5 May 2024

Bazar, 15:11

PARİSİ GÖRMƏK və ÖLMƏK

Fransa və Almaniyada törədilmiş silsilə terror aktları avropalılarda qeyri-münasib suallar yaradır

Müəllif:

01.09.2016

Yayın ortalarından Fransa və Almaniyadan terror aktları haqqında xəbərlər elə intensiv gəlməyə başlayıb ki, sanki az sonra bu, İraq və ya Əfqanıstanda olduğu kimi, adi hala çevriləcək. Terrorçular kurort şəhəri olan Nitsanı, Fransa və Almaniyanın zənginlik, sakitlik, təhükəsizlik, «lüks» turizm istiqamətlərinin rəmzi sayılan, çoxlarına tanış olmayan şəhərciklərini hədəfə alıb. Və təəssüf ki, indi «Parisi görmək və ölmək» deyimi artıq hərfi məna daşıya bilər. Miqrasiya böhranı Avropanı siyasi və sistem böhranı astanasına çatdırıb. Bu, ilk növbədə, özünü hazırkı hakimiyyətlərə inamın azalması, qatı sağçı qüvvələrin populyarlığının artması, həmçinin Avropanın ən güclü və zəngin dövlətlərindən olan Böyük Britaniyanın başlatdığı dezinteqrasiya prosesində göstərir. Amma bütün bunlardan daha təhlükəlisi Yaxın Şərq və Şimali Afrika sakinlərinin inteqrasiya ilə bağlı problemin "Köhnə Dünya"nı milli təhlükəsizlik sistemindəki böhran faktı ilə üz-üzə qoymasıdır. Bu məqamlar arasında birbaşa əlaqə göz qarşısındadır - indi, Fransa ilə Almaniya miqrantların ən çox üz tutduğu ölkələrdir və son bir neçə həftədə qanlı terror aktlarının qurbanına məhz onlar çevrilib.

Baş verənlərin detalları bütün xəbər lentlərində yer alıb və bu səbəbdən, onlardan hər kəs xəbərdardır. İyulun 14-də Bastiliyanın alınması günü qeyd edilən zaman sahilyanı Nitsada yük maşınının sükanı arxasına keçmiş tunisli Məhəmməd Bulel 84 nəfəri basıb öldürüb, 330 nəfəri yaralayıb. İyulun 26-da Fransanın şimalındakı katolik kilsəsində 2 miqrant - Əlcəzair əsilli 19 yaşlı fransız Adel Kermiş ilə 19 yaşlı Abdel Malik Petijan 86 yaşlı keşişin boğazını kəsib, bir neçə insanı girov götürüb. Üstəlik, bütün bunlar Fransa hələ ötən il törədilmiş terror aktlarından özünə gəlməmiş baş verib. Xatırladaq ki, o zaman yanvardan başlayaraq, «Charlie Hebdo» jurnalının redaksiyasına hücum zamanı 12 nəfər həlak olmuş, 1 gün sonra yəhudi supermarketində 5 nəfər qətlə yetirilmişdi. 2015-ci il iyunun 26-da Yassin Salhi öz rəisinin başını kəsmiş, kəsilmiş başı “İD”nin bayraqları ilə Fransanın cənub-şərqində yerləşən qaz zavodunun hasarına sancmışdı. Elə həmin il noyabrın 13-də Parisin müxtəlif rayonlarında törədilmiş partlayışlar və atışmalar nəticəsində 130 nəfər həlak olmuş, 350-dən artıq insan yaralanmışdı.

Bu yaydan etibarən isə Almaniya terrorçuların hədəfinə çevrilib. İyulun 18-də silah və balta ilə silahlanmış 17 yaşlı əfqan (yaxud pakistanlı - yerli KİV bunu dəqiqləşdirə bilməyib) miqrant Vyursburqda sərnişin qatarına hücum edərək, bir neçə nəfəri yaralayıb. İyulun 22-də Münhendəki «Olympia» ticarət mərkəzində 18 yaşlı iranlı Əli David Sonboli 9 nəfəri güllələyib. İyulun 24-də isə Suriyadan olan miqrant məsciddə 1 qadını öldürüb, daha 2 nəfəri yaralayıb. Bu da son deyil. İyulun 25-nə keçən gecə suriyalı Məhəmməd Dalil Ansbah şəhərinin restoranlarından birinin qarşısında özünü partladıb. Nəticədə, 12 nəfər yaralanıb. Xatırladaq ki, hələ yanvarın əvvəlində Almaniyanın Köln şəhərində Yeni ilin qeyd olunması zamanı yerli qadınlar miqrant gənclər tərəfindən seksual xarakterli hücumlara məruz qalmışdılar.

Bu, heç də tam siyahı deyil - istər Fransada, istərsə də Almaniyada ötən müddət ərzində o qədər qanlı və miqyaslı olmasa da, bənzər insidentlər çox yaşanıb. Və onların hamısı məhz qaçqınlarla əlaqəli olub.

Sadalanan halların praktiki olaraq, hamısı terror aktı kimi qəbul edilib və onlara görə məsuliyyəti Yaxın Şərqdə fəaliyyət göstərən «İslam Dövləti» (İD) qruplaşması öz üzərinə götürüb. Lakin hər şey göründüyü qədər sadə deyil. Məsələ ondadır ki, bir sıra cinayətkarların tərcümeyi-halına sonradan diqqət yetirilən zaman onların heç də klassik terrorçu - öz ideyası və öz anlamındakı ədalət uğrunda fanatik döyüşçü - obrazına uyğun gəlmədiyi üzə çıxır. Fransa və Almaniyada dəhşətli cinayətlər törətmiş şəxslər haqqında danışarkən məlum olur ki, onlar daha çox qapalı həyat tərzi keçirən, yaxud psixi problemi olan insanlar, narkotik və ya spirtli içki aludəçiləridir; məsələn, Münhendəki ticarət mərkəzində qətliam törətmiş 18 yaşlı Əli David Sanbolinin onu dəfələrlə döymüş yaşıdları ilə münasibətdə ciddi problemləri olub. O, sinif yoldaşlarını dəfələrlə qisas alacağı ilə hədələyib. Hücum günü isə Sonboli texnikumda imtahandan kəsilibmiş.

Rəisinin başını kəsmiş Yassin Salhi bu hadisə ərəfəsində həyat yoldaşı ilə mübahisə edibmiş.

Nitsadan olan terrorçu Məhəmməd Bulelin alkoqol və narkotikdən asılılığı var imiş. O, uşaqlıqdan qəfil əsəbləşmədən əziyyət çəkir, həddi-büluğa çatdıqdan sonra isə daim həyat yoldaşı ilə dalaşır, qızının oyuncaqlarını sındırırmış.

«Bild» yazır ki, psixoloji ekspertiza Məhəmməd Dalildə «ekstremizmə meyli» və «səs-küylü intihar törətmək» arzusunu təsdiqləyib. Qeyd edək ki, söhbət Ansbahda özünü partlatmış şəxsdən gedir.

Bütün bunlar barələrində mütəmadi olaraq xəbərlərdə eşitdiyimiş ABŞ psixopatlarını çox xatırladır. Məlum olduğu kimi, onlar tez-tez ictimai yerlərdə - təhsil ocaqlarında, supermarketlərdə, kinoteatrlarda və s. insanları güllələyir. Və hər dəfə bunun özünəməxsus səbəbi olur: həyat yoldaşının xəyanəti, həmyaşıdları, yaxud həmkarları tərəfindən ələsalınma, depressiya və s. Onları, əlbəttə ki, heç kəs terrorçu saymır və bu insanların “İD” ilə də heç bir əlaqəsi yoxdur. Lakin üslub arasındakı bənzərliyi görməmək mümkün deyil. Misal kimi, bu yaxınlarda Tokioda Əlillər evində 19 nəfəri qətlə yetirmiş yapon Satosi Uematsunu da göstərmək olar.

Məlum olub ki, Uematsu psixiatriya klinikasında müalicə alıb və o, dünyanı fiziki imkanları məhdud insanlardan təmizləməyi arzulayırmış. Bu şəxslər kimi, bir çox «avropalı terrorçu»nun da fanatikcəsinə “İD”nin ideologiyasını qəbul etdiyini söyləmək çətindir. Əvəzində, onların ətrafdakı insanlara ciddi etirazı olub. Bu qruplaşma isə onlara həyatdan narazılıqlarını ifadə etmək imkanı yaradıb, sonra isə onların cinayətlərini öz ayağına yazıb; məsələn, Bulelin bütün tanışları iddia edir ki, onun dini zəmində qısa vaxtda radikallaşması ağlasığmazdır. Çünki bu şəxs dinə heç zaman maraq göstərməyib. Terror aktı ərəfəsində o, ailəsinə böyük məbləğdə pul da göndəribmiş.

Xüsusi xidmət orqanlarının belə insanları aşkara çıxarması kifayət qədər çətindir. Amma bu, güc strukturlarını baş verənlərin məsuliyyətindən azad etmir. Çünki narahatlıq yaratmalı olan əlamətlər də az olmayıb. Hər halda, dinc həyat tərzi sürmələrinə baxmayaraq, terror aktlarını törətmiş şəxslərin, demək olar ki, hamısı nə vaxtsa polisin diqqət mərkəzinə düşüb. Keşişin öldürüldüyü Normadiyadakı prixod terrorçuların potensial hədəfi sayılsa da, onun müdafiəsi təmin edilməyib. Nitsada ətrafa nəzarət edən kameraların fəaliyyətinə cavabdeh olan xidmətin rəhbəri Sandra Barter fəaliyyətdəki çatışmazlıqları ört-basdır etməyə çalışan DİN tərəfindən təzyiqlərə məruz qaldığını bildirib. Terror aktı törətmiş şəxslərdən olan Adel Kermiş isə yerli polisə əvvəllər Suriyaya yollanmağa cəhd göstərməsi ilə tanış olub. Onu sərhəddə tutaraq, səssiz-səmirsiz geri qaytarıblar və sadəcə, ayağına elektron bilərzik taxıblar. Petijan da Türkiyə vasitəsilə Suriyaya keçməyə cəhd göstəribmiş. Ansbahda özünü partlatmış Dalilə isə psixoloqlar tərəfindən potensial təhlükəli şəxs diaqnozu qoyulsa da, heç bir nəzarət olmayıb. Üstəlik, polis onun yaşadığı qaçqın yataqxanasında axtarış aparsa da, oradakı bombanı aşkarlaya bilməyib. Bundan başqa, Almaniya Dalilə qaçqın statusu verməkdən imtina etsə də, o, ölkə ərazisində qalmağa müvəffəq olub.

Almaniyaya 15 yaşında valideynləri ilə birgə gəlmiş Vyursburqdan olan terrorçu Riaz Xan Ahmadzaini də heç kəs yoxlamayıb. Beləliklə, Kölndəki Yeni il qalmaqalından sonra, Almaniya hökuməti asayişi pozacaq miqrantlarla bağlı tədbirlərin sərtləşdirildiyini bəyan etsə də, əməldə bu, özünü o qədər də göstərməyib. Terrorçulara qarşı ciddi tədbirlərin görüləcəyini 2015-ci ildə Parisdə törədilmiş terror aktlarından sonra, Fransa Prezidenti Fransul Olland da bəyan etmişdi. Amma bu, ölkədə də tədbirlər lazımi qədər uğurlu alınmayıb. Əks təqdirdə, yəqin ki, Nitsa faciəsi baş verməzdi.

Amma hər şeyi polis və xüsusi xidmət orqanlarının boynuna qoymaq da ədalətsizlik olardı. Problemin kökləri daha dərindir; məsələn, Fransa DİN-in antiterror fəaliyyətinə məsul sabiq baş inspektoru İvan Blo Lenta.ru saytına açıqlamasında deyib ki, Aİ ölkələrinin milli təhlükəsizlik orqanları, sadəcə, bir-birinə etibar etmir. Bu isə onların işini xeyli çətinləşdirir. Blonun sözlərinə görə, inam Avropa Komissiyasının rəhbəri Yunkerin Avropa hökumətlərini miqrant kvotasına məcbur etməsi ilə yox olub: kvotadan imtina edənlər ictimai rəy nəzərə alınmadan, maliyyə sanksiyaları ilə hədələnib. Blo hesab edir ki, bütün bunların kökündə birləşmiş Avropanın antidemokratik institut kimi qəbul edilməsi durur.

«Die Welt», öz növbəsində, Almaniyanın miqrasiya sistemində çoxsaylı nöqsanların olduğunu yazır və bildirir ki, bu boşluqlardan istənilən an istifadə etmək mümkündür. Eyni çatışmazlıqlar Fransanın analoji sistemində də var; məsələn, Avropanın müxtəlif KİV-i yerli güc strukturlarının problemlərindən birini dəfələrlə ictimaiyyətə çatdırıb: miqrantlar çox olduğundan və onlar ölkəyə sənədsiz üz tutduğundan, müvafiq strukturlar bu şəxslərin şəxsiyyətini müəyyənləşdirməkdə çətinlik çəkir. Bəzi məlumatlara görə, belə qaçqınlar ümumi miqrant axınının 70-80%-ni təşkil edir. Barəsində ölkədən dərhal çıxarılmaq qərarı verilmiş miqrantlar arasında belə, Aİ ölkələrinə qayıtmağın yolunu tapanlar var.

Avropalılar qaçqınların hüquqlarını pozmaqdan çox qorxur. Çünki qanun bu insanların vətənlərində təhlükə olduğu halda, onların geri qaytarılmasını qadağan edir. Yeri gəlmişkən, artıq Aİ-ni tərk etmək qərarı vermiş Böyük Britaniyanı ən çox qıcıqlandıran məhz bu məqamdır. Britaniyanın artıq sabiq Baş naziri Devid Kemeron hələ 2013-cü ildə Londonun Avropa İnsan Haqları Məhkəməsinin yurisdiksiyasından çıxa biləcəyi ilə bağlı hədə səsləndirmişdi. Amma bütün bu tənqidlərə rəğmən, mühacirlərin Avropaya yolunu açan Angela Merkeli yolundan döndərmək asan deyil. Kansler bildirib ki, ölkədə bu yaxınlarda törədilmiş terror aktları Berlinin miqrasiya siyasətində dəyişikliyə səbəb olmayacaq və Almaniya silahlı münaqişələrdən qaçan şəxslərə əvvəlkitək sığınacaq verəcək. Xanım Merkelin fikrincə, «qorxu siyasətçi üçün pis məsləhətçidir».

Bir sıra digər almaniyalı siyasətçilər də bu cür düşünür; məsələn, Bundestaqın Solçu Partiyadan olan deputatı Aleksandr Noy hesab edir ki, «qaçqınlar vətənlərində məhz avropalıların günahı ucbatından hər şeydən məhrum olub və indi, miqrantların alman cəmiyyətinə inteqrasiya olunması üçün şərait yaradılmalıdır».

Almaniya Nazirlər Kabinetinin rəsmisi Ulrike Demmer də hesab edir ki, ucdantutma, hər kəsdən şübhələnmək doğru deyil.

Amma bunun əksini düşünənlər də var; məsələn, Bavariyanın Xristian-Sosialist İttifaqı Partiyasından olan Baş naziri Xorst Zeexofer Merkelin qaçqınlara qarşı tolerantlığından məmnun olmadığını çoxdan açıq şəkildə ifadə edir. Üstəlik, miqrantların ölkəyə daxilolma qaydalarının sərtləşdirilməsini tələb edən almanların sayı getdikcə artır. Bundan başqa, rəsmi ritorika, həmçinin Fransa və Almaniya hökumətlərinin fəaliyyəti ölkədə radikal sağçı partiyaların populyarlığını artırır. İndi, daha sərt tələblərə də rast gəlinir; məsələn, Korsikadan olan separatçılar bəyan edib ki, «Fransa hökuməti adadakı fundamentalist məscidləri bağlamasa», müstəqillik məsələsi yenidən qaldırılacaq.

Aİ-də multikulturalizm siyasətindən narazılıq da artır. Çexiya Prezidenti Miloş Zeman bildirib ki, Avropa ölkələrinə yaşamaq icazəsi almayan bütün qaçqınlar deportasiya olunmalıdır, əks təqdirdə, Avropanı yeni terror dalğası gözləyir. O, miqrasiya dalğasını «mütəşəkkil müdaxilə» sayır və hesab edir ki, Merkel «Aİ-də miqrantların alqışlanması» siyasətinə yenidən baxmalıdır. Zeman əmindir ki, xristian Avropasında çoxmədəniyyətli cəmiyyətin yaradılması «mənasız ideyadır».

Britaniyalı avroparlamentari Devid Kobern də problemin kökünü süni yaradılmış multikulturalizmdə görür: «Biz miqrantları cəmiyyətimizə inteqrasiyaya məcbur etsəydik, bunlar baş verməzdi».

Həqiqətən də, Avropa ictimaiyyəti uzun müddət miqrant məhəllələri haqqında düşünməyi lazım bilməyib. Halbuki, onlar cinayətkarlığın, işsizliyin çiçəkləndiyi milli getto idi. İndi onlar xeyli genişlənib və məhəllə çərçivəsindən çıxıb. Artıq söhbət öz qanunları ilə yaşayan qapalı icmalardan gedir. Bu icmaların üzvləri aydın şəkildə göstərir ki, multikulturalizm, sadəcə, assimilyasiya prosesinin iflasını pərdələməkdən başqa bir şey olmayıb. Belə hesab olunur ki, heç kəsi inteqrasiyaya məcbur etmək olmaz, bu, tolerantlıqdan uzaqdır, insan haqlarına ziddir. Bununla yanaşı, Qərb cəmiyyətlərində hər şey onun özünə rahat formada qurulub. Qərbin tolerantlığı, hətta özlərinə gülməkdə («Şarli Ebdo» karikaturaları) də özünü göstərir, halbuki başqaları üçün bu, təhqir sayılır. Dünya bu məsələdə də Qərb dəyərlərinin universallığa iddia etdiyinin şahidi olur. Universal mədəniyyətin mümkünsüzlüyünü, heç bir qloballaşma prosesinin buna kömək etməyəcəyini ən yaxşı məhz Avropadakı miqrasiya böhranı nümayiş etdirir. Əgər multikultural cəmiyyət tarixən, tədricən formalaşmırsa - məsələn, müasir Azərbaycanda olduğu kimi - bu, cəmiyyətdə təhlükəli gərginlik yaradır. Bu halda ondan üçüncü qüvvələr istifadə edə bilər. Tolerantlıq sonda özünün tərs üzünü də göstərə bilər.



MƏSLƏHƏT GÖR:

449