6 May 2024

Bazar ertəsi, 12:03

DÖNÜŞ SAMMİTİ

NATO ölkələri yeni çağırışlara «uyğunlaşır»

Müəllif:

15.07.2016

NATO-nun iyulun 8-9-da Varşavaya təyin olunmuş sammitini qurumun Baş katibi Yens Stoltenberq əvvəldən "dönüş sammiti" adlandırmışdı. Alyans üzvləri "təhlükəsizlik sahəsində yeni vəziyyətə uyğunlaşmaq yolları"nın müzakirəsi üçün toplanırdı. "Sammit bizim təhlükəsizliyimiz baxımından həlledici məqamda keçiriləcək. Dünya cəmi bir neçə ildə daha təhlükəli hala gəlib və biz buna lazımi tezliklə, əzmlə cavab veririk", - deyə Stoltenberq toplantıöncəsi verdiyi açıqlamasında bildirib.

Polşa paytaxtında keçirilmiş görüşdə təşkilata üzv 28 dövlət, 26 tərəfdaş dövlətin nümayəndələri, həmçinin BMT və Aİ kimi aparıcı beynəlxalq təşkilatların təmsilçiləri iştirak ediblər. Sammitin yekun bəyannaməsində qlobal siyasətin bir çox vacib məqamları öz əksini tapıb - terror təhlükəsindən tutmuş, Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsinədək. Üzv ölkələr məşhur Şimali Atlantika şüarına sadiqliklərini bir daha təsdiqləyib: "Bir ölkəyə hücum bütünlükdə alyansa hücum hesab olunacaq".

Praktiki addımlar arasında isə ən vacib məqamlar kimi, Avropada NATO-nun hava hücumundan müdafiə (HHM) sisteminin əməlyyat hazırlığının ilkin mərhələsinin elan edilməsini, 2016-cı ildən sonra Əfqanıstanın güc strukturlarına təlimləri və məsləhətləşmləri nəzərdə tutan "Əzmkar dəstək" missiyasının qüvvədə qalmasını, müttəfiqlərin təqdim edəcəyi kəşfiyyat məlumatlarından maksimum effektiv istifadəni təmin etməli olan yeni Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin yaradılmasını və NATO-nun Rusiya ilə həmsərhəd olan Şərqi Avropada mövcudluğunu möhkəmləndirmək qərarını göstərmək olar.

Bir yandan, NATO "heç kəsə təhlükə yaratmadığını" durmadan təkrarlayır, digər tərəfdən, bəzi müşahidəçilər Varşava görüşünü "yeni müharibəyə doğru böyük addım" adlandırır. Bu cür düşünənlər Şimali Atlantika Alyansı ilə Kreml arasındakı söz savaşının getdikcə "soyuq müharibə" dövrünü daha çox xatırlatmasına əsaslanır.

 

Qıcıqlandırmamaq, amma dayandırmaq...

Bu sammit ən çox 2010-cu il sammiti ilə təzad təşkil edir - o zaman Rusiya rəqib yox, tərəfdaş kimi təqdim olunurdu. Həmin il Rusiya-Gürcüstan müharibəsindən sonra, ilk dəfə Rusiya Prezidenti Dmitri Medvedev Lissabonda keçirilən toplantıya qatılmışdı. Bu, Moskva-Vaşinqton münasibətlərində "yenilənmə" idi, Ukrayna və Suriya hadisələrinə isə hələ çox qalırdı. İndi də NATO üzvləri əvvəlkitək, Rusiya ilə konstruktiv dialoqun vacibliyindən danışır, onu «NATO-nun ən nəhəng qonşusu və Avropa təhlükəsizliyinin vacib elementi» adlandırır. Lakin o, artıq strateji tərəfdaş adlandırılmır, Moskva ilə dialoqun isə alyansın müdafiə qabiliyyətinin gücləndirilməsinə yönəlmiş addımlarla paralel aparılmalı olduğu deyilir. Buna səbəb bir çox Qərb siyasətçilərinin, mülki və hərbi ekspertlərin qənaətidir. Onlar hesab edir ki, NATO Moskvanın yenidən öz nüfuz dairəsinə daxil etməyi arzuladığı Şərqi Avropa ölkələrinə mümkün hücumunun qarşısını almaq iqtidarında deyil. Qərbdə hesab edirlər ki, Kremlin son illərdə Ukrayna və Suriyadakı aqressiv davranışları, Baltik dənizi üzərində bu yaxınlarda baş vermiş insident rusların bu arzusunun göstəricisidir. Çoxsaylı rusdilli milli azlığın yaşadığı Estoniya, Latviya və Litvada Rusiyanın onların müdafiəsi bəhanəsi ilə bu ölkələrə təzyiq göstərəcəyi, hətta hərbi müdaxiləyə əl ata biləcəyi ilə bağlı narahatlıq var. Bu səbəbdən, Varşava Bəyannaməsinə uyğun olaraq, gələn ilin əvvəlindən Latviya, Litva, Estoniya və Polşa ərazilərinə, ümumilikdə, 4 min hərbçidən ibarət batalyonlar yerləşdiriləcək. ABŞ, Almaniya, Böyük Britaniya və Kanada hərbçilərindən ibarət olacaq bu batalyonlara alyansın, demək olar ki, bütün üzvləri dəstək verəcəklər.

NATO batalyonlarının Şərqi Avropaya yerləşdiriləcəyi tarix dəqiq açıqlanmır. Batalyonların şəxsi heyətinin mütəmadi olaraq yenilənməsi nəzərdə tutulur. Çünki 1997-ci ildə imzalanmış Rusiya-NATO Aktı alyansın Rusiya sərhədləri yaxınlığında hərbi baza yerləşdirməsini qadağan edir. Şəxsi heyətin zaman-zaman dəyişməsi isə onların müvəqqəti xarakter daşıdığını göstərəcək.

Bundan başqa, Polşa rəsmilərinin bildirdiyinə görə, bir neçə il sonra bu ölkədəki NATO hərbçilərinin sayı daha 9 min (yəni, 10 minədək) artmalıdır - bu, çevik reaksiya qüvvələrinə (spearhead forces) aid 5 minlik korpus və 4 minlik əlahiddə Amerika briqadası olacaq. Redzikovdakı HHM bazası da amerikalıların rəhbərliyi altında fəaliyyət göstərəcək. Yeri gəlmişkən, iyunun əvvəlində Polşada NATO-ya üzv ölkələrin ordularının iştirakı ilə miqyaslı hərbi təlim keçirilib. Təlimdə Polşa, ABŞ və alyansın digər 17 üzvünü təmsil edən 31 min hərbçi iştirak edib. Polşanın Müdafiə naziri Antoni Maçereviç hesab edir ki, bu qərar "Rusiyanı qıcıqlandırmamaq, amma dayandırmaq" taktikası üzərində qurulmuş siyasətin dəyişməsi deməkdir.

Bundan başqa, alyansın hərbi ekspertləri Qara dəniz regionunda və birliyin cənub-şərqində mövcudluğun möhkəmləndirilməsi üzərində də ciddi işləyir. Buna Rumıniya-Bolqarıstan çoxmillətli briqadasının, hava patrulunun, Türkiyə Ordusuna dəstəyin, Türkiyədə NATO-ya məxsus HHM sistemlərinin yerləşdirilməsinin köməyi ilə nail olunması planlaşdırılır. O ki qaldı NATO HHM sisteminin operativ hazırlıq səviyyəsinə gətirilməsinə, bu, "İspaniyada dislokasiya olunmuş ABŞ gəmilərinin, Türkiyədəki radarın və Rumıniyadakı raket bazasının bundan sonra qarşılıqlı əməkdaşlıq edə biləcəyi anlamına gəlir". Çernoqoriyanın NATO-ya üzvlüyə dəvət olunmasını, Finlandiyanın alyansa qoşula biləcəyinə dair fikirləri, Gürcüstan və Ukraynaya ənənəvi dəstəyi də sadalananlara əlavə etmək olar.

Bununla yanaşı, Stoltonberq NATO-nun Rusiya ilə qarşıdurma axtarışında olmadığını, yeni "soyuq müharibə" və yeni silahlanma yarışı istəmədiyini xüsusi vurğulayıb. Baş katib iddia edir ki, alyansın gördüyü bütün tədbirlər sırf xəbərdarlıq xarakteri daşıyır, NATO-ya məxsus HHM sisteminin məqsədi "sırf müdafiə olunmaqdır" və bunlar "Rusiyanın nüvə potensialı üçün təhlükə doğurmur".

Moskva isə bu sözlərə inanmır və deyir ki, o da öz növbəsində, miqyasına görə, analoji addımlar atmağa hazırdır. Rusiya XİN-in rəsmisi Mariya Zaxarova bildirib ki, NATO hələ də özünün qurduğu reallıqdan uzaq hərbi-siyasi aləmdə yaşayır və bütün səylərini, əslində, mövcud olmayan "Şərqdən təhlükənin qarşısının alınmasına" yönəldir. Özünün hərbi istiqamətdəki addımlarına haqq qazandırmaq üçün Rusiyanın "demonizasiya" cəhdləri isə getdikcə daha böyük miqyas alır".

 

Aydın mesaj

Bəs dünya ictimaiyyətini bu istiqamətdə nə gözləyir? Yeni silahlanma yarışı olacaq, yoxsa Rusiya ilə NATO, sadəcə, bir-birini yoxlayır? Bəlkə, baş verənlər, sadəcə, tamaşadır? Axı format və niyyətin ciddiliyinə baxmayaraq, ucu-bucağı olmayan Rusiya-NATO sərhədinə 4 minlik kontingentin yerləşdirilməsi qeyri-ciddi təsir bağışlayır. Üstəlik, Ukrayna və Suriyadakı vəziyyəti, Rusiyaya tətbiq olunmuş sanksiyaları və onun iqtisadi durumunu nəzərə alsaq, Moskvanın heç nədən Polşa və ya Baltikyanı ölkələri ələ keçirmək qərarına gələcəyinə inanmaq çətindir. Amma hərbi ritorikanı hər iki tərəf məmnuniyyətlə davam etdirir. Bəlkə bu, sadəcə, onların hər ikisinə sərf edir? Xarici düşmən hər kəsi birləşdirir (istər Rusiya cəmiyyətini, istərsə də Aİ-NATO-nu), hərbi sifarişlər üzündən iqtisadiyyat canlanır. ABŞ üçün xüsusilə britaniyalıların «Brexit»indən sonra, regionda alyansın nüfuzunu artırmaq vacibdir. Bu məqsədə nail olmağın ən asan yolu isə onu hansısa təhlükənin mövcudluğu ilə pərdələməkdir. Bu halda Rusiya tərəfindən mümkün təcavüz ən ideal variantdır. ABŞ Prezidenti Barak Obamanın İspaniyanın «El País» qəzetinə müsahibəsində dediyi kimi, dünyada çiçəklənmənin və təhlükəsizliyin olması üçün ABŞ-ın liderliyi vacibdir, lakin Vaşinqton beynəlxalq birliyin qarşısında dayanan problemləri təkbaşına çözə bilməz. Bu, kifayət qədər aydın mesaj sayıla bilər.

Amma digər tərəfdən, Rusiyanın yeni silahlanma yarışına ehtiyacı yoxdur. Çünki onun buna, sadəcə, gücü yoxdur (artıq sadalanmış səbəblər üzündən). Üstəlik, Moskva, əlbəttə ki, belə yarışın SSRİ üçün nə ilə nəticələndiyini yaxşı xatırlayır.

Bununla yanaşı, NATO-da da hər şey göründüyü qədər rəvan deyil. Alyansın bir çox üzvü müttəfiq ordunun saxlanmasına əlavə vəsait xərcləmək məcburiyyətində qalacağından məmnun deyil. Rəqəmlər göstərir ki, 1990-cı ildən bu yana NATO ölkələrinin ümumi hərbi xərcləri Rusiyanın eyni dövrdəki analoji xərcləri ilə müqayisədə dəfələrlə çoxdur.

"Bəs belə olan təqdirdə, müdafiə xərclərini yenidən artırmaq nəyə gərəkdir?" -    deyə əksər avropalılar aşkar və ya dar çərçivədə sual edir. Üstəlik, indi Yaxın Şərqdən miqrant axınının nəticələri ilə mübarizə, sosial ödənişlərin edilməsi üçün vəsaitə ehtiyac var. Bu vəziyyətlə heç də hər kəs razı deyil.

Bundan başqa, əgər Şərqi Avropa ölkələri Rusiyanı öz təhlükəsizliyinə ciddi təhdid sayırsa, axı,    Fransa Prezidenti Moskvanı tərəfdaş adlandırır, hətta bildirib ki, "Avropa-Rusiya münasibətlərinin hansı məzmun daşımalı olduğunu müəyyənləşdirmək NATO-nun səlahiyyətində deyil".

Almaniyanın Xarici İşlər naziri Ştaynmayer də NATO-nun Baltikyanı ölkələrdə hərbi təlimlər keçirməsinə bir qədər qəribə münasibət göstərib. Onun fikrincə, Rusiya ilə sərhəddə lazımsız yerə "qılınc oynatmaq" məsləhət deyil. NATO ölkələri arasında bir-birlərinə qarşı da inamsızlıq var; məsələn, Fransa Almaniyanın güclənməsindən narazıdır. Bolqarıstan Varşava sammitindən bir qədər əvvəl gözlənilmədən NATO-nun Qara dənizdə daimi donanma yaratmaq planında iştirakdan imtina edib. Halbuki, bu, Rusiyanın önlənilməsi strategiyasının əsas hissəsi sayılırdı.

Ekspertlərin fikrincə, Sofiya bu halda Türkiyənin hökmranlıq edəcəyindən qorxub. Məsələ ondadır ki, 1936-cı ilin Montrö Bəyannaməsinə əsasən, Qara dəniz ölkələrinə aid olmayan dövlətlərin hərbi gəmiləri bu dənizdə, uzağı, 21 gün qala bilər. Odur ki, orada daimi donanmanın yaradılmasında yalnız NATO-nun Qara dəniz ölkəsi olan üzvləri iştirak edə bilərlər - Bolqarıstan, Rumıniya və Türkiyə. Bu 3 ölkə arasında ən güclü HDQ-nin isə Ankaraya məxsus olduğuna şübhə yoxdur.

 

Dağlıq Qarabağla bağlı mövqe

NATO-nun Varşava sammitinin yekun kommünikesində alyansın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyinin yer almasına ayrıca toxunmaq lazımdır. NATO problemin sülh yolu ilə həllinə göstərilən səylərə dəstəyini təsdiqləyib, münaqişə tərəfləri - Ermənistan və Azərbaycanı güc tətbiqindən və ya güc tətbiqinə dair hədələrdən yayınmağa çağırıb. Kommünikenin 24-cü paraqrafında NATO-ya üzv dövlətlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyinə dəstəyini bir daha təsdiqləyir, Cənubi Qafqazda mövcud olan münaqişələrin beynəlxalq hüququn məhz bu prinsip və normaları əsasında, BMT Nizamnaməsinə və Helsinki Yekun Aktına uyğun həllini dəstəklədiklərini bildirir.

Sammitdə iştirak etmək üçün Polşaya yollanmış Azərbaycan Prezidenti İlham Əliyev orada ATƏT-in Minsk qrupunun həmsədrləri və qurumun fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşiklə, həmçinin ABŞ-ın dövlət katibi Con Kerri ilə görüşüb. ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Con Kirbinin sözlərinə görə, "Kerri Əliyev və Sarqsyanla görüşüb, tərəflərin Vyana və Sankt-Peterburqda üzərlərinə götürdükləri öhdəliklərə əməl etməsinin vacibliyini vurğulayıb". Dövlət katibi münaqişənin hərtərəfli həllinə aparacaq məzmunlu danışıqlara dəstəyini də ifadə edib.

Bundan əvvəl ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirmişdi ki, NATO sammiti "danışıqlar prosesinin davam etdirilməsi üçün yaxşı imkandır".

Dağlıq Qarabağ münaqişəsinin NATO sammitində müzakirə olunması, şübhəsiz ki, onun həllinin regional və Avropanın təhlükəsizliyi baxımından əhəmiyyətini göstərir. Şimali Atlantika Alyansı ən nüfuzlu və güclü beynəlxalq qurumlardan biridir və dünyanın ən güclü siyasi oyunçuları məhz orada birləşib. Beləliklə, Qarabağ münaqişəsinin həllinə ən yüksək səviyyədə marağın göstərilməsi problemin nizama salınması istiqamətində real irəliləyişlərin olacağına ümid yaradır.

 

5 il sonra... 

Bir daha NATO-nun 2010-cu ildə Lissabonda keçirilmiş sammitinə qayıdaraq qeyd edək ki, o, alyansın tarixində, az qala, ən uğurlu toplantı kimi qiymətləndirilmişdi. Həmin sammitdən sonra, hər kəsdə bir nikbinlik var idi. Orada yeni strateji konsepsiya qəbul edilmiş və o, 1999-cu ildə qəbul olunmuş sənədi əvəzləmişdi. O zaman iştirakçı ölkələr inanırdı ki, onlar alyansı mövcud və gözlənilən problemlərə hazırlaya bilib, Rusiya ilə münasibətlər ləng də olsa, "yenilənir", Əfqanıstanda isə uğur elə də uzaqda deyil. Lakin bütün bunlardan 5 il sonra görünən odur ki, bu hədəflərdən heç birinə nail olunmayıb. Təhlükəsizlik sahəsində "İD"nin timsalında yeni ciddi problemlər yaranıb, Suriyada qanlı vətəndaş müharibəsi gedir, Ukraynada böhran davam edir, Avropa isə görünməmiş miqrant böhranı ilə üz-üzədir. Əfqanıstanda da vəziyyət açıq-aşkar ağır olaraq qalır, üstəlik bu tunelin sonunda işıq görünmür. Rusiya ilə münasibətlərə gəlincə, soyuqluq getdikcə artır, Baltik dənizindən Yaxın Şərqədək uzanan geniş bir məkanda qarşıdurma üçün səbəb tapmaqdan asan heç nə yoxdur. Bu, Cənubi Qafqaz regionuna da aiddir. Üstəlik, Stoltenberq, əlbəttə ki, səmimi deyil - NATO, sadəcə olaraq, yeni reallıqlara "adaptasiya" olunmaqla kifayətlənə bilməz. Belə neytral davranış ortaya qoymaq üçün NATO həddindən artıq güclü və zəhmli təşkilatdır. NATO hər zaman reallıqlara ciddi təsir göstərib və özü realıq yaradıb. Bu reallıqlara hansı reaksiyanın göstərilməsinə gəlincə, variantlar çoxdur - bəzən əsl niyyət və hədəflər deklarativ bəyanatlardan çox dərində olur.



MƏSLƏHƏT GÖR:

390