26 Aprel 2024

Cümə, 20:59

SÜLH və ŞƏFQƏT POLİFONİYASINDA

Orqançı-bəstəkar Arif MİRZƏYEV: «Əgər bizim planet qəfildən orkestr kimi səslənsə, bu, Baxın musiqisi olardı»

Müəllif:

15.09.2016

Arif Mirzəyev - tanınmış azərbaycanlı bəstəkar və orqançı, Azərbaycanın Əməkdar artistidir, hazırda Almaniyada yaşayır. O, planetin bir çox faciəvi günlərinə həsr etdiyi əsərləri ilə tanınır - «Yanvar mərsiyələri», «İki göydələnin qurbanlarının xatirəsinə Nyu-York passionları», «Ledi Dianaya sarabanda», «Xocalıda qurbana çevrilən uşaqlara laylay», ««Kursk» sualtı qayığı qurbanlarına» və s.

O, bütün dünyada Azərbaycan dini-memorial orqan və polifoniya musiqisinin banisi kimi tanınır. Amma bununla yanaşı o, parlaq estrada mahnıları və caz kompozisiyaları da yazıb. Onun musiqiləri Mərkəzi Televiziyanın «Musiqili köşk» və «Artloto» verilişlərində səslənib, sovet illərində Lev Leşenko, İosif Kobzon, Zaur Tutov, Qalina Uletova tərəfindən ifa edilib.

1979-cu ildən o, Azərbaycan və Rusiya Bəstəkarlar ittifaqlarının üzvüdür, həmçinin Almaniyanın Leypsiq şəhərində yerləşən Bax adına yeni Beynəlxalq Musiqi Cəmiyyətinin fəxri üzvüdür. O, Azərbaycan musiqisində polistilistikanın yaradıcısıdır, yəni onun bir əsərində müxtəlif dövr və üsulların musiqisi səslənir.

Arif Mirzəyevin polistilistikası real olaraq beş layda yerləşir: Azərbaycanın muğam imporvizə musiqisi fransız və alman, eləcə də italyan və ingilis barokkosu ilə sintez edilir. Çox tezliklə tanınmış bəstəkar VIII Beynəlxalq Üzeyir Hacıbəyov Musiqi Festivalında təqdimatla iştirak edəcək - orqan ustası Natella Quliyevanın ifasında İkinci barokko orqan simfoniyası «Üzeyir Hacıbəyov» səslənəcək. Simfoniya dahi bəstəkarın orjinal mövzularının altı variasiyasına həsr edilib. Festival ərəfəsində «R+»un müxbiri Bakıda maestro ilə görüşüb.

- Arif müəllim, necə oldu ki, musiqiyə gəldiniz?

- Mən orqanı ilk dəfə beş yaşımda görüb eşitmişəm, səsinin gücü və uzunluğu ilə məni heyran etmişdi. Biz evdə beş uşaq idik və hər birimiz musiqi alətlərində ifa edirdik. Amma yalnız məndə və mənim rəhmətlik böyük qardaşımda, tanınmış simfoniyaçı bəstəkar Musa Mirzəyevdə alındı…   

Hər şey ondan başladı ki, atam Lənkərandan Bakıya köçdü və ölkədən gedən böyük bir alman ailəsindən səkkizotaqlı bir mənzil satın aldı. Bu aliənin uşaqlarının hər biri hansısa alətdə çalırdı. Bizə çox ucuz qiymətə «Bechstein» royalı, «Linke-Berlin» pianosu, fleyta, arfa, fisqarmon və klavesin qoydular. Baxın əsərlərinin notları da vardı. Gördüyünüz kimi, mənim Bax sevgim təsadüfi deyil.

Hər şeydən çox fisqarmondan xoşum gəlirdi, bu məni çox sevindirirdi və əyləndirirdi. Baxın «Tokkata»sını və «Fuqu re-minor»u italyan filmi «Şöhrətin prelüdü»ndə eşitmişdim.  Bizim evdə hər mərtəbədə musiqiçi tələbələr qalırdı. Onlar Baxdan çox məşq edirdilər - əsl canlı filarmoniya idi.

Əvvəlcə mən istedadlılar üçün musiqi məktəbində oxudum və üçüncü sinifdə ilk bəstəmi yazdım, sonra təhsilimi orta ixtisas musiqi məktəbində Xəyyam Mirzəzadnin yanında kompozisiya sinfi üzrə oxudum. 1974-cü ildə isə konservatoriyada böyük bəstəkar, professor Qara Qarayevin sinfini bitirdim. O bizə xalq musiqisinin dərin laylarında cücərtilər axtarmağı öyrədirdi. Daha sonra peşəkarlığımı təkmilləşdirmək üçün Moskvaya getdim və Moskva Konvervatoriyasından orqançı diplomu  aldım.

Mənim kumirim Sebastyan Bax idi və 300 illiyinə «Baxın xatirəsinə orqan simfoniyası»nı yazmışam. Mən həmin simfoniyanı yazanda Bax yuxuma girdi və mənə bildirdi ki, doğru yoldasan, sadəcə, dözməlisən. Simfoniyaya görə beynəlxalq «Baxın varisləri» gümüş medalına layiq görülmüşəm.

- Sizi Rusiya ilə daha nə birləşdirir?

- Mən 25 il Moskvada yaşamışam. Rusiyaya minnətdaram ki, burada məni ilk dəfə ümumittifaq səviyyəsində istedadlı bəstəkar və musiqiçi kimi qəbul etdilər.  İri nəşriyyatlar əsərlərimi çap etdi, musiqim Moskva və Leninqradın ən yaxşı zallarında, Mərkəzi Televiziyada və Ümumittifaq Radiosunda səsləndi.

İki dəfə ölkənin ən yaxşı beş bəstəkarı sırasında Rusiya Dövlət Mükafatına nominat oldum - 2000 və 2002-ci illərdə «Baxın xatirəsinə orqan simfoniyası»na və həmin illərə qədər beynəlxalq səviyyədə tanınan islam matəm messası «Yanvar mərsiyəsi»nə görə. Hazırda mən Rusiya vətəndaşlığını saxlayıram, amma Almaniyanın Fulde şəhərində yaşayıram.

- Almaniyaya necə getdiniz?

- Hələ orta ixtisas musiqi məktəbində və konservatoriyada oxuyandan mən Almaniyaya getmək və Baxın qəbrini ziyarət etməyi arzulayırdım. Mənim yaradıcılığım alman klassik polifoniyası və barokko musiqisi ilə əlaqəli olduğundan bu mənim üçün sadəcə vacib idi. Həmin vaxtlar mən öz musiqi ustalığımı təkmilləşdirmək niyyətindəydim. Perspektivdə bu mənə çox kömək elədi - 13 il ərzində mən iki iri orqan musiqisi cildi yaratdım.

Amma mən burada da doğma torpağımı və xalqımı unutmuram. Azərbaycan musiqisinə həsr edilmiş ilk yubiley konsertini mən Berlində keçirdim. Azərbaycanda baş vermiş hadisələrə yeni əsərlərimlə diqqət yetirirəm. Xor, orqan, orkestr və iki solist üçün yazılmış «Yanvar mərsiyəsi» Bakıda 1990-cı illərdə baş vermiş faciəli hadisələrə həsr edilib. Üzeyir  Hacıbəyovun xatirəsinə həsr edilmiş «Azərbaycan» simfonik mənzərəsi, Vaqif Mustafazadəyə həsr edilmiş, iki royal üçün yazılmış və birlikdə duetlə ifa etdiyimiz caz konsertinosu və digərləri var.   

- Sizin yaradıcılığınızda çox sayda memorial musiqi var…

- Təbitcə mən çox ürəyiyumşaq adamam. 1996-cı ildə mənim Böyük Britaniyaya ilk qastrol səfərim ərəfəsində Şotlandiyadan Moskvaya mənə bir nəfər tanımadığım orqançı Maykl Koll zəng eləmişdi. O dedi ki, məni İnternetdən memorial musiqi ustası kimi tanıyır və həm də ona məlumdur ki, mən Edinburq və Yorkda öz simfoniyamın təqdimatında ifa edəcəm. O, gözlənilməz şəkildə məndən Şotlandiyanın kiçik Dambleyn şəhərində terrorçular tərəfindən güllələnmiş 16 uşaq və müəllimənin xatirəsinə oqran üçün kədər pyesi yazmağı xahiş etdi. «Dambleyn uşaqlarına laylay» orqan pyesi bir gün ərzində yazıldı. Mən elə təsvir etdim ki, sanki uşaqlar həlak olmayıblar, yuxuya gediblər. Sonra məlum oldu ki, mənim əsərim Dambleyndə memorial liturgiya mərasimində ifa edilib, mərasimdə Böyük Britaniya kraliçası İkinci Yelizaveta və Uels şahzadəsi Çarlz da iştirak ediblər.

“BBC” telekanalının memorial xidmətinin xüsusi reportajlar bölməsində   sənədli videokadrlar var, orada qeyd edilir ki, bu kədərli hadisəyə Azərbaycan bəstəkarı Arif Mirzəyev öz memorial əsəri ilə diqqət yetirib.

- Niyə sizi Qərbdə «Şərqin Sebastyan Baxı» adlındırırlar?

- Ona görə ki, mən böyük bəstəkardan çox şey öyrənmişəm. Əgər bizim planet qəflətən orkestr kimi səslənsə idi, bu, Baxın musiqisi ola bilərdi. Klavesinlər knyazı və orqançılar kralı öz musiqisini Kainatla vəhdətdə ifadə edib və bu, bütün nəsillərdən olan musiqiçilərin və şairlərin yaradıcılığına təsir göstərib.

Xatirə konserti 1996-cı ildə Vestminster abbatlığında oldu. Ora kral ailəsinin kilsəsidir və İngiltərənin böyük insanları dəfn ediliblər. Orada xüsusi aura var və ölkənin ən böyük orqanı da orada yerləşdirilib. Həmin orqanda barokko üslublu ingilis bəstəkarı Henri Pörsell və bəstəkar Henri Fridrix Qendel ifa ediblər. Onda abbat Conatan bildirdi ki, XV əsrdən başlayaraq, burada başqa ölkənin, xüsusilə də müsəlman mənşəli bəstəkarın iri monumental əsərinin ifa edildiyi konsert olmayıb.

Öz orqan əsərlərimdə mən Azərbaycan muğamını klassik polfoniya ilə sintez elməyə çalışıram. Müxtəlif mədəniyyət və dövrlərin layları səslənir - klassik polifoniya, alman və fransız barokkosu, italyan İntibahının barokkosu, həmçinin Şərq muğamatı. Şərqlə-Qərbi, xristianlıqla-İslamı birləşdirməyə çalışıram, axı musiqi bütün xalqların ruhaniyyətinin inkişafında əsas halqa olub. Baxın xatirəsinə orqan simfoniyasında Azərbaycanın «Bayatı-Şiraz» muğamının  mətni səslənir.

Baxın dahiliyi ondadır ki, o, heç yana getmədən Şərq motivlərindən istifadə edərək italyan konserti, ingilis və fransız süitaları yazıb.  Ola bilər ki, Bax həmin musiqini Almaniya küçələrində oxuyan fars-azərbaycanlı və ərəb musiqiçilərindən eşidib, o da heyran qalaraq onları talerlə mükafatlandırıb. Mən artıq 20 ildir ki, Baxın orqan yaradıcılığı üzrə tədqiqat işi aparıram, 10 ildir ki, Leypsiqdəki Bax muzeyində Baxın məktublarının orjinallarını öyrəniəm. Bu qərara gəlmişəm ki, «Tokkata və fuqe re-minor»da o, hazır Azərbaycan muğamı «Bayatı-Şiraz»dan istifadə edib. Mənim Bax haqqında simfoniyamın diskini italiyalı dostum, Vatikanın baş orqançısı Arturo Sakketi Roma papası XI İoann Pavelə təqdim edib və onun Vatikan radiosunun fonotekasına daxil ediblər. Bu, 1990-cı ildə baş verib.

Məni niyə «Şərqin Baxı» adlandırmaqlarına gəldikdə isə ilk dəfə bu barədə dünyanın çox böyük dirijorlarından biri, mərhum alman professoru Kurt Mazur danışıb. Hələ 1990-cı ildə böyük ustad öz orkestri ilə birlikdə Moskva və Leninqrada qastrola gəlmişdi. Həmin vaxtlar mənim orqan simfoniyam o qədər populyar idi ki, ümumittifaq «Melodiya» firması onu 6 min nümunəlik ayrıca tirajla buraxmışdı.

Mən çoxdan professorla tanış olmağı arzulayırdım. Təkcə ona görə ki, o, Bax musiqisinin böyük  eksperti idi, həm də Leypsiqdə yaşayırdı və «Gevandhauz» konsert zalının şef-dramaturqu (bədii rəhbəri) idi. Moskva Konservatoriyasının Böyük zalındakı konsertindən sonra mən ona qrammofon diski və orqan simfoniyasının partiturunu bağışladım. «Melodiya» firması diskə Kiyevdəki polyak kostelinin böyük orqanındakı konserti yazmışdı. Professor Kurt Mazur çox həvəslə mənim iki hədiyyəmi götürdü və Leninqraddan dönəndən sonra, Almaniyaya getməzdən öncə mənimlə görüşməyə söz verdi.

Bizim görüşümüz Moskva konservatoriyasının Böyük zalında baş tutdu. O, bu zaman başladı ki, simfoniyanı bəstələmiş bəstəkar təkcə Baxın özünün bütün əsərlərini deil, həm də bütün Qərbi Avropa musiqisini heyrətamiz dərəcədə dərindən öyrənib. Başqa tərəfdən, onun sözlərinə görə, bəstəkar yalnız öz Azərbaycan musiqisini deyil, həm də bütün Şərq İntibahının qədim muğamın yeddi ladı ilə bağlı bütün musiqisini çox dəqiq bilir.

«Ümumiyyətlə, bütün dünyanı gəzsəm də, mən həyatımda bu cür şey eşitməmişdim», - deyə o bildirdi. Sonra əlavə etdi: «Cənab Mirzəyev, sizinlə görüşdən xeyli qabaq mən uzun müddət partituraya baxdım, gördüm ki, orqan partiyası yüksək peşəkarlıqla yazılıb. Bununla bağlı mənim məntiqi sualım yaranır: niyə Allahın lütfü ilə anadangəlmə peşəkar orqançı və çox istedadlı imporvizəçi bəstəkar olduğunuz halda, istəyirsiniz ki, sizin simfoniyanı başqa orqançılar ifa etsinlər?! Mənə elə gəlir ki, siz bu simfoniyanı özünüz ifa etməlisiniz. Yalnız onu demək qalır ki, siz «Şərqin yeni Sebastyan Baxısınız!  Sizə uğurlar diləyirəm». Bunu qeyd etmək lazımdır ki, musiqi dünyasında, xüsusilə də Almaniyada professor Kurt Mazur musiqinin hökmdarı və Tanrısıdır. O nə deyirsə, qanundur.                                                                             

- Bu il sizi Dünya Azərbaycanlıları Konqresinin növbəti toplantısına dəvət ediblər. Təəssüratlarınız necədir?

- Dünyanın çox ölkələrində olanda mən fəxrlə öz vətənimdən danışıram. Deyirəm ki, Azərbaycan dünyada yeganə ölkədir ki, dünyanın bütün ölkələrində yaşayan azərbaycanlılarla iş üzrə xüsusi Dövlət Komitəsinə malikdir. Bunu bizim ümummilli lider Heydər Əliyev təşkil edib. Mənim Avropadan olan müsahiblərim deyirlər ki, xüsusilə 2015-ci ildə Bakıda keçirilmiş Avropa oyunlarından sonra Azərbaycanın uğurlarını daha diqqətlə izləyirlər.

Heydər Əliyevin ölüm xəbərini mən Almaniyada eşitdim və peyk antennası ilə biz dəfni izlədik. Müsahibələrdən mən Ümummilli Liderin obrazını, ona olan məhəbbəti təsəvvür edə bildim. Və «Böyük Prezidentə kədər duaları»nı yazdım. Girişdə skripka ilə ağrılı muğam mətni səslənir, sonra Prezidentin əks-səda portreti və rəhbərin fəlsəfi obrazı matəmli muğam improvizəsi ilə verilir. Sonda kədərli xalq melodiyası onun xanımı Zərifə Əliyevaya sevgisini əks etdirir.

Bizim prezidentin vəfatına qədər mən siyasətçilərdən heç birinə - nə Leninə, nə Stalinə, nə də Brejnevə  əsər həsr eləməmişdim, halbuki, bütün rəssamlar, şairlər, bəstəkarlar bunu edirdilər.

Onun bir qismi 2007-ci ildə dəfələrlə Azərbaycan Bəstəkarları Qurultayında ifa edilib, daha sonra 2009-cu ildə Stokholmun (İsveç) məşhur «Mavi zalı»nda səslənib. Həmin zalda Nobel mükafatı laureatlarının şərəfinə qəbullar təşkil edilir.  Sonra elə həmin il Sankt-Peterburq filarmoniyasının böyük zalında əsər mənim 65 illik yubileyimlə əlaqədar ifa edildi. 70 illiyimlə bağlı isə bu əsər Moskvada katolik kilsədə səsləndirildi.

- Bəs, «İlhamnamə»nin yazılması nə ilə bağlıdır?

- 2011-ci ilin iyul ayında mən Dünya azərbaycanlılarının üçüncü konqresinə gəlmişdim və burada «Azərbaycanın əməkdar artisti» fəxri adı ilə təltif edildiyimi öyrəndim. Mən iki minnətarlıq məktubu yazdım. Məktubların birində bildirdim ki, Heydər Əliyevə həsr edilmiş partitura artıq üç dəfə səslənib - 2007-ci ildə Bakıda Azərbaycan bəstəkarlarının qurultayında, daha sonra İsveçdə yüksək çinli diplomatların qarşısındı və 65 illiyimlə bağlı Sankt-Peterburq filarmoniyasının böyük zalında. Həm də əlavə etdim ki, mən yerli bakılıyam, amma bu şəhərdə mənzilim yoxdur. Mənim isə bir yaradıcı adam kimi öz vətənimdə tez-tez olmağım və onun havasını udmağım vacibdir.

Konqresin ikinci iş günündən sonra, axşam saatlarında dostum, diaspora işləri üzrə əməkdaş İlham Məmmədov mənə zəng edib bildirdi ki, cənab Prezident «20 Yanvar» metro stansiyasının yaxınlığında mənə üçotaqlı mənzil bağışlayıb.  Bütün həyatımboyu bunu heç kim mənim üçün etməyib, bu, məndən ötrü böyük sevincdir! Mən əvvəllər də gənc prezident haqqında yazmaq istəyirdim, özü də biz ikimiz də uzun müddət Moskvada yaşamışdıq. Mənim dostum, görkəmli rejissor Əjdər İbrahimov gənc İlham Əliyev barədə çox danışmişdı, çünki atası ilə tez-tez görüşüb- söhbətləşərdi. Ümumiyyətlə, indi o, gənc yox, yetişmiş böyük siyasətçidir! Son illər ərzində ölkədə böyük islahatlar aparılıb, yeni yollar tikilib, unikal Bakı - Ceyhan kəməri çəkilib, tamamilə yeni çağdaş ordu yaradılıb. Birinci xanım səhiyyədə Avropa avadanlıqlı yeni klinikaların yaradılması ilə, irimiqyaslı mədəniyyət məsələləri ilə məşğul olur.

Bakı dünyanın gözəl şəhərlərindən birinə çevrilib. Hamı anlayır ki, Azərbaycan Avropa Birliyi üçün layiqli və bərabər  tərəfdaşdır. İlham Əliyev güclü diplomatdır - böyük atasının mükəmməl genetik davamıçısıdır.  Mən də cənab prezidentə nə cürsə təşəkkür etməliydim, İlham Əliyevin 50 yaşı ərəəsində 24 dekabr 2011-də ona «İlhamnamə» həsr etməyə qərar verdim.

Bu, simfonik əsərin dünya üzrə təqdimatı 23 iyul 2014-cü ildə Beynəlxalq Qəbələ musiqi festivalında baş tutub. Mən çox böyük həvəslə adminstrasiya vasitəsilə bu əsərin partiturasını və videoyazısını prezidentə təqdim elədim. Dünya azərbaycanlıları konqerssinin açılışı günü nümayəndələri salamlayarkən qəflətən məni tanıması məni çox sevindirdi. Əlimi sıxaraq təşəkkür edib  dedi: «Çox sağ olun, mən hər şeyi aldım». Deməli, mənim musiqim onun xoşuna gəlib, mən xoşbəxtəm!

- Sizin əsərlərin leytmotivi insan əzabları, insan taleləri və fikirləridir...

- Mənim əsərlərimin ideyası terrorçuluğa, acılara və əzablara qarşı mübarəzədir. İnsanların hamısını yumşaqürəkli və bir-birinə qarşı dözümlü etmək mümkün olsa idi! Mənim musiqim buna çağırır! Mən bütün həyatımı buna həsr etmişəm. Kainatla vəhdət hissinin daşıyıcısı olan Sebastyan Bax heç də təsadüfən mənim yaradıcılığımın rəmzi deyil!

Planlarım içində parlaq tarxi süjet əsasında opera-balet yazmaq var. Mənim üçün yeni janrdır.



MƏSLƏHƏT GÖR:

464