1 May 2024

Çərşənbə, 20:34

YELİSEY ÇÖLLƏRINDƏ BÖYÜK FUTBOL

"Avro-2016" bir sıra yeniliklərlə, o cümlədən, rekord sayda iştirakçı ilə yadda qalacaq

Müəllif:

15.06.2016

Düz, 1 ay bütün futbolsevərlərin diqqəti Avropanın ən güclü komandalarını izləmək üçün Fransaya yönələcək. Bu ölkədə keçirilən XV Avropa Çempionatı qitə futbolunda bir sıra yeniliklərlə yadda qalacaq.

Avropa çempionatları tarixi ərzində ilk dəfə turnirin final mərhələsi 6 qrupa bölünmüş 24 komandanın (əvvəl 16 komanda idi) iştirakı ilə keçirilir. Bunun üçün də, əvvəlki yarışlardan fərqli, təkcə 1 və 2-ci yerlərin sahibi deyil, 3-cü yeri tutan komandaların da növbəti mərhələyə adlamaq şansı olacaq. Belə ki, 6 qrup üçüncüsündən ən yaxşı nəticəyə malik 4-ü adını 1/8 finala yazdıracaq. Yeri gəlmişkən, 1/8 final həyəcanı da Avropa çempionatlarında ilk dəfə yaşanacaq, bundan əvvəl komandalar birbaşa 1//4 finala yüksəlirdi.

UEFA çempionluq mükafatının 27 milyon avro olduğunu açıqlayıb. Müqayisə üçün xatırladaq ki, "AÇ-2012"nin qalibi İspaniya 23,5 milyon avroluq gəlir əldə etmişdi. 

Ümumiyyətlə, turnirə qatılan hər millinin hesabına 8 milyon avro köçürüləcək. Yarış zamanı hər qələbənin mükafatı 1 milyon, heç-heçənin dəyəri isə 500 min avro təşkil edəcək. Qrupdan çıxmağa görə 1,5 milyon avro qazanacaq komandalardan 1/4 finala adlayan 2,5 milyon, yarımfinala yüksələn isə 4 milyon avro götürəcək. Turnirin finalına çıxacaq millilər əlavə 8 milyon avro da qazanacaqlar. Çempion olacaq komanda əgər bütün qarşılaşmalarda qələbə qazanarsa, ümumilikdə, 58 milyon avroluq qazanc əldə edəcək. 

Bundan başqa, qitə birinciliyinin favoritləri çempion olacaqları təqdirdə, yerli federasiyalar tərəfindən alacaqları mükafatın dəyəri də bəlli olub. Ən çox mükafatı İngiltərə Futbol Federasiyası ödəyəcək. Ada təmsilçisi qızıl medal əldə etsə, futbolçulara 750 min avro veriləcək. Çempionluğa namizədlərdən sayılan Belçikada isə bu məbləğ 700 min avro göstərilib. Bundan əlavə, İtaliyanın çempionluq mükafatı 400 min, İspaniyada 340 min, Almaniyada isə 300 min avro olacaq.

Avropa Çempionatının oyunlarına tribunalardakı azarkeşlər kimi, televiziya qarşısındakı futbolsevərlər də böyük maraq göstərir. Təxminlərə görə, turnir ərzində hər oyunu bütün dünyada, təxminən, 150 milyon insan mavi ekranlardan izləyəcək. Ümumilikdə isə bu rəqəmin 8,1 milyard olması gözlənilir. Belə olacağı halda, Fransadakı qitə birinciliyi "AVRO-2012"dən də çox izlənilmiş olacaq.

Avropa Çempionatı həm də futbolda tətbiq edilən yeni qaydaların icra ediləcəyi ilk böyük turnir olacaq. Belə ki, start fitindən sonra topu əvvəlkitək ancaq qabağa deyil, meydanın istənilən istiqamətinə vura biləcək. Bundan başqa, zədələnən futbolçuya meydanın içində təcili tibbi yardım göstərilməsinə icazə veriləcək. Bu, o halda baş verəcək ki, futbolçuya xəsarət yetirən rəqib oyunçuya qırmızı və ya sarı vərəqə göstərilsin. Bu qərar ona görə qəbul olunub ki, futbolçu zədə səbəbindən meydanı qısa müddətə də olsa tərk etsə, qaydanı pozan komanda say üstünlüyü qazanmasın.

Bundan başqa, bu turnirdə artıq iki ildir sınaqdan keçirilən başqa bir qərar qüvvəyə minəcək. Yeni qaydaya əsasən, buna qədər cərimə meydançası daxilində sonuncu ümid foluna görə hakimlərin tətbiq etdiyi cəzaya dəyişiklik edilir. Əvvəllər belə qayda pozuntusuna görə penalti verilir və qaydanı pozan futbolçu birbaşa qırmızı vərəqə alaraq oyundan çıxarılırdı. Yeni qərara görə isə əgər cərimə meydançası daxilində qapıçı və ya digər oyunçu bilərəkdən qaydanı pozmazsa, əvvəlkitək qırmızı deyil, sarı vərəqə alacaq. Sonuncu ümid folu zamanı bilərəkdən qaydanı pozan oyunçuya isə əvvəlitək qırmızı vərəqə göstəriləcək.

UEFA-nın hakimlərlə iş üzrə baş ofiseri Pyerluici Kollina bildirib ki, təmsil etdiyi qurum uzun illər bu qaydanın tətbiqi üzərində çalışıb: "Bu qərar futbolda ədaləti daha da bərpa edəcək. Penalti, qırmızı vərəqə və futbolçunun sonrakı oyunlar üçün diskvalifikasiyası çox ağır cəza idi. Axı, futbolçu meydanda rəqibə qarşı bilərəkdən kobudluq etmək istəməyib. Yeni qaydada penalti qazanan komandaya qol vurmaq imkanı yenidən verilir". 

Fransa futbolunun simvolu olan xoruz Avropa Çempionatı müddətində stadionlara buraxılmayacaq. Bu ölkədə təşkil olunan 1998-ci il dünya çempionatında məşhur olan Baltazar adlı xoruz 20 ilə yaxındır ki, Fransanın futbol rəmzi halına gəlmişdi. Ancaq UEFA Baltazarın sahibi Klemen Tomaşevskiyə məktub göndərərək xoruzu stadiona gətirməməyi tapşırıb. Məktubu oxuyunca çox üzüldüyünü bildirən Tomaşevski "xoruzum milli komandanın rəmzi halına gəlmişdi. Ancaq təəssüf ki, onu stadiona apara bilməyəcəm, əgər Baltazarı buraxmırlarsa, mən də heç bir oyuna getməyəcəm" deyib. 

20 ildir ki, bütün xoruzlarına Baltazar adı verərək, bu ənənəni davam etdirən Tomaşevskiyə qoyulan qadağanın səbəbi kimi heyvanın insanlara və təhlükəsizlik güclərinə maneə yarada biləcəyi göstərilib. Yeri gəlmişkən, Fransa Futbol Federasiyasının emblemində də qalya xoruzunun şəkli həkk olunub. 

GƏLİN "AVRO-2016"nın iştirakçılarının şanslarını dəyərləndirək.

"A" qrupu: Fransa, Rumıniya, Albaniya, İsveçrə

Şübhəsiz ki, "A" qrupunun əsas favoriti fransızlardı. Fransa ilk matçda Rumıniya üzərində 2:1 hesablı qələbə qazanmaqla iddiasının davam etdiyini göstərdi. Bu qrupda ikincilik və üçüncülük mübarizəsi, çox güman ki, İsveçrə ilə Rumıniya arasında gedəcək. Lakin debütant Albaniyanı da hesabdan silmək olmaz. "Qarabağ"ın müdafiəçisi Ansi Aqollinin çıxış etdiyi yığma Fransaya turist kimi getmədiyini sübut etməyə çalışacaq. Amma ilk görüşdə İsveçrəyə 0:1 hesabı ilə uduzan Albaniya işini cətinləşdirib. 

"B" qrupu: İngiltərə, Rusiya, Uels, Slovakiya

"B" qrupunda Böyük Britaniyanın 2 təmsilçisi qərarlaşıb. Birincilik mübarizəsinin də məhz bu komandalar - İngiltərə və Uels arasında gedəcəyini təxmin etmək olar. Leonid Slutskinin başçılıq etdiyi Rusiya yığması isə 2-3-cü yerə görə mübarizəyə qatılmağa qadirdir. . Rusiyanın ilk görüşdə bəxt sayəsində olsa belə, İngiltərə ilə 1:1 oynaması onların pley-off şansını artırır. Bunun üçün onlar, ən azı, Slovakiya ilə matçdan lazım olunan nəticə ilə ayrılmalıdılar. 

"C" qrupu: Almaniya, Ukrayna, Polşa, Şimali İrlandiya

Almaniya millisi təkcə yer aldığı qrupun deyil, həmçinin Avropa Çempionatının əsas favoritlərindən biridi. Son Dünya Çempionatının qalibi olan Bundestimin bu uğurun davamını gətirəcəyini gözləyənlər çoxdur. Düzdür, baş məşqçi Yoahim Löv "AÇ"də İlkay Gündoğan və Marko Roys kimi aparıcı oyunçuların xidmətindən yararlana bilməyəcək. Bununla belə, Almaniyanın "C" qrupunda çətinliklə üzləşməyəcəyi, asanlıqla növbəti mərhələyə adlayacağı gözlənilir. Digər 3 komanda isə aşağı-yuxarı eyni səviyyədədir və onlardan hər biri turnirdə mübarizəni davam etdirmək üçün əlindən gələni əsirgəməyəcək. 

"D" qrupu: İspaniya, Çexiya, Türkiyə, Xorvatiya

Heç şübhəsiz, azərbaycanlı futbolsevərlər üçün ən maraqlı qrup "D" qrupu olacaq. Bu isə Türkiyənin həmin qrupda yer alması ilə bağlıdı. Digər tərəfdən isə son Avropa çempionu İspaniya və millimizin baş məşqçisi Robert Prosineçkinin vətəni Xorvatiya da bu qrupun sakinləridi. Çexiyanın da yer aldığı qrupda Türkiyənin işinin asan olmayacağı məlum məsələdi. Türkiyənin ilk görüşdə xorvatlara uduzması işlərini daha da çətinləşdirdi. Xorvatiya bununla "AÇ-2008"dəki məğlubiyyətin əvəzini çıxdı. Tükiyəyə 2008-ci il qitə birinciliyində uduzan Çexiyada bu dəfə revanş əzmi ilə oyuna çıxacaq.

"E" qrupu: Belçika, İtaliya, İrlandiya, İsveç

Antonio Kontenin turnirdən sonra baş məşqçi postunu tərk edəcəyi İtaliya yığması heyətindən asılı olmayaraq, həmişə böyük turnirlərin favoritləri sırasında göstərilib. 4 dəfə dünya, 1 dəfə isə Avropa Çempionatının qalibi olan "Skuadra Adzurra" turnir komandası kimi ad çıxarıb. İtalyanlar 2 dəfə isə (2000 və 2012-ci illər) "AÇ"də gümüş medalla kifayətləniblər. 2000-ci ildə Fransaya uduzan Apennin təmsilçisi 12 il sonra İspaniya qarşısında aciz qalıb. İtaliyanın bu dəfə işi daha çətin olacaq. Qrupdakı rəqiblərdən Belçika və İsveç yığmaları Kontenin komandasına problem yaşada bilər. Elə İrlandiya da növbəti mərhələyə adlamaq üçün var qüvvəsi ilə yarışacaq.

"F" qrupu: Portuqaliya, İslandiya, Avstriya, Macarıstan

"F" qrupuna maraq o qədər də çox deyil. Düzdür, bu qrupda "Avropanın Braziliyası" adlandırılan Portuqaliya yığması yer alıb. Ancaq onlarla eyni səviyyədə ikinci komanda olmadığından, qrupun digər oyunlarının maraqlı mübarizə şəraitində keçəcəyini gözləməyənlər daha çoxdu. Hərçənd ki, İslandiya millisi son illərdə "boyundan yuxarı tullanıb". Avstriya və Macarıstan isə Avropa Çempionatına vaxt keçirmək üçün qatılmadıqlarını isbatlamağa çalışacaq. Amma yenə də Kriştianu Ronaldonun kapitanı olduğu Portuqaliya üçün ciddi sınaq qrup mərhələsindən sonra başlayacaq. 

İyulun 10-da yeni Avropa çempionunun adı məlum olacaq. Hələlik isə futboldan həzz almağa davam edək.



MƏSLƏHƏT GÖR:

444