5 May 2024

Bazar, 18:29

"ŞAH" ÖZ TAXTINDA

Şəhriyar Məmmədyarov Azərbaycan şahmatçıları arasında ilk dəfə "ShamkirChess2016"da qalib oldu

Müəllif:

15.06.2016

Məşhur şahmatçı Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirChess 2016" turniri əvvəlki illərdən fərqli olaraq, bu dəfə dramatik sonluqla başa çatdı. 2014 və 2015-ci illərdə dünya çempionu Maqnus Karlsen rahat şəkildə bütün rəqiblərini məğlub edirdisə, cari il kubok uğrunda bir neçə şahmatçı mübarizə aparmağa imkan tapdı. Karlsenin yoxluğunda Fabiano Karuana (ABŞ), Sergey Karyakin (Rusiya), Aniş Giri (Hollandiya), Şəhriyar Məmmədyarov və digərlərinin əzmkarlığı azarkeşləri son tura qədər intizarda saxladı.

Yeddi ölkədən 10 şahmatçının iştirak etdiyi Şəmkir turnirində VI tura qədər əslən İtaliyadan olan ABŞ təmsilçisi Fabiano Karuana liderlik edirdi. Həmkarlarına qarşı gözəl oyun nümayiş etdirən Karuana layiqli olaraq reytinq favorit olduğunu sübut etdi. Əksəriyyət onun Şəmkir yarışında qalib olacağını proqnozlaşdırdığı halda, turnirdə dönüş yarandı. VII turda Aniş Giriylə heç-heçə oynayan Fabiano VIII görüşdə Azərbaycan şahmatının lideri Şəhriyar Məmmədyarova uduzdu. Ağ fiqurlarla oynayan şahmatçı ardıcıl iki səhvə yol verdi. Məmmədyarov bu səhvdən məharətlə faydalandı. Qara fiqurlarla oynamasına baxmayaraq, risk etməyi sevən Sumqayıt şahmat məktəbinin yetirməsi düzgün çıxış yolu tapmaqla partiyanı qələbə ilə başa vurmağı bacardı. Bu qələbədən sonra, liderdən 0,5 xal geri qalan Şəhriyarın taleyi öz əlində idi.

Vüqar Həşimovun xatirə turnirinin kulminasiya nöqtəsi son tura təsadüf etdi. Dünya çempionluğuna iddialı Sergey Karyakinlə heç-heçə oynayan Fabiano Karuana xalını 6-ya çatdırdı. Şəhriyar Məmmədyarov isə Hollandiya təmsilçisi Aniş Giriyə qalib gələrək liderliyə şərik oldu. Reqlamentə əsasən, qalib tay-brekdə müəyyənləşdi. Liderlər arasındakı ilk iki partiya rapid matçı hərəyə bir qələbə ilə başa çatdı. Blits matçlarında isə millimizin lideri qalib gəldi - 2,5:1,5.Bununla da Şəhriyar Məmmədyarov ilk dəfə Şəmkir turnirinin qalibi adını qazandı.

Şəhriyar Məmmədyarovun qələbəsi bir sıra amillərlə çox əlamətdardır. İndiyə qədər heç bir şahmatçımız XX kateqoriyalı superturnirdə qələbə qazanmayıb. İkinci amil yarışın məhz Şəhriyarın komanda yoldaşı Vüqar Həşimovun xatirəsinə həsr olunmasıdır. Mərhum qrossmeyster hər zaman komanda yoldaşlarının qələbəsini arzulayıb. Buna görə də Məmmədyarovun uğuru həm özü, həm də Azərbaycan şahmatı üçün ikiqat əhəmiyyətlidir.

Yarışdan sonra "R+"a açıqlama verən "ShamkirChess2016" turnirinin qalibi Şəhriyar Məmmədyarov 8-ci turdan sonra qələbəyə daha çox inandığını bildirdi: "VIII turda Fabiano Karuana üzərində qələbədən sonra vəziyyət dəyişdi. Karuana çox güclü şahmatçıdır. FİDE reytinqində 2-3-cü yerlərdə qərarlaşıb. Ona qarşı qara fiqurlarla çıxış etmək asan deyil. Səkkizinci turda Karuananı məğlub edəndən sonra inam daha da artdı. Düşündüm ki, çempionluğa çox yaxınam. Son turda Aniş Girini məğlub etmək lazım idi. Doqquzuncu turda qarşıya qoyulan məqsədə çatdım. Karuana ilə xalımız bərabər olduğu üçün, tay-brek qaçılmaz oldu. Tay-brek futbolda penalti kimidir. Bununla belə, tay-brekdə də uğur qazanaraq qalib oldum". 

Məmmədyarov Şəmkir turnirinin onun həyatında xüsusi yer tutacağını söylədi: "Daha Azərbaycandakı yarışlar mənim üçün uğurlu alınmır demə-yəcəyəm. Şəmkirə qədər elə düşünürdüm. Ölkədəki yarışlarda hər zaman reytinq itirmişəm. "Shamkir-Chess2016" yanlış düşündüyümü göstərdi. Digər tərəfdən, indiyə qədər Azərbaycan şahmatçıları XX kateqoriyalı superturnirdə çempionluq sevinci yaşamayıb. Bu da ilk oldu. Teymur Rəcəbovla mən bir sıra yarışlarda qalib olmuşuq. Bəzən Veyk-An-Zee və ya başqa turnirdə şərikli olaraq, 1-2-ci yerləri bölüşdürmüşük. Lakin tək çempionluq olmamışdı. Şəmkirdəki qələbə bu mənada bizim üçün çox vacib idi.Şəmkir yarışında hamını birləşdirən bir ad var - Vüqar Həşimov. İştirakçılar, təşkilatçılar, qonaqlar Vüqar Həşimovun adına toplaşıb. Vüqar həmişə Azərbaycan şahmatçılarının qələbəsini arzulayıb. Çox vaxt uğur qazanmaq üçün birgə çalışmışıq. Şəmkirdəki qələbə vaxtı Vüqarla birlikdə Serbiyada ilk Avropa çempionluğumuzu qazanan günlər yadıma düşdü. Vüqar hər zaman bizimlədir. Ona görə də qələbəmi Vüqar Həşimova həsr edirəm".

Vüqar Həşimovun xatirəsinə həsr olunan "ShamkirCess2016" turnirinin direktoru Fərid Hüseynov "R+"a açıqlamasında Şəhriyar Məmmədyarovun qələbəsinin yerli şahmatsevərlər tərəfindan göz yaşları iləqarşılandığını deyib: "Turnirdən əvvəl də söyləmişdim ki, Şəmkirdə Azərbaycan şahmatçısının çempion olmasını arzulayırıq. Əvvəlki iki yarışda norveçli Maqnus Karlsen birinci yeri tutub. Bu dəfə isə biz Şəmkirdə, sözün əsl mənasında, triller izlədik. Fabiano Karuana ilk turdan çox yüksək səviyyədə oyun nümayiş etdirdi. Bütün rəqiblərlə görüşdə güzəştsiz mübarizə sərgilədi. Aniş Giriylə yanaşı, dünya çempionluğuna iddialı Sergey Karyakin də Karuanaya rəqabət yaratmağa çalışdı. Şəhriyar 7-ci turda Eltac Səfərlini məğlub edəndən sonra, yekun haqqında danışaraq bildirdi ki, nəticəyə sonra fikir bildirmək olar. Bu sözlərdən son-ra bizim hər birimizin ona inamı daha da artdı. Lakin əsas işi şahmatçı görür. Şəhriyar əvvəlcə Fabiano Karuana və Aniş Girini məğlub etdi, sonra tay-brekdə ABŞ-ı təmsil edən şahmatçını üstələdi. Bütün Şəmkir son partiyada ona dəstək olurdu. Təsəvvür edin, Heydər Əliyev Mərkəzində mühafizəçidən başlayaraq, hər bir rəsmi qonaq, yeniyetmə şahmatsevərlər Məmmədyarova görə həyəcan keçirirdi. Son gedişi edəndən sonra, zalda sevinc göz yaşlarını da görmək olardı".

Qeyd edək ki, 73 min avro mükafat fondu olan "ShamkirChess2016" turnirinin qalibi Şəhriyar Məmmədyarov 15 min avro pul mükafatı qazanıb.



MƏSLƏHƏT GÖR:

422