3 May 2024

Cümə, 08:29

BARDLAR “BAKI TƏTİLİ”NDƏ

Azərbaycan paytaxtının şəhər şansonu əvvəlki beynəlxalq mövqeyini özünə qaytardı

Müəllif:

01.08.2016

“Bakı tətili” şərti adı altında keçirilən XI Beynəlxalq Müəllif Mahnıları Festivalına 7 ölkədən - Litva, Rusiya, Gürcüstan, Ukrayna, İsrail, Çexiya və Fransadan ifaçılar toplaşmışdı və elə bu da tədbiri möhtəşəm edirdi. Bu il xüsusi bir heyət var idi - müəllif-müğənnilər festivalda ifaçılıq sənətinə, Bakı şəhərinə, Bakı tamaşaçısına və Bakı Müəllif Mahnıları Klubuna olan məhəbbətlərini ifadə edirdilər.

 

Qısa tarixçə...

Müəllif-müğənnilərin bir klubda (Bakı) birləşməsi 1974-cü ilə təsadüf edir. 2014-cü ildə onun 40 yaşı tamam olub. Lakin “klub” adı altında rəsmi statusu birlik yalnız 1983-cü ildə qazanıb. Yaradıcı birlik kimi formalaşan Müəllif Mahnıları Klubu (MMK) digər sovet respublikalarını təmsil edən klublar arasında aparıcı yer tutaraq, Rusiyada 1968-ci ildən keçirilən Qruşinski festivalının iştirakçısı olub.

Tezliklə bakılı müəllif-müğənni Yakov Koqdan təkcə Bakıda deyil, Qruşinski festivalının iştirakçıları arasında da populyarlaşıb. Sovet İttifaqının dağılması ilə Bakı Müəllif Mahnıları Klubu bir müddət yaradıcılıq fəaliyyətini dayandırıb. 2004-cü ildə isə Bakı bardları tərəfindən Moskvada klubun otuzilliyi qeyd olunub. Məhz o zaman Bakı MMK-nın yenidən canlandırılması ilə bağlı cəsarətli ideya irəli sürülüb. Beləliklə, Bakı ziyalıları yenidən öz Klubuna qovuşub və bu sənət qısa müddətdə şəhərin mədəniyyət tarixinə şəhər romansı, sadə dillə desək, bard mahsını kimi daxil olub.

 

Müəllif mahnıları janrı

Bu, sözsüz ki, kökləri rus romansında axtarılmalı olan şəhər romansıdır. Janr kimi XIX əsrin ilk yarısından məşhurdur. Hərçənd, bu faktı daha əvvəlki tarixi dövrə - trubadurların yaradıcılıq dövrünə aid etmək olar. Bir çoxu onu daha gec dövrə (XIX əsrin sonu) qaraçıların və sərt romansın təsirini özündə hiss etdirən şəhər folkloruna aid edirlər. O isə musiqişünaslar tərəfindən rus xalq mahnısının alt-janrı kimi nəzərdən keçirilir. Mütəxəssislər iddia edirlər ki, müəllif və ya bard mahnısı şəhər mədəniyyəti kimi müxtəlif ölkələrdə XX əsrin sonlarında yaranıb. Janrın fərqləndirici xüsusiyyəti ondan ibarətdir ki, sözləri və musiqini yazan adam ifanı da özü edir. Müəllif mahnısı müxtəlif ölkələrdə 60-cı illərin nümayəndələri üçün özünüifadənin ən məşhur formalarından biri idi. Bu janr bu gün də şəhər şansonu adı altında öz aktuallığını itirməyib. Bakı Müəllif Mahnıları Klubunun təsisçiləri – Yakov Koqan, Aleksandr Markman, Aleksandr Baryudin, David Novoqorudski, Vladimir Rəhimov, Olqa Roqaçova və digərləridir.

 

Bizim günlər

XXI əsr. Bakı Müəllif Mahnıları Klubu – həqiqətən də unikal bir hadisədir. Çünki bu gün, taleyin bütün dünyaya səpələdiyi klubun ilk üzvləri öz əsərləri ilə harada çıxış etmələrinə baxmayaraq, bakılı müəllif-müğənnilər, Azərbaycanı təmsil edən müəlliflər kimi çıxış edirlər. Bu yazılmamış qanuna istisnasız olaraq hər kəs riayət edir. Buna görə də Bakı Müəllif Mahnıları Klubu Bakının şəhər mahnı mədəniyyətinin ənənələrinin unikallığını təsdiqləyərək, dünyaboyu addımlamağa davam edir. Bu, beynəlmiləl tolerantlığın və multikulturalizmin baris nümunəsidir. Klubun üzvləri Qruşinski festivalının daimi üzvləridir. Bir unikal hadisə kimi, Bakı klubunun yaradıcı nüfuzu o dərəcədə yüksəkdir ki, bu il festivala dəvət alan  iştirakçı qonaqlar büdcənin məhdud olmasına baxmayaraq, Bakıya məmnuniyyətlə gəliblər.

Builki dördgünlük festival proqramına qonaqların, bakılı bardların və bakılı xanım şairlərin müəllif əsərləri daxil edilmişdi. Bütün festival illərinin yekun nəticəsi kimi, bard hərəkatının korifeyi Aleksandr Qorodnitskinin “Bakı dəftəri” kitabının nəşri oldu. Bu festivalı fərqləndirən daha bir cəhət isə unudulmuş xoş ənənənin – səhnədən şeir oxumanın qayıtması oldu. Bir vaxtlar Olqa Roqaçovanın (hazırda İsraildə yaşayır) poeziyası ilə təmsil olunan qadın lirikası bu il 6 bakılı xanım şairlər - Alina Talıbova, Nigar Həsənzadə, Solmaz Süleymanlı, Səidə Sübhi, Leyla Bigim, Ülviyyə Axundova tərəfindən təntənəli şəkildə davam etdirilib. Lirika festivalı çərçivəsində bu 4 gün ərzində Mahnı Teatrını dolduran tamaşaçılar tərəfindən isti rəğbətlə qarşılandı. Məhz bu XI festivalın yenidən yaranmasından sonra, fəaliyyətinin əsas hesabatı o oldu ki, Bakının bard mahnısının məktəbi nəinki özünə əvvəlki beynəlxalq mövqelərini qaytardı, hətta iki nəhəng mədəniyyətin – Azərbaycan və rus mədəniyyətlərinin peşəkar yetkinlik və ənənəvi qarşılıqlı əlaqələrini nümayiş etdirərək daha da irəli getdi. Festival Müəllif Mahnıları Klubu tərəfindən AR Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsi və “SÖZ” mədəniyyət layihəsinin dəstəyi ilə həyata keçirilib.

 

Perspektivlər 

Növbəti, 2017-ci ildə Bakı MMK-nın iki əlamətdar tarixi – klubun yaradıcı fəaliyyətinin bərpası günü və festivalın yenidən yaranması günü olacaq. Bəs müəllif mahnısı bayramı gələn il baş tutacaqmı? “Bakı tətili”nin tolerantlıq və multikulturalizm şəhəri olan Bakı barədə təəssüratlarının daha da gücləndirilməsinə xidmət edən bir beynəlxalq tədbir kimi davam etməsi üçün, sadəcə, entuziazm, sadiqlik, yaradıcı mübtəlalıq yetməz. İnanmaq istərdik ki, dünya böhranına baxmayaraq, Müəllif Mahnıları Festivalı adı altında şəhər romansı mədəniyyətinin bu unikal hadisəsinə maliyyə yardımı ayıra biləcək, etinasız olmayan insanlar da tapılacaq...



MƏSLƏHƏT GÖR:

396