1 May 2024

Çərşənbə, 17:51

START BAŞ TUTDU

Bakıda keçirilmiş "Formula-1" Avropa Qran-prisi Dünya Çempionatının bütün mərhələləri üçün nümunə ola bilər

Müəllif:

01.07.2016

Qulaqbatıran uğultu, hər kəsin gözü qarşısında, sözün əsl mənasında, uçan maşınların inanılmaz sürəti, yanmış rezin qoxusu - bütün bu epitetləri istənilən avtoyürüşə aid etmək olar. Bakı indiyədək kuzov maşınları sinfinə aid bir neçə Qran-priyə ev sahibliyi edib - "Blancpain GT Series", "FIA GT Series" və s. Amma dünyada yalnız bir çempionat var ki, ona olan tamaşaçı marağı bütün digər yarışlara olan marağın cəmini kölgədə qoyur - "Formula-1". İnanılmaz dərəcədə yüksək sürət, parlaq ötmələr, maşınları parça-parça edən qəzalar - bütün bunlar çoxmilyonlu auditoriyanı avtoyarışlara cəlb edir.

Doğrudur, bakılılar bundan əvvəl də "Formula-1" bolidlərini canlı izləmək imkanı qazanmışdı. Lakin bu, nümayiş yürüşləri idi ki, o da "Kral yarışı" zamanı yaşanan mübarizə, yarış ruhunun yüzdə birini belə, vermir. Odur ki, "Formula-1" üzrə Dünya Çempionatının Avropa Qran-prisinin Bakıda keçirilməsi avtoidman elitasının, hələ ki, sayı o qədər də çox olmayan həvəskarları üçün əsl bayram ovqatı yaratdı.

 

Möhtəşəm təşkilatçılıq

Bakı yarışın təşkili işinə maksimum məsuliyyətlə yanaşıb - 2012-ci ildə "Eurovision" və bir il əvvəl birinci Avropa   Oyunlarının hazırlığı kimi. Lakin bu dəfə bir məqama da xüsusi diqqət yetirilib - Azərbaycan paytaxtının gözəlliyinin, turistlər üçün cəlbediciliyinin nümayişi.

Məhz bu səbəbdən, trek paytaxtın Dənizkənarı bulvar və İçərişəhərin ətrafından keçən mərkəzi küçələrində salınıb. 500 milyon televiziya tamaşaçısı üçün "Kral yarışı"nın auditoriyası məhz bu qədərdir (bundan artıq tamaşaçı televiziya ekranları qarşısına yalnız Yay Olimpiya Oyunları və futbol üzrə Dünya Çempionatı zamanı toplanır) - yaradılmış mənzərə həqiqətən möhtəşəm idi. Bolidlər İçərişəhərin qala divarlarının, həmçinin XIX əsrin sonu, XX əsrin əvvəllərinə aid tarixi binaların ətrafında dövrə vururdu ki, bu da vertolyotlardan çəkilən kadrlarda çox effektiv təsir bağışlayırdı.

"Formula One Management"in prezidenti Berni Ekklstoun yarışın yekununda Bakını "Formula-1" üzrə Qran-pri təşkilatçılarına nümunə göstərib: "Əgər bütün təşkilatçılar burada gördüyümüz kimi səy göstərərsə, əla olardı. Onlar inanılmaz iş gördü. Tras çox yaxşı alındı. Mən istəyirdim ki, maşınlar məhz qədim qalanın yanından keçsin ki, teleyayım zamanı bu kadrlar görünsün. Belə də oldu".

Ümumilikdə, yarış ətrafında dünya ulduzlarının Bakıya gəlişi ilə bağlı anturaj - Kris Braun, Enrike İqlesias və Farell Uilyams burada konsert veriblər - yarışı daha da cəlbedici edib.

Paddoka çıxa bilmiş bəxtəvərlər isə 1970-1980-ci illərdə "Formula-1" üzrə dəfələrlə dünya çempionu olmuş Niki Lauda kimi, ötən illərin əfsanəvi pilotları ilə qısa da olsa söhbətləşmək imkanı da qazanıb.

Amma elə bu dünya çempionatında da ötən illərin 5 çempionu iştirak edir - Luis Hemilton, Sebestyan Fettel, Kimi Raykonen, Censon Batton və Fernando Alonso.

 

Yarış "Safety-car"sız keçdi

Bilavasitə yarışa gəlincə, o, sürprizsiz ötüşməyib. Əsas sürpriz kimi isə yarışın qəzasız keçməsini göstərmək olar. Bəzi hissələrdə eni cəmi 7,6 metr olan şəhər trası şəraitində istənilən yanlışlıq bolidin beton maneəyə çırpılması ilə nəticələnir. Odur ki, Bakıda yarışın qəzasız ötüşməsi yalnız tamaşaçılarla təşkilatçıları deyil, pilotların özlərini də təəccübləndirib. Halbuki, Avropa Qran-prisi başlanmazdan əvvəl pilotların bir çoxu trasın ayrı-ayrı hissələrinin təhlükəli olduğundan, təhlükəsizlik zolağının olmamasından şikayətlənirdi.

Sərbəst yürüşdən sonra isə şikayətlər daha da artmış, nəticədə FIA trasdakı bəzi elementlərə dəyişiklik etmişdi. Bununla yanaşı, pilotlar Berni Ekklstoundan sərt cavab almışdı: "Onlar «Formula-1"ə qatılmaq istəmirlərsə, buna məcbur deyillər. Özləri bilər. Trası bəyənmirlərsə, qoy evlərinə getsinlər. Düşünürəm ki, Bakı trası pilotlardan cəsarət tələb edir".

Amma yarışa 2 gün qalmış "GP-2"nin gənclər seriyasının yürüşündən sonra "F1" pilotlarında narahatlıq daha da artmışdı - bu yürüş zamanı eyni vaxtda bir neçə bolidin iştirakı ilə qəzalar baş vermişdi. Üstəlik, test yürüşləri və "Formula-1"in sıralanma turu zamanı da bəzi pilotlar xüsusilə təhlükəli yerlərdə quraşdırılmış təhlükəsizlik zonalarına daxil olmaq məcburiyyətində qalmışdılar. 

Lakin "Mersedes" və "Ferrari" pilotları Niko Rosberq və Sebastyan Fettelin sonradan etiraf etdikləri kimi, yarışın bütün iştirakçıları "GP-2" yarışını diqqətlə izləyib və onların trasda yol verdikləri səhvlərdən nəticə çıxarıb ki, bu da pilotlara qəzalardan yayınmaqda ciddi kömək olub.

Nəzərə alsaq ki, 6 kilometr uzunluğu olan Bakı trası Dənizkənarı bulvarın kənarı ilə çəkilmiş 2 kilometrlik düz xəttin hesabına ən sürətli şəhər trası elan olunmuşdu, üstünlük daha sürətli bolidlərə malik komandalarda idi. Söhbət, ilk növbədə, "Mersedes", "Williams" və "Red Bull Racing"dən gedir. Hələ sərbəst yürüşlər zamanı "Mersedes"in pilotları Niko Rosberq ilə Luis Hemilton bütün digər yarışçıları ən azı 1 saniyə üstələyirdilər. Bu, şənbə günü keçirilmiş sıralanma turu zamanı da dəyişməz qalıb və bu yürüş Rosberqin qələbəsi ilə bitib. Komanda yoldaşı Hemilton isə Rosberqə yalnız turun sonuna bir neçə dəqiqə qalmış yol verdiyi səhv ucbatından rəqib ola bilməyib və nəticədə, yarışa 10-cu yerdə başlamalı olub.

Onu da qeyd edək ki, "Ferrari" pilotları Sebastyan Fettel ilə Kimi Raykonen sərbəst yürüşlə müqayisədə, sıralama turunda daha yaxşı nəticə göstərərək, əsas yarışa 3-cü və 4-cü yerdə başlayıblar. 

Amma "Mersedes"ə yenə də rəqib tapılmadı - Niko Rosberq 51 dövrədə liderliyini başdan-sonadək qoruyub və hətta təkərlərin dəyişməsi üçün pit-stopa daxil olduğu anda belə, kimisə özündən önə buraxmayıb. Yarışın gedişində ən yaxşı göstəricinin də müəllifinə çevrilən (o, dövrəni 1 dəqiqə 46,485 saniyəyə başa vurub) Rosberq "Böyük Dəbilqə"yə sahib çıxıb - sıralama turunda poul, bütün yarış ərzində liderlik və trasda ən yaxşı vaxt göstəricisi.

Rosberqlə "Mersedes"in əsas nailiyyəti isə yəqin ki, onların adlarını tarixə yazdırmalarıdır - onlar Bakıda keçirilmiş ilk Avropa Qran-prisinin qalibi olub. Gələcəkdə bu trasda kimin qalib gələcəyindən asılı olmayaraq, ilk qalibin adı hər zaman tarixdə qalacaq.

Alman komandasının digər pilotu Luis Hemiltonun çıxışı isə yaxşı alınmayıb. O, bacarığının və bolidinin imkanlarının yalnız bir hissəsini nümayiş etdirə bilib. Yarışa 10-cu yerdə başlayan Hemilton yalnız 5-ciliyədək irəliləyə bilib və Rosberqə, təxminən, 1 dəqiqə uduzub. Amma burada bəzi texniki problemlərin də rolu olub - yarışın müəyyən hissəsində mühərrikin düzgün sazlanmaması hər iki "Mersedes"in gücünü itirməsilə nəticələnib. FIA-nın texniki personalın pilotlarla radiorabitə qurmasına qadağa qoyması üzündən Rosberq ilə Hemilton problemin öhdəsindən təkbaşına özləri gəlmək məcburiyyətində qalıblar. Rosberq iki dövrədə optimal vəziyyəti bərpa edə bilsə də, onun komandadakı rəqibi bu prosesə düz 14 dövrəsini itirib və yalnız finişə 8 dövrə qalmış optimal rejimi tapa bilib: artıq podiuma çıxmaq uğrunda mübarizəyə qoşulmaq gec idi.

"Ferrari"yə gəlincə, onun iki pilotu əsas yarışda da sıralama turundakı uğurlu nəticəni təkrarlayıb. Sebestyan Fettel finişə ikinci, Kimi Raykonen isə dördüncü çatıb. Halbuki, onun da podiuma qalxmaq şansı var idi. Lakin onun pitleynə daxil olan zaman yol verdiyi yanlışlıq final vaxtına 5 saniyə əlavə edilməsilə nəticələnib. Məhz bu səbəbdən yarışın gedişində o, komanda yoldaşı Fetteli mübarizəsiz olaraq ikinciliyə buraxıb. Sona yaxın isə "Force India"nın pilotu Serxio Peres də Raykoneni arxada qoyub.

Meksikalı pilot da Bakıda fenomenal həftəsonu keçirib. Sıralama turunda Peres ikinci olub. Lakin onun bolidinin ötürücü qutusu dəyişdirildiyindən, start zamanı Peres 5 pillə geri atılıb və yarışa 7-ci yerdə başlayıb. Amma "Force India"nın pilotu bolidində "Mersedes" mühərriki olduğundan elə startdaca 5-ci yerə yüksələ bilib. Yarışın gedişində isə o, Raykonenlə yanaşı, "Red Bull" təmsilçisi Daniel Rikkardonu da geridə qoyub. Yeri gəlmişkən, Rikkardo ilə komanda yoldaşı Maks Verstapen Bakıda yaxşı nəticələrə ümid etsələr də, şinlərin düz seçilməməsi "Red Bull" pilotlarını məyus edib. Təkərləri bir dəfə dəyişməklə kifayətlənən liderlərdən fərqli olaraq, onlar pit-stopa 2 dəfə daxil olub və bununla da 7 və 8-ci yerlərlə kifayətlənmək məcburiyyətində qalıblar.

Bakı yarışı "Williams" üçün kifayət qədər ziddiyyətli alınıb. Yarışa 8-ci yerdə başlamış Valteri Botas onu 6-cı başa vurduğu halda, Felippe Massa 5-cilikdən 10-cu yerədək geriləyib. Bu, təkərlərin fərqli yeyilməsilə bağlı idi. Nəticədə Botas pit-stopa 1, Massa isə 2 dəfə daxil olub.

"Toro Rosso" üçün yarışı iflas kimi qiymətləndirmək mümkündür - komandanın pilotları Daniil Kvyat və Karlos Sayns texniki problemlər üzündən ümumiyyətlə, finişə çata bilməyiblər. Avropa Qran-prisinin rəsmi səfiri olan, trasla tanışlıq üçün böyük imkanlara sahib "McLaren» pilotu Fernando Alonso da dama-dama bayrağı görə bilməyib. O, bolidinin ötürücü qutusunda yaranmış problem üzündən yarışı 42-ci dairədə dayandırmalı olub. Nəhayət, finişə çata bilməyən daha bir pilot "Manor" təmsilçisi Paskal Verlyayndır.

Nəticədə, Rosberq Dünya Çempionatının ümumi hesabında Hemiltonla aralarındakı fərqi artırıb, Fettel isə öz növbəsində ona bir qədər yaxınlaşıb (cədvəl 1).

"Mersedes" Konstruktorlar Kubokunda "Ferrari" ilə arasındakı fərqi bir qədər artırıb, sonuncu isə "Red Bull"dan uzaqlaşıb (cədvəl 2).

 

Çiçəklənən turizm

Əksər idman ekspertləri hesab edir ki, müasir "Formula-1"də məhz Bakıdakı kimi baxımlılıq və sürət çatmırdı. Şəhər trasının yüksək sürətlə ahəngi Bakını "Kral yarışları"nda Monako Qran-prisi ilə rəqabət apara biləcək ən yaxşı "reklam cildinə" çevirib.

Bununla yanaşı, Monako diqqəti yarışın Avropanın ən nüfuzlu şəhərlərindən birində keçirməsi ilə cəlb etsə də, oradakı tras kifayət qədər ləngdir.

Bakı treki isə uzun düz xəttin hesabına komandalara maksimal sürət yığmaq imkanı verir. Çoxmilyonlu azarkeş auditoriyası da məhz bunu bəyənir.

Yarış Bakıya xeyli turist də cəlb edib - Rusiya, Qazaxıstan, Ukrayna, ABŞ, Avstraliya, İtaliya, Almaniya və digər ölkələrdən (ümumilikdə, 40 ölkə) on minlərlə turist yarışı izləmək üçün Azərbaycan paytaxtına gəlmişdi. Bakının, demək olar ki, bütün otelləri dolu idi. Yarışın Bakıda ilk dəfə keçirildiyini və bir sıra digər amilləri nəzərə alsaq, qarşıdakı illərdə turistlərin sayının daha da artacağını gözləmək olar (Qran-pri hələ, ən azı, 4 il Bakıda keçiriləcək). Hər halda, builki Avropa Qran-prisi digər nüfuzlu yarış olan "Le-Man 24 saat" ilə eyni vaxta təsadüf etmişdi - bu yarışın da böyük auditoriya cəlb etdiyi sirr deyil. Nəhayət, "Formula-1" yarışının Fransada keçirilən futbol üzrə Dünya Çempionatı ilə eyni günlərə təsadüf etdiyini də nəzərə almamaq mümkün deyil. Gələn il isə təşkilatçılar "Formula-1" ilə "Le-Man 24 saat" yarışlarının eyni vaxta düşməməsinə çalışacaq. Üstəlik, gələn il nəhəng futbol turnirləri də olmayacaq. Demək, Bakıya daha çox turist üz tutacaq. Əslində, "Kral yarışı"nı təşkil etməkdə Bakının əsas məqsədi də budur. İlk Qran-prinin uğurlu alınması qarşıdakı illərdə hədəfə nail olunacağına zəmanət verir.

 

SİTAT 

Niko Rosberq: "İnanılmaz gün, inanılmaz həftəsonu! Bakıda bizi belə qonaqpərvərliklə qarşılayan hər kəsə təşəkkür edirəm. Yarış çox maraqlı idi, möhtəşəm trek inşa etmisiniz. Tras əladır. Eşitdim ki, ötmə çox olmayıb - bu, əladır! Əlbəttə, yarış mənim üçün mükəmməl keçdi - sıralanma turu, final və ümumiyyətlə, hər şey planlaşdırılan kimi oldu!".

 

 

SİTAT

Sebastyan Fettel: "Biz Azərbaycana ilk dəfə gəlirdik. Bura gəlməmişdən əvvəl bizi nə gözlədiyindən məlumatsız idim, lakin çox mehriban qarşılandıq. Tras əla idi. Buradakı sürətli döngələrdə yüksək sürətlə hərəkət etmək üçün bir çox amillərin ahəngi lazım idi. Əla tras, sürətli dar sensiyalar - hər şey əla idi! Səhv etmək çətin deyil - əminəm ki, bu gün təhlükəsizlik maşınlarının peyda olacağına pul qoymuş çox insan uduzub. Yarış təmiz keçdi ki, bu da iştirakçıların ustalığından xəbər verir. Mən də safety-car-a çıxışların olacağını düşünsəm də, bu, baş vermədi".

 

BAKI "FORMULA-1" YARIŞININ REKORDLARI

"Williams" pilotu Valteri Botas Bakıda sürəti saatda 378 kilometrədək artırmağa nail olub! Bu, "Kral yarışı" tarixinin ən yüksək sürətidir.

Beləliklə, digər komandalarda qarşıdakı illərdə yeni sürət rekordu müəyyənləşdirmək üçün əlavə stimul yaranıb.

"Williams" Bakıda "Formula-1"in daha bir rekorduna imza atıb - komandaya təkərləri dəyişmək üçün 1,89 saniyə (!) kifayət edib.

 

 

SİTAT

Luis Hemilton: "Hər şey çox xoşuma gəldi. Bəli, trasın düz hissəsində kifayət qədər iri kəsəklər var idi, ilk döngə isə "kor döngə" idi. Biz oraya böyük sürətlə çatırdıq, bu zaman maşın titrəməyə başlayırdı. Amma bu da yarışın bir hissəsidir. Bu insanlar (tənqid edənlər) istəyir ki, hər şey tam hamar olsun, heç bir kəsək və titrəmə olmasın. Onlar trası xarakterindən, özünəməxsusluğundan məhrum etmək istəyir. Onlar hər zaman hər şeylə bağlı şikayətlənirlər. Yerli kəsəklər mənim xoşuma gəlir. Tənqidçilər isə hər zaman olacaq".

 

BİZİM ARAYIŞ

"Formula-1" açıqtəkərli avtomobil yarışı üzrə Dünya Çempionatıdır. Bu Dünya Çempionatı hər il keçirilir və Qran-pri statusuna malik ayrı-ayrı mərhələlərdən ibarətdir. Çempionatın qalibi ilin sonunda müəyyənləşir. "Formula-1"də həm ayrı-ayrı pilotlar, həm də komandalar yarışır. Pilotlar dünya çempionu titulu, komandalar isə Konstrukturlar Kuboku uğrunda mübarizə aparır. 

2016-cı il Dünya Çempionatında 11 komanda iştirak edir. Onlar güclərini martdan-noyabradək keçiriləcək 21 Qran-pridə yoxlayacaq.



MƏSLƏHƏT GÖR:

466