6 May 2024

Bazar ertəsi, 19:24

DAHİLƏRƏ HEYKƏL UCALDAN TƏVAZÖKAR

İmran MEHTİYEV: "İşlərimdə insanın daxili dünyasını göstərməyə çalışıram..."

Müəllif:

01.09.2016

"Heykəltəraşlıq sənəti uşaqlıqdan həmişə həyatımın bir hissəsi olub. İşlərimdə özünü tapmaq üçün insanın daxili dünyasını, onun həyat yolunu, mənəvi gözəlliyini, qorxusu, mənfi hisslər və şərlə daxili mübarizəsini göstərməyə çalışıram", - deyə gənc azərbaycanlı heykəltəraş İmran Mehtiyev bildirir. Bu yaxınlarda onun işlərindən biri - dahi şairə Xurşudbanu Natəvanın bürünc heykəli Belçikanın Vaterloo şəhərinin parkını bəzəyib, iki ölkə arasında sülh və dostluq simvoluna çevrilib.

- İmran heykəltəraş olmağınız barədə danışardınız. Düzdürmü ki, sizin gələcəyiniz hələ uşaqlıqda müəyyənləşib? Axı siz yaradıcı ailədə dünyaya gəlmisiniz...

- Elədir ki, var. Anamın atası, yəni babam - Azərbaycanın Xalq Rəssamı Rafiq Mehdiyevdir; dayım - əməkdar rəssam Rəşad Mehdiyevdir, anam - məşhur musiqişünas Lalə Mehdiyevadır, bacım Leyla Mehdiyeva isə Vaqif Mustafazadə adına "Sevil" vokal ansamblının solistidir. Atam Yunis Mehdiyev ixtisasca neftçidir və incəsənətlə bilavasitə əlaqəsi yoxdur, lakin buna baxmayaraq, incəsənəti çox sevir və dəyər verir.

Təbii ki, rəsm çəkməyə çox tez başladım. Babam rəssamlığa marağımı görəndə məni emalatxanasına aparmağa başladı. Əvvəlcə, sadəcə, onu müşahidə edirdim: onun necə işlədiyini, rəngləri necə qarışdırdığını və eskizləri necə hazırladığına baxırdım. İş prosesində babam incəsənətin incəliklərini, kompozisiyanın yaradılma prinsiplərini, "qızıl bölgü”nün nə olduğunu və onun necə işlədiyini mənə öyrədirdi. Mən ondan çox şey öyrənmişəm! Rəsmlə paralel olaraq, yapma işi (lepka) maraqlanırdım. Əvvəlcə plastilindən müxtəlif fiqurlar yaradırdım, sonra isə gilə keçdim. Babam bir dəfə işlərimi görəndə qeyd etdi ki, pis alınmır və mütləq heykəltəraşlıqla məşğul olmalıyam. Məhz o, ilk olaraq gələcəyimi müəyyənləşdirdi. Orta məktəbi bitirəndən sonra, Azərbaycan Dövlət İncəsənət Akademiyasına daxil oldum. Birinci kursda bizə heykəltəraşlığın əsaslarını öyrədən Sevil Süleymanova dərs deyirdi. İkinci kursda tələbələri iki qrupa böldülər. Məni Azərbaycanın Xalq Rəssamı, akademiyanın rektoru Ömər Həsənoviçin sinfinə saldılar. Orada Xalq Rəssamı Akif Əsgərov da dərs deyirdi. Mən onlardan çox şey öyrəndim: müəllif fikrini tam həcmdə canlandırmaq və kompozisiyanın yaradılması bacarıqlarını. İkinci kursu bitirəndə sevdiyim müğənni, azərbaycanlı bariton səsə malik Müslüm Maqomayevin portretini yaratmaq imkanı əldə etdim. Bu, hədiyyə idi - ürəkdən olan bir hədiyyə. İş orasındadır ki, anam 26 nömrəli musiqi məktəbində çalışır. 2011-ci ildə məktəbə Müslüm Maqomayevin adı verilib. Mənə eyni zamanda həm çətin, həm də asan idi. Asan - çünki mən uşaqlıqdan onun mahnılarını dinləyirdim və bu onun obrazı üzərində işləməyimə kifayət edirdi. Çətin, çünki Maqomayev dünyasəviyyəli şəxsiyyət, əsl dahi idi. Ona toxunmaq böyük bir şərəf və məsuliyyətdir. 2013-cü ildə Bakıda Xocalı faciəsinə həsr olunmuş sərgi keçirildi və mən bu mövzudan kənarda qala bilməzdim. Mən bu sərgidə hazırda Berlində "Berlin-Bakı" qalereyasında saxlanılan işimi təqdim etdim.

IV kursda diplom işimi təhvil verməli idim. Bu, Gəncənin əfsanəvi müdafiəçisi Cavadxana həsr etdiyim heykəl işi idi. Diplom işimin rəhbəri Akif Əsgərov idi. Yadımdadır işə başlamazdan öncə mən, təxminən, 10 eskiz çəkdim və onları Ömər Həsənoviçə təqdim etdim. Plastilindən edilən fiqurlara diqqətlə nəzər yetirdikdən sonra o, gələcək heykəlin ilkin variantını - birinci eskizi gətirməyi xahiş etdi və onu dərhal təsdiqlədi. O dedi ki, əsl hisslər və fikirlər, bir qayda olaraq, ideal şəkildə məhz birinci eskizdə öz əksini tapır. Cavadxanın fiquru üzərində mən 5 ay işlədim: uzun müddət tarixi öyrənmək, çoxlu ədəbiyyat oxumaq və bir neçə dəfə ikimetrlik heykəli yenidən düzəltməli oldum.

- Diplom işiniz hazırda harada yerləşir?

- Onu İncəsənət Akademiyasında saxlamaq istəyirdilər, lakin... onu sındırdım.

- Niyə?

- İş orasındadır ki, magistraturaya imtahan verəndə qərara gəldim ki, lazımi balı toplaya bilməmişəm və çox üzüldüm. Məyusluq hisslərinə qapılaraq emalatxanamdan akademiyaya köçürülməsini gözləyən Cavadxanın heykəlini sındırdım. Yaxşı ki, işimin fotoşəkilləri və eskizləri qalıb. Ümid edirəm ki, tezliklə Cavadxanın heykəli yenidən canlanacaq.

- Magistraturaya qəbul olundunuz?

- Daxil oldum. Azərbaycanın Xalq Rəssamı, İncəsənət Akademiyanın prorektoru Fuad Salayevin şöbəsində təhsil alırdım. O mənə çox şeyi öyrətdi. Magistraturada təhsil aldığım illərdə də müxtəlif sərgilərdə iştirak edirdim. Onlardan ən qeyri-adisi, konsepsiyası ilə seçilən – bacarıqlı dostlarım Vüsal Ağaraziyev, Mehriban Şəmsəddinskaya, Asim Səmədli ilə iştirak etdiyim "Düymə" adlı sərgi idi. "Art Council Azerbaijan"da keçirilən heykəltəraşların plenerini qeyd etməyə bilmərəm. Mənim magistr işim bəşəriyyətin əbədi mövzusu Adam və Həvvaya həsr olunub. Mən ilk insanları hələ cavan və məsum, varlığın başlanğıcı kimi bu günə qədər qalan pak məhəbbətin yarandığı kişi və qadın başlanğıcının sintezini göstərmək istəyirdim. Heykəldə mən Sikstin kapellasının divar naxışlarının ən yaddaqalan kompozisiyası "Adəmin yaradılması"nda olan məşhur jestdən istifadə etdim. Çünki vacib “İncil” elementi olan Cənnət alması mənim işimdə yox idi. "Adəmin yaradılması"ndakı məşhur jest heykəlin mahiyyətini açmağa yardım etdi.       

- İncəsənət Akademiyasının tələbəsi olaraq, siz MDB, Rusiya və Avropa İttifaqı ölkələrinin incəsənət ali təhsil müəssisələrinin tələbələri üçün heykəltəraşlıq üzrə beynəlxalq simpoziumunda iştirak etmisiniz. Bu barədə danışardınız...

- 2011-ci ildə Ömər Eldarov heykəltəraşlıq kafedrasının müdiri Azad Zeynalovun məsləhəti ilə məni Moskvaya Azərbaycanı təmsil etməyə göndərdi. İki həftə ərzində biz Rusiyanın Xalq Rəssamı, S.Q.Stroqanov adına Moskva Dövlət Bədii-Sənaye Universitetinin monumental və dekorativ heykəltəraşlıq kafedrasının müdiri Aleksandr Burqanov və onun oğlu İqor Burqanovun yaradıcılıq emalatxanasının bazasında praktika topladıq. Biz yeni işlər yaradırdıq, "dəyirmi masa”larda iştirak edirdik, məşhur heykəltəraşların emalatxanaları, müasir təhsil mərkəzləri, muzeyləri ziyarət edirdik. Xüsusilə bizim üçün aparıcı incəsənətşünaslarla müasir heykəltəraşlıq və ümumiyyətlə, incəsənət barədə mühazirələr və müzakirələr təşkil olunurdu.

Çox maraqlı idi! Söz düşmüşkən, Aleksandr Burqanov Bakıda doğulub və böyüyüb. Simpozium iştirakçıları ilə tanışlıq zamanı Aleksandr Nikolayeviç Azərbaycanı kimin təmsil etdiyi barədə maraqlandı. Məni görəndə, o, "Salam həmyerlim" sözləri ilə əlimi bərk sıxdı. Məni onun sözləri ruhlandırdı!

Heykəltəraşların görüşü ilə yanaşı, Moskvada bizim İncəsənət Akademiyasında bir neçə il bundan əvvəl baş tutan Azərbaycan-Türkiyə simpoziumunda da iştirak etdim. Bu simpozium ərzində hazırda Türkiyədə qorunan "Nirvana" adında heykəli yaratdım.

- Siz bu ilin əvvəlində Belçikada Vaterloonun mərkəzi parkında quraşdırılan dahi Azərbaycan şairəsi Xurşudbanu Natəvanın heykəlinin müəllifisiniz. Onun yaradılma tarixçəsindən danışardınız...

- Magistraturada oxuyarkən Xurşudbanu Natəvanın heykəlinin bir neçə eskizini hazırlamaq təklif edildi. İşə başlamazdan öncə, Natəvanın nə dərəcə hərtərəfli şəxs olduğunu anlamaq üçün çoxlu sayda tarix ədəbiyyatı ilə tanış oldum, azərbaycanlı şairənin şeirlərini oxudum. Nəticədə, təqribən, 20 eskiz hazırladım. Onlardan 10, sonra isə 3 ən yaxşısı seçildi. Onlar arasından Bakıda və Belçikada heykəlin hazırlandığı yeganə variantı seçdilər. İşimin nəticəsini dəyərləndirməli olan Bakı tərəfindən ekspert qismində Azərbaycanın Xalq Rəssamı Tahir Salahov olub. O, heykəli uzun müddət ərzində nəzərdən keçirdi və öz qərarını verdi: "İş alınıb!". Bu gün dahi Natəvanın bürünc heykəli bir vaxtlar müharibənin durdurulduğu Vaterloonun parklarından birini bəzəyir. Bu, çox rəmzi məna daşıyır... Bu, tarixi yerdir. Məhz orada Fransanın imperatoru Napoleon Bonapart darmadağın edilib. Vaterloo yaxınlığında döyüşü xatirəsinə, hətta heykəl də qoyulub. Müvafiq yer orada müharibənin dayandığı, sülh və əmin-amanlığın hökm sürməsi ilə xarakterizə olunur. Ona görə Vaterloonu Avropanın taleyini dəyişdirən şəhər kimi qəbul edirlər. Bundan başqa, Aleksandr Düma bir vaxtlar Qarabağda Xurşudbanu Natəvanla görüşüb və müəyyən bir dövr ərzində Vaterlooda yaşayıb. Ona görə də müvafiq park əbəs yerə seçilməyib. Bu heykəlin Dağlıq Qarabağla bilavasitə əlaqəsi var.

Şuşada doğulan azərbaycanlı şairəyə həsr olunan və Belçikada qoyulan heykəl özündə, həmçinin Qarabağ xanlığının tarixini də əks etdirir. Heykəlin özülündə bu sözlər yazılıb: "Mütərəqqi Şərq şairəsi və maarifçi Xurşudbanu Natəvan, Qarabağın şahzadəsi, Azərbaycan".

- İmran, gələcək planlarınızı bizimlə bölüşün. Hazırda nə üzərində çalışırsınız?

- Doktorantura və ilk fərdi sərgim üzərində hazırlıq işləri gedir. Yazdığım dissertasiyamı azərbaycanlı qadın-heykəltəraşların həyatına və yaradıcılığına həsr etmək qərarına gəldim. İlk məqaləm ən bacarıqlı və məşhur yerli heykəltəraşlardan biri Elmira Hüseynova barəsindədir. Bu arada bu bəlkə də, təsadüfdür ki, Rəssamlar Evindəki emalatxanam bir vaxtlar Elmira xanıma məxsus olub. Bu emalatxanada hələ də müəyyən yaradıcı mühit yaşanır: burada evdəkitək rahatdır və sakitlikdir. Burada yaratmaq və irəli getməyə imkan verən sanki yaradıcı enerji toplayırsan.



MƏSLƏHƏT GÖR:

406