5 May 2024

Bazar, 04:24

GƏLƏCƏYƏ QAYIDIŞ

Opera və Balet Teatrının afişalarında 50 il bundan əvvəl oynadılmış "Qaraca qız" baleti əksini tapıb

Müəllif:

15.06.2016

Etiraf edək ki, təkcə Azərbaycan teatr sənətində deyil, həm də dünya miqyasında uşaqlar üçün opera və balet əsərlərinin sayı azdır. Amma bir maraqlı sual yaranır: hər kəs, xüsusilə də ciddi musiqi müəllifləri, ömrünü opera və balet kimi ciddi sənətə həsr edən sənətkarlar uşaqları kiçik yaşdan ciddi musiqiyə, klassik əsərlərə alışdırmağın vacibliyini, onlarda musiqi zövqünün məhz bu cür əsərlərlə formalaşdırılmasını tövsiyə edir. Bəs uşaqları öz yaşlarına uyuğn əsərlərlə maraqlandırmadan, sevdikləri nağıl qəhrəmanlarını belə əsərlərdə səhnəyə çıxarmadan onlar yetkinlik yaşına çatar-çatmaz, arzuladığımız yüksək sənət zövqunü tələb etmək nə dərəcədə düzgündür? 

Bu günlərdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı daha bir uşaq tamaşası ilə öz repertuarını zənginləşdirdi. Sonuncu dəfə, təxminən, əlli il əvvəl tamaşaya qoyulmuş "Qaraca qız" baletinin adı yenidən afişalara yazıldı. Bəstəkar Əşrəf Abbasovun bu baleti çox məhşur olan bir əsərin - görkəmli uşaq yazıçısı Süleyman Sani Axundovun eyni adlı hekayəsi əsasında bəstələnib. Librettonun müəllifi isə digər bir bəstəkar Əfrasiyab Bədəlbəylidir.

 

Başqa "Qaraca qiz"

Maraqlıdır ki, Azərbaycanın görkəmli uşaq yazıçısı Süleyman Sani Axundovun hələ 100 il əvvəl qələmə aldığı "Qorxulu nağıllar" silsiləsinin ən təsirli hekayəsi olan "Qaraca qız" əsəri əsasında çəkilmiş eyniadlı qısametrajlı film düz yarım əsrdir ki, ekranlardan düşmür. Hazırda isə Bakıdakı iki teatrın - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının və Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının repertuarındadır. Balet tamaşasında hekayənin əsas mövzusu, leytmotivi qorunsa da, janrın xüsusiyyətləri nəzərə alınaraq dəyişiklik edilib. Yəni milyonların sevimlisi, bədbəxt hadisə nəticəsində doğmalarını itirdiyindən, qaraçı köçündə böyüməli olan Tutu - əsərin baş qəhrəmanı Qaraca qız, balaca yox, yeniyetmədir.... Bu qız aşiq olmağın nə demək olduğunu bilir və sosial təbəqə fərqi üzündən sevgilisinin xəyanəti ilə rastlaşır. Bir zamanlar bəstəkar da demişdi ki, balet yazmaq fikrinə düşəndə öz əsərində dərin xarakterlərin olmasını istəyir və bu dəyişiklik onun bəstələmək istədiyi baletin musiqi ruhuna tam uyğun gəlir. Məhəbbət və biganəlik, fədakarlıq və rəhmsizlik, nəhayət, insanlıq naminə həyat və ölüm kimi əbədi ziddiyyətlərin səhnə əsərində qabardılması tamaşanın münaqişə xəttini aktivləşdirir. Bəstəkar bü səbəbdən də librettonun əsərdən bir qədər fərqlənməsini istəyir. Odur ki, əsərə yeni personajlar, dramaturji xətlər, o cümlədən Qaraca qız ilə Pərviz bəyin sevgi xətti əlavə edilir.  

Uşaqlar üçün ilk Azərbaycan baleti sayılan "Qaraca qız" ilk dəfə 1965-ci ildə sentyabrın 15-də oynanılıb. SSRİ Xalq artisti Qəmər Almaszadənin quruluş verdiyi bu tamaşanın dirijoru da elə balet librettosunun müəllifi, Xalq artisti Əfrasiyab Bədəlbəyli, quruluşçu rəssamı isə Ənvər Almaszadə olub. İlk tamaşada əsas partiyaları adları Azərbaycan balet sənəti tarixinə qızıl hərflərlə yazılmış Leyla Vəkilova (Qaraca qız) və Çimnaz Babayeva (Ağca xanım) ifa ediblər.  

Nə qədər qəribə olsa da, aradan keçən əlli bir il ərzində bu əsərə yenidən müraciət edilməyib. Yəni əslində "Qaraca qız" baleti ilk dəfə tamaşaya qoyulanda bir neçə il repertuarda qalıb, amma sonradan balet unudulub. 

 

Birgə əməyin nəticəsi

Nəhayət, bu il teatrda çox maraqlı librettosu və gözəl musiqisi olan səhnə əsərini yenidən tamaşaya qoymaq qərarına gəldilər və 1 iyun - Uşaqların Beynəlxalq müdafiəsi günü ərəfəsində "Qaraca qız" baleti təqdim edildi. 

İndiyədək bir neçə Avropa ölkəsində balet tamaşalarına quruluş vermiş Azərbaycanın əməkdar artisti, xoreoqraf Samir Səmədov librettoya bir sıra dəyişikliklər edib. Məsələn, Qaraca qızın öz uşaqlığını xatırladığı səhnə baletin əvvəlinə köçürülüb. Bu məntiqi ardıcıllıq balet qəhrəmanının çətin taleyini mərhələ üzrə açmağa kömək edir. Klassik balet ənənələrinin davamçısı olan xoreoqraf klassik balet prinsiplərini - solo variasiyaları, klassik adajio, kvartet, oktet çıxışlar xoreoqrafiya dramı elementləri - pantomim jestləri və mimika ilə uğurlu birləşdirməyi bacarıb. Həqiqətən də, balet tamaşasındakı solo ifaları da adi rəqs nömrəsindən fərqləndirən məhz bu elementlərdir. Üstəlik, əgər tamaşa əsasən, uşaqlar üçün nəzərdə tutulubsa, xoreoqrafik dram ünsürləri tamaşada çox olmalıdır ki, balaca tamaşaçıların diqqətini cəlb etsin.

Tamaşada əsas partiyaları teatrın gənc solistləri - may ayında keçirilmiş Qəmər Almaszadə adına I Beynəlxalq Klassik və Milli Rəqs müsabiqəsinin Qran-prisinin sahibi Cəmilə Kərimova və həmin müsabiqədə Birinci mükafatı qazanmış Timur Oduşev ifa edirlər. 

Bu gənc balet artistlərini əvvəllər də digər tamaşalarda əsa partiyların ifaçısı kimi gördüyümüzdən yeni tamaşada da uğurlu çıxış edəcəkləri məlum idi. Qaraca qız - Pərviz bəy balet dueti ilk növbədə duet ortaqlarının bir-birini tam anlaması ilə diqqət çəkirdi. 

Tamaşada pantomim teatr elementlərindən Pəricahan xanımın (Səbinə Abdullayeva) hökmranlıq bildirən jestlərində, Mürəbbiyənin (Yelena Çernousova) yerişində, Piri babanın (Faiq Hümbətov) qocafəndi rəqsində gentiş istifadə edilmişdi. Top-top oyunu səhnəsində də quruluşçu baletmeyster bu elementi yerində işlətmişdi. Qaraca qız gənc bəyzadələrin top-top oyununu görəndə uşaqlıqdan birlik və dostluq rəmzi kimi qəbul etdiyi oyuna qoşulur. Amma bu dəfə oyun məğzini dəyişir. Hər kəs onlara qoşulmaq istəyən Qaraca qızın onlardan olmadığını göstərməyə, ona qarşı istehza ilə yanaşdığı göstərməyə çalışır. Bircə Ağca xanım - Elmira Süleymanova Qaraca qıza bəldəyi hisslərində səmimidir. Rəfiqələrin qoşa rəqsi tamaşaya xüsusi məna verirdi. Alsu Gimadiyeva xeyirxah qaraçı Yasəmənin solo rəqsini çox böyük ehtiras və məharətlə ifa edirdi. Acgöz və qəddar Yusifin partiyasını ifa edən Anar Tahirov da rəqsin dili ilə maraqlı və dolğun obraz yarada bilmişdi. 

Əlliillik fasilədən sonar, Opera və Balet Teatrı Azərbaycan klassik musiqisinin ən gözəl nümunələrindən birinə - "Qaraca qız" baletinə ikinci həyat verdi. Xoreoqraf Samir Səmədovun, rəssam Yusif Babayev və tamaşanı idarə edən teatrın baş dirijoru, Xalq artisti Cavanşir Cəfərovun balet truppası ilə birgə əməyinin bəhrəsi olan tamaşa yarandı. Budəfəki quruluşun daha uzunömürlü olmasını arzu edərdik.



MƏSLƏHƏT GÖR:

592