28 Aprel 2024

Bazar, 08:30

DAŞLARIN ETİRAFI

Ermənistandakı "müasir abidələr" nədən xəbər verir?

Müəllif:

01.07.2016

Birinci Ermənistan Respublikasının ildönümündə - mayın 28-də Ermənistan paytaxtında Qaregin Njdenin (1886-1955-ci illər) abidəsinin açılışı olub. Açılış mərasimində prezident, baş nazir, parlamentin spikeri, onun müavinləri, həmçinin İrəvan şəhər merinin iştirak etdiyi bu abidə İrəvan-Moskva münasibətlərində yüngül də olsa böhran yaradıb. Xatırladaq ki, Njde müharibədə iki dəfə bilavasitə iştirak edib və ruslara qarşı əməliyyatlara rəhbərliyi həyata keçirib: 1921-ci ildə "Qızıl Ordu"nun Ermənistanı işğal etməsi zamanı; daha önəmlisi isə İkinci Dünya müharibəsi zamanı Njdenin başçılıq etdiyi on minlərlə erməni millətçisi Üçüncü reyx ordusuna qoşulub.

Bizə elə gəlir ki, Rusiya KİV baş verənlərə lazımınca diqqət ayırmadı. Fikrimizcə, bu, ikili standartların göstəricisidir. Çünki Rusiya Ukraynanı mütəmadi olaraq bu cür millətçiləri qəhrəmanlaşdırmaqda təqsirləndirir. Hər halda, Stepan Bandera və onun 1942-ci ildə nasistlərə qoşulmuş tərəfdarları 1943-cü ildə elə nasistlərin özlərinə qarşı qiyam qaldırmışdılar. Ermənistanın milli qəhrəmanı olan Njde isə sonadək - sovet hüquq-mühafizə orqanları tərəfindən həbs edilənədək sadiq nasist olaraq qalırdı. Bəs bu "qəhrəman" əslində kim idi?

Qaregin Njde 1886-cı ildə İrəvan quberniyasının Naxçıvan qəzasının Kuznut kəndində doğulub. Sonralarsa o, Bolqarıstanda peyda olub, Balkan müharibəsi zamanı (1912-1913) bolqar ordusunun sıralarında türklərə, pomaklara və yəhudilərə qarşı etnik təmizləmədə iştirak edib. Daha sonra Njde 1914-cü ildə Osmanlı imperiyasına qarşı döyüşən Rusiya ordusuna qoşulub, 1918-ci ildə isə yeni müstəqil Ermənistan ordusuna keçib.

Hər iki halda Qaregin Njdenin başçılıq etdiyi bölmə istər Osmanlı, istərsə də Azərbaycan türklərinə qarşı törədilmiş kütləvi qətliamlarda bilavasitə iştirak edib. Erməni qoşunlarının 1921-ci ilin iyulunda bolşeviklərlə savaşda məğlub olmasından sonra o, İrana yollanıb, oradan yenidən Bolqarıstana gedib, sonda isə Amerika Birləşmiş Ştatlarında peyda olub. 1933-cü ildə Njde Erməni İnqilabi Federasiyası - "Daşnaksutyun" (EİFD) tərəfindən ABŞ-da partiyanın gənclər təşkilatını yaratmaq tapşırığı alıb. Tapşırığa əməl edən "qəhrəman"ımız təşkilatını "Sexakron" adlandırıb. Bu, erməni dilindən tərcümədə "irqlərin dini" anlamını verir. Njde həqiqətən də "ari irqinin başqalarından üstünlüyü" ideyasına sadiq idi. Odur ki, onun Hitler və Mussoliniyə dərin hörmət bəsləməsi tamamilə məntiqli idi; məsələn, o, deyirdi: "Bu gün Almaniya və İtaliya ona görə güclüdür ki, onlar xalq olaraq öz irqləri ilə yaşayır, nəfəs alır ("Hairenik Weekly" həftəliyi, 10 aprel 1936-cı il)". "Sexakron" "Hitleryugend"in surəti idi. Maraqlıdır ki, təşkilatın adı yalnız 1943-cü ildə dəyişdirilərək, Ermənistan Gəncləri Federasiyası adlandırıb. Bu təşkilat indi də yaşayır və onun Kanada və Avstraliyada filialları da yaradılıb. Bu gün onların hər biri qürurla Njde irsinə iddia edir.

İkinci Dünya müharibəsinin əvvəlində Qaregin Njde Almaniyaya yollanıb. Üçüncü Reyx ordusuna qoşulan Njde 1942-ci ildə Erməni Milli Şurasının üzvü olur. Bu şura Adolf Hitlerin SSRİ ərazilərinin ələ keçirilməsi prosesini idarə etmək üçün təyin etdiyi nazir Alfred Rozenberqin himayəsi altında yaradılmışdı. Ermənilərə son dərəcə şübhə ilə yanaşan Rozenberq Njde kimi şəxslərlə ünsiyyətdən sonra bu xalqın nümayəndələrilə bağlı fikrini tam dəyişmişdi. Bəlkə də Hitler məqaləmizin "qəhrəman"ı haqqında bilgi əldə etsəydi, onun da baxışları dəyişərdi.

Qeyd edək ki, Njde təsadüfən seçilməmişdi. O, "Daşnaksutyun" partiyasını təmsil edirdi. Bu partiya isə, xüsusilə 1910-cu illərdə antisemitizm və türkfobiyadan qaynaqlanan vəhşiliklərdən, özbaşınalıqlardan sonra "ari irqinin üstünlüyü" ideyasının əsas daşıyıcısına çevrilmişdi. "Daşnaksutyun" üzvləri 1914-1922-ci illərdə Osmanlı və Azərbaycan türklərinə, həmçinin yəhudilərə qarşı dəfələrlə qətliamlar törətmişdilər. 1920-ci illərin sonlarında isə EİFD kürd və fars millətçilərilə birlikdə Türkiyə və SSRİ-yə qarşı "ari konfederasiyası"nın yaradılmasına cəhd göstərmişdi. Njde ilə yanaşı, federasiyanın Drastamat Kaanyan (Dro), Aleksandr Xatisyan, Qraç Papazyan və Vaqan Papazyan kimi digər liderləri də daşnaklarla nasistlər arasındakı ciddi şəkildə ittifaqa cəlb olunmuşdular. Bundan başqa, Dro vermaxtın 812-ci erməni polkunun komandiri və o dövrdə Almaniyanın hərbi kəşfiyyat xidməti olmuş abverin agenti idi. Onun faşist İtaliyası ilə də əlaqələri var idi. Vaqan Papazyan isə Njde ilə birlikdə nasistlərin himayəsi altında fəaliyyət göstərən Erməni Milli Şurasının üzvü idi.

Nasistlərlə daşnakların ittifaqı yalnız Şərq cəbhəsilə məhdudlaşmırdı. Məsələn, Hollandiya nasistləri yerli yəhudilərin deportasiyasının həyata keçirilməsi üçün erməni könüllülərindən istifadə edirdi. Erməni könüllülərinin bu prosesdə iştirakı o qədər "effektli" olmuşdu ki, Hollandiya yəhudilərinin 84%-i məhv edilmişdi. Nəzərə alsaq ki, Almaniyada yəhudilərin 75%-i, Lüksemburq və Fransada isə müvafiq olaraq, 53 və 25%-i məhv edilmişdi, birmənalı olaraq deyə bilərik ki, erməni könüllüləri həyata keçirdikləri bu cür cəza aksiyalarında «ən yaxşı nəticəni" Qərbi Avropada göstərmişdilər. "Daşnaksutyun"un Bostondakı (ABŞ) rəsmi ruporları olan "Hairenik" və "Hairenik Weekly" nasist rejimini və onun rasist doktrinasını dəstəkləyən məqalələrlə çıxış edirdi. Misal kimi, 1936-cı il avqustun 19-da "Hairenik"in dərc etdiyi bir məqalədən nümunə gətirmək, yəqin ki, kifayət edər: "Bəzən bu zəhərli elementlərin kökünün kəsilməsi çətin olur - onlar xroniki xəstəlik kimi, dərin izlər buraxır. Bəşəriyyət üçün onların kökünün qeyri-adi yollarla kəsilməsi vacib olduqda isə bu cəhdlər, üsullar inqilabi addım kimi qiymətləndirilə bilər. Amma cərrahiyyə əməliyyatı zamanı qanaxma təbii haldır".

Ruslar və ingilislər İrana girənə qədər daşnaklar İranda, həmçinin Fransa və Yunanıstanda da nasistlərlə əməkdaşlıq edib. Bu üç ölkənin azad olunmasından sonra nasistlərin tərəfdarlarına qarşı həyata keçirilən əməliyyatlar isə "Daşnaksutyun"un şəbəkəsinə ciddi zərbə olub.

1945-ci ildən sonra EİFD-nin müdafiəçiləri bu əməkdaşlığı ölüm riski qarşısında atılmış məcburi addım kimi təqdim edirdi. Və guya nasistlər üçün ermənilərlə slavyanlar arasında elə bir fərq yoxdur. Amma bu, həyasızcasına söylənilən ağ yalan idi. Əslində, hələ 1933-cü ildə nasist rejimi erməniləri rəsmən "arilər" kimi təsnif etmişdi. Beləliklə, heç bir təqib riskindən söhbət gedə bilməzdi. Nasist partiyasının "Völkischer Beobachter" adlı rəsmi nəşr orqanı hələ 1933-cü il dekabrın 4-də yazırdı ki, "Berlinlə ərəb millətçiləri arasında ittifaq qəbul oluna bilər, çünki ərəblər ermənilərlə qarışıq nigahlar üzündən qismən aridirlər".

Vardan Sarqsyanın taleyi bu etibarın konkret nəticəsidir. "Qızıl Ordu"nun zabiti Sarqsyan vermaxt ordusuna əsir düşüb. Sonradan o, polkovnik, ən axırda isə Üçüncü reyxin elit hərbi bölməsi olan Vaffen-SS-in generalına çevrilir. Sarqsyandan başqa, Vaffen-SS-də ən azı daha 11 min erməni xidmət edirdi. Daha 20 min erməni isə vermaxtda idi.

Bu gün Ermənistanda "Njdeizm"in mövcudluğu qətiyyən şişirtmə deyil. Bu, Ermənistanın istər hakim, istərsə də əksər müxalifət partiyaları üçün ümumi ideologiyadır. Bundan başqa, Ermənistana hazırda Respublika Partiyası (ERP) ilə EİF "Daşnaksutyun"dan ibarət koalisiya başçılıq edir. "Daşnaksutyun" federasiyası heç zaman Njdedən və digər nasist liderlərindən üz döndərməyib. Əksinə, onlar üçün istər Ermənistanda, istərsə də partiyanın digər ölkələrdəki şöbələrində Njde ilə Dro rəsmən qəhrəmandır. 

Ermənistan Respublika Partiyası Njdeyə və njdeizmə öz ideyası kimi yanaşır. Ölkənin müxalifət partiyalarından biri isə Njdenin və onun nasist-irqçi ideologiyasının şərəfinə "Sexakron" adlanır. Maraqlıdır ki, Njdenin rəsmən qəbul olunması "mötədil" adlandırılan Levon Ter-Petrosyanın prezidentliyi dönəmindən başlayıb. Məhz Ter-Petrosyan İrəvan metrosunun stansiyalarından birinə bu nasist caninin adını verib. Bu yaxınlarda - 2013-cü ildə isə daha bir müxalifət partiyası olan "İrs" Njdenin xatirəsini "rəsmən yad edib".

2014-cü ildə İrəvan Şəhər Şurası Njdenin abidəsinin ucaldılması məsələsini müzakirəyə çıxardıqda, yeganə fikir ayrılığı onun qurulacağı yerlə bağlı idi. Heç bir siyasi partiya, ictimai xadim abidənin ucaldılmasına etiraz etmir, hər halda, bunu açıq şəkildə dilə gətirmirdi. Bir məqamı da diqqətdənkənar qoymaq olmaz - 2000-ci ildə ölkədə vermaxtın 812-ci polkunun komandiri olmuş Drastamat Kaanyan şərəfinə "Dro mavzoleyi" açıldıqda da erməni ictimaiyyətindən buna heç bir etiraz gəlməmişdi.

Bütün bu faktlar Serj Sarqsyanın 1992-1994-cü illərdə azərbaycanlılara qarşı aparılmış etnik təmizləmənin "etnik ziddiyyət" üzündən məqsədəuyğunluğu haqda iddialarını anlamaq üçün son dərəcə vacibdir. Nasist hərbi cinayətkarın ideyalarına bu cür inam fonunda rasist baxışların açıq şəkildə bəyan olunması artıq məntiqli görünür. Ermənistan nasist hərbi cinayətkarlarının rəsmən şöhrətləndirildiyi nadir məkandır. "Njdeizm" və Dro kimi digər nasistlərin rəsmən tərif edilməsi bu gün Ermənistanı idarə edən ideologiyanın xarakterini açıq şəkildə göstərir. Bu cür rəsmi neonasizm həm də Yerevan rejiminin Monte Melkonyan və Varujan Karapetyan kimi ASALA terrorçularına verdiyi rəsmi rəhrəman statusu ilə də bağlıdır - bu şəxslər qatı millətçi və türkofob idi. ASALAnın 1980-ci ildə Parisin Kopernik küçəsindəki sinaqoqda törədilmiş partlayışda əlinin olduğunu təsdiqlədikdə Melkonyan bu təşkilatın artıq ikinci şəxsi idi. İrəvanda onun da abidəsi var.

Ermənistanla Azərbaycan arasında münaqişə, Ermənistanın Türkiyəyə qarşı diplomatik savaşı, ilk növbədə, ideoloji fanatizmə əsaslanır. Onun Ermənistan əhalisinin real maraqları ilə heç bir əlaqəsi yoxdur. Adi insanların həyatı isə siyasi, bu cür irqçi liderlər tərəfindən maddi və mənəvi yoxsulluğa sürüklənir. Onlar öz vətəndaşlarını antitürk irqçiliyi və antisemitizmlə "tərbiyə edir", Ermənistanın bütün problemlərini "türk millətçiliyi" və "sionist-azərbaycanlı birliyi" ilə əsaslandırırlar. Əlbəttə ki, bu nifrət nağıllarına heç də bütün ermənilər inanmır. Lakin "njdeizm"ə qarşı güclü, təşkilatlanmış müxalifətin olmaması sülhə, xüsusilə Cənubi Qafqazda təhlükəsizlik və sabitliyə birbaşa ciddi təhdiddir. Hətta Ermənistanda təsadüfən zəif demokratik qüvvələr hakimiyyətə gəlsə belə, onlara əksər vətəndaşlarını işğal olunmuş Azərbaycan torpaqlarının geri qaytarılmasına, qonşularla sülh yaradılmasının ilk növbədə erməni xalqının maraqlarına xidmət etdiyinə inandırmaq çox çətin olacaq.



MƏSLƏHƏT GÖR:

464