2 May 2024

Cümə axşamı, 18:29

QAYTARILAN VERGİ

Azərbaycanda "Tax Free" sisteminin tətbiqi ticarət sektorunu stimullaşdıracaq

Müəllif:

01.07.2016

Kim alınan mala görə pulunu geri götürmək istəməz ki? Həm də daha çox şərqlilərə xas tərzdə malın qiymətini öldürməklə deyil, məhz alış-verişə sərf olunan vəsaitin yarı hissəsini geri almaqla. "Tax Free" (hərfi olaraq "vergisiz") sistemi də məhz bunu nəzərdə tutur. Xaricdə olarkən bir çoxları mağazaların vitrinlərdə "Tax Free" yazısnı görüblər, bəziləri isə bu xidmətdən istifadə də ediblər. Bunu edənlər bilirlər ki, "Tax Free" - digər ölkədə alış-veriş zamanı sərf olunan vəsaitin bir qismini geri götürməyə imkan verən sistemdir. Daha doğrusu, sistem xarici vətəndaşlara etdiyi alış-verişin ƏDV-ni qaytarır.

"Tax Free Shopping" sistemi öz səmərəliliyini təsdiqləyib. Onu İsveçdə XX əsrin 60-cı illərində geniş istifadə olunan malların pərakəndə satışının stimullaşdırılması üçün yaradıblar. Qanunverici səviyyədə xarici turistlər xaricə mal çıxaran ixracatçı şirkətlərlə eyniləşdirilib və onlar üçün ixracın bu növünə güzəştli şərtlər təqdim edilib. Nəticədə, xarici turistlərin axınının artması sayəsində satışların həcmləri də artıb.

ƏDV tətbiq edən, təxminən, 130 ölkədən, təqribən, 50-si ölkənin qeyri-rezidentlərinə ödədikləri ver-gini qaytarırlar. Bu yaxınlarda bu ölkələr sırasına Azərbaycan da daxil olub. 

Azərbaycan Vergilər Nazirliyi qanunverici bazanın qəbul edilməsini gözləmədən test rejimində "Tax Free"ni tətbiq edib. Hazırda, təxminən, yüzlərlə mağaza və Heydər Əliyev Beynəlxalq Hava Limanı da artıq "Tax Free"nin tətbiqinə keçib. Vergilər Nazirliyi sistemin bütün üstünlüklərini artıq Bakıda keçirilən "Formula-1" üzrə Avropa Qran-prisi avtomobil yürüşlərində təqdim etmək istəyirdi, çünki yarış çox sayda turist cəlb etmişdi. Qeyd etmək lazımdır ki, Bakı hava limanı yarışlara hazırlıq və keçirilmə zamanı 120 min nəfərə xidmət göstərib, gələn sərnişinlərin sayı 40 mini ötüb.

Qanunvericilər də özlərini çox gözlətmədilər: iyunun 24-də parlament "Tax Free"nin tətbiqinə dair Vergi Məcəlləsində dəyişiklik edib. Dəyişikliklərə əsasən, turist "Tax Free"dən bir mağazada, ən azı, 300 manat sərf edərsə və mallarını Azərbaycan ərazisindən aldıqdan 90 gün ərzində çıxaracağı təqdirdə istifadə edə bilər. 

Minimal dəyər və "Tax Free" qəbzinin etibarlılıq müddəti ilə bağlı məhdudiyyətlər bu sistemin tətbiq edildiyi bir çox ölkələrdə işləyir. Dəyişikliklərə əsasən, qaytarılan ƏDV-nin məbləğindən 20% həcmində komissiya pulu tutulur. Yəni, xarici vətəndaş Azərbaycanda min manat dəyərində mal alarsa o, 18% həcmində ƏDV dərəcəsi və komissiya pulunu nəzərə almaqla, 144 manat həcmində vəsaitini geri götürəcək. 

Vergi Məcəlləsində, həmçinin "Tax Free"nin şamil olunmadığı malların siyahısı da var. Bunlar aksiz mallar, qida məhsulları, dərman preparatları və tibbi avadanlıq və s.-dir. Bundan başqa, "Tax Free" poçtla göndərilən mallara tətbiq edilmir.

Azərbaycana gələn turistlərin sayı artır. Böyük idman və mədəniyyət tədbirlərinin keçirilməsi, xüsusilə qonşu ölkələrdən turist səfərləri üçün Azərbaycanın populyarlığının artmasına səbəb oldu. Digər tərəfdən, RF ilə Türkiyə arasında əlaqələrin pisləşməsi, Misirdə Rusiya təyyarəsində törədilən terror aktı milyonlarla turisti alternativ axtarmağa vadar etdi. Turizm sahəsinin inkişafı üçün görülən tədbirlər, xüsusilə iri turizm mərkəzlərinin və otellərin tikintisi, vizaların verilməsinin asanlaşdırılması, eyni zamanda, elektron vizaların tətbiqi, Azərbaycanı xaricilər üçün cəlbedici ölkə edib. Buna əlavə olaraq, manatın devalvasiya amilini də qeyd etmək mümkündür, bu da xarici vətəndaşlar üçün Azərbaycanda dincəlmək imkanlarını nəzərəçarpacaq dərəcədə asanlaşdırıb. Azərbaycan tez-tez yaşayış və səyahət üçün ucuz olan ölkələrin reytinqində qeyd olunur. Bəs hansı turist istirahət zamanı şoppinq imkanını nəzərdən keçirmir?!

"Tax Free"nin tətbiqi müvafiq istiqamətin inkişafı üçün vacib addımdır. Bu, ticarətin artımını, yeni və fəaliyyət göstərən mağazaların genişləndirilməsini, əlavə iş yerlərinin yaradılmasını, ticarət sektorundan vergi daxil olmalarına təkan verir.

Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsinin sədri Ziyad Səmədzadə də eyni fikirdədir. Parlamentdə çıxış edərkən o, bildirib: "Tax Free" sistemi ilə qaytarılan ƏDV-nin məbləği ölkədə ticarət və iqtisadi aktivliyin fonunda gəlir vergisi hesabına tənzimlənəcək".

Azərbaycan Vergi Nazirliyi bildirib ki, "Tax Free"nin tam tətbiqinə yaxın zamanlarda keçəcək. Hazırda nazirlik yeni mağazaların və ölkənin hava limanlarının (Lənkəranda, Naxçıvanda, Gəncədə və Qəbələdə) sistemə qoşulması ilə bağlı işlər görür.

Bundan başqa, Azərbaycanda sistem operatoru qismində Vergilər Nazirliyi çıxış edir, halbuki, dünya praktikasında ƏDV-nin qaytarılması xidmətini özəl şirkətlər göstərirlər. Bu bazarın lideri, təxminən, 40 ölkədə fəaliyyət göstərən "Global Blue" şirkətidir. Gələcəkdə Azərbaycanda da "Tax Free" sahəsində də özəl biznesin təmsil olunacağını istisna etmək olmaz. 

Bu sistemin Azərbaycanda işinin təkmilləşdirilməsinə həmçinin hava limanlarında xüsusi "Tax Free" terminallarının quraşdırılması ilə nail olmaq mümkündür. Bu isə sərf edilən vəsaitin bir hissəsinin geri götürülməsinə çəkilən vaxta xeyli qənaət edəcək. Hazırda gömrükdə elektron vergi qaimə-fakturanı təsdiqləmək, sonradan isə onu məsul banka təqdim etmək lazımdır. Daha sonra dərhal nağd şəklində və ya 10 gün ərzində nağsız yolla pulu geri götürmək olar.

Bütövlükdə, qeyd edək ki, "Tax Free"dən istifadə birmənalı olaraq Azərbaycanda turizmin və ticarətin inkişafına müsbət təsir göstərəcək. Məlum olduğu kimi, bu iki sektor post-neft iqtisadiyyatı dövründə hökumət üçün prioritet sayılır. Nəticə etibarilə, "Tax Free"nin Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində islahatların vacib komponenti kimi dəyərləndirmək olar.


MƏSLƏHƏT GÖR:

374