6 May 2024

Bazar ertəsi, 11:15

GƏLƏCƏYİN PULU

Azərbaycan kriptovalyutanın tətbiq edilməsi imkanlarını öyrənməlidir

Müəllif:

15.07.2016

Yüksək texnoloji aləm həyatın qavranması və yaranmış adətləri dəyişdirir. Son bir neçə il ərzində biz iş masası arxasında məktub göndərmək və qəbul etmək, Bakıda kresloda əyləşərək əşyaları almaq, eyni cihazdan şəkil, video çəkməyə və danışmağa artıq öyrəşmişiik. 

Bu vaxta kimi dəyişməz hələ də pullar qalırdı - dollar, avro, manat, rubl, yuan olsun, onları yenə də mərkəzi banklar çap edirdi. Bank sisteminin inkişafı və informasiya texnologiyalarının tətbiqi ilə bu sektorda plastik kartlarla ödəniş etməyə öyrəşmişik, lakin onların arxasında yenə də real pullar dayanırdı. Hesabda müəyyən məbləğin olması üçün onu banka gətirib, karta salmaq lazım idi. 

Lakin görünür, bu sahə də kriptovalyutaların meydana gəlməsi ilə tezliklə dəyişikliklərə məruz qalacaq. Bunlardan ən məşhuru bitkoindir.

 

Bitkoinin yaranması - zamanın tələbidir

Yeni dünya valyuta arxitekturasının yaradılması dünya maliyyə böhranı zamanı təzədən aktual oldu. Rusiya rəhbərliyi o zaman açıqcasına ABŞ-ı ittiham edirdi. ABŞ o vaxt - iqtisadiyyatının inkişafını 2008-ci ilin noyabrında maliyyə böhranının qızğın çağında sürətləndirmək üçün kəmiyyət zəifliyi proqramını icra etməyə başladı. Başqa sözlə, Federal Ehtiyat Sistemi 1,7 trilyon dollar məbləğində ipoteka və digər istiqrazlar aldı. Qeyd edək ki, sonradan Avropa Mərkəzi Bankı və mərkəzi banklar analoji kəmiyyət zəifləməsi proqramlarını həyata keçirməyə başladı və faktiki olaraq, bütün ölkələri valyuta müharibəsinin astanasında qoydular.

Bununla da dünya maliyyə böhranı praktiki olaraq, dünya qloballaşma prosesi altından xətt çəkdi. Çünki azad ticarət barədə fikirlər, hətta aparıcı ölkələrin əsas tərəfdaşları ilə xarici ticarətdə üstünlük qazanmaq üçün milli valyutalarını devalvasiyaya məruz qoyandan sonra, ikibaşlı səslənməyə başladı. 

Təəccüblü deyil ki, kriptovalyutanın yaranması 2008-ci ilin avqustuna təsadüf edib, ilk satış isə 2009-da həyata keçirilib. Kripiitovalyutaların nə qədər sürətlə dünyada öz mövqelərini tutmasını kriptovalyutaların ən məşhuru - bitkoinin dəyərinin dəyişməsi amili göstərir.

Qeyd etmək kifayətdir ki, 2009-cu ilin hərraclarında 1000 bitkoinin qiyməti 0,03 dollar, 2013-cü ildə isə 1 bitkoin - 1000 dollar səviyyəsinə qədər yüksəlib. Yəni bitkoinin dəyəri 33 milyon (!) dəfə artıb. İndi birjalarda 1 bitkoin 550-600 dollara satılır.

2010-cu ildə 10 min bitkoinin sahibi ancaq iki pitsa ala bilərdi (o zaman bunun qiyməti 25 dollar təşkil edirdi), indi isə o, mənzil, villa, maşın və bir çox digər şeylər ala bilər - çünki indiki məzənnəyə görə bu, 5 milyon dollar təşkil edir.

Qeyd edək ki, Vankuver şəhərində bitkoinləri dollara və digər valyutaya dəyişdirməyə imkan verən xüsusi bankomat quraşdırılıb. Bu arada, bir neçə ölkədə gənclər öz vəsaitlərini dollar və qızılda deyil, kriptovalyutalarda saxlamağa üstünlük verirlər.

 

Maliyyə süründürməçiliyini aşaraq...

Bitkoinin yaradılması ilə bağlı müəlliflik hüquqlarını ilkin olaraq azad ticarətə çağırış edən feodal ölkədə süründürməçiliyə qarşı çıxmış XVI əsrin filosofu və yapon taciri Satoşi Nakatomo təxəllüsü ilə özünü təqdim edən avstraliyalı biznesmen Kreyq Rayt təsdiqləyə bilib. 

Yaranan virtual valyuta tam şəkildə azad ticarətin tələblərinə cavab verir, çünki hər hansı bir Mərkəzi Bankın emissiyası ilə bağlı deyil. Bitkoinlər bir insandan digərinə birbaşa, banklara, bankomatlara müraciət etmədən köçürülür və internet mağazalarda real malların və xidmətlərin alınması da daxil olaraq, elektron maliyyə əməliyyatları üçün istifadə oluna bilər. 

Faktiki olaraq, kriptovalyutanın yaradıcılarına əsasən, gələcəyin iqtisadiyyatı kapitalın dövriyyəsinin artırılması üçün dövlətlərin və müvafiq dövlət institutlarının sərhədlərini aşacaq və əsas rolu burada virtual valyutalar oynayacaq. 

"Biz daha sürətli, daha təhlükəsiz və daha effektiv pul dövriyyəsini təmin edən yeniliklərə qarşı müsbət siyasət yürütməliyik", - deyə ABŞ FES-in keçmiş rəhbəri Ben Bernanke deyib.

 

Mərkəzi banklar əleyhinədirlər

Bitkoinin "başgicələndirici" yoluna baxmayaraq, bir çox ölkənin mərkəzi banklarının ona qarşı münasibəti dəyişməyib. Mərkəzi Banklar bitkoinin pul surroqatı olduğunu deyərək, öz ölkələrində fəaliyyət göstərən banklarda onun istifadəsi və dövriyyəsinə qadağa qoyublar.

Bunun öz obyektiv səbəbləri var - vahid emissiya mərkəzinin olmaması konkret şəxslərin məsuliyyətə cəlbini mümkünsüz edir. Bu arada keçdiyi yolda bitkoinin dəyəri sistemdə boşluqlar yaranarkən demək olar ki, dəfələrlə azalırdı və o zaman milyonlarla bitkoinlər yaratmağa cəhd edən şəxslər peyda olurdu. 

Amma sonuncu dəfə 1 bitkoinin dəyərinin 1000 dollar düşməsinə səbəb - 2013-cü ildə Çin Xalq Bankının ondan istifadəyə qadağa qoyması oldu. O zaman bitkoinin dəyəri demək olar ki, iki dəfə düşmüşdü.

Lakin bitkoinin qanunsuz əməliyyatlar, xüsusilə narkotik maddələrin və şübhəli saytların xidmətlərinin ödənilməsi üçün istifadə edildiyi vaxtlar artıq keçib. Hazırda bitkoin onlardan fəal şəkildə istifadə edərək, alış-veriş edən treyderlər üçün kifayət qədər maraqlı olub. Bundan başqa, bitkoinin müxtəlif dünya ölkələrinin Mərkəzi Banklarının qərarlarından asılı olmadan qızıla bərabər kimi sərmayə kapitalına çevrilməsi tendensiyası müşahidə olunur.

 

Kriptovalyutanı "əhliləşdirmək" cəhdi

Rusiyada Mərkəzi Bankın kriptovalyutadan istifadənin qadağan edilməsi ilə bağlı kommersiya banklarına ünvanladığı müvafiq qərarı mövcuddur. Lakin Rusiya Maliyyə Monitorinqinin təklifinə əsasən, kriptovalyutanın tətbiqinin məqsədəuyğun olması barədə məsləhətləşmələrə başlanılıb. Qadağalara baxmayaraq, virtual valyutaların tətbiqinin müsbət məqamları bir çoxlarının göz qabağındadır.

Üstünlüklər, ilk növbədə, kapitalın hərəkətinin avtomatik olaraq daha sürətli, dinamik olmasında özünü göstərir. Eyni zamanda, maliyyə əməliyyatları çərçivəsində əlavə xərclərin nəzərəçarpacaq dərəcədə azalması planlaşdırılır. Söhbət bu kimi xərclərin azalmasından gedir: əskinasların buraxılışı, mühafizə və çatdırılması, bankomatların və s. infrastrukturun quraşdırılması ilə bağlı xərclər.

Rusiya kriptovalyutasını fərqləndirən xüsusiyyət elektron pulların emissiyası ilə məşğul olacaq lisenziyalaşdırılan emitent olacaq. 

Lakin kriptovalyutaların lisenziyaların və emissiya mərkəzlərinin yaradılması vasitəsilə "əhliləşdirmək" cəhdləri, çox güman ki, uğursuzluğa düçar olacaq. Kriptovalyutanın yaradılmasının mahiyyəti dünya ticarət məkanına hər hansı bir nəzarət orqanı olmadan xidmət etməkdir. 

 

Azərbaycanda kriptovalyutanın tətbiqi

Hələlik, Azərbaycan Mərkəzi Bankı kriptovalyutaların qəbul edilməməsi və onların bank sistemində istifadəsini qadağan edən ümumdünya tendensiyası üzrə hərəkət edir. 

Kriptovalyuta gələcəyin iqtisadiyyatına aiddir və ölkənin bank sistemində hazırkı sadə olmayan vəziyyətdə onun tətbiqi, maliyyə sahəsində xaosa səbəb ola bilər. Azərbaycanda hətta elektron kommersiya məsələsi hələ də həll olunmayıb.

Bank sistemində islahatların tamamlanması və zəif banklardan qurtulmaq lazımdır. Onların sayını iki dəfə azaldaraq, ölkədə 10-15 mövcud bank saxlamaq tələb olunur. 

Lakin bununla yanaşı, hazırkı dövrdə informasiya-kommunikasiya texnologiyalarına əsaslanacaq gələcəyin iqtisadiyyatına hazırlıq üzrə addımları sürətləndirmək pis olmazdı. Yəni, ölkədə elektron ticarətin inkişaf etdirilməsi üzrə aktiv addımlar atılmalı, təhsil müəssisələrində kriptovalyutaların tətbiqinin bütün xırdalıqları öyrədilməlidir. Əks halda Azərbaycan dünya iqtisadiyyatının kənarında qala bilər.

Etiraf etmək lazımdır ki, dünya maliyyə arxitekturasının gələcəyi bir ölkənin və ya aparıcı ölkələrin valyutaları səbətinə məxsus olmayacaq. Kriptovalyuta - gələcəyin iqtisadiyyatının rəqəmsal valyutasıdır və ölkələrin bu rəqəmsal valyutaya nə dərəcə hazırlığından daha çox həmin ölkələrin çiçəklənməsindən birbaşa asılı olacaq.


MƏSLƏHƏT GÖR:

390