4 May 2024

Şənbə, 07:43

TƏMİZLƏMƏ DAVAM EDİR

Azərbaycanda bankların bağlanması onların sığortalanmış əmanətçilərini narahat etməməlidir

Müəllif:

01.08.2016

Azərbaycan bank sektoru üçün yay bəlkə də heç vaxt bu qədər "qızmar" olmamışdı.  "Bank Standard"ın əmanətçiləri depozitlərin  qaytarılmasında problemlərə səbəb olan bankın sağlamlaşdırma prosesi ilə barışmağa macal tapmamış, daha dörd bankın müştərilərinə lisenziyalarının geri alınması xəbəri verildi. Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sədri Rüfət Aslanlı elan etdi ki, 21 iyul 2016-cı il tarixində rəhbərlik etdiyi struktur "Dekabank" ASC, "Kredobank" ASC, "Parabank" ASC və "Zaminbank" ASC-nin lisenziyalarının geriyə çağırılması barədə qərar qəbul edib.

Bu, Palatanın qısa fəaliyyəti müddətində bankların lisenziyalarının geri çağırılması barədə ilk qərarı oldu. İndiyədək bu, heç də ürəkaçan olmayan funksiyanı Mərkəzi Bank icra edirdi. R. Aslanlının sözlərinə görə, həmin bankların aktivləri qanunvericiliklə tələb olunan qaydada təsnifləşdirilməyib. Bundan başqa, onlar adekvat ehtiyatlar yaratmayıblar, məcmu kapitalın minimum məbləği tələbinə (50 mln. manat) əməl etməyiblər. "Bütövlükdə nəzarət orqanının verdiyi yazılı göstərişləri yerinə yetirməyiblər", - deyə R. Aslanlı bildirirb. O, əlavə edib ki, bu bankların bağlanması bank sektorunda risklərin azaldılması, maliyyə dayanıqlılığının gücləndirilməsi, banklara etimadın artırılmasına  istiqamətlənib. 

Həqiqətən də, bank bazarının sağlamlaşdırılması nöqteyi-nəzərindən bu addım zəruri və faydalıdır. Bazarın şişməsi və ifrat yüklənməsi faktı da şübhəsizdir - bunu hələ böhrandanöncəki illərdə ölkədə ancaq 9-10 güclü bankın olmasının məqsədəuyğunluğunu təkid edərək, istər yerli iqtisadçılar, istərsə də beynəlxalq maliyyə institutları qeyd edirdilər. Lakin nəzarət orqanı, yəni Mərkəzi Bank kapital həcminin artırılmasına dair tələbin yerinə yetirilməsi müddətini uzadaraq, mühüm addımlar atmırdı. Vəziyyət ötən ilin dekabr ayında manatın ikinci devalvasiyasından sonra kəskin dəyişdi və problemli bankları qısa müddətdə kənarlaşdırmaq lazım gəldi. Əks halda, ölkənin ən iri bankı olan Azərbaycan Beynəlxalq Bankının (ABB) fəaliyyətində ciddi pozuntuların aşkara çıxmasından sonra, onsuz da silkələnməyə başlayan bütün sistem öz içidən "yeyilərdi".

Beləliklə, hazırda Azərbaycanda bank fəaliyyətinin göstərilməsi üçün 33 bankın lisenziyası var. İlin əvvəlindən 6 bankın lisenziyası geri alınıb -  "AtraBank", "Qafqaz İnkişaf Bankı", "Texnika Bank", "Gandja Bank", "Bank of Azerbaijan" və "United Credit Bank".

İstənilən halda, bütün bağlanan bankların sığortalanmış əmanətçilərini heç bir təhlükə gözləmir və onlar pullarını alacaqlar.

R.Aslanlının sözlərinə görə, Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu əmanətçilərə təzminatların ödənilməsi üçün ciddi hazırlıq işləri görüblər. "Bunun üçün Fondun kifayət qədər vəsaiti var, amma zərurət yaranacağı təqdirdə o,  əlavə vəsaitlərin cəlb olunması üçün Mərkəzi Banka müraciət edə bilər", - R. Aslanlı qeyd edib.

Yeri gəlmişkən, Fondun rəhbəri Azad Cavadovun açıqlamasına görə, qurum elə bu cür də etmək niyyətindədir. Belə ki, bağlanmış bankların likvidatoru qismində Əmanətlərin Sığortalanması Fondu, ilk növbədə, aktivlərin qiymətləndirilməsini keçirəcək. Fondun rəhbərliyi bildirir ki, 4 bankda əmanətlərin həcmi 187 mln. manata çatır, kompensasiya olunan əmanətlər isə 126 mln. manat təşkil edir. Əmanətlərin, təxminən, 80%-i xarici valyutada yerləşdirilib.

A. Cavadovun fikrincə, hazırda ADİF, təqribən, 26 mln. manata malikdir və deməli, Mərkəzi Bankdan 100 mln. dollar kredit alınacaq. 

Xatırladaq ki, oxşar hal artıq baş verib və Fond mart ayında Mərkəzi Bankdan 22 mln. manat həcmində kredit cəlb edib. Qurum bu borcu ilin sonuna kimi ödəməyi planlaşdırır. Fonda əlavə vəsaitlər "Bank of Azerbaijan", "Ganjabank" və "Texnika Bank"ın keçmiş əmanətçilərinə ümumi məbləği, təxminən, 145 mln. manat təzminat ödənilməsi üçün lazım olub.

Eyni zamanda demək lazımdır ki, müştəriləri mahiyyətcə bank bazarının xırda və zəif oyunçularının bağlanması, iri banklardakı vəziyyət qədər narahat etmir. Xüsusən, problemli banklar sırasına ABB-dən sonra "BankStandard"ın  daxil olması maraq doğurdu. Birincisi, xatırladaq ki, indiyədək ölkənin ən iri bankı hesab edilirdi, ikincisi isə, aparıcı bankların ilk beşliyinə daxil idi. Qeyd edək ki,  MBNP 3 may 2016-cı il tarixli qərarı ilə “BankStandard”a müvəqqəti inzibatçı təyin edib. Qurum bunu bankda aktivlərinin keyfiyyətinin pisləşməsi, bankın likvidlik və səhmdarlarının vəziyyətinin yaxşılaşması üçün kifayət qədər maliyyə mənbəsinə malik olmaması ilə əsaslandırıb.

ABB-yə gəlincə isə, R.Aslanlının sözlərinə görə, onun bağlanması barədə "söhbət gedə bilməz". Əvvəl qeyd edildiyi kimi, ABB-nin 3 mlrd. manatdan artıq problemli aktivlərinin olması aşkar edilmişdi. Bundan başqa, onun sabiq rəhbəri iri məbləğlərdə maliyyə maxinasiyalarında ittiham olunur və hazırda bu məsələ ilə bağlı məhkəmə çəkişməsinə hazırlıq gedir.

Hər halda, R. Aslanlı jurnalistləri əmin etdi ki, bu gün ABB və "BankStandard"dan savayı, ölkədə başqa problemli bank yoxdur.

Bununla yanaşı, qeyd etmək lazımdır ki, ölkənin maliyyə sektorunda vəziyyət kifayət qədər sürətlə dəyişir, manatın məzənnəsi tarazlığını qoruyub-saxlamağa çalışır, problemli kreditlərin yükü kifayət qədər yüksək həddədir, reytinq agentlikləri isə bank sektoru ilə bağlı mənfi proqnozlarını saxlayırlar. Problemin digər bir tərəfi də ondan ibarətdir ki, banklar özləri aktivlərin birləşdirilməsi imkanlarına son dərəcə passiv yanaşırlar, halbuki bu sahədə keçmişdə kifayət qədər uğurlu nümunələr var. Bu gün əhali arasında popular olan  "Unibank" və "Bank of Baku" kimi bankların məhz konsolidasiya məhsulu olduğunu söyləmək kifayətdir. İqtisadçı ekspert Fərhad Əmirbəyovun qeyd etdiyi kimi, istənilən birləşmə təkcə yaxşı deyil, həm də pis aktivlərin birləşdirilməsini nəzər tutur. "Pis aktivlər təkcə bankların balansında deyil, istənilən şirkətlərdə vardır. Bu, normaldır. Konsolidasiya heç də o demək deyil ki, ancaq hər şeyi pis olan banklar birləşir.

Bu, bilərəkdən konsolidasiyaya gedən son dərəcə dayanıqlı banklara bazarda paylarını artırmağa və gələcək iqtisadi artıma hazırlaşaraq, nəticədə daha çox gəlir əldə eldə etməyə imkan verir. Gəlirin artımına deyil, bazarda payın artmasına yönələn bu strategiya daha düzgün olar", - o bildirib.

Beynəlxalq maliyyə institutlarının bu prosesdə iştirak etməyə olduqca həvəslə razılaşdıqlarını nəzərə alaraq, aktivlərin birləşdirilməsi haqqında qərar çətin dövr keçirən bazarın ayrı-ayrı oyunçuları üçün deyil, həm də bütün sektor və onun nəzarət orqanı üçün vəziyyətdən çıxış yolu ola bilərdi. Bu, "zəiflərdən" daha az ağrılı üsullarla qurtulmağa yardım edərdi. Banklarla bağlı vəziyyətin maliyyə bazarının digər seqmentlərinə birbaşa təsirini nəzərə alaraq, kapitalların sağlamlaşdırılmasının bu cür sərbəst təşəbbüsləri bir çox sığortaçı və brokerlərin iş yerlərini qoruya bilərdi.

Bankların müştərilərinə gəlincə isə ekspertlər və ADİF rəhbəri onlara əmanətlərini sığorta şərtləri çərçivəsində saxlamağı tövsiyə edir.

"Sığortalanmayan əmanəti olanlar banka getsinlər və müqaviləni dəyişsinlər. Bankın şərtlərinin yenilənməsində müştəriyə rədd cavabı vermək hüququ yoxdur. Ancaq müştəridən cərimə çıxa və ya razılaşdırılmış müddətdən əvvəl depozitin götürülməsi zamanı toplanmış faiz məbləğini ödəməyə bilər", - deyə A. Cavadov bildirib. Onun sözlərinə görə, bankın maliyyə göstəriciləri sığortalanmış əmanətçiləri narahat etməməlidirlər.

Ehtimal ki, neqativ hadisələr fonunda banklara etimadın yüksəldilməsi və onların depozit portfellərinin effektiv səviyyədə saxlanılması üçün Palata, Mərkəzi Bank və bank sektoru əmanətlərin sığortalanması sisteminə düşən bank əmanətləri üzrə maksimum dərəcələri yenidən nəzərdən keçirmək niyyətindədirlər.

Hər halda, bu yayı bankirlər və maliyyəçilər lap yaxşı xatırlayacaqlar.



MƏSLƏHƏT GÖR:

446