27 Aprel 2024

Şənbə, 16:24

İKİ «KÖRPÜ»nün BİRLƏŞMƏSİ

Azərbaycan ilə Ukrayna Asiya ilə Avropanı birləşdirəcək yeni tranzit axını yaradır

Müəllif:

01.08.2016

Azərbaycan Avropa üçün Şərqə qapıdırsa, Ukraynanı Şərq üçün Avropaya qapı saymaq olar. Coğrafi mövqeləri, ümumi tarixi bu iki ölkənin müxtəlif sahələrdə sıx əməkdaşlığına təkan verir. Prinsipcə, iki ölkənin müstəqillik qazanmasından sonra, onlar arasında daim əməkdaşlıq müşahidə olunub və rəhbərliyin dəyişməsi bu ümumi trendə heç bir təsir göstərməyib.

Bununla yanaşı, iki ölkənin münasibətində 2014-cü ildə nisbətən «durğunluq» müşahihə olunub. Bu, başadüşüləndir. Həmin vaxt Ukraynada Donbas separatçıları ilə müharibə gedir, iqtisadi tənəzzül yaşanır, yeni dövlət idarəçiliyi sistemi qurulurdu. Əksər daxili problemlərin həllindən sonra isə Ukrayna üçün köhnə əlaqələri bərpa etməyin vaxtı çatıb. Ukrayna Prezidenti Pyotr Poroşenkonun Azərbaycana səfəri bunun üçün əla imkan idi.

Bu iki ölkənin münasibətlərində heç zaman problem olmayıb. «Ölkələrimizin qarşılıqlı şəkildə suverenliyi və ərazi bütövlüyünün müdafiəsi məsələsini müzakirə etdik. Ukrayna Dağlıq Qarabağın statusu ilə bağlı Azərbaycanın mövqeyini dəstəkləyir və böyük məmnuniyyətlə biz bilirik ki, Azərbaycan da Ukraynanın ərazi bütövlüyü məsələsində birmənalı mövqe tutur», - deyə Ukraynanın dövlət başçısı Pyotr Poroşenko azərbaycanlı həmkarı İlham Əliyev ilə mətbuata birgə bəyanatında bildirib.

Bu məsələ Ukraynanın BMT Təhlükəsizlik Şurasının üzvləri arasında olması baxımından xüsusilə önəmlidir. «Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvi olub və orada da Ukrayna daim müdafiə edilib. Mən sizi əmin edə bilərəm ki, bu gün Ukrayna 2016-2017-ci illər üzrə həmin mövqedədir və Azərbaycanın mövqeyi də orada müdafiə ediləcək», - deyə Poroşenko qeyd edib.

Bununla yanaşı, Ukraynaya siyasi dəstək yalnız bəyanatlarla məhdudlaşmır - rəsmi Bakı bu illərdə Ukraynadan fəal şəkildə silah-sursat da alıb. Onlar arasında Azərbaycan HHQ aviaparkının əsasını təşkil edən «MİQ-29» qırıcıları da var.

Bu səfərin ana xətti kimi isə məhz iqtisadi əməkdaşlığı göstərmək olar. İki ölkə arasında ticarət mübadiləsi və investisiyalar sahəsində əməkdaşlıq potensialı çox böyükdür. Lakin indiki mərhələdə bu potensialın çox az hissəsi istifadə olunur.  2015-ci ildə ölkələr arasında ticarət dövriyyəsi 2014-cü illə müqayisədə 45% azalaraq, 350 milyon dollar təşkil edib. Amma bu istiqamətdə potensial çox böyükdür.

İki ölkə prezidenti də Bakıda bundan danışıb. Səsləndirilən bəyanatlardakı nikbin ton yaxın perspektivdə bu sahədə dəyişikliklərin olacağını gözləməyə əsas verir.

«Demək olar ki, müzakirə edilən bütün məsələlərlə bağlı çox ciddi tapşırıqlar verilib. Əminəm ki, bu tapşırıqların yerinə yetirilməsi nəticəsində ölkələrimiz bir-birinə daha yaxın olacaq və ticarət dövriyyəsi daha da artacaq. Çünki hazırda ticarət dövriyyəsi nə bizi, nə Ukrayna tərəfini qane edə bilər», - deyə Prezident İlham Əliyev danışıqların yekununda bildirib.

 

Tranzit alternativi

Amma Azərbaycanla Ukraynanın əlaqələri yalnız ticarətlə yekunlaşmır. Hər iki ölkənin coğrafi mövqeyi onların tranzit sahəsində də təbii əməkdaşlığına təkan verir.

Azərbaycan Bakı-Tiflis-Qars, Şimal-Cənub kimi dəmir yolu magistralı layihələrini reallaşdırmaqla, istər Rusiyanı Fars körfəzi ilə, istər Çini Avropa ilə birləşdirən nəqliyyat layihələrində iştirak edir. Son illərdə ölkənin əsas avtomagistralları tam yenilənib, Ələtdə yeni liman tikilib, Xəzər Dəniz Gəmiçiliyinin gəmi heyəti tamamilə yenilənib.

Məhz bu potensial Ukraynaya Mərkəzi Asiya ölkələri və Çinlə fəal ticarət əməliyyatları aparmaq imkanı verir; məsələn, Trans-Xəzər nəqliyyat marşrutu Ukraynanın Asiya bazarlarına alternativ çıxışını təmin edir.

Bakıda aparılan danışıqların gedişində Ukrayna tərəfi Azərbaycanı Baltik dənizi-Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizinin yaradılmasında iştirak etməyə çağırıb.

«Bu, bir neçə marşrutu sinxronlaşdıran, iqtisadi-ticari əlaqələrin möhkəmlənməsində əhəmiyyətli rol oynayan böyük nəqliyyat dəhlizidir. Dəhliz çərçivəsində regionda yükdaşımalarının inkişafı üzrə kompleks strategiyanın formalaşdırılması üçün vahid idarəetmə orqanının yaradılması da nəzərdə tutulub», - deyə Ukrayna Baş nazirinin müavini Gennadi Zubko iqtisadi əməkdaşlıq üzrə ikitərəfli hökumətlərarası komissiyanın Poroşenkonun səfərindən əvvəl keçirilmiş toplantısında bildirib.

Bakıda bu təşəbbüs kifayət qədər müsbət qarşılanıb. «Bütövlükdə, Xəzər dənizi-Qara dəniz-Aralıq dənizi-Baltik dənizi əməkdaşlığı formatı, hesab edirəm ki, çox böyük potensialı özündə ehtiva edir. Burada, şübhəsiz ki, nəqliyyat dəhlizlərinin fəaliyyəti də çox önəmlidir. Artıq birinci sınaq layihə icra edilib. Ukraynadan gələn bəzi yüklər Azərbaycan ərazisindən Orta Asiya ölkələrinə nəql edilib. Bu gün qərara gəldik ki, bu dəhlizi iqtisadi cəhətdən daha da cəlbedici etmək üçün biz tariflərə baxmalıyıq. Çünki tariflər yükgöndərənlər üçün məqbul olmalıdır ki, daha böyük həcmdə yüklər hər iki istiqamətə getsin», - deyə Ukraynanın dövlət başçısı ilə müzakirələrin yekununda Prezident İlham Əliyev bildirib.

Azərbaycan isə öz növbəsində, Ukrayna şirkətlərinə bu ilin sonunadək istismara veriləcək Bakı-Tiflis-Qars dəmir yolu marşrutunun üstünlüklərindən yararlanmağı təklif edib. «Bu yol İpək Yolunun bərpası deməkdir və burada Ukrayna şirkətləri üçün də yeni imkanlar açılır. Eyni zamanda, Azərbaycan tərəfdaş ölkələrlə Şimal-Cənub dəhlizinin yaradılması üçün səylər göstərir. Gələcəkdə Ukrayna tərəfi bu yoldan istifadə edə bilər. Bir sözlə, nəqliyyat sahəsində çox geniş imkanlar var və əminəm ki, bu gün verilmiş tapşırıqların yaxşı nəticələri olacaq», - deyə İ.Əliyev qeyd edib.

Bu iki istiqamət Ukrayna şirkətlərinin yüklərinin yalnız Mərkəzi Asiya və Çinə deyil, həm də İran, Hindistan və Pakistana daşınması imkanlarını daha da genişləndirir.

Bundan başqa, belə əhatəli nəqliyyat dəhlizinin yaradılması Ukraynanın Avropaya yüklərin daşınmasında tranzit dövlət kimi əhəmiyyətini artıracaq.

Ukraynanın infrastrktur naziri Vladimir Omelyan haqqin.az saytına açıqlamasında bildirib ki, Bakı danışıqları qısa zamanda vahid nəqliyyat və sərfəli tarif siyasətinin formalaşdırılacağını düşünməyə imkan verir. Söhbət İpək Yolunun cənub qolunun fəallaşdırılması istiqamətində görüləcək işlərdən gedir.

«Mən qarşıma konkret vəzifə qoymuşam - Ukraynaya tranzit dövlət statusunun qaytarılması. Yeni Çin-Ukrayna-Avropa İttifaqı İpək Yolu bu işin yalnız bir hissəsidir. Onunla bərabər, biz Avropa İttifaqı-Ukrayna-Qara dəniz-Fars körfəzi ölkələri, həmçinin Baltik dənizi-Qara dəniz-Xəzər dənizi nəqliyyat dəhlizləri üzərində işləyirik. Bütün bu istiqamətlər kifayət qədər maraqlı potensiala malikdir. Texniki baxımdan onların reallaşdırılması mümkündür və onların iqtisadi əsaslandırılması var. İndi yeganə problem bütün logistikanı təmin edəcək kiçik komandanın formalaşdırılmasıdır», - deyə nazir qeyd edib.

O, Azərbaycanda nəqliyyat infrastrukturunun inkişaf səviyyəsinin çox yüksək olduğunu, Ukraynanın Bakının bu sahədəki təcrübəsindən yararlanacağını deyib. Nazir Azərbaycan şirkətlərinin Ukraynada yol tikintisində iştirak edəcəklərinə ümidini dilə gətirib.

Ukrayna isə öz növbəsində, «Azərbaycan Dəmir Yolları» QSC-nin qatarlarının yenilənməsini və müasirləşdirilməsini təklif edir.

 «Bu, 2016-cı ildə Bakı-Tiflis-Qars dəmir yolunun inşasının başa çatdırılmasından sonra, dəmir yolu daşımalarının intensivləşdirilməsi kontekstində perspektivli istiqamətdir», - deyə Ukrayna Baş nazirinin müavini Gennadi Zubko bildirib.

 

Neft kəmərləri üçün ikinci həyat

Bakı danışıqlarının daha bir vacib nəticəsi, Azərbaycan neftinin Avropaya çatdırılması üçün Odessa-Brodı neft kəmərindən istifadəyə dair razılaşmadır.

«Azərbaycan dünya bazarlarına, o cümlədən Avropaya böyük həcmdə öz neftini ixrac edir. Eyni zamanda, Xəzərin şərq sahillərində yerləşən ölkələr üçün tranzit rolunu da oynayır. Azərbaycan ərazisindən dünya bazarlarına neft ixrac olunur və hesab edirəm, Odessa-Brodı layihəsinin canlanması üçün imkanlar var», - deyə Prezident İlham Əliyev bildirib.

Bu boru xətti 2002-ci ildə Xəzər neftinin Ukraynanın neft emalı müəssisələrinə çatdırılması üçün istismara verilib. Lakin o, istehsalçıların diqqətini o qədər də cəlb etməyib. Nəticədə, boru kəmərindən müəyyən müddət Rusiyanın şirkətləri tərəfindən revers rejimində - neftin Brodıdan Odessaya nəqli üçün istifadə olunub. Onun vasitəsilə Odessaya çatdırılan neft burada tankerlərə vurulub. Hazırda o, istifadəsiz qalıb.

İyulun əvvəlində ikitərəfli hökumətlərarası komissiyanın Bakıda keçirilmiş iclasında Gennadi Zubko bu boru kəmərindən istifadənin mümkünlüyü haqqında da danışmışdı: «Ukrayna Azərbaycan neftinin Ukraynanın neft emalı zavodlarına nəqlində və onun ölkə ərazisindən Avropaya tranzitində maraqlıdır. Bu gün bizdə bunun üçün bütün lazımi texniki şərait var».

Boru xətti Brodıda «Dostluq» neft xətti magistralı ilə birləşir və bu da Azərbaycan neftinin Çexiya, Slovakiya və Macarıstanın neft emalı zavodlarına nəqlinə imkan verir.

Bundan başqa, Odessa-Brodı marşrutu Polşanın Plosk şəhərinədək uzadılma perspektivinə malikdir. Oradan isə Baltik dənizinin Qdansk limanına çıxış imkanı var.

Neftin Odessa-Brodı kəməri ilə mümkün nəqlinə dair razılaşma artıq marşrutun Ploskadək uzadılması layihəsinin səhmdarlarında canlanma yaradıb.

Məhz bu boru xəttinin Ploskadək uzadılması məqsədilə yaradılmış «Sarmatiya» şirkətinin baş direktoru Sergey Skripka prezidentlər İ.Əliyev ilə P.Poroşenko arasında əldə olunmuş razılaşmanı Avrasiyanın neft nəqli dəhlizinin inkişafı baxımından vacib və müsbət siqnal sayır. «Biz çox ümid edirik ki, Ukrayna və Azərbaycan prezidentlərinin bu çağırışına Polşa, Gürcüstan, Litva prezidentləri də qoşulacaq. Çünki bu layihə məhz belə formatda reallaşdırılmalıdır», - deyə Skripka «Trend» agentliyinə bildirib: «Təcrübə göstərir ki, belə ciddi bəyanatlardan və görüşlərdən sonra, mütləq hansısa addımlar atılmalıdır», - deyə «Sarmatiya»nın baş direktoru bildirib. Qeyd edək ki, bu şirkətin əsas səhmdarlarından biri 25%-lik payla Azərbaycanın SOCAR şirkətidir.

Yeri gəlmişkən, SOCAR, eyni zamanda, Ukraynanın ən nəhəng investorlarındandır. O, bu ölkədə avtomobillərin yanacaqdoldurma məntəqəsi şəbəkəsinin inkişafına 200 milyon dollardan artıq sərmayə qoyub. Söhbət ölkənin müxtəlif regionlarından 60 yanacaqdoldurma məntəqəsini özündə birləşdirən şəbəkədən gedir.

 

Əsas məsələ - təyyarələrdir

İki ölkə arasında daha bir perspektivli əməkdaşlıq istiqaməti Azərbaycan üçün o qədər də xarakterik olmayan aviasiya sənayesidir. «Düşünürəm ki, ən perspektivli layihələrdən biri, cənab Prezident də (İlham Əliyev - red.) onu qeyd etdi, Azərbaycana «An-178» tipli təyyarələrin satışı olacaq. Burada - Azərbaycanda onların birgə istehsalının yaradılması çox maraqlı bir layihədir. Düşünürəm, bu da yeni bazarların kəşfi üçün maraqlı bir layihə olacaq», - deyə P.Poroşenko Bakı danışıqları zamanı bildirib.

«AN-178» yük təyyarələrinin tədarükü üzrə müqavilə «Antonov» dövlət müəssisəsi ilə Azərbaycanın «Silk Way Airlines» şirkəti arasında hələ 2015-ci ilin mayında imzalansa da, onun maraqlı detalları və perspektivləri məhz Poroşenkonun Bakıya səfəri zamanı açıqlanıb.

Müqaviləyə əsasən, «Silk Way» Ukraynadan 10 ədəd «An-178» təyyarəsi alacaq ki, ilk təyyarə artıq 2018-ci ildə Azərbaycana gətiriləcək.

Ukrayna Baş nazirinin müavini Q.Zubkonun sözlərinə görə, «Antonov» Azərbaycanda təyyarə yığımının təşkili təklifi ilə də çıxış edib. İlkin qiymətləndirməyə görə, Bakıda ildə 10-12 təyyarə yığıla bilər. Onların regional bazarlarda satılması planlaşdırılır. Zubkonun dediyinə görə, «Antonov»un təyyarələrinə Türkmənistanda, Qazaxıstanda və bir sıra digər ölkələrdə real tələbat var.

Bu layihə Azərbaycanda aviasiya sənayesinin əsasını qoya bilər. Qeyd edək ki, dünyanın aparıcı sənayelərindən olan aviasiya sənayesi ən yüksək texnologiyaların tətbiqini tələb edir. Bu, Azərbaycan hökumətinin qeyri-neft sektorunun inkişafı strategiyasına tam uyğundur.

Ümumilikdə, Prezident Poroşenkonun Bakıya səfəri və burada aparılan danışıqlar ikitərəfli əlaqələrin indiki mərhələsində vacib və ciddi siyasi addım sayıla bilər.

Danışıqların əsas nəticəsi kimi, Asiya və Avropaya iki körpünün - Bakı ilə Kiyevin vahid tranzit dəhlizində birləşdirilməsinə dair razılaşmanı göstərmək olar.



MƏSLƏHƏT GÖR:

397