3 May 2024

Cümə, 20:02

BERLİNDƏN BAKI SİQNALI

Azərbaycan Avrasiyanın kəsişməsində inteqrasiya baxımından vacib rol oynadığını təsdiqləyir

Müəllif:

15.06.2016

Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya iyunun 7-də etdiyi işgüzar səfər bir çox mənalarda son dərəcə əlamətdar hadisəyə çevrildi. O, nəinki Bakı-Berlin ikitərəfli dialoqunun vacib mərhələsi oldu, həm də Almaniyanın və ümumilikdə, Avropa İttifaqının (Aİ) Avrasiya məkanındakı maraqları baxımından Azərbaycanın əhəmiyyətini bir daha təsdiqlədi. Bu mənada, Bakının yaxın strateji müttəfiqi olan qardaş Türkiyə ilə qlobal və regional siyasətin ən nəhəng mərkəzləri, o cümlədən Aİ arasındakı müəyyən ziddiyyətlərin aradan qaldırılması işində oynadığı mümkün körpü rolu bir daha ortaya çıxdı.

Bu, Azərbaycanın dövlət başçısının il ərzində Almaniya ikinci səfəri idi. O, Almaniyaya birinci dəfə fevralda - Münhen Təhlükəsizlik Konfransına qatılmaq üçün səfər etmişdi. Budəfəki səfər isə Azərbaycan-Almanyia tərəfdaşlığı ilə bağlı idi. Baxmayaraq ki, o, Almaniya Bundestaqının "Osmanlı İmperiyası dövründə törədilmiş erməni soyqırımı"nın tanınmasına dair qətnaməsinin yaratdığı rezonans fonunda baş tutdu.

Yeri gəlmişkən, İlham Əliyev hələ Berlinə səfərindən bir neçə gün əvvəl Bakıya gəlmiş Türkiyənin Baş naziri Binəli Yıldırımla görüşündə almaniyalı parlamentarilərin qərarını "siyasi sifariş", "ikili standartların nümayişi və tarixin təhrifi" kimi qiymətləndirmiş, qardaş ölkəyə tam dəstəyini ifadə etmişdi. "Erməni məsələsi", sadəcə olaraq, bir bəhanədir. "Erməni məsələsi" yenə də böyük dövlətlərin əlində alətə çevrilib", - deyə İlham Əliyev bildirib. Bununla yanaşı, o, kifayət qədər yerinə düşən bir xatırlatma da edib: düz, 1 il əvvəl Bakıda Avropa Oyunlarının açılışı ərəfəsində Almaniya Parlamenti anti-Azərbaycan qətnaməsi də qəbul etmişdi. Məqsəd isə eynidir - konkret ölkənin Avropanın, daha geniş anlamda isə Qərbin iradəsinə uyğun davranması üçün ona təzyiq göstərmək.

Azərbaycan erməni zəhəri ilə "yemlənmiş" Avropa siyasətindən növbəti dəfə zərbə alan Türkiyəni dəstəkləyən yeganə dövlət olub. 

Məlum olduğu kimi, Avropanın bu siyasəti ənənəvi olaraq, regional si-yasi-iqtisadi proseslərdə Ankaranın mövqelərini gücləndirməsini əngəlləməyə yönəlib.

Beləliklə, Azərbaycanla Türkiyə arasında ümumi strateji maraqlara, təhlükələrə qarşı birgə mübarizəyə əsaslanan münasibətlərin xüsusi xarakterə malik olduğu bir daha təsdiqlənib. Türkiyənin yeni Baş naziri Binəli Yıldırımın bu vəzifədə ilk xarici səfərini məhz Azərbaycana etməsi də deyilənlərin təsdiqidir. Üstəlik, bu səfər Bundestaqın ermənipərəst qətnamə qəbul etməsinin səhəri gün baş tutub.

Binəli Yıldırımı qəbul edən İlham Əliyev Türkiyə ilə Azərbaycanın bütün sahələrdə uğurlu əməkdaşlıq etdiyini deyib, regionda sabitliyə yalnız Bakı ilə Ankaranın birliyi sayəsində nail olunacağına əminliyini bildirib. Və ən önəmlisi - Almaniya Parlamentinin Türkiyəyə qarşı ədalətsizlik addımına qarşı ümumi etiraz ifadə edilib.

Yıldırım isə öz növbəsində, Azərbaycanın əsas problemindən - erməni təcavüzündən danışıb, Qarabağ münaqişəsinin hələ də davam etməsinə məhz bunun səbəb olduğunu bildirib. Bu münaqişənin yalnız Ermənistanın işğal etdiyi torpaqların Azərbaycana qaytarılmasından sonra çözülə biləcəyini dilə gətirən Baş nazir ATƏT-in Minsk qrupunun fəaliyyətindən narazılıq da edib: "Beynəlxalq ictimaiyyətin ikili standartlardan əl çəkməsinin vaxtı çoxdan çatıb".

İlham Əliyevin Almaniya səfərində də əsas mövzu məhz Qarabağ məsələsi olub. Berlin səfərinə hazırlıq alman deputatların antitürk demarşından xeyli əvvəl başlamışdı. Almaniya kansleri Angela Merkel iyunda Azərbaycan prezidenti ilə görüşəcəyini hələ təxminən 2 ay əvvəl ölkəsində Ermənistanın dövlət başçısı Serj Sarqsyanla görüşündə bəyan etmişdi. Yeri gəlmişkən, Sarqsyan Almanyanın Qarabağda apreldə baş vermiş döyüşlər zamanı erməniləri bir sıra strateji mövqelərdən çıxarmış Azərbaycanı tənqid etməsinə çox salışısa da, gözlədiyi nəticəni əldə edə bilməyib. Hazırda ATƏT-ə sədrlik edən Almaniya kansleri sadəcə onu deyib ki, "Berlin münaqişənin həllinə məsul olan Minsk qrupuna xüsusi dəstək verməyə hazırdır". Odur ki, Azərbaycan liderinin Almaniyaya səfəri Berlinin Qarabağ nizmlanmasında rolunu gücləndirilməsi kontekstində xüsusi əhəmiyyət daşıyıb.

Bir maraqlı faktı da diqqətinizə çatdırmaq istərdik: İlham Əliyevin Berlinə yollanması ərəfəsində Bundestaqdakı Almaniya-Cənubi Qafqaz parlamentlərarası dostluq qrupu ATƏT çərçivəsində Qarabağ probleminin nizamlanmasına yönəlmiş təcili tədbirlərin görülməsi tələbi ilə çıxış edib. BMT Təhlükəsizlik Şurasının qətnamələrini xatırladan, Ermənistan-Azərbaycan münaqişəsi zonasında status-kvonun beynəlxalq hüququn prinsipləri baxımından qəbuledilməzliyinə diqqət çəkən qrup tərəflər arasında gedən danışıqlar prosesində vasitəçi qismində iştirak etməyə hazır olduğunu bəyan edib.

Münaqişənin BMT TŞ-nin erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələri əsasında sülh yolu ilə həllinin vacibliyini İlham Əliyev də Angela Merkel ilə birgə mətbuat konfransında dilə gətirib. Ermənistanın Azərbaycan ərazilərini güc yolu ilə işğal etdiyini xatırladan prezident bildirib ki, "kimin təcavüzkar, kimin təcavüzün qurbanı olduğunu bilmək üçün regionun xəritəsinə baxmaq kifayət edər". Prezident İlham Əliyev diqqəti Ermənistanın yalnız Dağlıq Qarabağı deyil, Azərbaycanın daha 7 rayonunu da işğal etdiyinə çəkib. O xatırladıb ki, bu zaman erməni təcavüzkarları Azərbaycanın tarixi abidələrini dağıdıb, çoxsaylı hərbi cinayətlərə yol verib və onlardan ən dəhşətlisi 106-sı qadın, 63-ü uşaq olmaqla, 613 nəfərin qətlə yetirildiyi Xocalı soyqırımıdır. "Və bütün bunlar beynəlxalq ictimaiyyətin gözləri önündə baş verib", - deyə Azərbaycanın dövlət başçısı dərin təəssüf hissi ilə bildirib.

İ.Əliyev Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttindəki son gərginlik haqqında da danışıb. Onun sözlərinə görə, erməni tərəfi "sonsuz danışıqlar"ı uzatmaq məqsədilə daim təxribatlara əl atır. Aprelin əvvəlində də belə olub, lakin bu dəfə Yerevan təxribatın nəticələrini pis hesablayıb. Nəticədə, Azərbaycan Ordusu əks-hücumla ölkənin işğal altındakı ərazilərinin bir hissəsini geri qaytarıb.

İlham Əliyevin Berlində səsləndirdiyi ən vacib bəyanatlardan biri də Qarabağ münaqişəsi zonasında atəşkəsin kövrək olduğunu xatırlatması, Ermənistanın Azərbaycan ərazilərini işğal etməsi nəticəsində yaranmış status-kvonun dəyişməsinin vacibli-yini dilə gətirməsidir. Yəni, İlham Əliyev Almaniyaya və bütünlükdə Avropaya göstərib ki, tərəflər arasında atəşkəs razılaşması olsa da, Qarabağda sülh möhkəm deyil və uzunmüddətli sülhə yalnız erməni silahlı qüvvələrinin Azərbaycanın işğal altındakı ərazilərindən çıxarılması ilə nail oluna bilər.

Əgər Aİ və onun əsas iqtisadi mərkəzi olan Almaniya həqiqətən də Qarabağ münaqişəsinin tez bir zamanda həllində maraqlıdırsa, o, təcavüzkar Ermənistana qarşı bütün mümkün təzyiq formalarından istifadə etməlidir. Çünki regiondakı qarşıdurmanın və qeyri-sabitliyin əsas səbəbi məhz İrəvanın siyasətidir.

İlham Əliyevin bəyanatına, şübhəsiz ki, yalnız ATƏT-ə sədrlik edən Almaniyaya yox, bu təşkilatın himayəsi altında fəaliyyət göstərən Minski qrupunun həmsədr ölkələrinə ünvanlanmış mesaj kimi baxmaq lazımdır. Bu, beynəlxalq vasitəçilər olan ABŞ, Fransa və Rusiyanın Qarabağ probleminin həllinə yönəlmiş səylərini ciddi şəkildə artırması üçün edilmiş çağırışdır. Yeri gəlmişkən, Rusiya haqqında. Apreldə Berlinə səfər etmiş Sarqsyan orada bir sıra anti-Rusiya bəyanatları səsləndirmişdi. Guya Ermənistanın strateji tərəfdaşı olan Rusiyanın Azərbaycana silah satması Sarqsyanı "incidir". Azərbaycanın dövlət başçısı isə Ermənistan prezidentindən fərqli olaraq, Almaniyaya səfəri zamanı Bakıda İrəvanın Rusiya ilə müttəfiqliyi ilə bağlı hər hansı kompleksin və narahatlığın olmadığını göstərib. Yeri gəlmişkən, Angela Merkel "Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Rusiyanın ciddi rol oynadığını" da söyləyib.

Rusiyanı Azərbaycanın strateji tərəfdaşı adlandıran İ.Əliyev bildirib ki, "bizim çox konstruktiv və dost münasibətlərimiz var". Prezident Rusiyanın Ermənistana silah satmasının Azərbaycanı qıcıqlandırmadığını da deyib. O bildirib ki, Azərbaycan Ermənistandan fərqli olaraq, Rusiyadan aldığı silahların tam qiymətini ödəyir. Bununla yanaşı, Bakının yalnız Rusiyadan deyil, Türkiyə, İsrail, Belarus, İran və bir çox digər ölkələrdən də silah aldığı sirr deyil. İlham Əliyevin də xatırlatdığı kimi, "Biz silahlı qüvvələrimizi müasirləşdiririk". Bu bəyanat da Azərbaycanın işğal altındakı torpaqlarının azad edilməsi üçün istənilən varianta hazır olduğunu təsdiqləyir. Azərbaycan Prezidentinin Almaniyaya səfəri zamanı daha bir önəmli hadisə onun Almaniya-Azərbaycan İqtisadi Forumunda iştirakı olub. Burada da diqqəti Ermənistanın Azərbaycan torpaqlarını işğalına son qoyulmasının vacibliyinə çəkən dövlət başçısı bildirib ki, o, "məhz əməkdaşlığın sülhə və sabitliyə yol açacağına ümid edir". Bu mənada, Berlində Azərbaycanın iştirak etdiyi nəhəng enerji layihələrinə dair baş tutmuş müzakirələrin vacibliyi qeyd olunmalıdır.  İ. Əliyev Aİ-nin Azərbaycanın bu sahədəki səylərinə böyük dəstək verdiyini deyib, bunun Avropanı yeni qaz mənbələri ilə təmin edəcək "Cənub Qaz Dəhlizi" layihəsi çərçivəsində xüsusilə hiss olunduğunu söyləyib.

İ.Əliyev Asiya ilə Avropa arasında "etibarlı əlaqə"nin yaradılması baxımından, Azərbaycanın iştirakı ilə həyata keçirilən nəqliyyat layihələrini yüksək qiymətləndirib. Prezidentin qeyd etdiyi bu məsələ ilə əlaqədar olaraq, Avropa, o cümlədən Almaniya üçün Avrasiyanın kəsişməsində yerləşən Türkiyənin rolu çox böyükdür. Beləliklə, böyük strateji əhəmiyyətə və iqtisadi cazibəyə malik Azərbaycan yaxın perspektivdə Ankara ilə Berlin arasında münasibətlərin qurulmasında özünəməxsus rol oynaya bilər. Almaniya parlamentarilərinin ermənipərəst qətnamə qəbul etməsi ilə bu münasibətlərə ciddi zərbə dəydiyinə şübhə yoxdur.



MƏSLƏHƏT GÖR:

407