27 Aprel 2024

Şənbə, 08:43

İNQİLABÇI QİTƏ

Braziliya ilə Venesuela sosial təlatümlərin episentrində

Müəllif:

15.09.2016

Latın Amerikası qitəsi yenidən coşub. Braziliya və Venesueladakı son hadisələr bir sıra ölkələrdə siyasi sistemin sağa meyillənməsi fonunda daxili sosial ziddiyyətlərin dərinləşdiyini göstərir. Belə vəziyyət, öz növbəsində, regionda geosiyasi konyukturanın dəyişməsini tələb edir ki, bu da ənənəvi olaraq, Latın Amerikasını nəzarətdə saxlamaq siyasəti yürüdən ABŞ-ın nüfuzunun artacağını vəd edir.

 

Getdi, lakin qayıdacağına söz verdi...

Latın Amerikasının ən böyük dövləti olan Braziliyanı ciddi siyasi böhran bürüyüb. Hələ bu ilin mayında ölkə parlamenti 2014-cü ildə ikinci müddətə prezident seçilmiş Dilma Russeffə impiçment elan olunması proseduruna başlamışdı. Sağçı müxalifət aparıcı solçu siyasi qüvvənin - İşçilər Partiyasının təmsilçisi olan dövlət başçısını vergi qanunvericiliyinin tələblərin pozmaqda, büdcə vəsaitini özünün seçki kampaniyasına xərcləməkdə, dövlətin regionlar üçün, federal büdcənin doldurulması üçün nəzərdə tutulmuş pulunu israf etməkdə günahlandırırdı. Beləliklə, avqustun sonunda Braziliya Senatı Prezident Dilma Russeffin istefaya göndərilməsi haqda qərar çıxardı. Onun yerini ölkənin vitse-prezidenti Mişel Temer tutdu. 2018-ci ildə keçirilməsi nəzərdə tutulan prezident seçkisinədək dövlət başçısı səlahiyyətlərini Temer icra edəcək.

Russef özü isə impiçment qərarını «demokratiyanın məhvi», dövlət çevrilişi kimi qiymətləndirir. O, qanun pozuntularına yol verdiyinə dair bütün ittihamları rədd edir. «Səhv edə bilərəm. Lakin cinayət etməmişəm», - deyə Russeff bilirib. Bununla yanaşı, istefaya göndərilmiş prezident mübarizəni davam etdirmək əzmindədir. «Onlar düşünür ki, bizi dişlədilər? Yanılırlar. Bilirəm ki, hamımız mübarizə aparacağıq. Biz qayıdacağıq», - deyə dövlət başçısı postunu tərk edərkən bildirib.

Solçu qüvvələrin tezliklə revanşa cəhd edəcəklərinə şübhə yoxdur. Onların impiçmentin təşkilatçıları ilə bu cür qəti mübarizə əzmi Braziliyaya sağçılarla solçular arasındakı ənənəvi, əsasən kompromissiz mübarizənin daha da kəskiləşəcəyini vəd edir. Üstəlik, hazırda prezidentin postunda olan 75 yaşlı Mişel Temer ölkədə kifayət qədər populyar deyil. Amma onun siyasi bioqrafiyasında qeyri-müəyyən dövrünü yaşayan ölkənin işinə yarayacaq məqam da var. Bu, istər solçular, istərsə də sağçılarla dil tapmaq bacarığıdır. 1990-cı illərin sonu, 2000-ci illərin əvvəllərində, Fernando Enrike Kardozonun prezidentliyi dönəmində o, boş yerə parlamentin aşağı palatasına sədrlik etməyib. O zaman Temer liberal iqtisadi siyasətin dəstəkləyicisi idi. Solçular Lula de Silva və Dilma Russeffin prezidentliyi dövründə isə Temer iqtisadiyyatın dövlət tənzimlənməsini dəstəkləyib, xüsusilə dövlətin investisiya proqramına dəstək verib.

İndi isə Temer, deyəsən, Braziliya siyasətinin yuxarı qatındakı sağçı trendə riayət etməyi düşünür. Bu səbəbdən o, Senatda dövlət başçısı səlahiyyətlərinin icrasına başladıqdan sonrakıkı ilk çıxışında dövlət xərclərinin azaldılması ilə məşğul olacağını bəyan edib. Demək, sosial pensiyalar, aztəminatlılar üçün subsidiyalar azaldılacaq.

Braziliyadakı ciddi iqtisadi böhranın aradan qaldırılması üçün (ölkədə adambaşına düşən ÜDM-in həcmi 2013-cü illə müqayisədə 10% azalıb, işsizliyin səviyyəsi 11% artıb ki, bu da 2015-ci ilin əvvəli ilə müqayisədə 4% çoxdur) həqiqətən də çox ciddi qeyri-populyar addımların atılması lazım gələ bilər. Lakin sosial mənada bu qədər təzadlı, üstəlik siyasi elitalar arasında kəskin mübarizənin yaşandığı ölkədə iqtisadi inkişaf vektoru bu və ya digər dərəcədə xarici siyasi orientasiya ilə əlaqəli olacaq. Bu, sağçı və solçu qüvvələr arasında daha bir sərt rəqabət meydanıdır. Onlar nəinki ölkənin sosial gələcəyini, həm də qlobal siyasi mərkəzlər bölgüsündəki yerini fərqli görür.

Prezidentlikdən uzaqlaşdırılmış Dilma Russeffin tərəfdarları əmindir ki, bu ssenari ABŞ-dan idarə olunur, çünki Vaşinqton Braziliyanın solçu hökumətinin müstəqil xarici siyasət yürütməsindən narazı idi; məsələn, Russeff ölkəsinin BRHÇC-nin fəaliyyətindəki rolunu gücləndirməyə çalışırdı. Xatırladaq ki, BRHÇC Braziliya ilə yanaşı, Rusiya, Hindistan, Çin və CAR-ı özündə birləşdirən dövlətlərarası qrupdur. Bu «beşlik» dünya siyasəti və iqtisadiyyatının nəhəng mərkəzlərdən birinə çevrilmək iddiasını gizlətmir. Söhbət əlbəttə ki, başda ABŞ olmaqla, Qərbə alternativə çevrilməkdən gedir. Odur ki, Russeffin bu siyasəti, o cümlədən solçular Braziliyasının Latın Amerikasındakı ümumi vəziyyətə təsirini artırmaq cəhdləri, sosialist prezidentlərin idarə etdiyi Venesuela, Boliviya, Ekvador kimi dövlətlərlə əməkdaşlığı genişləndirmək istəyi Vaşinqtonda narahatlıq yaratmaya bilməzdi.

Maraqlıdır ki, impiçmentdən dərhal sonra ABŞ Dövlət Departamenti bu hadisəni «Braziliyanın daxili işi» kimi qiymətləndirib. Braziliyadakı siyasi böhrana Vaşinqtondan hər hansı tənqidi fikrin gəlməməsi ABŞ-ın Russeffin gedişində maraqlı olduğunu dolayısı ilə təsdiqləyir.

Braziliyanın yeni hökuməti isə artıq solçu qonşularla münasibətlərin xarici siyasətdə prioritet olmayacağına eyham vurur. Bu, ən azı ona görə təəccüblü deyil ki, Venesuela, Ekvador və Boliviya Russeffə impiçment elan olunmasını dövlət çevrilişi kimi qiymətləndirib. Bu ölkələrin hər üçü Braziliyadakı səfirini geri çağırıb, Venesuela isə üstəlik, onunla siyasi və iqtisadi münasibətləri dondurub.

Bu arada Venesuela Prezidenti Nikolas Maduronun özü də impiçment təhlükəsi ilə qarşı-qarşıyadır. Braziliyada olduğu kimi, Venesuelada da hadisələr solçularla sağçılar arasında kəskin mübarizə şəraitində inkişaf edir. Sosialistlər sonuncuların arxasında Ağ evin qüdrətli əlini görür.

 

Nikolas Maduro döyüşə atılır

Venesuelada vəziyyət ötən ilin dekabrında keçirilmiş parlament seçkisindən sonra gərginləşməyə başlayıb. Əfsanəvi Uqo Çavesin varisi olan ölkə başçısı Nikolas Maduronun rəhbərlik etdiyi Venesuela Vahid Sosialist Partiyası seçkini məğlubiyyətlə başa vurub. Bununla da son 17 ildə ilk dəfə olaraq, sağçı müxalifət Milli Assambleyada yerlərin çoxuna sahib çıxıb. Parlamentdə çoxluğu ələ keçirən sağçılar dərhal prezidentə hücuma keçib: ölkədə kütləvi etiraz aksiyaları başlayıb, Maduronun səlahiyyətinə vaxtından əvvəl xitam verilməsi üçün referendumun təşkili tələbi irəli sürülüb. Sağçı müxalifət referendumun elə bu il keçirilməsini tələb edir və bu məqsədlə artıq Milli Seçki Şurasına təxminən 2 milyon insanın imzası ilə müraciət də edib.

Sentyabrın əvvəlində Venesuelada sağçıların «Karakasa hücum» adlandırdığı etiraz aksiyaları başlayıb. Hökumət isə müxalifəti həmin yürüşlər zamanı dövlət çevrilişinə cəhddə cünahlandırır. «Biz dövlət çevrilişinə cəhdin qarşısını aldıq. Onların məqsədi Karakas küçələrini zorakılığın bürüməsinə nail olmaq idi», - deyə prezident Maduro bildirib.

Hələ avqustda Venesuela lideri müxalifətin dövlət çevrilişinə cəhd göstərəcəyi təqdirdə sərt tədbirlərə əl atacaqlarını bəyan etmişdi. «Siz Türkiyədə nələrin baş verdiyini gördünüz? Sağçı qüvvələr həddi aşıb, dövlət çevrilişinə cəhd göstərərsə, Prezident Ərdoğan Bolivar inqilabının edəcəkləri fonunda südəmər körpəni xatırladacaq», - deyə Maduro tərəfdarları ilə görüşdə bəyan edib.

Lakin deyəsən, bu hədələr müxalifəti narahat etmir. Solçu hökumətin əleyhdarları nəinki Karakasda, həm də ölkənin digər şəhərlərində etiraz aksiyalarının təşkil olunacağını bildirir. Demək, Venesuelada yaşananlar gözlənilməz nəticələr verə bilər. Üstəlik, ölkənin hüquq-mühafizə orqanları Kolumbiyadan gətirilmiş 92 muzdlunun olduğu düşərgənin aşkarlandığını bəyan edib. Guya onlar dövlət çevrilişində iştirak etməli imişlər. Bundan başqa, 4 sağçı fəal da dövlət çevrilişinə hazırlıqda şübhəli bilinərək, həbs olunub.

Əlbəttə ki, Braziliyada olduğu kimi, Venesuelada da siyasi gərginliyin yaranmasında əsas rolu iqtisadi böhran oynayır. Məsələ ondadır ki, bu böhran əhalinin böyük bir hissəsinə öz təsirini göstərərək, onları hökumətdən narazı salıb. Dünya bazarında neftin ucuzlaşması neft hasilatçısı olan Venesuelanın iqtisadiyyatına ciddi təsir göstərib. Vəziyyət o həddə çatıb ki, hətta ölkədə fövqəladə iqtisadi vəziyyət elan olunub. Prezident Nikolas Maduro «iqtisadi müharibə» zamanı əhalinin müdafiəsi üçün icraedici hakimiyyətə əlavə səlahiyyətlər vermək məqsədi daşıyan müvafiq qərarı hələ bu ilin yanvarında imzalayıb. Hakimiyyətin səfərbər olunduğunu göstərən məqamlardan biri prezidentin müdafiə naziri Vladimir Padrino Lopesi qida və ilkin təlabat mallarının çatışmazlığı ilə mübarizəyə yönəltməsidir. Lopes «Suveren və təhlükəsiz təchizat» proqramının reallaşdırılmasına məsul təyin edilib.

Venesuela ilə Braziliya arasında daha bir anologiya siyasi böhranın yaranmasında, solçu prezidentə impiçment elan olunması təşəbbüsünün arxasında xarici amilin olmasıdır. Venesuela hələ Uqo Çavesin dövründən qitədə anti-Amerika hərəkatının lokomotivi rolunu oynayıb. İndi, onun hazırkı lideri Nikolas Maduro ölkənin sosialist rəhbərliyini hakimiyyətdən uzaqlaşdırmağa çalışan daxili və xarici düşmənlərin planlarına mane olmaq üçün qeyri-adi iradə və qətyyət nümayiş etdirməlidir. Maduro özü Latın Amerikasındakı son hadisələri Birləşmiş Ştatların regionda mütləq nəzarət qurmaq cəhdi kimi qiymətləndirir. O hesab edir ki, Braziliya Prezidentinin hakimiyyətdən kənarlaşdırılması «bütünlükdə Latın Amerikası və Karib hövzəsi ölkələrinə qarşı yönəlib. Bu, bizə qarşıdır. Bu, solçubaxışlı populyar, mütərəqqi hərəkatlara hücumdur».

Bu fikirlə Latın Amerikasında inqilabi sosializmin ən prinsipial tərəfdarı olan Kuba da razıdır. Azadlıq adasının hökuməti Russeffin istefasını «Latın Amerikasındakı mütərəqqi hökumətə imperialist hücumun bir hissəsi» sayır.

Qeyd edək ki, Latın Amerikasında yaşanan proseslərdə xarici amilin rolundan yalnız regionun solçu siyasi dairələri yox, Qərbin bəzi ekspert mərkəzləri də danışır; məsələn, “Global Research” təşkilatında hesab edirlər ki, ABŞ Prezidenti Barak Obamanın administrasiyası «müasir tarixdə müstəmləkələr»in fəthi işində digər administrasiyalardan daha uğurlu çalışır. Yaxın Şərqə baxın, və ya Latın Amerikasına! Cəmi bir neçə il əvvəl Qərb yarımkürəsinin bütün cənub hissəsi inamla sosializmə doğru addımlayırdı və belə təsəvvür yaranmışdı ki, artıq geriyə yol yoxdur. Amma indi baxın… Paraqvayla-onduras dağılıb, Braziliya elitası öz demokratiyasını zorlayır, Argentinanı antimütərəqqi düşərgəyə qovulub, Boliviya zorakı yolla dövlət çevrilişi cəhdi ilə mübarizə aparır, Venesuela isə yaşamaq uğrunda çarpışır».

Yeri gəlmişkən, Latın Amerikasının hazırkı düzənində dövlətlərarası münasibətlərin gərginləşəcəyini də gözləmək olar. Braziliyadakı hakimiyyət dəyişikliyi və Venesueladakı çaxnaşmalar getdikcə daha ciddi sosial və geosiyasi fəlakətlər burulğanına düşən region ölkələrinin solçu və sağçı hökumətləri arasında daha böyük qarşıdurmalara aparıb çıxara bilər.



MƏSLƏHƏT GÖR:

412