7 May 2024

Çərşənbə axşamı, 01:40

FERMERLƏR, BİRLƏŞİN!

Bu yaxınlarda "Kənd təsərrüfatı kooperasiyası haqqında” qəbul edilən qərar kütləvi aqrar istehsal və ixraca hədəflənib

Müəllif:

15.07.2016

Neftdənsonrakı inkişaf dövrünün reallıqları ölkənin kənd təsərrüfatının təşkilində keyfiyyətli dəyişikliklərin zəruriliyini diqtə edir. Cari islahatların əsas məqsədi aqrosənaye kompleksinin səmtini xarici bazarın öyrənilməsinə dəyişməkdir. Lakin rəqabətədavamlı ixrac məhsulunun buraxılış həcmini artırmaq, maya dəyərini azaldan və istehsalın gəlirliyini artıra bilən, iri məhsul təsərrüfatlarının yaradılması yolu ilə mümkündür. Bu məqsədə aparan ən qısa yol - kiçik fermer təsərrüfatlarının daha iri kənd təsərrüfatı kooperativlərində birləşdirilməsidir.  

Azərbaycanda kənd təsərrüfatı kooperativləri sovet dövründə - kütləvi kollektivləşdirmə zamanında yaranıb. Lakin praktiki olaraq bu təşkilatlar dövlət müəssisələri formasına keçmişdilər. Onların fəaliyyətləri ciddi şəkildə mərkəzləşdirilmişdi, ən əsası isə bazarın çevikliyi və gəlirlərin idarə olunması imkanlarından məhrum edilmişdilər. Müstəqillik əldə etdikdən və 1997-ci ildə start götürən torpaq islahatlarından sonra təsərrüfatın kolxoz forması mövcudluğunu dayandırdı. Dövlət nəzarətinin götürülməsinin nəticəsi olaraq, kənd regionlarında kiçik torpaq sahələrində yarımtəbii təsərrüfatlarla məşğul olan, ən azı, 800 fərdi təsərrüfatlar yarandı.

Kiçik pay torpaqlar dağınıq fermer təsərrüfatlarına kənd təsərrüfatı texnikası və digər müasir aqrotexniki üsullardan səmərli istifadə etməyə imkan vermirdi. Çünki bu cür işlərin maya dəyəri torpaq sahəsinin ölçüsü kiçik olduğuna görə xeyli artır. Bu səbəbdən hələ sovet dövründən melorativ kanallar və irriqasiya sistemləri nəzarətsiz qaldı və yararsız hala düşdü. Bundan başqa, kiçik torpaqların cüzi bazar qiyməti fermerləri banklardan kredit götürmək üçün girov qismində torpaqlarından istifadə etmək imkanından məhrum edirdi.    

Son 15 ildə dövlətin təşəbbüsü ilə aqrar sektorda islahatların aparılması və texniki cəhətdən təmin edilməsi üçün xeyli səylər göstərilib. Lakin dövlət dəstəyi qismində əsas benefisiar iri və orta fermer təsərrüfatları, habelə emal və logistika müəssisələri çıxış edirdilər. Eyni dövrdə beynəlxalq donor təşkilatlarının dəstəyi ilə fermerlərin torpaq və sudan istifadə üzrə könüllü yoldaşlıq şəraitində birləşdirmək cəhdləri göstərilirdi. Bu məqsədlə kənddə aqrar infrastrukturun inkişafı və bazar infrastrukturunun yaradılmasına kömək edən, 24 rayonda, təxminən, 50 kredit ittifaqı və bir neçə yüz kənd icması yaradılmışdı.  

Bununla belə, ölkənin bir sıra regionlarında klassik aqrar kooperativlərin yaradılmasına cəhd edilib: bazar prinsipləri əsasında təşkil edilən bu strukturlar birgə səyləri ilə kredit fondları yaradırdılar. Və bankdan aldıqları borc vəsaiti və ya şəxsi hesablarına zəruri toxum, yanacaq-mazut materialları, mineral gübrələr əldə edirdilər. Kooperativin üzvləri kollektiv işlərdə iştirak etməklə, öz sahələrini istismar edirdilər və gəlirlərin bölgüsündə kooperativ üzvünün hər birinin əmək fəallığı və pay ölçüsü nəzərə alınırdı.

Lakin bu cür layihələrin böyük əksəriyyəti pilot xarakteri daşıyırdı və hətta pik dövrlərdə kənd kooperativlərinin sayı 150-ni üstələmirdi və bu da sözsüz ki, ölkənin miqyasına görə çox deyil.

Nəticədə, Azərbaycanda yaradılan kooperativlərin bir qismi ləğv edildi və ya xırda sahibkarlardan torpaq sahələrini alan və ya icarəyə götürən iri fermer təsərrüfatlarına çevrildilər.

Müqayisə üçün tarixən iri fermaların üstünlük təşkil etdiyi ABŞ-da hələ bir neçə il əvvəl ölkənin kənd təsərrüfatı istehsalının həcminin təxminən dörddə birini təmin edən təqribən 50 min aqrar və ticarət-vasitəçi kooperativlər vardı.

"Dünyanın əksər ölkələri kənd təsərrüfatı istehsal və istehlak kooperativləri və onların ittifaqlarının sistemlərinin inkişafına üstünlük verirlər. Bu gün bu, aqrar sektorun daha tərəqqi etmiş və sosial baxımdan ədalətli inkişaf yoludur", - deyə Kənd Təsərrüfatı Nazirliyinin aqrar islahatlar, kənd ərazilərinin və sahibkarlığın inkişafı şöbəsinin müdiri İslam İbrahimov hesab edir.

Bir sıra nüfuzlu ekspertlərin fikrincə, Azərbaycanda kooperativ hərəkatın inkişaf etməməsinin səbəbi əsasən, bu sferanı nizamlayan müasir qanunvericilik bazasının və inzibati mexanizmlər, habelə fermerləri kooperativlərdə birləşməyə təkan verən xüsusi fiskal və maliyyə güzəştlərinin olmaması ilə bağlıdır. Sözsüz ki, kəndlilərin koorperativlərdə birləşmələrinin üstünlükləri barədə zəif məlumata malik olmalarını diqqətdən qaçırmaq olmaz. Bu da kiçik torpaq sahəsinə malik fermerlərin bir qisminin təfəkkürünün inyersiyasına, onların təsərrüfatın kollektiv formasına inamsızlığını aradan qaldırmağa imkan vermir.

Bununla belə, bu gün, uzunsürən qlobal böhranın şərtlərində dövlət aqrar sektorun iqtisadiyyatımızın aparıcı ixrac sahəsinə çevrilməsi üçün maksimum səylərini artırır. Ona görə də gündəliyə ölkənin aqrar sektorunda güclü kooperativ klasterin yaradılmasının zəruriliyi çıxarılıb.

Burada xatırlatmaq yerinə düşərdi ki, "Kənd təsərrüfatı kooperasiyası haqqında" müvafiq qanun layihəsinin hazırlanmasına dövlət strukturları, təxminən, 6 il əvvəl başlayıblar və sənəd hələ 2012-ci ilin aprel ayında Milli Məclisdə ilk oxunuşda qəbul edilmişdi. Lakin qanun layihəsinin ikinci oxunuşu ancaq cari ilin mayın sonunda baş tutdu və o, Milli Məclisin 14 iyun 2016-ci il tarixində növbədənkənar keçirilən plenar iclasında qəbul edildi.    

Qanuna uyğun olaraq kooperativin qeydiyyatdan keçməsi üçün üzvlərinin sayı beşdən az ola bilməz. Qanun koopertivin üzvlərinin əmək hüquqlarını və öhdəliklərini dəqiq şəkildə nizamlayır. Qanunun bəndlərinə əsasən, istehsal kooperativlərində işlərin, ən azı, 70%-i kooperativ üzvləri tərəfindən yerinə yetirilməlidir. İstehsal kooperativində muzdlu işçilərin sayı kooperativin əsas üzvlərinin sayının 30%-dən (mövsümi işlərə cəlb edilənlər istisna olmaqla) çox ola bilməz. Bu qaydalar saxta kooperativlərin yaradılması və ya işlərə kənar strukturların cəlb edilməsi hesabına təşkilatın dövriyyə vəsaitlərinin çıxarılması mümkünlüyünün qarşısını alaraq, kollektiv strukturunun sıravi hüquqlarını qorumalıdır.

Yeni qanun istehsal və istehlak kooperativləri, regional kooperativ ittifaqlar, mərkəzi kooperativ ittifaqlar, milli kooperativ ittifaqlar daxil olmaqla, iri kollektiv aqrar təşkilatların yaradılmasını nəzərdə tutur. Bununla da strukturlar dövlətdən maliyyə dəstəyi alacaq, habelə fiskal güzəştlər və kredit güzəştləri və digər təkanverici tədbirlər tətbiq ediləcək. Qanun layihəsi, həmçinin əlavə stimullar, əsasən kooperativlərin depozitlərinin sığortalanmasını nəzərdə tutur.

Lakin bu mexanizm müəyyən hallarda istifadə olunacaq; məsələn, taxıl bitkilərinin məhsuldarlığı 50 ha/s yüksək olduqda və ya bir inəkdən süd sağımı 5 min litrdən artıq təmin edildikdə. Bu güzəştlər ixrac zamanı istehal olunan məhsulun 25%-dan az olmamaq şərtilə və ya sosial və infrastruktur layihələrin reallaşdırılmasına gəlirin 15%-nin ayrılması şəklində də təqdim olunacaq.     

Yeni qanunda dövlətin kənd təsərrüfatı kooperasiyasına dəstək üçün tapşırıqlar öz əksini tapıb. Bu vəzifələrə əsasən dövlət ehtiyacları üçün hər il kooperativlərdən kənd təsərrüfatı və ərzaq məhsullarının dövlət tədarükünə dair sifarişlər müəyyən etmək və şəhər əhalisinin kənd təsərrüfatı məhsullarına olan ehtiyacının etibarlı ödənilməsi üçün şəhər və kənd bələdiyyələri arasında kənd təsərrüfatı məhsullarının satışı üzrə əməkdaşlığın genişləndirilməsi daxildir. Bələdiyyələr kooperativin müraciəti əsasında kooperativ bazarların tikintisi üçün torpaq ayırmalı, yarmarkaların təşkili üçün yer verməli, mövcud kənd təsərrüfatı bazarlarında kooperativlərə satış yerlərinin ayrılmasında iştirak etməlidir. Milli Məclisin Aqrar Siyasəti Komitəsinin sədri Eldar İbrahimovun sözlərinə görə, ölkədə kooperasiya və torpaq sahiblərinin könüllü ittifaqının yaradılmasına dair xüsusi qanunun qəbul edilməsi aqrar sektorda islahatların yeni mərhələsinə təkan verəcək. Təsərrüfatın kooperativ formasının yeni aqrar texnologiyalarını tətbiq etməsi az əhəmiyyət kəsb etmir. Bununla da, fermerlərimizin məhsulları istər keyfiyyət, istərsə də gəlirlilik səviyyəsi və istehsalın maya dəyərinin azalmasına görə dünya bazarlarında rəqabətə tab gətirə biləcəklər. Bundan başqa, kənddə kooperasiyanın inkişafı idxalı əvəzetmə siyasətini gücləndirəcək və ərzaq təhlükəsizliyi dövlət proqramının yerinə yetirilməsinə mühüm töhfə olacaq.  

 

 

Bizim arayış: 

 

Aqrar kooperasiya yarıməsrlik tarixə malikdir. XX əsrin əvvəllərində isə fermerlərin kolletiv kommersiya təsərrüfatlarında birləşməsi kifayət qədər kütləvi xarakter aldı. Koopertiv hərəkat Niderland, Avstriya, Almaniya, İtaliya, Skandinaviya ölkələri və Cənubi Amerikada, ötən əsrin ikinci yarısından sonra isə Şərqi Avropa, Hindistan və İsraildə daha geniş vüsət aldı. İstehsal və ticarət kooperativləri kiçik fermerlərə birgə torpaq sahəsi icarəyə götürmək və kənd təsərrüfatı texnikası əldə etmək, irriqasiya infrastrukturunu işlək vəziyyətdə saxlamaq, ticarət-logistika şəbəkəsini təşkil etməyə kömək etdilər. Beləcə, səmərəli təsərrüfatçılıq və rəqabətədavamlı məhsulların istehsalına nail olundu.


MƏSLƏHƏT GÖR:

374