19 May 2024

Bazar, 20:40

NƏ QƏDƏR Kİ GEC DEYİL...

Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan ərazilərinin boşaldılmasına artıq bu il başlanılmalıdır

Müəllif:

01.06.2016

Uzun fasilədən sonra, mayın 16-da Vyanada Azərbaycan və Ermənistan prezidentlərinin görüşü keçirilib. O, Qarabağdakı təmas xəttində aprelin əvvəlində baş vermiş dördgünlük müharibədən sonra baş tutub. Söhbət ağır hərbi texnikadan istifadə olunduğu, hər iki tərəfin ciddi təl?fat verdiyi toqquşmalardan  gedir. Görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri ilə yanaşı, ABŞ, Rusiya və Fransanın xarici siyasət idarələrinin rəhbərləri Con Kerri, Sergey Lavrov və Jan-Mark Eyronun, həmçinin Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı,  Avropa Komissiyasının vitse-prezidenti Federiko Mogerininin də iştirak etmələri onun nə qədər vacib olduğunu göstərən amillərdəndir. Daha bir diqqətçəkən məqamsa həmin vaxt İranın Xarici İşlər naziri Zərifin Vyanada olması idi. Ermənistan-Azərbaycan danışıqlarından sonra, Rusiyanın XİN başçısı S. Lavrov ona görüşün nəticələri haqqında məlumat  verib.

Apreldə baş vermiş toqquşmalar göstərib ki, Ermənistan-Azərbaycan münaqişəsi dondurulmayıb və o, qısa vaxtda yalnız münaqişə tərəfləri üçün yox, bütünlükdə Cənubi Qafqaz regionu üçün ağır fəsadlara yol açacaq tammiqyaslı müharibəyə çevrilə bilər. Məhz bunu anlayan beynəlxalq birlik barışığın bərpası və danışıqların davam etdirilməsi üçün Bakı ilə İrəvana təsir göstərmək qərarına  gəlib.

Dialoqun bərpası üçün cəfəng ilkin şərtlər irəli sürən Ermənistan prezidenti Serj Sarqsyandan fərqli olaraq, Bakı hər zaman münaqişənin sülh yolu ilə həllinə tərəfdar olub və status-kvonun davam etməsinə hesablanmış dialoq imitasiyası yox, subyektiv, yəni, məzmunlu danışıqlar tələb edib. Amma İrəvanın gözləntilərinin əksinə olaraq, nə Qərb fövqəldövlətləri, nə də Rusiya onun tərəfini tutub. Onlar Azərbaycanı "ifşa" etməyə, hədələməyə də çalışmayıblar. Axı problemin kökü məhz erməni silahlı birləşmələrinin qanunsuz olaraq Azərbaycan ərazilərini zəbt etməsindədir. Aprel hadisələri zamanı bizim silahlı qüvvələrimiz yüksək döyüş hazırlığı və yeni silahlarını nümayiş etdiribsə, ermənilərin Qarabağdakı tərifli müdafiə xətti heç də keçilməz olmadığını göstərib. Üstəlik, Azərbaycan ictimaiyyəti işğal altındakı torpaqların BMT Təhlükəsizlik Şurası və Baş Assambleyanın çoxsaylı qətnamələrinə həyasızcasına etinasızlıq göstərən erməni işğalçılarından azad olunması məsələsində ölkənin siyasi rəhbərliyi və ordu ilə həmrəylik nümayiş etdirib. Bütün bunlar Azərbaycan Prezidenti İlham Əliyevə atəşkəsin bərpasına və danışıqlara əminliklə getmək imkanı verib - o, bu işdə beynəlxalq hüquqa və öz dövlətinin gücünə arxalanır.

Vyanada keçirilmiş gərgin danışıqlar səmərəli olub və müəyyən razılaşmaya imkan verib. Danışıqların yekununda ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrin təmsilçiləri - ABŞ-ın dövlət katibi Con Kerri, Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov və Fransanın Avropa məsələləri üzrə dövlət katibi Harlem Desin birgə bəyanatla çıxış ediblər. Bəyanatda münaqişənin hərbi yolla həllinin olmadığı bildirilir, tərəflər 1994 və 1995-ci illərdə imzalanmış atəşkəs razılaşmasına əməl etməyə çağırılır.  Sənəddə deyilir ki, Azərbaycan və Ermənistan prezidentləri münaqişənin sülh yolu ilə həllinə və atəşkəs razılaşmasına sadiq olduqlarını bildiriblər. Onlar gücdən istifadə riskinin azaldılması üçün ATƏT-in müvafiq mexanizminin hazırlanması üzərində işin qısa zamanda başa çatdırılması, ATƏT-in fəaliyyətdə olan sədrinin təmas xəttində monitorinq aparan xüsusi nümayəndəsinə məxsus ofisin səlahiyyətlərinin artırılması ilə bağlı razılığa gəliblər. Bəyanatda tərəflərin Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə itkin düşmüş şəxslər haqqında informasiya mübadiləsinə hazır olduqları da bildirilir. Prezidentlərin münaqişənin hərtərəfli həlli ilə bağlı növbəti danışıqları iyunda baş tutmalıdır. Görüşün konkret vaxtı və yeri qarşılıqlı razılıq əsasında müəyyənləşdiriləcək.

Beləliklə, Vyana görüşü substantiv danışıqlara (yəni, ümumi prinsiplər ətrafında yox, problemin məğzi ətrafında) start verib. Bakı illərdir ki, məhz bunu istəyir, İrəvan isə "etibarın artırılması tədbirləri" və digər ikinci dərəcəli məsələlərin müzakirəsini təklif etməklə, bundan  yayınırdı.

Azərbaycan atəşkəs razılaşmasının möhkəmləndirilməsinə razılıq versə də, bunu erməniləri qane edən mövcud status-kvonun konservasiyası üçün etməyib. Bakının məqsədi danışıqlar üçün əlverişli fonun yaradılmasıdır. O, məzmunlu, konkret razılaşmaya hədəflənməsə, barışıq mənasını  itirəcək.

Atəşkəs rejiminə necə əməl olunduğunun müəyyənləşdirilməsi üçün aparılan monitorinq ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin qrupu tərəfindən həyata keçirilməlidir. Bunun üçün ona əlavə personal və texniki vasitələr də verilə bilər. Amma bu elə ediləcək ki, ermənilər danışıqların sabotaj olunması üçün imkan qazanaraq, "sülhməramlılar"ın arxasında gizlənməklə, Azərbaycan ərazilərinin işğalını sonsuzluğadək davam etdirə bilməsinlər.

İndi həm regionda, həm də ümumilikdə dünyada çoxlarını bir sual maraqlandırır: hazırda müşahidə etdiyimiz diplomatik aktivlik addımların ardıcıllığı və terminlər ətrafındakı köhnə mübahisələrdə ilişib-qalmayacaq ki? Həmsədrlər isə əllərini yelləyərək, "tərəflər kompromisə hazır deyil" deyə yenidən sakit Avropa şəhərlərində uzun-uzadı məsləhətləşmələrə başlamayacaqlar ki?

Bu narahatlıqlar heç də əsassız deyil. Hər halda, əvvəllər belə hallara dəfələrlə rast gəlinib. Aprel döyüşləri isə Azərbaycanın səbrinin tükənmək üzrə olduğunu, danışıqlarda irəliləyişin, erməni qüvvələrinin işğal altındakı ərazilərdən çıxarılması ilə bağlı real perspektivlərin olmadığı şəraitdə hərbi qarşıdurmanın qaçılmaz olduğunu göstərdi. Bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov da "Şərq Tərəfdaşlığı" ölkələrinin XİN başçılarının Brüssel görüşündə kifayət qədər açıq şəkildə ifadə edib. "Status-kvonun qəbuledilməz olduğunu hər kəs anlayır. İşğala son qoyulmalı və ordu münaqişə zonasından çıxarılmalıdır. Qarabağ münaqişəsində status-kvonun davam etməsi zorakılığa və ciddi hərbi toqquşmalara yol aça bilər", - deyə o, qeyd edib.

Mənfi ssenariləri istisna etmək üçün danışıqları nonstop rejimində, yəni fasiləsiz aparmaq daha məqsədəuyğun olar. Münaqişə tərəflərinin Xarici İşlər nazirlikləri və Minsk qrupunun həmsədrləri isə Azərbaycan və Ermənistan prezidentlərinin iyun görüşündə müzakirə olunacaq sənədin hazırlanmasına dərhal başlamalıdır. Minsk qrupunun amerikalı həmsədri C. Uorlik deyib: "Münaqişənin həlli Ermənistan qoşunlarının Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması və onların Bakıya qaytarılması, həmçinin Qarabağın statusu məsələsinin həllinə hazırlaşmaqdır". O hesab edir ki, azərbayanlıların Minsk qrupunun fəaliyyətindən məyusluğunu anlamaq mümkündür, çünki 20 il keçməsinə baxmayaraq, müharibə hələ də yeni tələfatlara  səbəb olur. Odur ki, problemin siyasi həllinə nail olunmalıdır.

ATƏT-in Minsk qrupunun rusiyalı həmsədri Popov isə jurnalistlərə açıqlamasında bildirib ki, "danışıqlar masası üzərində Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı heç bir yeni sənəd yoxdur. Həmsədrlərin təklifləri var və onlar tərəflərlə mü-zakirə olunub". Popov bildirib ki, "hazıda müxtəlif versiyalar olsa da, onlar təklif olunmuş 3 əsas prinsipə və 6 elementə əsaslanır. Bu, güc tətbiq olunmaması, xalqların öz mü-qəddəratını təyin etməsi və ərazi bütövlüyü prinsipəridir".

Altı element haqqında da danışan diplomatın sözlərinə görə, "onların əsas olan ikisi ərazilərin geri qaytarılmasını və Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini, yaxud, əksinə, Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini və ərazilərin qaytarılmasını nəzərdə tutur. Bu, vahid prosesdir".

Popov qaçqınların geri qaytarılması, Ermənistanla Dağlıq Qarabağı birləşdirəcək dəhlizin eni və statusunun müəyyənləşdirilməsi məsələlərinin də vacib məqamlar olduğunu bildirib.

Münaqişə bölgəsinə sülhməramlıların yerləşdirilməsinə gəlincə, Popovun sözlərinə görə, bu, yalnız sülh razılaşmasının imzalanmasından sonra, son mərhələdə nəzərdə tutulur.

Bu səlist diplomatik fikirlərin arxasında hər şeyi öz adı ilə çağırmaq istəyinin olmaması dayanır. Axı Popov da Minsk qrupunun digər həmsədrləri kimi, İrəvanın "Dağlıq Qarabağın statusu" dedikdə, yalnız onun işğalına legitimlik qazandırılmasını, yəni Qarabağın Azərbaycandan qoparılmasını, sonda isə Ermənistana birləşdirilməsini nəzərdə tutduğunu bilir. "Dəhlizin eni və statusu" ilə bağlı danışıqlar isə üstəlik, Laçın və Kəlbəcər rayonlarının da ələ keçirilməsi məqsədi daşıyır.

Aydındır ki, Bakı heç bir halda bununla razılaşmayacaq. Mənasız və nəticəsiz danışıqları uzadaraq "pozitiv mühit" yaratmaq adı ilə atəşkəs rejiminin möhkəmləndirilməsi və indiki status-kvonun dondurulmasına yönəlmiş cəhdlərin heç bir perspektivi olmayacaq. ATƏT-in Minsk qrupu həmsədrlərinin, nüfuzlu beynəlxalq təşkilatların, nəhəng və regional fövqəldövlətlərin status-kvonun sonsuzluğadək davam etməsinin müm-künsüzlüyünü birağızdan bəyan etməsi onların Bakını sakitləşdirmək istəyndən yox, məhz bu həqiqəti anlamalarından irəli gəlir.

ATƏT-in Minsk qrupuna həmsədrlik edən ölkələrdə güclü erməni lobbisinin mövcudluğu, vasitəçilərinsə heç də bitərəf olmadıqları çoxdan məlumdur. Amma vəziyyət dəyişib. Bundan sonra münaqişənin həllini ermənilərin ərazi iddialarının xeyrinə uzatmaq, bununla da Bakının qəbuledilməz güzəştlərə gedəcəyinə ümid bəsləmək mümkün deyil. Erməni silahlılarının Azərbaycan ərazilərindən çıxarılmasına, torpaqların işğaldan azad olunmasına artıq bu il başlanılmalıdır. Bu, nəinki beynəlxalq hüquqa tam uyğundur, həm də ermənilərə qonşularla düşmənçilik siyasəti nəticəsində üzləşdikləri dalandan çıxmaq imkanı da verəcək. Sarqsyan və erməni elitası çətin vəziyyətə düşüb. Şahmat terminilə desək, bu durumu "seytnot vəziyyətində suqsvanq" adlandırmaq olar. Bu vəziyyətdə istənilən gediş Ermənistanın vəziyyətini ağırlaşdırır. Lakin gedişləri təxirə salmaq, uzatmaq da mümkün deyil. Çünki ayrılmış vaxt başa çatır və bu halda ya hərbi əməliyyatlar başlayacaq, ya da Ermənistan iqtisadiyyatı çökəcək. Hər iki halda Ermənistan əhalisi kütləvi etiraza qalxacaq və bu, mövcud kriminal-oliqarx rejiminin devrilməsilə nəticələnəcək.

Bizə gəlincə, beynəlxalq hüquq və tarixi ədalət Azərbaycanın tərəfindədir. Bizim neft və qazın ucuz olduğu şəraitdə belə, ölkənin inkişafını davam etdirməmiz üçün lazımi demoqrafik, iqtisadi və maddi resurslarımız var. Azərbaycanın müdafiə qabiliyyətini gücləndirməsi və fəal xarici siyasət yürütməsi mütləq erməni silahlılarının işğal altındakı əraziləri boşaltması prosesinin başlanmasına aparıb çıxaracaq. Bu, 2016-cı ilin sonunadək başlamalıdır. Çünki əks halda, hərbi əməliyyatların bərpası ehtimalı çox yüksəkdir. Bu dəfə əməliyyatları dayandırmaq çətin  olacaq.

Mayın 26-da parlament komissiyasının iclasında çıxışı zamanı Ermənistan xarici işlər naziri Edvard Nalbandyan  bəyan edib  ki,  iyunun əvvəlində ATƏT-in Minsk qrupu həmsədrlərinin Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda görüşü nəzərdə tutulub. Onun sözlərinə görə, görüşdə hansısa sənədin imzalanacağından danışmaq vaxtından əvvəl olardı, çünki ortada belə bir sənəd, ümumiyyətlə, mövcud deyil. Hazırkı danışıqlarda isə yeganə hədəf münaqişənin həllində yeni prinsip və  istiqamətlərin işlənib-hazırlanmasından ibarətdir. Ermənistanın danışıqlardakı əsas təmsilçisinin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində danışıqlar prosesini yenə də  bitməyən mübahisələr girdabına yuvarlamaq cəhdləri  gözə dəyir. Əgər bu cür olacaqsa, o zaman belə demək mümkünsə, "diplomatik oyun"un neqativ nəticələri özünü çox gözlətməyəcək.



MƏSLƏHƏT GÖR:

429