30 Aprel 2024

Çərşənbə axşamı, 04:09

ŞƏRQƏ DÖNÜŞ

Türkiyə Moskva və Təl-Əvivlə münasibətlərin yaxşılaşdırılması istiqamətində addımlar atır

Müəllif:

01.07.2016

İyunun sonu Türkiyənin xarici siyasətində sensasion addımlarla yadda qalacaq. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan rusiyalı həmkarı Vladimir Putinə məktub yazaraq, ötən ilin payızında Rusiyaya məxsus "Su-24" bombardmançı təyyarəsinin vurulmasına görə təəssüfləndiyini bildirib. Türkiyə lideri Moskvanı Ankaranın strateji tərəfdaşı adlandırıb və ölkəsinin Rusiya ilə münasibətləri pozmaq niyyətində olmadığını deyib.

"Bir daha həlak olmuş rusiyalı pilotun ailəsinin dərdinə şərik olur, başsağlığı verir və deyirəm: bağışlayın. Onların acısını bölüşürəm. Biz rus pilotunun ailəsini türk ailəsi kimi qəbul edirik. Bu hadisənin verdiyi ağrının azalması üçün istənilən təşəbbüsə hazırıq", - təəsüf hissiylə Ərdoğan məktubunda yazıb.

R.T.Ərdoğan adı rusiyalı pilotun ölümü ilə assosiasiya olunan Türkiyə vətəndaşı Alparslan Çeliklə bağlı yeni istintaqın başlanıldığını da bildirib.

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalının sözlərinə görə, onun ölkəsi Rusiya ilə xoş münasibətlərin bərpası üçün qarşılıqlı addımların atılması haqda razılığa gəlib.

"Biz Türkiyə ilə Rusiyanın ikitəərfli münasibətlərin yaxşılaşdırılması üçün təcili tədbirlərin görülməsinə dair razılığa gəldiyini bəyan etməkdən məmnunuq", - deyə o, bildirib: "Prezident rusiyalı tərəfdaşlarını Türkiyə ilə Rusiya arasında ənənəvi dostluq münasibətlərinin bərpasına, regional böhranların aradan qaldırılması üzərində birgə çalışmağa və terrorçuluqla birgə mübarizəyə də səsləyib".

Xarici KİV-in Türkiyə Prezidentinin bu addımına reaksiyası özünü çox gözlətməyib. Bir sıra mətbuat orqanları yazır ki, Ərdoğanın Rusiyadan üzr istəməsi hazırda Ankaranın üzləşdiyi xarici siyasi gərginliyin bir qədər yumşaldılmasına yönəlib. "The Washington Post" isə yazır ki, "regionun ən nüfuzlu liderlərindən biri" nəhayət, son zamanlar yığılıb qalmış xarici siyasi problemlərin həllinə başlayıb.

Ərdoğanın bu addımı özü-özlüyündə "əhəmiyyətli hadisə"dir və Türkiyə "təcrid durumundan çıxmağa çalışır". Bunu isə Amerikanın digər nəşri "The Atlantic" yazır.

Bundan başqa, əksər məqalələrdə Ərdoğanın Moskvadan "geosiyasi məqsədlərlə" üzr istəmək qərarına gəldiyi bildirilir. Belə ki, Rusiya müasir beynəlxalq siyasi proseslərdə vacib oyunçudur və bu, Suriyadakı vətəndaş müharibəsi böhranına da aiddir. Türkiyə Prezidentinin bu münaqişədə öz maraqlarının olduğu heç kəsə sirr deyil.

"Ərdoğanın Kremllə münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş fəal addımları Yaxın Şərqdə İŞİD-lə bağlı təhlükəsizlik problemlərinin artması fonunda baş verir", - deyə "Foreign Policy" bildirir.

FP Ərdoğanın qərarını həm də Ankaranın Avropa ölkələrilə əlaqələrinin zəifləməsilə əlaqələndirir. Çünki bu, Ankaranı beynəlxalq proseslərdən daha da uzaqlaşdırır. Nəşr misal kimi, Almaniyanın bu yaxınlarda 1915-ci ildə Osmanlı İmperiyasında baş vermiş hadisələri "erməni soyqırım"ı kimi tanımasını göstərir.

Xarici jurnalistlər Türkiyənin üzr istəməsinin daha bir səbəbi kimi, "Su-24"ün vurulmasından sonra, Moskvanın Ankaraya tətbiq etdiyi sanksiyaları göstərir. Bu versiyanı Britaniyanın "Financial Times" nəşri də dəstəkləyir. Qəzet yazır ki, bu sanksiyalar nəticəsində Türkiyənin turizm sektoru 1999-cu ildən sonra ən ciddi böhranını yaşayır.

Maraqlıdır ki, Türkiyənin Baş naziri Binəli Yıldırım türk mediasına müsahibəsində Rusiya ilə münasibətlərin normalaşmasına kömək göstərdiyi üçün Azərbaycana minnətdarlıq edib.

"Rusiya ilə münasibətlərdə vacib irəliləyişə nail olduğumuzu xalqımızın nəzərinə çatdırmaq istəyirəm. İki lider arasında əlaqələr, nəhayət, nəticə verib. İki ölkə münasibətində buzlar əriyir. Bu işdə qardaşlarımız Azərbaycanla Qazaxıstanın da xidməti var. Onlar Türkiyə-Rusiya münasibətlərinin normallaşmasına səy göstərib. Bu ölkələrə minnətdarıq", - deyə Yıldırım qeyd edib.

 

Daha bir çoxillik qarşıdurmanın sonu

İyunun 27-də İsrail ilə Türkiyə bu Aralıq dənizi ölkələrinin münasibətində illərdir davam edən diplomatik ziddiyyətə son qoyacaq, münasibətləri normallaşdıracaq razılaşmanın şərtlərini açıqlayıb. Tərəflər qarşılıqlı olaraq, səfirlərin göndərilməsi haqda razılığa gəlib, razılaşma paraflanıb və tezliklə imzalanacaq. Bunu Türkiyənin Baş naziri Binəli Yıldırım bəyan edib.

İsrailin Baş naziri Benyamin Netanyahu isə ölkəsinin Avropaya qazı Türkiyə vasitəsilə nəql etmək niyyətini açıqlayıb.

Xatırladaq ki, İsrail ilə Türkiyə vaxtilə strateji tərəfdaş olub. Lakin Türkiyənin xarici siyasətdə Avropaya inteqrasiyadan imtina etməsi, ərəb-müsəlman dünyasında möhkəmlənməyə çalışmasından sonra tərəflər bir-birindən uzaqlaşıb. 2010-cu ildə Türkiyənin "Mavi Marmara" gəmisinin başçılıq etdiyi "Azadlıq flotiliyası"nın Qəzzanın ərzaq blokadasını yarmağa cəhd göstərməsi zamanı İsrail xüsusi təyinatlılarının hücumuna məruz qalması ilə Ankara ilə Təl-Əviv arasında münasibətlər tam pozuldu. Xatırladaq ki, həmin hücum nəticəsində bir Türkiyə vətəndaşı və ABŞ-da yaşayan bir türk həlak olub. Bundan sonra Ankara Təl-Əvivlə diplomatik münasibətləri minimuma endirib, qarşı tərəfdən rəsmən üzr istəməsini, kompensasiya ödənilməsini və Qəzzanın blokadasına son qoyulmasını tələb edib. Türkiyə bu 3 tələbini son dövrlərədək davam etdirirdi.

İndisə İsrail xüsusi təyinatlılarının Türkiyənin "Mavi Marmara" gəmisinə hücumu zamanı həlak olmuş türkiyəli fəalların ailələrinə maddi təzminatın ödənilməsi məsələsi tam həllini tapıb. Bu haqda israilli diplomata istinad edən DW məlumat verir. Kompensasiyanın ümumi məbləği təxminən 20 milyon dollardır. Bundan sonra İsrailə qarşı bütün məkhəmə iddiaları qüvvədən düşür. Bundan başqa, hər iki dövlət diplomatik missiyalarının fəaliyyətini qarşılıqlı olaraq bərpa edir.

Türkiyənin Fələstinin embarqosuna son qoyulması tələbinə gəlincə, İsrail KİV-in məlumatına görə, Ankara bundan imtina edə bilər. Əvəzində onun Qəzza sektoruna israilin Aşdod şəhərindəki, limanı vasitəsilə humanitar yardım aparmasına icazə verilməsi mümkündür. Bundan başqa, Türkiyə Fələstin ərazisində xəstəxanalar, elektrik stansiyaları və sutəmizləyici komplekslərin inşasına başlaya bilər.

Benyamin Netanyahu bir müddət əvvəl İsrail-Türkiyə münasibətlərinin normallaşdırılması məsələsini ABŞ-ın vitse-prezidenti Co Bayden ilə müzakirə etmişdi. "İsrailin baş naziri Netanyahu Baydenə İsrail-Türkiyə danışıqlarına verdiyi dəstəyə görə minnətdarlığını bildirmək üçün bu gün vitse-prezidentə zəng edib", - deyə RİA "Novosti" Ağ evin mətbuat xidmətinə istinadən bildirir.

"Vitse-prezident də öz növbəsində Türkiyə ilə münasibətlərin normallaşdırılmasında əldə edilmiş nailiyyətə görə baş naziri təbrik edib, bunun hər iki ölkənin, o cümlədən bütünlükdə Şərqi Aralıq dənizi regionunun iqtisadiyyatına, təhlükəsizliyinə töhfə olacağını bildirib", - deyə qurumdan verilən açıqlamada bildirilir.



MƏSLƏHƏT GÖR:

393