2 May 2024

Cümə axşamı, 19:14

MÖHKƏMLİK SINAĞI

Qazaxıstanda terror üçün ciddi əsaslar olmasa da, ölkə radikalizm dalğası ilə üzləşə bilər

Müəllif:

01.08.2016

Britaniyanın bütün mümkün risklərinin təhlili ilə məşğul olan, hər il «Terrorçuluq risqi indeksi»ni açıqlayan «Maplecroft» konsaltinq şirkətinin iddiasına görə, dünyada prinsipcə, terror təhlükəsinin olmadığı bölgə yoxdur - istisna yalnız Qrenlandiya və Antarktidadır.

Elə həmin «indeks»ə görə, Qazaxıstan bu yaxınlaradək terror risqinin aşağı həddə olduğu ölkələrin sırasında yer alırdı. Bu ölkədə terror risqi ABŞ, Böyük Britaniya, Fransa və iqtisadi rifah halının yüksək olduğu digər ölkələrdəkindən daha az idi.

Daha dəqiq desək, Mərkəzi Asiyanın ən nəhəng dövlətinin sakinləri son 4 ildə terror aktları haqqında yalnız başqa ölkələrə, o cümlədən yaxın qonşularına dair xəbərlərdən eşidirdi.

Amma bu, əlbəttə ki, Qazaxıstanda kriminalın, dini fanatizmin, ekstremistlərin və digər antisosial qüvvələrin olmadığı anlamına gəlmir. Əksinə, hüquq-mühafizə orqanlarının statistik məlumatlarına əsasən, belə hallar ölkədə ildən-ilə artır. Lakin profilaktik işlər və güc tətbiqi də daxil olmaqla, müxtəlif önləyici tədbirlər son dövrlərədək kifayət qədər effektiv alınırdı.

Bütün bunlarla yanaşı, Aktobe və Almatıda, müvafiq olaraq, iyun və iyulda törədilmiş terror aktları Qazaxıstan ekspertləri üçün heç də gözlənilməz olmayıb. Terrorçuların bu cür fəallaşacağı proqnozlaşdırılırdı və bu, yalnız xarici terror mərkəzlərinin fəaliyyəti ilə bağlı deyildi. Bununla yanaşı, baş verənlərdə onların təsiri də özünü göstərir. Xüsusi xidmət orqanlarının gördüyü tədbirlərə baxmayaraq, Qazaxıstanda kənardan terrorçuluq təbliği güclənməkdədir; məsələn, son 3 ildə yalnız «İslam Dövləti» (“İD”) qruplaşması məhz bu ölkəni hədəfləyən qazaxıstanlıların iştirakı ilə 5 videomüraciət yayıb.

Aktobe hadisələrindən cəmi bir neçə həftə əvvəl isə “İD” vətəndaşlarının Suriyaya yollanmasını əngəlləyən ölkələrdə terror aktlarının təşkilinə çağırış edib.

İyunun 5-də törədilmiş terror aktında məhz bu çağırışın katalizator rolu oynadığı ehitimalı var. Qeyd edək ki, həmin terror aktı zamanı 25 cinayətkar əvvəlcə iki ov dükanına hücum edib, daha sonra hərbi hissənin silah anbarını ələ keçirməyə çalışıb. Rəsmi versiyaya görə, terrorçular qeyri-ənənəvi dini cərəyan olan sələfiliyin tərəfdarları olub. Hələlik, dəqiq məlumat yoxdur və istintaq gedir. Lakin çoxları onların “İD”, «Əl-Qaidə» və ya digər terror təşkilatına mənsub olduğunu düşünmür. Ehtimallara görə, həmin insanlar yerli «yatmış özək»in üzvləri idilər.

Bu termin radikalbaxışlı insanlardan ibarət qrupu nəzərdə tutur. Onlar hər hansı böyük beynəlxalq terror təşkilatına aid deyil, belə qruplaşmalarla hər hansı formada əlaqələri yoxdur. Amma şübhəsiz ki, onlar da xaricdən gələn təbliğatın təsiri altındadır. Söhbət sosial şəbəkələrdə yayılan çarxlardan, müraciət və fotolardan gedir. Belə qrupların təhlükəsi onların özbaşına müxtəlif terror aktları planlaşdıra bilməsindədir. Məsələ ondadır ki, onlar tam təcrid şəraitində fəaliyyət göstərdiyindən, atacağı addımları proqnozlaşdırmaq və identifikasiya etmək çox çətindir.

Terrorçuların böyük sayda odlu silahı hansı məqsədlə ələ keçirməyə çalışdıqlarına dair müxtəlif versiyalar var: yaxınlıqdakı təcridxanada saxlanılan «din qardaşları»nın azad olunmasından tutmuş, 400 minlik şəhərin ələ keçirilməsinədək.

Hüquq-mühafizə orqanlarının cavab həmləsi ilə qruplaşma zərərsizləşdirilib - 18 terrorçu məhv edilib, qalanları isə saxlanılıb. Amma terrorçular da 7 nəfərin həyatına son qoyub ki, onlardan da 4-ü mülki şəxsdir.

Almatıdakı terrora gəlincə, onu 1 nəfər həyata keçirib - bu zaman 6 nəfər həlak olub.

İstənilən terror aktında əsas hədəflərdən biri əhali arasında təlaşın salınmasıdır. Həm Aktobedə, həm də Almatıda terrorçular kifayət qədər uzun müddət davam edən informasiya vakuumu hesabına buna nail olub. Almatılılar, təxminən, 3 saat ərzində hansısa dəqiq məlumat əldə edə bilməyibsə, Aktobe sakinləri bir neçə gün tam informasiya blokadasında qalaraq, sadəcə, şayiələrlə «qidalanmalı» olub. Əhaliyə ölkədə nəyin baş verdiyi, insanların necə davranmalı olduğu, hansı təhlükəsizlik tədbirlərinin görülməli olduğu deyilməyib. Bu isə əhali arasında çaxnaşma yaradıb.

Terror aktlarının özünə gəlincə, əksər ekspertlər onlar arasında bənzərlik görür. Hər iki halda hücuma hüquq-mühafizə orqanlarının nümayəndələri məruz qalıbla. Cinayətkarların yaşı 20-30 arasındadır. Almatıda terror törətmiş şəxs və Aktobedə hücumda iştirak etmiş insanların əksəriyyəti əvvəllər cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərdir.

Qazaxıstanın Strateji Araşdırmalar İnstitutunun direktoru Yerlan Karinin fikrincə, hüquq-mühafizə orqanları əməkdaşlarına hücum əksər terror aktının əvəz və ya xəbərdarlıq məqsədi daşıması ilə bağlıdır. Onlar bununla güc strukturlarının qruplaşmaya yaratdığı maneənin qisasını alır. Hər dəfə hüquq-mühafizə orqanlarının hansısa terrorçu özəyin izinə düşməsindən, yaxud, məsələn, onların radikal strukturlara qoşulmaq məqsədilə xaricə (məsələn, Əfqanıstana və ya Suriyaya) çıxışını əngəlləməsindən sonra həmin özəklərin üzvləri buna özünəməxsus qaydada «cavab» verməyə çalışır.

Bununla yanaşı, radikalların çox zaman əvvəlcədən hazırlanmış taktikası, fəaliyyət planı olmur. Lakin onlar hər hücumda ictimaiyyəti qorxutmaq məqsədi güddüklərindən, bu əməllər terror aktı kimi qiymətləndirilir.

Vaxtilə cinayət məsuliyyətinə cəlb olunmuş şəxslərin terror aktlarında iştirakı göstərir ki, Qazaxıstanda radikal özəklər böyük ölçüdə kriminal qruplarla dini birliklərin qarışığından ibarətdir. Vəhhabilərin kriminala qoşulması, adətən, həbsxanalarda, təcridxanalarda baş verir. Məhz belə məkanlarda məhbuslar radikal ideologiyalara yoluxur. Bu isə öz növbəsində, həm də ənənəvi islamın təbltğçilərinin zəifliyini göstərir.

Regionun digər ölkələri ilə müqayisədə, Qazaxıstan əhalisi arasında fundamental islam əhvalı o qədər də geniş yayılmayıb. Lakin hələ ötən il o zaman Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinə sədrlik edən Nurtay Abıkayev ölkənin «insanların kütləvi şəkildə ələ alınması, ekstremizm və terrorçuluq ideologiyasının təbliği» halı ilə qarşı-qarşıya qaldığını bildirirdi. Onun sözlərinə görə, «bu təbliğat İnternet vasitəsilə, həmçinin ekstremist ədəbiyyatının və müxtəlif missionerlərin qeyri-leqal yolla ölkəyə daxil olması ilə aparılır. Dini savadlılığın kifayət qədər olmaması üzündən, bu ideyalar inanclıların bir hissəsinin radikallaşmasına aparıb çıxarır. Bu, xüsusilə İslama yeni gəlmiş şəxslərə aiddir. Onlardan bəziləri, məsələn, ağır həyat şəraitində yaşayanlar səhvən düşünür ki, dünyada ədalətsizliyin əsas səbəbini tapıblar. Bu üzdən onlar «cihad»a qoşulmağa qərar verir».

Yerlan Karin düşünür ki, Qazaxıstanda terrorçuluğun ciddi institusional və ideoloji əsasları olmasa da, ölkənin dalğavari radikalizm axını ilə üzləşəcəyi ehtimalı böyükdür. Bu, ilk növbədə, müəyyən sosial-iqtisadi səbəblərlə bağlıdır: işsizlik, gəlirlərin aşağı olması, kriminallaşma, gənclərin marginallaşması problemi, korrupsiya, bir çox sosial və siyasi institutların rolunun zəifləməsi. Karinin fikrincə, bütün bunlar cəmiyyətdə sosial ədalətsizlik problemini artırır və radikallığın təbliğçiləri üçün münbit şərait yaradır.

Bu, o anlama gəlir ki, terrorçular Qazaxıstanın digər şəhərlərində də fəallaşa bilər. Məsələ ondadır ki, güc strukturları ölkədə sələfilərin sayının kritik həddə çatdığını bildirir. Bu, Qazaxıstanın qərb regionları ilə yanaşı, cənubunu, əhalinin çox sıx olduğu cənubdan insanların köçürüldüyü bəzi şimal regionlarını da əhatə edə bilər.

Bu arada Qazaxıstan Prezidenti Nursultan Nazarbayev ölkənin terrorçuluq fəaliyyətinə görə məsuliyyəti nəzərdə tutan qanunvericiliyinə dəyişikliklərin edilməsi ilə bağlı qərar qəbul edib; məsələn, terrorçuluq əməli məqsədilə başqa ölkələrə üz tutmuş vətəndaşların azadlıqdan məhrumetmə müddətinin artırılması, mülkiyyətin müsadirəsi normaları, vətəndaşlıqdan məhrum edilməsi məsələsi nəzərdən keçiriləcək.

Eyni vaxtda dövlət başçısı vətəndaşların rifah halının artırılması tədbirləri haqqında da sənədə imza atıb.



MƏSLƏHƏT GÖR:

387