4 May 2024

Şənbə, 08:23

«DƏMİR LEDİ»nin REİNKARNASİYASI

Tereza Mey Böyük Britaniya üçün yeni Marqaret Tetçer ola biləcəkmi?

Müəllif:

01.08.2016

Böyük Britaniyanın Mühafizəkarlar Partiyasının 59 yaşlı lideri Tereza Mey kraliça II Yelizavetanın fərmanı ilə iyunun 13-də ölkənin Baş naziri təyin olunub. Bu təyinat ölkənin maliyyə sabitliyi və hətta bütövlüyünün sual altında olduğu çətin bir dönəmə təsadüf edib.

Məlum olduğu kimi, iyunun 23-də Böyük Britaniyada Avropa İttifaqına (Aİ) üzvlük məsələsi referenduma çıxarılıb və seçicilərin 51,9%-i ölkənin Aİ-ni tərk etməsinə səs verib. Bundan sonra, əslində, ölkə daxilindəki avroskeptiklərin simpatiyasını və Brüsseldən əlavə imtiyazlar qazanmağa çalışan Baş nazir Devid Kemeron özü-özünə məğlub olaraq, vəzifəsini tərk edib. Nazirlər Kabinetinin yeni rəhbərinin müəyyənləşməsi üçün xeyli vaxta ehtiyac olacağını düşünən britaniyalılar isə mühafizəkarlar arasında liderlik uğrunda sərt mübarizənin olmayacağını bildikdə, rahatlaşıblar. Meyin namizədliyi çoxlarına sərf edirdi - istər «Brexit» tərəfdarlarına, istərsə də referendumun əleyhinə olanlara. İndi yeni Baş nazir ölkəyə birliyi qaytaracağını, Böyük Britaniyanın adi sakinlərinin rifahı uğrunda çalışacağını vəd edir.

Bu, “dumanlı Albion” hökumətinin başına keçən ikinci qadın siyasətçidir. Onun ilk qadın baş nazirə, «dəmir ledi» kimi tanınmış məşhur Marqaret Tetçerə oxşamağa çalışdığına şübhə yoxdur. Sosial şəbəkə istifadəçiləri artıq Meyin Tetçerin jestlərini, mimikasını, intonasiyasını təkrarlamağa çalışdığını hiss edib. Ən azı, onun yeni statusda parlamentdə ilk çıxışından sonra bir çoxlarında belə fikir yaranıb.

Meyin ilk xarici səfərini etdiyi Almaniyanın mətbuatı isə onu öz «dəmir frau»su ilə müqayisə edərək, «britaniyalı Merkel» adlandırır.

Mey siyasətlə kifayət qədər çoxdan məşğuldur. Onun şəxsi həyatı haqqında da məlumatlar çoxdur. Prixod keşişinin qızı əsl orta təbəqə təmsilçisidir (onun hər iki nənəsi ev qulluqçusu olub). Ailəli olan Meyin övladı yoxdur. O, insulindən asılı diabetdən əziyyət çəkir. Kriket, kulinariya və dağları gəzməyin qatı həvəskarı olan siyasətçi bəbirrəngli geyim və ayaqqabılara üstünlük verir.

Terezanın bitirdiyi Oksforddan dostları onun hər zaman böyük iddialarla yaşadığını, ölkənin ilk qadın baş naziri olmaq arzusu ilə alışıb-yandığını xatırlayır. İndi o, ikinci qadın baş nazir olub ki, bu da pis deyil. Bunadək Meyin karyerasında ən yüksək pillə bank işçisi olub, həmçinin o, təhsil məsələləri ilə, mənzil tikintisi ilə məşğul olub. 1997-ci ildən isə Mey İctimai Palatanın üzvü kimi fəaliyyət göstərib, uzun illər ərzində Mühafizəkarlar Partiyasının rəhbərliyindəki azsaylı qadınlardan biri kimi tanınıb. “Kölgə kabineti”ndə müxtəlif vəzifələr tutmuş siyasətçi Devid Kemeron hökumətində 2012-ci ilədək daxili işlər naziri (ölkə tarixində bu vəzifəni tutmuş ikinci qadın) işləyib, bu vəzifəni qadın və bərabər hüquqluluq işləri naziri postu ilə eyni vaxtda tutub.

Statistikaya görə, ümumilikdə, Meyin DİN-ə rəhbərliyi dönəmində ölkədə cinayətkarlığın səviyyəsi azalıb, 2010-cu ildən sonra Böyük Britaniyada bir dənə də olsun, miqyaslı terror aktı törədilməyib. Amma onun fəaliyyəti problemsiz, ciddi səhvlərsiz də olmayıb. Bununla yanaşı, yeni baş nazir, deyəsən, büdrəməkdən qorxmur. Onun iş yoldaşları və işçiləri Meyin səriştəsini, sərt üslubunu (o, partiyadaşlarına xalq arasında mühafizəkarların «acıqlı partiya» adlandırıldıqlarını söyləməkdən çəkinmir) vurğulayır. Bununla yanaşı, Tereza Mey iş yerində münaqişələrdən çəkinməyən şəxs kimi də xarakterizə olunur. Bütün bunlar Meyə DİN başçısı postunda son 10 ildəki sələflərindən daha çox qalmağa imkan verib. Bundan başqa, Böyük Britaniyada daxili işlər naziri vəzifəsi «karyera qəbiristanlığı» adlandırılır. Çünki 1855-ci ildən bu yana bu postu tutmuş heç bir şəxs sonradan ölkənin baş naziri ola bilməyib. Göründüyü kimi, Mey bu «lənəti» aşmağı da bacarıb.

«The Economist» yeni Baş nazirin çevikliyini də xüsusi qeyd edir - o, ənənəvi mühafizəkar olsa da, yanaşmalarını dəyişməyə, rəqib leyboristlərdən nələri isə götürməyə hazırdır. Misal kimi adi işçilərin hüquqlarının müdafiəsi məsələsini göstərmək olar.

Miqrant məsələsində isə Meyin mövqeyi kifayət qədər sərtdir. Bu mənada, bir məqamı xatırlamaq kifayətdir: başqa ölkələrdən olan ixtisaslı miqrantlar ildə 35 min funtdan az qazandığı təqdirdə, Britaniyada ailəsi ilə birdə qalmasını qadağan edən qanunun təşəbbüskarı məhz Mey olub. Bundan başqa, ötən il o, xarici tələbələrə nəzarətin sərtləşdirilməsi ideyası ilə çıxış edib. Məqsəd onların təhsili başa vurduqdan sonra qanunsuz şəkildə Britaniyada qalmasının qarşısının alınması idi. Bu da son deyil. Tereza Mey Böyük Britaniyanın Avropa İnsan Haqları Bəyannaməsindən çıxması təşəbbüsünü irəli sürüb. Onun fikrincə, bu bəyannamənin müddəaları arzuolunmaz əcnəbilərin ölkədən ekstradisiyasına mane olur.

İndi isə Mey Britanyiaya miqrasiyanın səviyyəsinin «dayanıqlı hədd»ədək azaldılacağını vəd edir. Onun fikrincə, bu hədd «ildə onminlərlə insanı ötmür». Müşahidəçilər onun bu ideyanı necə həyata keçirəcəyi haqqında düşünür. Axı mühafizəkarların 2010-cu il seçkisi ərəfəsində ölkəyə illik miqrant axınının 100 min nəfərədək endiriləcəyinə dair vədi elə vəd olaraq qalır.

Üstəlik, o zaman heç kəs brexit haqqında danışmırdı. Bu gün isə yeni Baş nazirin əsas başağrısı məhz bu məsələ olacaq. Kemeron kimi, Tereza Mey də ölkənin Aİ-də qalmasının tərəfdarı idi. Lakin o, bunu çox yumşaq ifadə edir, təbliğat kampaniyası və televiziya şouları zamanı bu haqda danışmaqdan qaçır, əsasən təhlükəsizlik məsələlərindən danışırdı. Referendumun nəticəsini də Mey, sakit qarşılayıb. Onun fikrincə, Aİ-ni tərketmə prosesini ləngitməyə və ya təkrar referendumun keçirilməsinə ehtiyac yoxdur. Amma o, Lissabon razılaşmasının 50-ci maddəsinin reallaşdırılmasına da tələsmir. Mey əsas vəzifə olaraq, Aİ-dən ağrısız, yaxşı düşünülmüş, mümkün qədər sərfəli şəritlərlə ayrılmağı görür. Ən vacibi, Böyük Britaniyanın ümum-Avropa bazarına çıxışının maksimum həddə saxlanılmasıdır. Brüssel bu məsələ ilə bağlı ilkin danışıqların aparılmayacağını rəsmən bəyan etsə də, Mey artıq Aİ-nin ən vacib üzvlərilə ikitərəfli məsləhətləşmələrə başlayıb. O, Baş nazir postuna yiyələndən dərhal sonra, Almaniya və Fransaya səfər edib. Merkel ilə apardığı danışıqlardan sonra o, ölkəsinin əsas hədəfinin «Aİ ilə yaxın iqtisadi əlaqələrin qorunub-saxlanılması olacağını» bəyan edib. Mey Berlinə səfərini Aİ ölkələri ilə gələcək münasibətlər üçün baza da adlandırıb. Əslində, bu, anlaşılandır - Almaniya Böyük Britaniyanın ikinci böyü ticarət tərəfdaşıdır. Adaya ən çox investisiyanın axdığı ikinci ölkə də Almaniyadır.

T.Mey bir şeyi də yaxşı dərk edir: Brüssel ilə təhlükəsizlik sahəsində əməkdaşlıq vacibdir. Bu mövzu xüsusilə Parisdə Fransua Olland ilə aparılmış danışıqlarda aktual olub. Məlum olduğu kimi, Fransa bu yaxınlarda “İD” tərəfindən növbəti qanlı terror hücumuna məruz qalıb və bu dəfə hədəf sakit kurort şəhəri sayılan Nitsa olub.

Meyin digər əsas hədəfləri arasında sosial islahatları göstərmək olar. Onun məqsədi əhalinin daha zəif hissəsinə yardım göstərilməsi, cəmiyyətdə qeyri-bərabərliyin aradan qaldırılması, həmçinin böyük şirkət əməkdaşlarının direktorlar şurasında yer almasına iman yaradılması və digər məqamların səhmana salınması üçün iri biznesin idarə olunması sisteminin dəyişdirilməsidir. Mey investisiyaların cəlbi, yeni iş yerlərinin yaradılması ilə də məşğul olacaq.

Bu məqsədlərəl nail olmaq üçün baş nazir özünə kifayət qədər güclü kabinet formalaşdırıb. Amma onun hökuməti ilə bağlı mübahisəli məqamlarda var - ən böyük mübahisə Londonun sabiq meri Boris Consonla bağlıdır. Brexitin qatı tərəfdarı olan bu ekssentrik (sanki britaniyalı Tramp və ya Jirinovski) şəxs Böyük Britaniyanın yeni xarici işlər naziridir. Onun bu vəzifənin öhdəsindən necə gələcəyini söyləmək, hələ ki, çətindir. Üstəlik o, yalnız Brüsseldə deyil, okeanın o tayında da müəyyən «ad qazana» bilib; məsələn, ABŞ-ın növbəti prezidenti Hillari Klinton seçilərsə, Conson üçün (yaxud ümumilikdə XİN üçün) kifayət qədər çətin olacaq. «Times» xatırladır ki, o, vaxtilə xanım Klintonu «psixiatriya xəstəxanasından olan sadiq tibb bacısı» adlandırıb. Obamanı da tənqid etmiş Conson bu yaxınlarda onun «keniyalı əsli»ni yada salıb.

Birmənalı yanaşılmayan komanda üzvlərinin siyahısında sabiq merlə yanaşı, Meyin hökumətində çox sayda qadın da yer alır. Onlardan biri, brexitin əsas tərəfdarlarından biri kimi tanınan Liam Foks beynəlxalq ticarət naziridir. Devid Devis isə Aİ-ni tərk etmək məsələləri üzrə nazirdir. İndi Consonla birlikdə məhz bu iki şəxs Britaniyanı Aİ-dən ayırmalı və yeni gələcəyə doğru aparmalıdır.

Yeri gəlmişkən, Mey Baş nazir postunu tutduğu ilk günlərdə xarici siyasətlə bağlı da bəzi bəyanatlar səsləndirib. O, yalnız Şimali Koreyanı deyil, Rusiyanı da Böyük Britaniya üçün real təhlükə adlandırıb. Daha sonra T.Mey ölkənin nüvə gücünün müasirləşdirilməsinin vacibliyini, lazım gələcəyi təqdirdə nüvə düyməsinə basmağa hazır olduğunu bildirib.

Hökumətin qiymətləndirməsinə görə, 4 sualtı atom qayığının müasirləşdirilməsi layihəsinin dəyəri,ən azı, 31 milyard funt-sterlinqdir.

Rusiya Meyin bəyanatına «Biz başqa şey gözləmirdik» şəklində təmkinli münasibət bildirib. Moskvada, hətta məşhur «anqliçanka qadit» (ingilis qadın işləri korlayır) deyimini də xatırladıblar ki, bu konteksdə o, ikimənalı səslənir. Moskva ilə London arasında münasibətlərin hansı istiqamətdə inkişaf edəcəyini zaman göstərəcək. Hazırda Böyük Britaniya üçün müttəfiqləri - Aİ ölkələri və ABŞ-la münasibətləri qaydaya salmaq daha vacibdir.

Beləliklə, Londonda, hələ ki, hər şey nəzarətdədir. Brexit ilə ara qarışmış Mühafizəkarlar Partiyası daxilində birliyi məhz Meyin sayəsində, onun yeni hökumət üzvləri ilə bağlı seçimi sayəsində qoruyub-saxlamaq mümkün olub. Problem isə ondadır ki, indi bütünlükdə ölkə parçalanmış haldadır və parlamentdə mühafizəkarların edə biləcəyi şey o qədər də çox deyil. Bütünlükdə ölkəni bir nazirliklə müqayisə etmək,əlbəttə ki, mümkün deyil. Vəd vermək də ona əməl etməkdən xeyli asandır. Bir sözlə, yeni baş nazirin qarşısında çətin vəzifələr, sələfi ilə müqayisədə daha ağır işlər durur. Odur ki, yeni hökumətin işində problemlərin üzə çıxacağı ehtimalı yüksəkdir.

 

Demək, növbədənkənar seçki risqi də var... 



MƏSLƏHƏT GÖR:

401