6 May 2024

Bazar ertəsi, 01:15

EPATAJ OTAĞI

Bakının ilk alternativ teatrının ağı və qarası – “ADO”nun anteprizası

Müəllif:

15.07.2016

Üç il bundan əvvəl yaranan "ADO" teatrı, səhnədən tamaşaçılara çılpaq qadın naturası təqdim etməklə, dərhal özünə diqqəti cəlb etmişdi. Şayiələr şəhərdə o zaman "isti kökə" kimi yayıldı və nəticədə, publika "ODA" ("OTAQ") adlanan teatra üz tutdu. Teatra gələnlər iki düşərgəyə bölünürdülər: bəziləri buna böyük incəsənətin hüdudlarına belə yaxınlaşmağa mənəvi haqqı olmayan özfəaliyyət, digərləri isə yeni bir nəfəs, zəmanə və quruluşlar nəticəsində çoxdan paslanan teatr incəsənətində təzə söz, qeyri-adi cəsarətin peyda olması kimi baxırdılar. Lakin nə teatr peşəkarları, nə də tamaşaçılar tərəfindən bu alternativ birləşmənin incəsənətin hansı növünə aid edilə biləcəyinə dair fikirlər səsləndirilmirdi. Nə deyilirdisə, müsbət və ya mənfi cəhətdən nümayiş olunan emosiyadan başqa bir şey deyildi. Və nəhayət, tamaşaçıya iki tamaşa - "Stop" ilə "Ağ və qara" göstərildi. Hər ikisinin müəllifi Elmin Bədəlovdur. O, heç bir peşəkar hazırlığı olmayan, lakin güclü ədalət hissi, eşidilmək arzusu və intellektə sahib insanlar üçün əlçatmaz və qeyri-mümkünün əminliyinə inanan, eyni zamanda, teatr eksperimentlərinə əl atan yenibaxışlı xeyirxah bir gəncdir.

 

"Stop"

Bu tamaşada Rumiyə Ağayeva, Elza Furtado, Aynur Zaritac, Nihad Qulamzadə, Zaur Hacızadə iştirak edirlər. Burada bir söz belə deyilmir. Bütün süjet fiziki hərəkət üzərində qurulub. Personajların adı yoxdur. Onlar, sadəcə, insanlardır - kütlədən olan insanlar. Onların adları yoxdur. Çünki ad - nəslə, millətə, dövlətə mənsub olmaq deməkdir. Bu süjet xəttinin iştirakçıları - dünya insanlarıdır. Onların da tamaşaçıya nümayiş etdirdikləri hekayə - genetik, əxlaqi və mənəvi deqradasiya uçurumuna gedən müasir dünyanın hekayəsidir. Dünyaya təkcinsli nikahlara və lesbiyan əlaqələrə üstünlük verən qadınlar hökmranlıq edirlər. Onlar qəddar, eybəcər və bəzən öz ambisiyaları ilə gülməlidirlər. Lakin Qadın cəmiyyətdə Kişinin yerini heç vaxt tuta bilməz. Boyun öz yerini dəyişdirərək, insan bədənində başının yerini tuta bilmədiyi kimi. İdeyanın müəllifi - o həm də rejissordur - auditoriyaya xəbərdarlıqla müraciət edir: qlobal dəyişikliklərin çoxdandır sürəti artıb, bəşəriyyət pozulmaq ərəfəsindədir. Lakin nəsə etmək mümkündür, bu gün baş verənləri dayandıraraq, fəlakətin qarşısını almaq hələ gec deyil! Dayandırmaq mümkündür. Təbii ki, cəmiyyətdə etinasız və ya laqeyd insanlar olmasa... Çünki bütün mənəvi, fiziki və əxlaqi fəlakətlər bütün zamanlarda bu cür mövqesiz insanların daş sükutu fonunda baş verir.

 

Ağ və qara

Bu tamaşada Elmin Bədəlovun özü, eləcə də Elza Furtado, Orxan İsgəndərli, Rumiyə Ağayeva, Nihad Qulamzadə, Zaur Hacızadə, Ceyhun Zabitli iştirak edirlər. Bu hekayə həm də narkomaniya adlı sosial faciə barədədir. Bu həyatda yarımtonlar daha yoxdur. Onlar tamaşada da yoxdur. Çalarlar itib və həyata ancaq ağ ilə qaranı saxlayıblar. Qara - nöqsan, günah və cinayətin rəngidir. Ağ isə ölümün. O, nə işıq, nə gələcəyə ümid daşıyır. Əxlaqsızlıq, tamah, mənəvi deqradasiya olan dünyada yaxşılığa ümid yoxdur. Ağ və qaranın dünyasında pul və güc hökmranlıq edir. Pul - insan qüsurları və alçaq ehtirasların aparıcı qüvvəsidir. Bu tamaşada qəhrəman Rumiyə Ağayevanın səsləndirdiyi bir neçə sözə yer verilib. O, kiməsə (çox güman ki, paparasiyə) buraya gəlib, narkotika dumanının bütün eybəcərliyində bu varlı axmaqları çəkməyin mümkünlüyü barədə cəmi bir necə söz deyir. Tamaşada qəddarlığı imitasiya edən, tamaşaçını yardıma və baş verənlərdə iştirak etməyə səsləyən çoxlu təxribat xarakterli məqamlar var. Tamaşaçıların reaksiyası qeyri-müəyyəndir. Amma elə görünür ki, bu məqamı iştirakçılar nəzərə alıb. 

 

"ODA" - "ADO"

Teatr barədə qanun alternativ teatr qruplarının və teatrların - antreprizlərinin yaradılmasına icazə verir və dəstəkləyir. Müxətlif teatrların sayı nə qədər çox olsa - o qədər yaxşıdır. Əsas onların maraqlı olmasıdır: necə və niyə etdikləri, sağlam yaradıcı ambisiyalar odunda özlərini nə üçün yandırdıqlarına dair mövqeləri və anlayışları kimi ... "ADO" alternativ teatrı - sosial fəaliyyətin müxtəlif sahələrində məşğul olan və ruhən bir-birinə yaxınlığı ilə seçilən insanların müstəqil birliyidir. 

Ali təhsil müəssisələrinin tələbələri, müəllimlər, artistlər və hətta Fransa səfirliyinin əməkdaşı belə! Onların hamısı teatrla maraqlanırlar. Ona görə də onların ittifaqını maraq birliyi kimi də adlandırmaq olar. Əvvəllər o, sadəcə, bədii özfəaliyyət üzrə dramatik dərnək adlanırdı. Razılaşın ki, burada bütün nöqtələr "i" üzərində qoyulub, ona görə də heç bir əlavə sual yaranmırdı. 

Lakin həyatımızın o qədər də uzaqda olmayan bu faktı tez bir zamanda keçmişə qərq olub: özfəaliyyət yaradıcılığının bütün dərnək və klublarda mövcud olan, pulsuz şəkildə uşaqlarda yaradıcılıq bacarığını inkişaf etdirə bilən mədəniyyət sarayları artıq ləğv olunub. İndi hər şeyə görə pul ödəmək lazımdır. Həmçinin uşaqlarda yaradıcılıq potensialının inkişaf etdirməsi üçün də. Bəs hər kəsin buna madii imkanı çatırmı? Ona görə Elmin Bədəlovun tamaşalarında əks olunan problemlərin əsasən sosial strukturların uşaqların asudə vaxtı ilə məşğul olmamasına görə baş verdiyi gözə dəyir. 

Təəssüf, lakin yaxın keçmişin bu faktı unudulub və yaddaşlarımızdan itib. Amma Avropada bu cür teatrların çoxluğu barədə danışmaq indi çox dəbdədir. Bu da yaxşıdır. Mətnaltı deyilənlər isə həmişə eyni şeydir: Avropada nə varsa - yaxşıdır və biz onlardan öyrənməliyik. Kimin şübhəsi var? Əlbəttə, yaxşıdır. Öyrənmək də lazımdır. Ancaq bacarmadığın və anlamadığın şeyləri öyrənmək lazımdır. Əgər həyat təcrübəndə bütün bunlar olubsa, amma digər ad altında mövcud idilərsə, açıq qapını döyməyə nə ehtiyacı var ki?

 

Paralellər

Teatr (2500 ildən çox) yarandığı dövrdən bütün böhranları arxada qoyub, yaşayır və yaşayacaq da. Və hər zaman da bu dövlər ərzində həm zəmanənin, həm də tamaşaçının tələblərinə uyğun olan yeni teatrlar yaranıb və yaranmaqdadır. Əyləncəli tamaşalara olan uzun müddətli alışqanlıq özündə obrazların maqnetizmi və qəlbi təmizləyən katarsisi əks etdirən ciddi teatr ideyasını keçmişə göndərirdi. Məhz o zaman alternativ ideya ilə teatrlar yaranırdı; məsələn - Antonen Artonun qəddarlıq teatrı. 1993-cü ildə o yazıb: "İnsana real olaraq yeganə təsir göstərən yalnız qəddarlıqdır. Teatr ifrata və məntiqi həddə çatdırılan, hərəkətin məhz bu ideyasına görə yenilənən olmalıdır... Bu, müəllif tərəfindən seyrçinin müəyyən texnika barədə bilməli olmadığı ritmlər, səslər, sözlər, uzaqdan deyilən pıçıltılar vasitəsilə bizim sinir sistemimizin həssaslığını daha dərin tədqiq etməkdən çəkinməyən tamaşa olacaq". Elmin Bədəlovun axtarışlarında da buna bənzərlik var. Fərq ondadır ki, Elminin rejissorluq işində səhnədə öz duyğuları barədə son dərəcə səmimi və doğru olmaq arzusundan başqa, səhnə hərəkətini reallıqla eyniləşdirən bədii formaların axtarışları yoxdur. “Səhnə hərəkəti” adı altında fənnin bilikləri, bacarıqları və anlayışı yoxdur. Ona görə də səhnə, necə olmasından asılı olmayaraq, reallığın imitasiyasını deyil, bədii həcmini tələb edir.

 

Fiziki teatrın epatajlığı

Fiziki teatrın quruluşu dünya kimi qədimdir. Bu formada nəsə yeni və qeyri-adi bir şey yoxdur. Fiziki teatr bizim Aristotelə təşəkkür etdiyimiz teatrdan daha qədimdir. Lakin artıq yorucu formalara bürünən şəhər teatrları fonunda Elmin Bədəlovun teatrı kifayət qədər epatajlı görünür. Epatajlıq isə təxribatdır.

Məlum olduğu kimi, bu, publikanın diqqətini cəlb etmək üçün əla piardır. Ona görə də şok yaşadan tamaşalar, qalmaqallı və cəlbedici, əxlaq barədə ənənəvi təsəvvürləri qıran süjetlər - teatra marağı itirən publikanı hər nə qədərsə silkələmək üçün istiqamətlənən fəndin bir hissəsidir. Epataj - yeni, köhnə formaların ənənəvi məkana daxil olan və yeni axtarışlara, kəşflərə və mübahisələrə sövq edən qalmaqallı yaradıcılığın əsasıdır. Ümid edək ki, üç il bundan əvvəl Matey Vişnekin "Səncə, döyəcəklər?" pyesi əsasında qoyulan tamaşa ilə açılan epataj teatrı həqiqətən də fiziki epataj olmağa davam edərək, sözün əsl mənasında, yüksək - bədii və peşəkar teatrın yaradılması istiqamətində böyük bir addım olacaq. Çünki bəzən aktyorun fiziki hərəkəti və dəqiq emosional vəziyyəti ənənəvi teatrın aktyorlarının gizlənməyə öyrəşdikləri sözlərdən daha vacib və təsirlidir...



MƏSLƏHƏT GÖR:

371