6 May 2024

Bazar ertəsi, 15:41

"KEÇİD DÖVRÜ"

Türkiyə daxili siyasətdə yeni dövrə qədəm qoyur

Müəllif:

01.06.2016

Türkiyənin yeni Baş naziri və yeni hökuməti var, ölkə parlamenti deputatların toxunulmazlığının ləğvini nəzərdə tutan qanun qəbul edib, hər kəs növbədənkənar parlament seçkisinin keçirilə biləcəyini və bunun ardınca ölkədə parlament üsul-idarəsinin prezident idarəçiliyilə əvəzlənəcəyini deyir. Amma gəlin, hər şeyi növbə ilə izləyək...

 

"Müəllim" pensiyaya yollandı...

Mayın 22-də Türkiyənin artıq sabiq Baş naziri Əhməd Davudoğlu vəzifəsindən rəsmən istefa verdi. Vəzifədən getmiş şəxsi tənqid etmək o qədər də etik deyil. Lakin bu qərarın qəbuluna aparıb-çıxarmış səbəblər və detallar haqqında danışmağa dəyər.

Davudoğlu 2009-cu ilin mayında Türkiyənin Xarici İşlər naziri təyin olunmuşdu. Qeyd etmək lazımdır ki, o, bunadək Baş nazir Rəcəb Tayyib Ərdoğanın baş məsləhətçisi rolunda ölkənin xarici siyasi kursunu müəyyənləşdirən şəxslərdən biri idi. Akademik dairələrə aid nəzəriyyəçi olan Davudoğlunun diplomatik fəaliyyət təcrübəsi olmasa da, ona böyük ümidlər bəslənirdi. Hələ nazir postuna təyin olunmamış yazdığı kitablarında o, Atatürk dövründən dəstəklənən təcriddən imtinanın, Türkiyənin beynəlxalq arenada daha fəal oynamasının vacibliyini bildirirdi.

Amma neoosmanizm strategiyası cəmi bir neçə ilə bir çox qonşularla münasibətlərin pozulmasına gətirib çıxardı. Elə təkcə Davudoğlunun fəal iştirakı ilə hazırlanmış və Ermənistanla imzalanmış "Sürix protokolları"nı xatırlamaq kifayətdir. O zaman bu iki ölkə arasındakı futbol diplomatiyası Azərbaycan-Türkiyə münasibətləri üçün bir sınaq olsa da, qardaş ölkələr bu böhranı aşa bildilər. 

Bununla yanaşı, bu uğursuzluq XİN başçısının karyerasına mənfi təsir göstərmədi. Üstəlik, Rəcəb Tayyib Ərdoğanın 2014-cü ildə Türkiyə Prezidenti seçilməsindən sonra Əhməd Davudoğlu ölkənin Baş naziri oldu. Halbuki, o zaman sorğular Ədalət və İnkişaf Partiyasının (ƏİP) lideri və müvafiq olaraq ölkənin Baş naziri postuna Binəli Yıldırım və Abdullah Gülün daha real namizəd sayıldığını, Davudoğlunun yalnız üçüncü yerdə gəldiyini göstərirdi. Türk ekspertlərinin fikrincə, sonda Davudoğlunun partiyada səs çoxluğu əldə etməsi şəxsən prezident Ərdoğanın dəstəyilə mümkün olmuşdu. Analitik dairələr isə ABŞ-ın neomühafizəkar qüvvələrinin (hələ onun akademik fəaliyyəti dövründən) də Davudoğlunun karyera yüksəlişində xüsusi rol oynadığını düşünür.

Davudoğlunun yüksək posta təyinatının hakim partiyanın reytinqinə müsbət təsir göstərdiyini söyləmək çətindir; məsələn, 2015-ci ildə ƏİP 2002-ci ildən sonrakı dövrdə ilk dəfə hökuməti təkbaşına formalaşdırmaq üçün lazımi səsi toplaya bilmədi. Amma onun istefaya getməsinin əsas səbəbləri sırasında prezident Ərdoğanla aralarındakı fikir ayrılıqları da göstərilir.

Beləliklə, bunlar və bir çox digər amillər Ərdoğanı partiyanın növbədənkənar qurultayının çağırılması üçün ƏİP daxilindəki nüfuzundan istifadə etmək məcburiyyətində qoydu - bu qurultayda Davudoğlu partiya sədri və baş nazir postuna namizəd ola bilməyəcəkdi.

Nəticədə, ƏİP-in növbədənkənar qurultayında Binəli Yıldırım partiyanın yeni sədri seçildi və eyni zamanda, hökumət başçısı postunu tutdu. Onun təklif etdiyi Nazirlər Kabinetinin yeni tərkibi artıq ötən həftə prezident tərəfindən təsdiqlənib. 

 

Türkiyənin 38-ci Baş naziri kimdir? 

Türkiyə Prezidenti və ƏİP-in əvəzsiz lideri Rəcəb Tayyib Ərdoğanla Binəli Yıldırımı çox şey bağlayır. Hələ 90-cı illərin əvvəllərində onların hər ikisi İstanbul bələdiyyəsində işləyiblər. Gəmiçilik mütəxəssisi olan Yıldırım 1994-2002-ci illərdə Türkiyə Gəmi Sənayesi Baş İdarəsində çalışıb. Orada Yıldırım daşımaların təşkililə məşğul olub. Uğurlu texnokrat və bürokrat olan Yıldırım bir çox nəhəng infrastruktur layhəsinin memarı və rəhbəri kimi tanınır. Ən başlıcası, o, Ərdoğanla birlikdə ƏİP-in yaradıcılarındandır və bu gün də partiya üzvlərinə ciddi təsir imkanlarına malikdir.

2002-ci ildə Binəli Yıldırım Türkiyənin nəqliyyat naziri təyin olunub. 13 ildə onun rəhbərliyi ilə reallaşdırılmış layihələrin ümumi dəyəri 253 milyard türk lirəsidir. Aviasiya loukosterlərini, Marmaray meqalayihəsini, 4.5G, yollar və körpüləri türklər məhz Yıldırımın adı ilə bağlayır. Başqa sözlə, bu gün Türkiyə rəhbərliyinin haqlı olaraq qürur duyduğu bütün sanballı nailiyyətlərin altında Yıldırımın imzası var. 

 

Türkiyənin siyasətində yeni dövr

ƏİP-in növbədənkənar qurultayında partiya funksionerlərinin səsləndirdikləri bəyanatlara və mütəxəssislərin təhlillərinə əsasən demək olar ki, Türkiyə daxili siyasətdə yeni dövrə qədəm qoyur. Əksər türk analitikinin fikrincə, bu si-yasi tədbir ölkənin siyasi sisteminin məğzini dəyişib və faktiki olaraq, ölkədə prezident idarəçiliyi sisteminə keçidin başlanğıcı olub.

Hələ qurultay başlamamış partiyanın mətbuat katibi Ömər Çelik partiyanın yeganə namizədini elan edərkən deyib: "ƏİP ilə Prezident Ərdoğan arasında heç bir məsafə yoxdur". Bununla o, partiya ilə prezidentinin vahid cəbhə olduğunu ifadə edib. ƏİP-in yeni sədri isə daha konkret olub: partiyanın əsl lideri prezident Ərdoğandır. Bu tezis bütün çıxışlarda təkrarlanıb və qurultayın keçirildiyi zalda birmənalı atmosfer yaradıb. Amma bəzi ekspertlər bunun Türkiyənin hazırkı Konstitusiyasına tam uymadığını düşünür. Konstitusiyaya əsasən, dövlət başçısının partiya mənsubiyyəti olmamalıdır.

Aydındır ki, Ərdoğan Binəli Yıldırımı seçməklə, üstünlüyü siyasi iddiaları olmayan güclü kadra verdiyini göstərib. Üstəlik o, Yıldırımı çoxdan tanıyır və aralarında hər hansı fikir ayrılığının olmadığına əmindir. Amma skeptiklərin yeni baş nazirin Ərdoğanın əlində marionetə çevriləcəyinə dair iddiaları o qədər də əsaslı görünmür. Çünki siyasi iddiaların olmaması hələ onun güclü baş nazir ola bilməyəcəyi anlamına gəlmir. Bundan başqa, Türkiyədə klassik mənada "güclü baş nazirlər" dövrü artıq arxada qalıb.

Yıldırım gecikmədən yeni hökumətin qarşısında duran əsas vəzifələri açıqlayıb. O, əsas vəzifələr sırasında gözlənildiyi kimi, terrorçuluq və separatçılıqla mübarizəni göstərib. Yıldırımın bu postda ilk səfərini Diyarbəkir şəhərinə etmək qərarı da təsadüf deyil - burada təxminən 1 ildir ki, antiterror əməliyyatları keçirilir.

Bununla yanaşı, analitiklər Yıldırım hökumətinin son dövrlərdə vəziyyətin o qədər də yaxşı olmadığı iqtisadi sahə ilə də ciddi məşğul olacağını düşünür. Eyni zamanda, miqyaslı infrastruktur layihələrinin icrası davam etdiriləcək və daha da genişləndiriləcək.

Xarici siyasətdə mümkün dəyişikliklər haqqında ayrıca danışmaq lazımdır. Çoxları ümid edir ki, Ankaranın xarici siyasətindəki emosional romantizm dövrü arxada qalacaq. Praqmatik olan Yıldırım münasibətləri ciddi şəkildə pozulmuş Rusiya ilə yaxınlaşmanı lazım bilir.

Artıq Türkiyədə B.Yıldırım dövrünü "keçid dövrü" adlandırırlar - onun ölkədə prezident idarəçiliyi sisteminə keçidi tənzimləyəcəyi nəzərdə tutulur. Baş nazirin özü də əsas hədəflər sırasında ölkədə prezident idarəçiliyi sisteminə keçidi və yeni Konstitusiyanın qəbulunu da göstərib. 

 

Parlamentin dəstəyinə ehtiyac var

Bəs Türkiyənin hakim partiyası parlamentdə yeni Konstitusiyanın qəbulu üçün zəruri olan mütləq çoxluğa nail olacaqmı? Hazırda Böyük Millət Məclisində ƏİP-in 317, Cümhuriyyət Xalq Partiyasının (CXP) 133, kürdpərəst Xalqların Demokratik Partiyasının (XDP) 59, Millətçi Hərəkat Partiyasının (MHP) isə 40 mandatı var.

Konstitusiyaya dəyişikliklərin edilməsi üçün isə ən azı 367 səs tələb olunur. Partiya və ya koalisiya bu sayda mandata sahib deyilsə, Konstitusiyanı yalnız ümumxalq səsverməsi ilə dəyişmək olar. Amma referendumun elan olunması üçün də ən azı 330 deputatın səsi tələb olunur. Yəni, ƏİP üçün Konstitusiyaya dəyişikliklər prosesinə başlamaq hələ ki, çətin olacaq. Çünki bunun üçün o, parlamentdə lazımi sayda mandata malik deyil. Belə olan təqdirdə, növbədənkənar parlament seçkisinə gedilməli olacaq. Yeri gəlmişkən, hazırda ƏİP-in parlamentdə mütləq səs çoxluğuna sahib çıxmaq üçün kifayət qədər şansı var. Bu, rəqiblərin zəifliyi ilə yanaşı, bir sıra səbəblərlə bağlıdır.

Millətçilərin partiyası faktiki olaraq, bir neçə hissəyə parçalanıb. Partiya funksionerlərinin əksəriyyəti sədr Dövlət Baxçalının istefasını tələb etsə də, MHP lideri hələ ki, təşkilata rəhbərliyi əlində saxlamaq üçün ciddi cəhdlər göstərir. Bununla yanaşı, onun yerinə 4 namizəd iddialıdır. Partiyada münasibətlər iyunun ortalarında aydınlaşdırılmalıdır. Odur ki, indiki vəziyyətdə millətçilər çətin ki, 10%-lik baryeri aşaraq parlamentə düşə bilsin.

Kürdpərəst XDP-nin perspektivi də ürəkaçan deyil. Partiya terrorçu Kürd Fəhlə Partiyasının (PPK) kölgəsindən çıxa bilməyib. Partiyanın deputatları tez-tez separatçılığa açıq dəstək verən bəyanatlar səsləndirir, dövlət əleyhinə ritorikadan istifadə edir. Partiyanın əsas elektoratı etnik kürdlərdir, onlar isə Cənub-Şərqi Anadoluda vəziyyətin gərginləşməsi və yerli əhalinin əziyyət çəkdiyi antiterror əməliyyatlarına görə, əsasən, XDP və PKK-nı ittiham edirlər. Yəni, seçki keçiriləcəyi halda XDP də 10%-lik baryeri aşmaya bilər. Belə olduqda parlamentə yalnız ƏİP və müxalifətçi CXP düşəcək. Müvafiq olaraq, Türkiyə qanunvericiliyinə əsasən, parlamentə düşmək üçün minimal səsi toplaya bilməyən partiyaların səsləri də ƏİP-in aktivinə yazılacaq. 

Beləliklə, Türkiyədə parlament seçkisi bu gün keçirilərsə, hakim ƏİP parlamentdə Konstitusiyaya də-yişiklik etmək və prezident idarəçiliyi sistemini tətbiq etmək üçün kifayət qədər mandat qazana bilər.

Hakim partiyanın opponentləri parlamentin deputatları hüquqi toxunulmazlıqdan məhrum etməsini də bu planla əlaqələndirir. Yeri gəlmişkən, bu qanun layihəsi mayın 20-də elə ilk oxunuşdaca qəbul edilib. Parlamentdə isə artıq prokurorluğun 138 deputatın toxunulmazlığının ləğvinə dair müraciəti var. Onlardan 101-i iki əsas müxalifət partiyasının - MHP və CXP-nin üzvləridir. Bundan başqa, XDP-nin qalmaqallı lideri Səlahəddi Dəmirtaşın da cinayət məsuliyyətinə cəlb olunacağı istisna deyil. 

Bu sayda deputatlara qarşı ittihamın olması növbədənkənar parlament seçkisinin elan olunması üçün tam əsas verir. Lakin hazırda Türkiyə millətçilərinin düşərgəsində yaşanan proseslərdən də çox şey asılıdır. Bu partiyanın sədri postuna Meral Akşener seçilərsə, seçiciərin 25%-dən çoxu səsini MHP-yə verməyə hazırdır. Bu, ölkədə siyasi mənzərəni köklü şəkildə dəyişə bilər.

İstənilən halda, Türkiyədə daxili siyasi vəziyyət dinamik və səs-küylü hadisələrlə zəngin olaraq qalır. Ötən ay da istisna olmayıb və baş verənlərin hər biri artıq yaxın zamanlarda öz ciddi nəticələrini göstərəcək.



MƏSLƏHƏT GÖR:

424