaslı etiza aksiyalarına səhnə olduğu xüsusi vurğulanır. Qeyd edək ki, bu etiraz aksiyaları AES də daxil olmaqla, iqtisadiyyatın bir sıra vacib sektorlarını əhatə edib.

Almaniya kansleri Angela Merkelə gəlincə, o, hələlik dözür. Lakin Merkelin də reytinqinin yüksək olduğunu söyləmək mümkün deyil. Səbəb yenə də miqrasiya böhranı və onun öz ardınca gətirdiyi çoxsaylı problemdərdir.

Sammit təşkilatçıları "G7" üçün kifayət qədər qəribə rəsmi musiqi seçmişdilər - populyar yapon musiqiçisi Ken Xirai solmuş sevgidən oxuyurdu: "Bizim sabahımız da, bugünümüz kimi gec-tez qum kimi axıb-gedəcək. Ümidvaram ki, əl-ələ tutub geriyə - sevgiyə doğru yolu tapmaq mümkün olacaq...". Sevgidən fərqli olaraq, si-yasətdə və iqtisadiyyatda bu cür ümidlər, təəssüf ki, heç də həmişə doğrulmur. Amma o da var ki, "Böyük Yeddilik" üzvlərinin ümidlə yanaşı, qlobal problemləri həll etmək üçün kifayət qədər gücü və nüfuzu da var. 

Bəs görəsən, onlara mövqelərini tutuşdurmaq üçün "G7" miqyaslı neçə belə sammit lazımdır?



MƏSLƏHƏT GÖR:

415