29 Aprel 2024

Bazar ertəsi, 17:03

KƏNARDAKI REJİSSOR

Boris MANCİYEV: “Mən səmimi-qəlbdən arzu edirəm ki, Azərbaycanın gənc rejissorları cəhd edib, nəsə yenilik nümayiş etdirsinlər”

Müəllif:

15.07.2016

Azərbaycan Gənc Tamaşaçılar Teatrı (GTT) ilə Kalmıkiya Respublikası B.Basanqov adına Milli Dram Teatrı arasındakı uğurlu əməkdaşlıq artıq bir neçə ildir davam edir. Hər iki kollektiv festivalların birində fəal şəkildə əməkdaşlığa qərar verib və bundan sonra qastrol səfərləri təşkil ediblər. Növbəti mərhələdə Kalmıkiya Teatrının baş rejissoru, RF-in əməkdar incəsənət xadimi Boris Manciyev GTT-də, Azərbaycan teatrının baş rejissoru, Azərbaycanın Əməkdar incəsənət xadimi Bəhram Osmanov isə Elistada tamaşa qoyub. GTT-də tamamlanan teatr mövsümündə böyüklər üçün son premyeranı da Boris Manciyev qoyub. Bu, Kalmıkiya ədəbiyyatının klassiki Baatr Basanqovun "Qonşular" əsəri əsasında Vera Şuqrayeva və Əli Əmirlinin qoyulan tamaşa idi. Tamaşanın məşqi zamanı "R+" Azərbaycanın tanınmış dostu Boris Manciyevlə söhbət etməyə müvəffəq olub.

- Hər şey Belarusda "Ağ Çadır" festivalı ilə başlandı. Orada iki teatr və iki direktor – Mübariz Həmidov və Qalina Şurayeva tanış oldular. Onlar qarşılıqlı qastrollar, rejissorların, hər iki truppanın hazırladığı tamaşaların mübadiləsi və digər maraqlı layihələri nəzərdə tutan əməkdaşlıq barədə razılıq əldə etdilər. Hazırda mən Kalmıkiya dramaturgiyasının banisi Baatr Basanqovun "Bizim doğmalarımız" pyesini Azərbaycan dilində səhnələşdirmək üçün buradayam. Bu, artıq xoş qayğıdır...

Azərbaycanın GTT kollektivi ilə ikinci dəfə işləmək mənim üçün sonsuz dərəcədə xoşdur. Maraqlıdır, artistlər, publika Kalmıkiya pyesini bəyənəcəklərimi? Dostluğumuz kifayət qədər yeni bədii məna daşıyır. Yaxşı ki, o vaxt Belarusda iki müxtəlif teatr görüşdü və onlar arasında qığılcım baş verdi. İndi biz həmin dostluq və əməkdaşlıq qığılcımından yaranan tonqalın istisini hiss edirik. İlk dəfə azərbaycanlı klassik Ə. Haqverdiyevin "Xortdanın cəhənnəm məktubları" əsərini tamaşaya qoymuşam...

- Sanki tamaşa tanışdır, lakin onun mahiyyətini anlamaq üçün sona kimi baxmaq lazımdır. Bütün fikir son 3 dəqiqə ərzində məlum olur.

- Qiymətiniz üçün təşəkkür edirəm. Mən Ə. Haqverdiyevi dramaturq kimi tanıyırdım, lakin nəsr əsərini səhnələşdirmək qərarına gəldim. "Xortdanın cəhənnəm məktubları" iki hissədən ibarətdir – cəhənnəmdə həyat və sonradan real həyata dönüş. Bunu da birləşdirə bilmədim. Bəlkə də yarım il bunları necə birləşdirmək barədə düşünmüşəm. Bu müəllifdən çox qorxurdum. Çünki bu cür müəllifin əsərini  ya yaxşı qoymalısan, ya da ümumiyyətlə, qoymamalısan. Və nəhayət, mən çıxış yolu tapdım. Bir neçə gün ərzində əsərin səhnə üçün uyğunlaşdırılmış versiyasını yazdım və truppa mənim versiyamı qəbul etdi.

- Yeni kollektivlə işləmək, həm də başqa dildə danışmaq çətin deyildi ki?

- Hər yeni kollektiv çətindir. Üstəlik, burada tamamilə başqa məşq sistemi, tamamilə fərqli yanaşmadır. Əvvəlcə fikir verdim ki, kollektiv mənim versiyamı çox da həvəslə qəbul etmir və mənim "etdiklərim"ə şübhə ilə yanaşır. Lakin tamaşanı artıq görmüşdüm. Finalı aydın şəkildə təsəvvür edirdim və hər kəsi ona doğru aparırdım. Biz qarşılıqlı anlaşma tapdıq və "Cəhənnəm məktubları"nı vaxtında təhvil verdik. Publika tamaşanı səmimi qəbul etdi və bu, mənim üçün böyük bir hadisə idi. Sizə bir sirr açım. Son 10-12 ildir, yeni tamaşalardan qorxuram. Tamaşa üzərində işləməyə başlayıram və içimdə qorxu yaranır: əvvəlki tamaşanın uğurunu üstələyə bilərəmmi? İncəsənətdə müəyyən yol qət olunduqdan sonra, sənə səhvləri artıq bağışlamırlar. Bu məsuliyyəti dərk edərək, yeni tamaşa üzərində işləyirəm.

- Bu, yaxşıdır, yoxsa pis?

- Xoşuma gəlir ki, bu cür qorxum var. Deməli, mən hələ özümdən razı deyiləm: sanki ilk dəfə evlənirsən. İndi də eyni hissləri yaşayıram: elə bil, bu pyesi artıq qurmuşdum, lakin yenidən yeni artistlərlə, yeni məkanda.

- "Bizim doğmalarımız" pyesində və ilk tamaşada iştirak edən aktyorların siyahısı, demək olar ki, eynidir. Belə çıxır ki, sizin artıq işləmək üçün rahat olduğunuz sevimli aktyorlarınız var?

- Bilirsiniz, hər iki tamaşa zamanı rolların bölünməsində iştirak etməmişəm, çünki truppanı yaxşı tanımırdım. Tamamilə teatr rəhbərliyinə etibar etmişəm. Çünki artistlərin potensialına onlar daha yaxşı bələddirlər. İnşallah, burada üçüncü tamaşanı qoymaq nəsib olarsa, o zaman rolları özüm bölüşdürəcəyəm. Hərçənd özün seçmədiyin aktyorlarla işləmək o qədər də çətin deyil. Bizim üzərində işləyəcəyimiz çox şey var. Əgər aktyor rejissorun bildiyini, istədiyini görürsə və nəticəyə inanırsa, onun ardınca gedir və ona etibar edir. Problem rejissor kor-koranə hərəkət etdikdə yaranır. Ququşu, Durnabalığı və Xərçəng barədə əfsanədə olduğu kimi. Quruluşçu rejissor ilə ifaçılar arasında təmas və qarşılıqlı əlaqə olarkən, istedadlı artistlər, hətta rejissora müəyyən əlavə gedişlər də söyləyə bilərlər. Bu da yaxşı, yaddaqalan tamaşanın ərsəyə gəlməsinə xidmət edir.

- Bizim teatrların tamaşalarında tez-tez olursunuz. Doğrusu, bu, xoş haldır. Əgər teatr rejissoru teatr tamaşaları ilə maraqlanmırsa – bu, təbii deyil. Müasir Azərbaycan teatrı barədə ümumi təəssüratlarınız necədir?

- İlk öncə binalar barədə. Təmirə böyük ehtiyacı olan Opera Teatrından başqa, Bakının bütün teatrları çox yaxşı vəziyyətdədir və texniki cəhətdən təchiz olunub – ancaq işlə və yarat. Bu, dövlətin və onun liderinin böyük bir üstünlüyüdür. Çünki o, heç nəyi sonraya saxlamayıb. Ona görə gedirəm və bu binalarda baş verənlərə tamaşa edirəm. Musiqili Komediya Teatrında orkestr möhtəşəmdir, solistlər güclü səsə malikdir, lakin tamaşaları, demək olar ki, eyni müstəvidə oynayırlar...

- Bəs Brodvey şousu?..

- Elədir! Qəfildən fərqli ölçülərə, digər tələblərə və başqa bir dilə malik olan tamamilə fərqli bir teatr gəlir... Lakin 2 həftə ərzində sizin uşaqlar sanki silkələndilər – özlərinə kənardan baxdılar və nəyə qadir olduqlarını anladılar! Onlara görə çox sevindim. İndi onlar oxuya, oynaya və rəqs edə bilərlər. Hər biri özünə inandı. Onlar Brodvey şousu təcrübəsini unudana və ruh düşkünlüyünə düşənə qədər, onlar üçün bu cür tamaşa qurmaq lazımdır. Mən çox istərdim ki, gənc rejissorların işinə baxım. Təəssüf ki, onların tamaşalarına heç cür gedib baxa bilmirəm. Ya mən gələndə onların tamaşaları göstərilmir, ya da onlar ümumiyyətlə, az tamaşa qoyurlar. Gənc rejissorlar maraqlıdırlar, onlarda bugünün intonasiyası var. İstənilən teatrda gənc rejissorlara görə səmti müəyyən edirəm. Zəmanəni, yenilikləri onları tamaşa edərək müəyyənləşdirirəm. Çünki onlar öz zəmanələrində, biz isə təcrübəmizlə yaşayırıq. Gənclərin təcrübəsi yoxdur, lakin müasir zamanın tələbləri var. Ona görə onlara müşahidə etməyi xoşlayıram və onlara mane olmamağa çalışıram; hər hansı peşəkar nüansları demək lazım gəldikdə isə onlara təzyiq göstərməməyə çalışıram. Rusiyada gənc rejissorların dalğası vüsət alıb. Onlar bəzən o qədər maraqlı və hətta anlaşılmayan tamaşalar qoyurlar ki, o zaman özümdən soruşuram: bəs sən niyə bütün bunları anlamırsan? Deməli, özüm nəyisə buraxmışam... Və mən səmimi-qəlbdən arzu edirəm ki, Azərbaycanın gənc rejissorları cəhd edib, nəsə yeni, məlum olmayanı nümayiş etdirsinlər...

Pantomima Teatrı da çox xoşuma gəldi. Bəxtiyar – axtaran insandır.

O, mənə teatrın binasını göstərdi və yenidənqurma işlərindən sonra, onun necə olacağı barədə həvəslə danışdı! Mən onun gözlərində teatra böyük məhəbbət gördüm. Bu cür insanlar dünyada azdır. Onlar hörmətə layiqdirlər! Azərbaycan Milli Dram Teatrında milli klassika və milli operaya tamaşa etmək istəyərdim, sadəcə, vaxtımla uzlaşmır... Təəssüratlar kifayət qədər güclüdür və sevindirici hal odur ki, teatr xadimləri diqqətdən kənarda qalmayıblar...

Bu yaxınlarda öyrəndim ki, sizin prezidentiniz teatr xadimlərinə təqaüdlərin və stipendiyaların verilməsi ilə bağlı fərman imzalayıb. Təəssüf ki, bizim ölkəmizdə bu, yoxdur. Bəlkə də nə vaxtsa edərlər. Sizdə, hətta rejissorların belə müəllif hüquqları var. Görünür ki, ölkənin müharibə şəraitində olduğu bu çətin vaxtlarda, belə bir şey unudulmur.

- İkinci Dünya müharibəsi zamanı Çerçillə gələn il üçün nəzərdə tutulan ölkənin büdcəsini gətirirlər. O, sənədi oxuyur və soruşur: "Mədəniyyət sahəsi üzrə xərclər haradadır?". Ona cavab verirlər ki, ölkə müharibə şəraitindədir, mədəniyyət nədir? Çerçill deyir: "Əgər mədəniyyət olmasa, nəyə görə müharibə edək?". Sonda büdcəni yenidən işlənilməsi üçün geri göndərir.

- Biz hələ Stalinin vaxtından bu hüquqlar uğrunda mübarizə aparırıq. Təzəliklə, bu yaxınlarda Dövlət Duması ilk oxunuşda bu məsələni müzakirə edib. Mən, Rusiya Rejissorlar Gildiyasının üzvü kimi sizə deyirəm ki, bu məsələ Rusiyada hələ uzun müddət həll olunmayacaq. Hətta ən çətin vaxtlarda mədəniyyət barədə unutmayan Çerçill kimi dövlət xadimlərinə halal olsun! 

- Azərbaycanda teatrdan başqa sizi daha nə maraqlandırır? 

- Mən Azərbaycan və dahi azərbaycanlılar barədə çox oxuyuram. Hazırda eyni vaxtda Heydər Əliyev, Behbudov, Hacı Zeynalabdin Tağıyev barədə oxuyuram. Onlar çox fərqli və dahi insanlardır, onları anlamaq maraqlıdır. Bir dəfə mən Tağıyevin ev-muzeyinə getdim və ev sahibinin incə zövqü, düşüncəsinə valeh oldum. Tağıyev millətinin gələcəyinə düzgün baxırdı. Onun qadın təhsili barədə bircə ifadəsi nəyə desən dəyər! Bu müdrik insan gələcəyə necə də baxırdı – hətta o dövrlərdə mədəni ölkələrdə qadınların təhsili, hüququ yox idi...

Sizin ölkənizin irəli getməkdən başqa yolu yoxdur. Ölkə sürətlə inkişaf edir. Siz Rusiyanın çoxdankı problemini həll etdiniz: yollar! Bizdə Rusiyada isə bu problemi həll etmək istəmirlər. 

- Sizin Azərbaycan teatrına münasibətiniz və teatr vasitəsilə Azərbaycana marağınız diqqətəlayiq və ibrətlidir... 

- Mən çox oxuyuram və özüm üçün danılmaz bir həqiqəti kəşf etmişəm: insanlar, ayrı millətlər ayrı yaşamayıblar. Bəli, xalqlar arasında toqquşmalar olub, onlar harada olmayıb ki? Hər halda, qarşılıqlı mübadilə, qarşılıqlı zənginləşmə baş verib.

Azərbaycan teatrı inkişaf edəcək, onun üçün bunu etməyə hər şeyi var. Beynəlxalq arenaya çıxmaq lazımdır, özünü göstərmək və başqalarına baxmaq lazımdır. Uzun müddət ərzində heç yerə çıxmayanda, digərləri ilə işləməyəndə, dərhal özünü dahi ustad, abidə kimi hiss edirsən. Çünki özünü heç kəslə müqayisə edə bilmirsən. Bizim dostluğumuz və əməkdaşlığımız inkişaf etməyə, abidəyə çevrilməməyə imkan verir.



MƏSLƏHƏT GÖR:

387