28 Aprel 2024

Bazar, 02:35

TARİXİ SAMMİT

Azərbaycan, İran və Rusiya prezidentlərinin Bakı sövdələşmələri regiona ciddi dəyişikliklər vəd edir

Müəllif:

01.09.2016

Rusiya, Azərbaycan və İran liderlərinin ilk üçtərəfli sammitini artıq tarixi görüş adlandırırlar. Bu, heç də şişirtmə deyil. Axı Bakıda keçirilmiş yüksəksəiviyyəli görüşdə faktiki olaraq, regional əməkdaşlığın yeni formatının əsası qoyulub. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu yeni formatın böyük potensialı var və o, sülh, təhlükəsizlik və sabitliyin təmininə xidmət edəcək. Azərbaycan lideri onu da xüsusi olaraq vurğulayıb ki, mehriban münasibətlər və qarşılıqlı hörmət, xoş iradə varsa, səylər isə səmimi xarakter daşıyırsa, hətta qeyri-sabit, böhranlı və münaqişəli regionda belə, əməkdaşlığı dərinləşdirmək olar. Və ən başlıcası, müşahidəçilərin də ümid etdiyi kimi, yeni üçtərəfli dialoq Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinin irəli aparılmasına kömək edə bilər.

Bu görüşün keçirilməsinə bir sıra amillər rəvac verirdi - İrana tətbiq olunmuş beynəlxalq sanksiyaların aradan qaldırılması, Rusiya-Türkiyə münasibətlərinin qaydaya düşməsi, Rusiyada iqtisadi resessiyanın aşılması və s. Amma ən önəmli amil, Tehran və Moskvanın da etiraf etdiyi kimi, Bakının vasitəçi rolu idi. Məhz bu təşəbbüs olmasaydı, bu cür yüksəksəviyyəli sammit baş tutmazdı.

Üçtərəfli görüşdə, həmçinin ikitərəfli formatda baş tutmuş danışıqlarda bir çox məsələlər müzakirə olunub - nəqliyyat və kommunikasiya, maliyyə, bank və sığorta sektorlarında əməkdaşlıq, azad ticarət və bu konteksdə ticarət tariflərinin aşağı salınması, investisiya, yeni istehsalat, təhlükəsizlik, terrorçuluqla mübarizə, Xəzər dənizinin statusu və s. Müzakirə olunan bütün məsələlərlə bağlı mövqelər bu və ya digər dərəcədə razılaşdırılıb. Bu mənada, Bakı sammitinin bir çox dünya KİV-in analitik icmallarında diqqət mərkəzində olması təsadüf deyil. Güman ki, əldə edilmiş razılaşmalar əsasında regiondakı gələcək dəyişikliklər daha çox diqqət çəkəcək.

 

İqtisadiyyat: nəqliyyat və energetika

İran Prezidenti Həsən Ruhani Azərbaycana sammitdən bir gün əvvəl geniş nümayəndə heyəti ilə gəlmişdi. Qeyd edək ki, son illərdə Azərbaycan-İran əməkdaşlığı durmadan inkişaf edir və cəmi yarım il əvvəl, fevralda Azərbaycan Prezidenti İlham Əliyev Tehrana rəsmi səfər də edib. İrana tətbiq olunmuş beynəlxalq sanksiyalar aradan qaldırıldığından, həmçinin Azərbaycanda aparılan iqtisadi struktur islahatları və ixracın stimullaşdırılması səbəbi ilə orta perspektivdə iki ölkə arasındakı ticarət dövriyyəsinin 1 milyard dollara çatacağı gözlənilir. Ruhani ölkəsinin iki ölkə arasında azad ticarətin qurulacağına ümid bəslədiyini xüsusi vurğulayıb.

«Avrasiya İqtisadi İttifaqı ölkələri ilə rüsumlar ləğv edilib və biz eyni razılaşmanı Azərbaycanla da əldə etmək istəyirik», - deyə İran Prezidenti bildirib.

Ümumiyyətlə, iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq qurulmaqdadır; məsələn, Neftçala şəhərində «İran Xodro» şirkətinin avtomobil zavodunun təməli qoyulub. O, ildə 10 min avtomobil istehsal etmək gücündə olacaq. Bundan başqa, yaxın zamanlarda Azərbaycanda dərman preparatları istehsal edəcək zavodun açılması da planlaşdırılır. O, İran texnologiyası ilə işləyəcək.

İran öz qazını Azərbaycanın yeraltı qaz anbarına vurmaqda, onu Avropaya ixrac etməkdə də maraqlıdır. Hazırda tərəflər arasında Xəzər dənizində neft-qaz yataqlarının işlənməsi perspektiv idə müzakirə olunur. Tərəflər turizm sahəsinə də xüsusi diqqət ayırır. Bu sahədə əməkdaşlığın inkişafı üçün aviareyslərin sayının artırılması, gömrük prosedurlarının sadələşdiriməsi və viza rejiminin ləğvi tələb olunur.

Rusiya-Azərbaycan ikitərəfli əməkdaşlığına gəlincə, Vladimir Putinlə birlikdə Bakıda dövlətin bir sıra önəmli şəxslərinin gəlməsi özü-özlüyündə diqqətəlayiqdir: Baş nazirin müavini Dmitri Roqozin, Xarici İşlər naziri Sergey Lavrov, Energetika və Nəqliyyat nazirləri Aleksandr Novak və Maksim Sokolov, İqtisadiyyat naziri Aleksey Ulyukayev, Rusiya Dəmir Yolları ASC-nin vitse-prezidenti Aleksandr Mişarin, «Rosneft»in başçısı İqor Seçin.

Putinin sözlərinə görə, Azərbaycan Moskvanın postsovet məkanındakı xarici ticarət tərəfdaşları arasında beşinci yerdədir. Lakin tərəflər arasında ticarət dövriyyəsinin artırılması imkanları çoxdur - nəqliyyat-tranzit sahəsindən tutmuş, hərbi-texniki əməkdaşlığadək.

Elə Bakı səfərinin gedişində Dmitri Roqozin Azərbaycanda təyyarələrin yığılması üçün zavodun açılacağı, həmçinin vertolyot texnikasının müasirləşdirilməsi üçün mərkəzin fəaliyyətə başlayacağı məlum olub. Bundan başqa, yaxın zamanlarda dərman preparatlarının istehsalı üzrə Azərbaycan-Rusiya birgə müəssisəsi açılacaq.

Bütün bunlarla yanaşı, Rusiya iqtisadiyyatına yatırılan Azərbaycan investisiyalarının həcmi də milyonlarla dollardır.

İran, Rusiya və Azərbaycan prezidentlərinin Bakı sammitində iqtisadiyyat, siyasəti və təhlükəsizlik məsələlərini özünə çəkərək, birinci yerdə dururdu.

Danışıqlarda «Şimal-Cənub» beynəlxalq nəqliyyat layihəsi çərçivəsində daşımalar və digər investisiya infrastruktur layihələri diqqət mərkəzində olub.

«Şimal-Cənub» nəqliyyat dəhlizi Şimali Avropanı Cənub-Şərqi Asiya ilə birləşdirərək, ilk növbədə, Hindistandan, İrandan və Fars körfəzi ölkələrindən Rusiya və Avropaya yüklərin daşınması üçün nəzərdə tutulub. O, Süveyş kanalına alternativ olacaq - dəhliz bu istiqamətdə yüklərin daşınma vaxtına, demək, həm də qiymətinə 2 dəfədən çox qənaət olunmasına imkan verəcək. İlkin mərhələdə dəhlizlə ildə 5 milyon ton, daha sonra 10 milyon tondan artıq yükün daşınması nəzərdə tutulur. Qeyd edək ki, bu, yeni ideya deyil. Onun barəsində hələ 1990-cı illərdə danışılırdı. Layihənin reallaşdırılmasına yönəlmiş konkret addımların atılmasına isə 2000-ci illərin əvvəllərində Rusiya, İran və Hindistanın iştirakı ilə başlanılıb. Lakin o vaxtdan sonra bu istiqamətdə ciddi bir iş görülməyib. İndi onun reallaşdırılması üçün ən ideal geoiqtisadi şərait yaranıb.

İlham Əliyevin dediyi kimi, «Şimal-Cənub» nəqliyyat dəhlizi iştirakçı ölkələr üçün böyük əhəmiyyətə malik layihədir. Onun vasitəsilə Azərbaycan vacib nəqliyyat xabına çevrilir, Fars körfəzi və Asiya ölkələrinə çıxış əldə edir. Rusiya da eyni üstünlükləri qazanmaqla yanaşı, məsələn, taxılı üçün satış bazarları qazanır. Yeri gəlmişkən, onun taxılını almaqda Tehran da maraqlıdır. Əvəzində, Rusiya İrandan meyvə-tərəvəz və digər məhsullar idxal edə bilər. Buraya sənaye yüklərini, həmçinin neft və neft məhsullarını da əlavə edə bilərik.

İrana gəlincə, Tehran üçün yüklərin ölkə əhalisinin əksəriyyətinin yaşadığı Şimaldan əldə etmək daha sərfəlidir.

Qeyd edək ki, Bakı görüşündən əvvəl, iyulun sonunda Hindistanın Xarici İşlər nazirinin müavini Sucatı Mehta da Azərbaycana səfər etmiş və burada «Şimal-Cənub» dəhlizinə dair müzakirələr aparmışdı. Bu mövzuda Tehranla Dehli arasında ayrıca danışıqlar aparılıb.

Layihə çərçivəsində görülməli olan ilk iş Azərbaycan və İranın dəmir yollarının birləşdirilməsidir. Söhbət Rəşt (İran)-Astara (Azərbaycan) (Qəzvin-Rəşt-Astara) dəmir yolu magistralının tikintisinin başa çatdırılmasından gedir. İran-Azərbaycan-Rusiya dəmir yolunun fasiləsiz işləməsi üçün çatışmayan məhz bu 172 kilometrlik hissədir. Bu mürəkkəb infrastruktur layihəsi çoxsaylı tunellərdən, körpülərdən, dağlıq hissələrdən ibarətdir. Onun inşası İran və Azərbaycan tərəfindən 50/50 prinsipi ilə maliyyələşdirilir. Layihə çərçivəsində vacib məqamlardan biri İran və Azərbaycan Astaralarının birləşdirilməsidir. Bu ilin aprelində bu məqsədlə Astara çayı üzərindən 82,5 metr uzunluğunda körpünün təməli qoyulub. Onun üzərində iki dəmir yolu xətti keçəcək.

Bundan başqa, vacib layihələr sırasında 3 ölkənin - Azərbaycan, İran və Rusiyanın elektrik enerjisi sistemlərinin birləşdirilməsi ilə bağlı birgə həyata keçirdiyi layihəni, həmçinin Rusiya və digər Xəzəryanı ölkələrdən qaz nəqli üçün dəhlizin yaradılmasını göstərmək olar. İran-Azərbaycan-Rusiya «Şimal-Cənub» enerji dəhlizi Avropa ilə Asiyanın enerji sistemlərinin birləşdirilməsi üçün əsas ola bilər. İlkin mərhələdə isə onun vasitəsilə Rusiyadan Azərbaycana, buradan isə İrana elektrik enerjisi ixrac olunacaq. Nəticədə, Bakı elektrik enerjisinin ixracı və tranzitini həyata keçirən bənd kimi, mövqeyini gücləndirəcək.

 

Qarabağ münaqişəsi: Ermənistan hərzamankı kimi, kənarda qalıb

Bütün bu iddialı, lakin tamamilə real, lazımlı layihələrin həyata keçirilməsi üçün regionda sabitliyə ehtiyac var. Bu səbəbdən də Bakı sammitinin iştirakçıları regionda təhlükəsizliyin təmininin, terrorçuluqla mübarizənin vacibliyini xüsusi vurğulayıb. Bu konteksdə əsas təhlükə, əlbəttə ki, Qarabağ münaqişəsindən gəlir.

Aydındır ki, iqtisadiyyatla yanaşı, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesi Bakı görüşünün vacib mövzularından olub. Bakı Bəyannaməsində xüsusi vurğulanır ki, «regionda həll olunmamış münaqişələr regiona əməkdaşlığa əsas maneədir». Bununla əlaqədar olaraq, «həmin münaqişələrin tezliklə danışıqlar yolu ilə, beynəlxalq hüquq norma və prinsipləri ilə, bu çərçivədə qəbul olunmuş qərar və sənədlərə uyğun həllinin vacibliyi» vurğulanır. Bu formul Azərbaycanın mövqeyi ilə tam üst-üstə düşür - Bakı münaqişə bölgəsindəki status-kvonun dəyişməli olduğunu bildirir. İndi, sadəcə bu istiqamətdə real tədbirlər görülməlidir.

Doğrudur, hələ ki, konkret qərarlar yoxdur, lakin bu, prosesdə hər hansı irəliləyişin olmadığı anlamına gəlmir. Hər halda, bütün amillər bu istiqamətdə işlərin aparıldığını göstərir. Hazırkı fonu nəzərə alsaq, onun intensiv xarakter daşıdığına şübhə yoxdur. Ruhani Bakıda bir daha bildirib ki, Tehran Azərbaycanın ərazi bütövlüyünə hörmətlə yanaşır. O, ölkəsinin hər zaman Azərbaycanın ərazi bütövlüyünün bərpasına çalışdığını söyləyib.

Putin də öz növbəsində, bildirib ki, «kompromisin əldə olunması ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyin etməsi prinsipləri arasında optimal balansın tapılmasını nəzərdə tutur».

«Elə razılaşma əldə olunmalıdır ki, tərəflərdən heç bir özünü nə məğlub, nə də qalib hiss etsin. Güzəştlər qarşılıqlı, faydalar hər iki ölkənin - Azərbaycanın və Ermənistanın ictimai rəyi üçün aydın olmalıdır. Rusiya isə Minsk qrupunun bir sıra digər ölkələri kimi, qarant kimi çıxış edə bilər», - deyə Rusiya Prezidenti qeyd edib.

Bir çox müşahidəçilər elə qənaətə gəlib ki, əsas vasitəçilik ümidinin bəsləndiyi Rusiya Prezidenti məsələyə birbaşa cavab verməkdən yayınıb. Dağlıq Qarabağ münaqişəsinin həllinə hansı praktiki addımların yol aça biləcəyi hələ də aydın deyil. Hələ də illərdir, ətrafında uzun-uzadı danışıqlar aparılan gümanlar var. Lakin indi hərzamankından daha aydın olan bir mənzərə yaranıb: istənilən addım özündə Azərbaycan ərazilərinin işğaldan azad olunmasını əks etdirməlidir. Başqa yol yoxdur. Putinin Bakı sammitindən bir gün sonra Moskvaya səfər etmiş Ermənistan prezidenti Serj Sarqsyan ilə məhz bu haqda danışıb-danışmadığı məlum deyil.

Sarqsyan isə İrəvanın Rusiya Prezidentinin intensiv xarici siyasi əlaqələrini diqqətlə müşahidə etdiyini vurğulamağı lazım bilib. Söhbət, xüsusilə Putinin Bakıdakı müzakirələrindən, bir qədər sonra isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə görüşündən gedir. Yeri gəlmişkən, Kreml rəhbərinin səfərləri və danışıqları Ermənistanda çoxlarının ürəyincə olmayıb. Yerli KİV və ictimaiyyət istehza ilə bildirir ki, «Putin çay içmək üçün İlham Əliyevin evinə gedir, Sarqsyanı isə Moskvaya çağırır, halbuki, balansın qorunması üçün o, Bakıdan İrəvana da yollana bilərdi». Amma hansısa səbəbdən o, bunu etməyib. Rusiya liderinin marşrutunda hansısa gizli mənanın olub-olmadığını söyləmək çətindir. Əslində, göz qarşısında olan faktlara nəzər yetirmək daha asandırsa, buna nə ehtiyac var?

Vəziyyət elədir ki, Ermənistan təcavüzkar siyasəti üzündən yeni nəqliyyat layihəsindən kənarda qalır. Bu yerdə «Şimal-Cənub» marşrutuna İrəvanın da maraq göstərdiyini yada salmaq lazımdır. Hətta 2009-cu ildə Ermənistanda Ermənistanla İran arasında yolun çəkilişinə və layihənin maliyyələşdirilməsinə məsul olan «Şimal-Cənub dəmir yolunun tikintisi üzrə direksiya» da yaradılıb. Amma bu, heç bir nəticə verməyib - Ermənistan-İran xətti Azərbaycan-İran marşrutundan iki dəfə uzun, texniki baxımdan daha çətin və müvafiq olaraq, bahadır. Üstəlik, İrəvanın sponsorluq imkanları da kifayət qədər şübhəlidir. Bundan başqa, sırf coğrafi baxımdan, İran-Ermənistan yolu heç yerə aparıb çıxarmır. Çünki o, İranı Rusiya ilə birləşdirə bilməz. Bütün bunlar orta məktəb şagirdinə də aydın olan məsələlərdir. Amma kommunikasiya baxımından dünyadan ayrı düşmüş Ermənistanda vəziyyəti dəyişmək üçün siyasi iradə yoxdur. Onun təcavüzkar siyasəti hər dəfə sağlam düşüncəyə üstün gəlir ki, bu da çox acınacaqlıdır. Nəticədə, Ermənistan iqtisadi tərəfdaş və etibarlı tranzit ölkə kimi, artıq demək olar ki, heç kəsə maraqlı deyil. Ermənistan KİV özü etiraf edir ki, Putin Bakıda nəhəng beynəlxalq layihələrdən, müqavilələrdən, iddialı gələcəkdən danışıbsa, Sarqsyanla cəmi 2 gün sonra keçirdiyi görüşdə, sadəcə, Ermənistandan kənd təsərrüfatı məhsullarının tədarükündəki artımı vurğulayıb. Bu da Türkiyə ilə münasibətlərin pisləşməsi fonunda qeydə alınmış nəticə idi ki, həmin mərhələni artıq geridə qalmış saymaq olar.

Bilavasitə Qarabağ probleminə gəlincə, Putin Sarqsyan ilə danışıqların yekununda bir daha məsələnin iqtisadiyyatla əlaqəsini vurğulayıb, bildirib ki, «bütün infrastruktur və iqtisadi məhdudiyyətləri aradan qaldırmaq iqtisadiyyatın inkişafına və deməli, insanların daha yaxşı yaşamasına şərait yaratmaq üçün» münaqişənin həlli Ermənistan üçün də «son dərəcə vacibdir». Ermənilərin «Rusiyanın Bakını silahlandırmaqda davam etdiyi» haqqında narahatlıqdolu sualını cavablandırarkən isə Putin Azərbaycanın iqtisadi gücünü xüsusi vurğulayıb. Onun sözlərinə görə, «Azərbaycan kimi, təxminən, 10 milyon əhalisi olan, iqtisadiyyatı sürətlə inkişaf edən, kifayət qədər böyük qızıl valyuta ehtiyatlarına sahib neft hasilatçısı ölkə, əlbəttə ki, istənilən ölkədən silah almaq iqtidarındadır». 

Necə deyərlər, əlavə şərhə ehtiyac yoxdur.

  

Müsbət dəyişikliklərin müjdəçisi

Əksər müşahidəçilər Bakı görüşünü böyük potensiala malik sammit kimi dəyərləndirib. Bununla yanaşı, qeyd etmək lazımdır ki, 3 karbohidrogen fövqəldövləti - Rusiya, ABŞ, İran - «qara qızıl»ı deyil, nəqliyyat kommunikasiyaları və logistika məsələlərini müzakirə edib. Məhz Azərbaycan üçün ən vacibi, bunun ölkəni nəinki enerji əməkdaşlığı mərkəzinə, həm də effektiv diplomatik əməkdaşlıq məkanına çevirməsidir. Bakının rahat əməkdaşlıq formatı kimi təklif etdiyi «üçbucaqlar» həqiqətən də məhsuldar alınır. Hər halda, artıq Azərbaycan-İran-Türkiyə və Azərbaycan-Gürcüstan-Türkiyə xətləri üzrə belə dialoq gedir. Üstəlik, daha miqyaslı formatlar da müşaihdə olunmaqdadır; məsələn, Türkiyə-Rusiya-Azərbaycan-Qazaxıstan: Bakı sammitindən az əvvəl Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Türkiyəyə növbəti məhsuldar səfərini etmişdi.

Təməlində ümumi tarixin, coğrafi yaxınlığın, birgə layihələrin dayandığı yeni geosiyasi təşəbbüs çox şeyə qadirdir. Ümid edək ki, o, Qarabağ münaqişəsinin həlli yollarının axtarılması üçün stimul da olacaq. Sonda bir çox müsbət dəyişikliklərin və sülh təşəbbüslərinin müjdəçisi məhz iqtisadi qazanc olur. Bu, Azərbaycanda əsası hələ Heydər Əliyev tərəfindən qoyulmuş məqsədyönlü siyasət olub və indi biz onun nəticələr verməyə başladığını müşahidə edirik. Ermənistanın inadkar və təcavüzkar siyasəti isə istər İran və Rusiya, istər Türkiyə və Gürcüstan, istərsə də digər dövlətlərə milyardlarla dollar ziyan vura bilər. Demək, ona kollektiv təzyiqin göstəriləcəyinə ümid etmək olar.



MƏSLƏHƏT GÖR:

379