29 Aprel 2024

Bazar ertəsi, 18:51

FRANSANIN QAPISINA VURULAN QOLLAR

"Avro-2016" Beşinci respublika üçün bayram yox, sınaq oldu

Müəllif:

15.06.2016

Fransa futbol üzrə Avropa Çempionatına bir sıra problemlərlə başladı - iş elə gətirdi ki, hökumətin qapısına hər istiqamətdən penaltilər vuruldu. Beynəlxalq terrorçuluq, təbiətin şıltaqlığı, tətil edən ictimai hərəkatlar rəsmi Paris üçün təhlükəyə çevrilib. Amma o, hələ də bütün bunlara sinə gərəcəyini, özünü qoruyacağını vəd edir.

"İslam Dövləti" və digər radikal hərəkatların futbol fanatlarına və turistlərə yaratdığı mümkün təhlükələrə ciddi yanaşmaq lazımdır. Hər halda, Parisdə 2015-ci ilin noyabrında baş vermiş və 130 nəfərin həyatına son qoymuş silsilə terror aktlarından o qədər də çox vaxt keçməyib. Müqəddəs Ramazan ayı ərəfəsində isə İŞİD liderlərindən bu ayın "dünyanın hər yerində kafirlər üçün fəlakət ayı"na çevirmək çağırışları eşidilib. Odur ki, Fransada hələ də fövqəladə vəziyyət rejiminin qüvvədə qalması, ölkə başçısı Fransua Ollandın isə təhlükəsizliyə təhdidlərin olduğunu etiraf etməsi təəccüblü deyil. Bununla yanaşı, o, özünü qorxutmağın mənasız olduğunu da bildirib.

"Avro-2016" zamanı asayişin qorunması işinə, təxminən, 100 min polis və turistlərə, azarkeşlərə qarışmış özəl agentlik əməkdaşları da cəlb olunub. Bundan başqa, Fransada insanları baş vermiş və ya hazırlanan terror aktları haqda fransız və ingilis dillərində məlumatlandıracaq xüsusi elektron əlavə buraxılıb.

İkinci təhlükə təbiətdən gəlib. Ekspertlərin hesablamalarına görə, Parisdə, Fransanın mərkəzi və şimal regionlarında iyunun əvvəlində baş vermiş daşqın ölkəyə, ən azı, 1 milyard avro ziyan vurub. Çaylarda suyun səviyyəsinin rekord həddə artmasından ölkənin, əsasən, turizm və aqrar sektorları ciddi ziyan görüb. Sığortaçılara artıq minlərlə müraciət daxil olub, peşəkar birliklər və sahibkarlar sosial dəstək və vergi güzəştləri tələb edir.

Bu, təbii ki, ölkə iqtisadiyyatına və siyasi sabitliyə növbəti zərbə ola bilər. Hər halda, Fransa onsuz da üçüncü problemdən də əziyyət çəkir - artıq 3 aydır ki, müxtəlif sahələrdə tətillər keçirilir, əmək qanunvericili-yində qeyri-populyar islahatların da-yandırılması tələb olunur. Bu tələblə ilk tətilə başlayanlar nəqliyyatçılar olub - solçu həmkarlar ittifaqı təşkilatlarında təmsil olunan SNCF dəmir yolu şirkətinin əməkdaşları (yei gəlmişkən, o, "Avro-2016"nın rəsmi tərəfdaşlarındandır), metropoliten işçiləri, ictimai nəqliyyat vasitəsi sürücüləri və s. Böyük Britaniya ilə bərə əlaqəsinin dayana biləcəyi də elan olunub. Eyni zamanda, paytaxtın Şarl de Qoll aeroportunun əməkdaşlarının bir hissəsi, "Air France"ın pilotları da işə çıxmaqdan imtina edib ki, nəticədə terminallardan birinin işi dayanıb. Bunun ardınca enerji sahəsində çalışanlar nəqliyyatçılarla həmrəylik nümayişinə başlayıb - Fransanın 8 neft emalı zavodundan 6-sının işçiləri təlilə başlayıb. Onların bəziləri fəaliyyətini tam dayandırıb, bəziləri isə tam gücü ilə işləmir. Eyni sözlər yerli AES-lərə də aiddir. Nəticədə, yanacaqdoldurma məntəqələrinin təxminən 20%-də enzin və dizel yanacağı çatışmazlığı yaranıb, ümumi elektrik enerjisi hasilatı azalıb (Fransada elektrik enerjisi istehsalının, təxminən, 75%-i AES-lərin payına düşür).

Ümumxalq tətilinə kommunal təsərrüfat işçiləri də qoşulub - ən nəhəng tullantı emalı zavodlarından birinin işçiləri bütün girişləri qapadaraq, tullantıların, məişət zibillərinin zavoda boşaldılmasına imkan verməyib. Bir çox sakinlər dərhal üfunətdən, gəmiricilərin artmasından şikayətlənməyə başlayıb. Bütün bunlar hökumətə milyonlarla avroya başa gəlib.

Bununla yanaşı, tətillər təhlükəsizliklə bağlı vəziyyəti də çətinləşdirir - kütlə halında bir yerə toplaşmış insanlara nəzarət etmək çətindir və onlar terror aktlarının hədəfinə çerilmək baxımından ideal məkan formalaşdırır. Coşğun azarkeşlərin onsuz da bir çox problemlər yaratdıqları şəraitdə (məsələn, iyunun 9-da ingilis tərəfdarlar Marselin mərkəzində iğtişaşlar törədərək İD-ni "döyüşə" çağırıblar), fəallar da ictimai asayişi pozur. Yüzlərlə nümayişçi, o cümlədən dəmir yolu işçiləri Parisin Monparans vağzalının qarşısında, rəhbərliyin həmkarlar ittifaqı təşkilatları ilə danışıqlar apardığı binanın pəncərələrinin altında tüstü şaşkaları və petardalar yandırıb. Daha bir etiraz aksiyasının iştirakçıları "Rədd ol!" şüarı səsləndirərək, ölkənin İqtisadiyyat naziri Emmanuel Makronu yumurta atəşinə tutub. Amma bu da son deyil. Onlarca insan Əmək və Məşğulluq naziri Miriam El-Komrinin evini mühasirəyə alıb. Hökumətin bütün bunlaraa reaksiyası isə kifayət qədər sərt olur - polislə toqquşmalar, həbslər, ciddi xəsarətlər və azadlıqdan məhrumetmə hökmləri.

Amma ən xoşagəlməz məqam odur ki, minimal servisə və həmkarlar ittifaqı təşkilatlarının çempionatı pozmayacaqlarına dair vədlərinə rəğmən, onun keçirildiyi zaman Fransada nəqliyyat kollapsı yaşana bilər. Hər halda, əvvəldən bəyan olunduğu kimi, çempionat ərzində ölkəyə, təxminən, 2,5 milyon turistin gələcəyi gözlənilir. İyunun 10-da başlamış çempionatın startına bir neçə gün qalmış isə Parisin Şimal vağzalında tətil edən dəmiryolçular çempionatın trofeyinin yer aldığı qatarın yolunu bağlayıblar. 25 şəhəri dolaşdıqdan sonra o, nəhayət Fransa paytaxtına gəlib çıxsa da, etirazlar üzündən kubokun təqdimatı təxirə salınıb. Bununla yanaşı, həmkarlar ittifaqı təşkilatları iyunun 14-nə Parisdə nəhəng nümayiş vəd ediblər və bu zamanda çempionatın gedişini pozmayacaqlarına söz veriblər. Lakin maşinistlərin paytaxtın "Stad de Frans" stadionuna aparan xətti bağlayacaqları, "Air France" əməkdaşlarının isə işə çıxmayacağı ilə bağlı narahatlıq turnir boyunca davam edəcək.

Bütün bunlara cavab olaraq, ölkə prezidenti Fransua Olland nümayişçilərin əsas tələblərinə əməl olunma-yacağını, ölkəsinin "Avro-2016" ilə bağlı bütün öhdəliklərinə əməl edəcəyini bildirib. Üstəlik, Fransa bu futbol yarışına hazırlıq çərçivəsində 2 milyard avrodan artıq pul xərcləyib.

Bəs, aralarında futbol azarkeşinin çox olduğu fransızları bu dərəcədə əsəbiləşdirən nədir ki, onlar, hətta "Avro-2016"ya ev sahibliyi etmələrindən belə, sevinmirlər? Müxtəlif sahələrdə çalışan işçilər hökumətdən Əmək Məcəlləsinin liberallaşdırılmasından imtina olunmasını tələb edir. Qeyd edək ki, bu dəyişikliklərin ölkədə yeni iş yerlərinin açılmasına imkan verəcəyi bildirilsə də, onun bir sıra mübahisəli müəddəaları da var; məsələn, qanunda dəyişiklik edilməsi müəssisələrdə iş saatının artmasına (35 saatlıq iş həftəsinə son), işçilərin iqtisadi səbəblərdən işdən kənarlaşdırılması prosedurunun sadələşməsinə aparıb çıxaracaq. Bundan başqa, o, iş vaxtından artıq çalışmağa görə əməkhaqqının azaldılmasını mümkün edəcək, həmkarlar ittifaqı təşkilatlarının müəssisədən tələblərinin kollektiv səsvermə yolu ilə rədd olunmasına imkan yaradacaq.

Bu da son deyil. Dəyişikliklərdən sonra sahibkar 4000 səhifəlik vahid Əmək Məcəlləsinə əməl etmədən, əməkdaşları ilə kollektiv müqavilə imzalaya biləcək və əməkhaqqı, iş gününün müddəti, iş yerlərində şərait kimi məsələlər həmin müqavilə ilə tənzimlənəcək. Fransa müəssisələrində indi də kollektiv müqavilələr imzalamaq mümkündür. Lakin o, yalnız Əmək Məcəlləsinin müddəalarını daha da yaxşılaşdırdığı halda qanuni qüvvəyə malik olur.

İslahatlar sonradan işçini qovmağın çətin olacağından ehtiyatlandığı üçün işə yeni işçilər götürmə-yən biznesmenlərə sərf edir. Bu isə iqtisadi inkişafı əngəlləyir. Fransada əməkdaşın işdən kənarlaşdırılması həqiqətən də illərlə uzana və sahibkara çox baha başa gələ bilər. Odur ki, yeniliyə təsir imkanlarını itirəcək həmkarlar ittifaqı təşkilatları qəti etaraz edir. Bununla yanaşı, yerli KİV-dən məlum olduğu kimi, belə təşkilatların liderləri onlarla ilkin müzakirələrin aparılmamasından da narazıdır.

Qeyd edək ki, Manuel Vals hökuməti tərəfindən hazırlanmış qanunun adi yolla qüvvəyə minmə ehtimalı çox deyildi. Bu səbəbdən də hökumət ölkə Konstitusiyasının 49.3-cu maddəsinə əsaslanmağı lazım bilib. Həmin maddəyə görə, baş nazir hər hansı qanunun qəbulunun vacibliyinə əmindirsə, sənədi parlamentdən müzakirəsiz və səsverməsiz keçirir. Ekspertlər isə bu cür islahatların artıq bir sıra ölkələrdə həyata keçirildiyini və iqtisadiyyatın canlanmasına, işsizliklə mübarizənin effektivliyinə kömək olduğunu bildirir. Yeri gəlmişkən, Fransada işsizliyin səviyyəsi Almaniyadan fərqli olaraq, heç cür azalmır. Bununla yanaşı, Beşinci respublika sosial nailiyyətlərindən hər zaman möhkəm yapışıbsa, fransızlar da etirazlarını başqa ölkələrdə rast gəlinməyəcək həvəslə, iradə ilə davam etdiriblər.

Bu qarşıdurmanın necə nəticələnəcəyini demək hələ ki, çətindir. Lakin məsələn, 1968-ci ildə Fransada "Qırmızı may"ın nə ilə bitdiyini hər kəs yaxşı xatırlayır. Müxtəlif sosioloji sorğular göstərir ki, hazırda əhalinin 50-60% - i qeyd olunan istahatlara qarşıdır. Bu, ciddi qüvvədir. Hələlik, ölkənin etirazçı hərəkatının fəalları, məsələn, ölkənin ən iri həmkarlar ittifaqı təşkilatlarından olan Ümumi Əmək Konfederasiyası heç bir siyasi tələb irəli sürmür - nə baş nazirin istefasını, nə prezidentin devrilməsini. Amma gələcəkdə nələrin baş verə biləcəyini heç kəs bilmir. Hazırda ölkədə əmək qanunvericiliyində islahatlarla bağlı yaşanmaqda olan qarşıdurma ilk baxışdan göründüyündən daha qəlizdir - indi istər hökumətin daxilində, istərsə də həmkarlar ittifaqı təşkilatları arasında parçalanma var. Ollandı isə Fransanın ən qeyri-populyar liderlərindən biri sayırlar.

Bundan başqa, gələn il Fransada prezident seçkisi keçiriləcək. Demək, bütün tərəflər üçün stavka artır. Nəticədə böhranın dialoq yolu ilə çözülməsi şansları daha da azalır. Lakin fransızlar üçün ən xoşagəlməz olanı Fransanın çoxsaylı problemlər fonunda tədricən Avropanın aparıcı fövqəldövləti statusunu itirməsidir. Bu yerdə bütünlükdə Aİ üçün xoşa-gəlməz meyillər meydana çıxır - onun sağlamlığı və sabitliyi avrozonanın böyüklüyünə görə ikinci iqtisadiyyatının sağlamlıq və sabitliyindən birbaşa asılıdır.



MƏSLƏHƏT GÖR:

387