3 May 2024

Cümə, 23:12

ƏRDOĞANIN PETERBURQ SƏFƏRİ

Rusiya ilə Türkiyə strateji tərəfdaşlığa qayıdır

Müəllif:

01.09.2016

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiyaya səfəri son həftələrin özünü regional inteqrasiya proseslərinin fəallaşması ilə göstərən əlamətdar siyasi hadisələrindən biri sayıla bilər. İki ölkənin lideri Rusiyanın vurulmuş «Su-24» bombardmançısı ilə bağlı faciədən sonra, ikitərəfli münasibətlərdə yaranmış böhranın tam aradan qaldırılması yolunda ciddi irəliləyişlərə nail olublar. 

«Vətəndaşlarımızın və ölkələrimizin ali maraqları münasibətlərimizin bərpasını tələb edir» 

Türkiyə Prezidentinin «əziz dostum» adlandırdığı rusiyalı həmkarı Vladimir Putinlə Sankt-Peterburqda apardığı danışıqların yekununda bildirib ki, o, Türkiyə HHQ tərəfindən Rusiya təyyarəsinin vurulmasını ikitərəfli münasibətləri pozan faciə kimi qiymətləndirir. İndi, görünən odur ki, hər iki ölkə ən sıx tərəfdaşlıq münasibətlərini bərpa etməyə tam hazırdır.

Vladimir Putin isə Rusiya-Türkiyə barışığını maraqlı formada xarakterizə edib: «Biz dövlətlərarası münasibətlərdə çox çətin dövrü yaşadıq. Lakin Türkiyə və Rusiya vətəndaşlarının maraqları naminə hamımız bu çətinlikləri aşmağı çox istəyirdik. Vətəndaşlarımızın və ölkələrimizin ali maraqları münasibətlərimizin bərpasını tələb edir».

Qeyd edək ki, Kremlin Türkiyədəki hərbi çevriliş cəhdi zamanı ölkənin qanuni hökumətinə dəstək verməsi Moskva-Ankara barışığını sürətləndirən ciddi amillərdən biri olub. «Bu, bizim prinsipial mövqeyimizdir: hər zaman istənilən qeyri-konstitusion əmələ qarşıyıq», - deyə Putin bildirib. Türkiyə Prezidenti həmkarına belə minnətdarlıq edib: «Çevriliş cəhdindən dərhal sonra etdiyiniz zəng şəxsən məni, həmkarlarımı və xalqımızı çox sevindirdi».

Putin Ərdoğanla Sankt-Peterburq görüşünü konkret mövzular ətrafında aparılan konstruktiv görüş adlandırıb. O, Moskva ilə Ankara arasında hərtərəfli münasibətlərin tam bərpası üçün imkanların olduğuna əminliyini bildirib. V.Putin deyib ki, Rusiya-Türkiyə münasibətləri böhrandanəvvəlki səviyyəyə yüksəlməkdədir. Onun bu fikrini Ərdoğan da təsdiqləyib: «Hər iki tərəf münasibətlərin böhrandan əvvəl olduğu səviyyəyə, hətta daha yüksək səviyyəyə yüksəldilməsi əzmindədir. Bunun üçün bizdə siyasi iradə var. Ölkələrimizdə ictimai rəy də bizdən bunu gözləyir».

Bununla yanaşı, Rusiya rəhbərliyi Ankara ilə münasibətlərin mərhələli şəkildə bərpa olunacağını göstərir. Moskva artıq rusiyalılara Türkiyəyə turist putyovkalarının satışına qoyulmuş qadağanı aradan qaldırıb. Yaxın zamanlarda Rusiyanın Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməsinə dair də danışıqlara başlanılacaq. Xatırladaq ki, bu rejim məhz hərbi təyyarə insidentindən sonra tətbiq olunub. İlin sonunadək Rusiya Türkiyədən kənd təsərrüfatı məhsullarının tədarükünə qadağanı da aradan qaldırmağı planlaşdırır.

Putin-Ərdoğan danışıqlarının yekununda iki ölkə arasında iqtisadi-ticari və elmi-texniki əməkdaşlığın bərpası planının hazırlandığı da məlum olub. Prioritet iqtisadi hədəf isə tərəflərin hələ «Su-24» insidentindən əvvəl müəyyənləşdirdiyi kimidir: Rusiya ilə Türkiyə arasında illik ticarət dövriyyəsinin həcmi 100 milyard dollara çatdırılmalıdır.

Rusiya-Türkiyə sammitinin vacib nəticəsi həm də prezidentlər Putinlə Ərdoğanın ölkələrinin müvafiq qurumlarına 2017-ci ilin ilk yarısında strateji planlaşdırma üzrə birgə qrupun görüşünün keçirilməsinə dair verdikləri tapşırıqdır. Bundan başqa, tərəflər bir sıra nəhəng layihələrin bərpası haqqında da razılığa gəliblər. Bu, ilk növbədə, Rusiyadan Qara dənizin dibi ilə Türkiyəyə qaz kəmərinin çəkilişini nəzərdə tutan «Türk axını» layihəsidir. Putinin sözlərinə görə, Rusiya qazının Türkiyəyə nəqli baxımından bu layihənin reallaşacağı şübhə doğurmur. Ərdoğan da öz növbəsində, Türkiyənin Rusiya qazının yalnız yerli deyil, həm də avropalı istehlakçılara çatdırılmasını təmin edəcəyini bildirib.

Daha bir layihəyə - rusiyalı atomçuların «Akkuyu» AES-i inşa etməsinə gəlincə, Ərdoğan Ankaranın ona «strateji investisiya» statusu vermək niyyətini açıqlayıb. O, bunun «mümkün qədər tez baş tutacağını» da söyləyib. Rusiya Prezidenti isə deyib: «Biz bu layihəyə strateji investisiya statusunun verilməsi məsələsini qaldırmışıq və bu gün istəyimizə müsbət cavab aldıq».

Türkiyə ilə Rusiyanın barışığının daha bir vacib nəticəsi onların ikitərəfli ticarətdə öz valyutalarından istifadəsi ola bilər. Hər halda, Ərdoğan belə ehtimalın olduğunu vurğulayaraq bildirib ki, ticarətdə dollar əvəzinə milli valyutalardan istifadə həm Rusiyaya, həm də Türkiyəyə sərf edəcək.

Moskva ilə Ankara arasında strateji tərəfdaşlığın sürətlə bərpasını dünya siyasətinin digər güc mərkəzləri, ilk növbədə, ABŞ ilə Avropa İttifaqı (Aİ) diqqətlə izləyir. Qərb Avro-Atlantik dairələr tərəfindən bərabərhüquqlu tərəfdaş kimi qəbul edilməyən iki Avrasiya fövqəldövləti olan Rusiya ilə Türkiyənin bir-birinə qarşı həyati əhəmiyyətli addımlar atmasından narahatlığını gizlətmir.

 

Qərb narahatdır

Rusiya-Qərb qarşıdurmasının kökləri hələ Sovetlər dövrünə gedib-çıxdığı halda, Türkiyənin ABŞ və Aİ ilə münasibətlərində ciddi problem nisbətən yaxın keçmişdə başlayıb. Son illər Ərdoğan Ankaranın xarici siyasətini şaxələndirməyə daha çox cəhd edir. İndi o, bir neçə onillikdir prioritet olan Qərblə müttəfiqliyi Yaxın Şərqdə daha ciddi təsir imkanları və Rusiya ilə tərəfdaşlığa dəyişir. Bu, əlbəttə ki, Qərbin xoşuna gəlmir. Halbuki onun özü Ankaranı uzaqlaşdıracaq addımlardan çəkinmir. Misal kimi, Aİ-nin Türkiyəni sıralarına buraxmaq istəməməsini göstərmək olar.

Türkiyədə bu yaxınlarda baş vermiş dövlət çevrilişinə cəhddən sonra isə Ankara-Qərb münasibətləri daha da pozulub. Türkiyə rəhbərliyi qiyamın təşkilində ABŞ-da yaşayan müsəlman vaiz Fətullah Güləni günahlandırır. Ankaranın iddiasına görə, qarşısı yalnız xalqın əksəriyyətinin qanuni hökumətə dəstəyi sayəsində alınmış hərbi çevriliş cəhdinin bir ucu məhz Birləşmiş Ştatlara gedib çıxır. Bununla yanaşı, Ərdoğan qiyamçıları dəstəkləməkdə yalnız Gülən tərəfdarlarını deyil, həm də amerikalı hərbçiləri günahlandırır. Bu, Ankara-Vaşinqton münasibətlərini ciddi sınaq qarşısında qoyur. Ərdoğan faktiki olaraq, ABŞ-ın ünvanına ultimatum səsləndirərək, onu Türkiyə ilə Gülənin terror təşkilatı arasında seçim etməyə çağırıb. Avropa ilə münasibətlərə gəlincə, Ankara Aİ ilə miqrasiya razılaşmasından imtina edə biləcəyini bildirir. O, bunun baş verməməsi üçün Brüsselin Türkiyə vətəndaşları üçün viza rejimini ləğv etməli olduğunu deyir.

Türkiyə ilə Qərb arasında getdikcə dərinləşən uçurum NATO xəttinə də keçə bilər. Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu bildirib ki, Ankara Şimali Atlantika Alyansından kənarda da müdafiə sənayesi sahəsində əməkdaşlıq məsələlərinin müzakirəsinə başlaya bilər. Nəzərə alsaq ki, bu bəyanat Ərdoğanın Sankt-Peterburq səfərindən dərhal sonra səsləndirilib, Ankaranın Rusiyaya tərəf strateji istiqamət götürə biləcəyini istisna etmək olmaz. Türkiyənin NATO-dan çıxmasını, aparıcı Qərb fövqəldövlətləri ilə hərbi əlaqələri kəsməsini təsəvvür etmək çətin olsa da, tərəflər arasında münasibətlərin, ilk növbədə, Avro-Atlantik məkanın Türkiyəni bərabərhüquqlu üzvü kimi görmək istəməməsi üzündən pisləşməsi tendensiyası bu nəticələri də istisna etmir.

 

Suriya məsələsi

Türkiyə Prezidentinin ikitərəfli münasibətlərdə yeni yüksəlişə imkan yaratmış Rusiya səfərinin yekunlarından danışarkən, bir məqamı da mütləq qeyd etmək lazımdır: Ankara ilə Moskva arasındakı uğurlu dialoq bitişik regionlarda, məsələn, Yaxın Şərq və Cənubi Qafqazda təhlükəsizlik və əməkdaşlıq baxımından da mütləq müsbət nəticələr verəcək. Rusiya-Türkiyə əməkdaşlığının Yaxın Şərq aspektinə Suriya nizamlanması perspektivi nöqteyi-nəzərindən baxmaq lazımdır. Bu məsələdə onları birləşdirən məqam hər iki dövlətin Suriyanı vahid dövlət kimi görmək istəyidir. Tərəflərin bu məsələdəki fikir ayrılığı yalnız Suriyanın gələcəyində hazırkı Prezident Bəşər Əsədə yer olub-olmaması ilə bağlıdır. ABŞ və Qərb isə Suriyanın parçalanması ssenarisinə üstünlük verir. Bu zaman onlar, ilk növbədə, ölkənin kürdlər yaşayan bölgəsinə muxtariyyət verilməsini tələb edən kürd təşkilatlarını dəstəkləyir. Sonuncu amil, şübhəsiz ki, kürd separatçıları və terrorçuları ilə illərdir mübarizə aparan Türkiyə üçün qəbulolunmazdır.

Türkiyə Prezidenti Ərdoğan Suriyada Əsəd hakimiyyətinin qorunub-saxlanılmasının qəti əleyhdarı olsa da, Türkiyənin vahid Suriya dövlətinin qorunub-saxlanılmasındakı marağı Ankara ilə Moskvanın maraqlarının üst-üstə düşməsinə imkan verir. O, Suriya ərazisində «İslam Dövləti» (İD) ilə mübarizə apararaq, Bəşər Əsəd rejiminin güclənməsinə kömək etsə belə. Ərdoğanın Suriya probleminin Rusiyanın iştirakı olmadan çözülməsinin mümkün olmadığını etiraf etməsi heç də təəccüblü deyil. Türkiyənin Müdafiə naziri Fikri İşık isə ölkəsinin Suriya məsələsində Moskva ilə əməkdaşlığa hazır olduğunu söyləyib. İşıkın sözlərinə görə, bu istiqamətdə əməkdaşlığa dair razılaşma Rusiya və Türkiyə liderlərinin danışıqları zamanı əldə olunub. Ankaranın “İD”yə qarşı Moskva ilə birlikdə mübarizə aparmaq təklifinə də bu konteksdə baxılmalıdır.

Bundan başqa, Suriya probleminin vahid dövlətin qorunması prinsipi əsasında həlli üçün Rusiya-Türkiyə-İran formatının yaranması ehtimalı da var. Bakıda keçirilmiş Rusiya-İran-Azərbaycan üçtərəfli danışıqlarına, həmçinin Azərbaycanın Türkiyə ilə Rusiya, həmçinin Türkiyə ilə İran arasında mehriban qonşuluq və tərəfdaşlıq münasibətlərinin qurulmasında regional körpü rolunu oynadığına istinad edən ekspertlərin fikrincə, Moskva, Ankara və Tehranın yaxınlaşmasında mərkəz məhz Bakı ola bilər. Söhbət həm də Suriya münaqişəsinə son qoyulması məsələsindən gedə bilər.

Ərdoğan Sankt-Peterburqda səfərdə olarkən, Türkiyə-Azərbaycan-Rusiya üçtərəfli formatının yaradılmasının mümkünlüyünü bəyan edib. O, bu məsələni rusiyalı həmkarı Putinlə müzakirə də edib. Demək, Cənubi Qafqazda əsas rollardan birinin Azərbaycanın üzərinə düşdüyü inteqrasiya prosesləri sürətlənir.

Bu yerdə Ərdoğanın bir bəyanatına xüsusi diqqət yetirmək lazımdır: «Bu gün mən və dostum Vladimir Putin münasibətlərimizin normallaşdırılması məsələsində oxşar mövqe ortaya qoyduq. Regionda sabitlik naminə ölkələrimizin potensialından istifadə etməliyik».

Əlbəttə ki, ərazi münaqişələri inteqrasiya proseslərinin fəallaşmasına, Cənubi Qafqazda və həmsərhəd regionlarda tammiqyaslı əməkdaşlığın inkişafına mane olur. Bu mənada, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması xüsusi önəm qazanır.

Şübhəsiz ki, Rusiya ilə Türkiyə arasında strateji tərəfdaşlığın qurulması Qarabağ probleminin yalnız erməni qoşunlarının Azərbaycan ərazilərinin işğalına son qoyması ilə mümkün olan həllinə də müsbət təsir göstərə bilər. Rusiya-Türkiyə yaxınlaşmasını təcavüzar ölkə olan Ermənistanın bu qədər ehtiyatla, hətta narazılıqla qəbul etməsi də bununla bağlıdır. Axı o, Moskva ilə müttəfiqlik münasibətlərindən Qarabağ münaqişəsi regionunda status-kvonun qorunub-saxlanması üçün istifadə etməyə çalışır.

Beləliklə, Rusiya ilə Türkiyə arasındakı hərtərəfli əməkdaşlıq Ermənistanın regionda sülhə və sabitliyə mane olan destruktiv siyasətinin gec-tez tam iflasa uğramasına aparıb çıxara bilər.



MƏSLƏHƏT GÖR:

379