19 Aprel 2024

Cümə, 05:12

POSTKƏRİMOV ÖZBƏKİSTANI NECƏ OLACAQ?

O, 26 il xeyli çətinlikləri olan bir dövlətə başçılıq etməklə yanaşı, həm də bu müddət ərzində regional sabitliyin özünəməxsus mühafizəçisi olub

Müəllif:

15.09.2016

Müstəqil Özbəkistanın tarixi onunla başlayır. Respublikaya rəhbərliyə hələ Sovet İttifaqı dağılmamış gələn İslam Kərimov 1991-ci ildə Özbəkistanın prezidenti seçilib. Sonrakı illərdə onun səlahiyyət müddəti 2 dəfə artırılıb. 2000, 2007 və 2015-ci illərdə keçirilmiş ümumxalq səsvermələri ilə o, yenidən prezident postunu tutub.

İ.Kərimov milli, dünyəvi, inkişaf etmiş dövlət qurmağa çalışırdı. Halbuki, bu hədəflərə çatmağa imkan verəcək vəsaitin olub-olmadığı özü mübahisəli idi. Ancaq fakt faktlığında qalır - nəticələr göz önündə. Ölkəsinin milli-mənəvi dəyərlərinin inkişafına çalışan Kərimov radikal vəhhabiləri təqib edir, Əfqanıstanla sərhədi bağlayaraq, Özbəkistan İslam Hərəkatının (ÖİH) və «Hizb ut-Təhrir»in fəaliyyətini məhdudlaşdırırdı. Bu dövrdə Özbəkistanda zorakılıq hallarına rast gəlinsə də, vətəndaş müharibəsindən qaçmaq mümkün olub. Kərimov qarışıq özbək tayfa münasibətlərindən yaxşı baş çıxarır, güclü klanlararası münasibətlərdə tarazlığı qoruya bilir, bununla da ölkənin bütövlüyünü qoruyub-saxlayırdı.

Kərimov dövründəki Özbəkistanın xarici siyasətini ziddiyyətlər siyasəti adlandırmaq olar. Özbəklərin özləri isə onu «müvəffəqiyyətli izolyasionizm» kimi xarakterizə edirlər. KTMT-nin (ilkin dövrdə təşkilat, hətta Daşkənd Müqaviləsi Təşkilatı adlanırdı) təsisçilərindən biri məhz Özbəkistan olub. Lakin o, sonradan bu təşkilatda fəaliyyətini dayandırıb. Eyni addımı özbəklər qərbpərəst GUÖAM blokunda da atıb. Bundan başqa, vaxtilə ŞƏT-in yaradılması təşəbbüsü də məhz Özbəkistandan gəlib. Sonralar Aİİ-yə üzv olan Daşkənd bir müddət sonra bu təşkilatın sıralarını tərk edib.

Müasir Özbəkistan Mərkəzi Asiyada vacib bənddir. Onun Əfqanıstan da daxil olmaqla, regionun bütün ölkələri ilə ümumi sərhədləri və mübahisəli məsələləri var. İstisna kimi, yalnız Türkmənistanı göstərmək olar ki, bu da Qurbanqulu Berdımuhammedovun siyasətinin nəticəsidir.

Kərimov ölkəyə rəhbərliyə başladığı ilk dövrlərdən Rusiya ilə mehriban qonşuluq münasibətləri qurmağa çalışıb. Lakin 11 Sentyabr hadisəsindən sonra o, gözlənilmədən ABŞ-ın əsas müttəfiqinə çevrilib və NATO-nun Əfqanıstana girməsi üçün Vaşinqtona öz ərazisində hərbi baza verib. BMT-də amerikapərəst qətnaməni İsraillə yanaşı, məhz Özbəkistan dəstəkləyib. Lakin Əndican hadisələri zamanı ABŞ-ın Özbəkistan hakimiyyətini tənqid etməsindən sonra, amerikalılar Karşi-Xanabad hərbi bazasından qovulub, beynəlxalq QHT-lərin ölkədəki ofisləri bağlanıb. Buna baxmayaraq, Vaşinqton geosiyasi maraqlarını düşünərək, Özbəkistanla münasibətləri pozmayıb. Eyni sözü Rusiya haqqında da demək olar - Moskva Kərimov Özbəkistanının 890 milyon dollarlıq borcunu silib.

Amma son dövrlərdə Daşkənd daha çox Çinə meyillənir. Ötən il Çin respublikanın əsas ticarət tərəfdaşı olub. Tərəflər arasında ticarət dövriyyəsinin həcmi 3 milyard dollara çataraq, Rusiyanı ikinci pilləyə salıb. Çin sədri Si Cinpin «Çin-Özbəkistan strateji tərəfdaşlığında yeni eranın başladığını» da bəyan edib. Cavabında Kərimov Pekinə Özbəkistanın ağır günlərində göstərdiyi köməyə görə təşəkkürünü bildirib. Doğrudur, Özbəkistan iqtisadiyyatının çətinlikləri haqqında danışmaq o qədər də qəbul edilmiş hal deyil, amma əhalinin əksəriyyəti bu çətinliklərlə, demək olar ki, hər gün rastlaşır.

Özbəkistan iqtisadiyyatını qapalı adlandırmaq olar. O, mədən hasilatına və ixracına, həmçinin kənd təsərrüfatına əsaslanır. Ölkənin coğrafi mövqeyi də qəribədir: dənizə çıxışı olmayan Özbəkistan istənilən okeanla arasında cəmi 2 dövlətin olduğu nadir ölkələrdəndir.

Özbəkistanın müstəqillik əldə etməsindən keçən dövrdə ölkə əhalisi 19,8 milyon nəfərdən 31,6 milyon nəfərədək artıb. Bunu postsovet məkanında rekord saymaq olar. Üstəlik, milyonlarla qastarbayter daha rahat qazanc yolu tapmaq üçün Rusiyaya yollanıb və oradan vətənə pul göndərir. Amma Rusiya iqtisadiyyatında yaranmış problemlə əlaqədar, elə Rusiya Mərkəzi Bankının məlumatına görə, bu ilin ilk rübündə ölkədən Özbəkistana pulköçürmələrinin həcmi 256 milyon dollara düşüb. Halbuki, 2014-cü ilin eyni dövründə bu rəqəm 910 milyon dollar olub.

Ölkədə indiki hakimiyyət dəyişikliyi bütünlükdə regionun geosiyasi qeyri-sabitlikdən və iqtisadi problemlərdən əziyyət çəkdiyi dövrə təsadüf edib. Ölkənin yeni rəhbərliyinin qarşısında dayanan problemləri və vəzifələri sadalasaq, bir sıra məqamları xüsusi vurğulamaq lazımdır: klanlararası müharibələr nəticəsində dezinteqrasiya təhlükəsi, radikal islamın baş qaldırması, qonşularla mübahisəli sərhədlər və problemlər, dünya fövqəldövlətlərinin Özbəkistan ətrafındakı geosiyasi qarşıdurması, iqtisadi xarakterli çətinliklər və narkotrafik.

 

Klanların mübarizəsi və müxalifətin arzusu

Ölkənin mərhum prezidenti özünün «Özbəkistan 21-ci əsrin astanasında» kitabında yazırdı ki, klanlararası mübarizə Özbəkistan üçün terrorçuluq və ya dini ekstremizmdən heç də az təhlükə yaratmır. Kərimov çox ixtilafları həll edirdi. Qeyd edək ki, bu qrupların hər biri kifayət qədər resursa və yarımleqal silahlı dəstələrə malikdir. Bəzi məlumatlara görə isə onların nəzarətində radikal islamçı qruplaşmalar da var. Beləliklə, Özbəkistan, faktiki olaraq, bir neçə əraziyə bölünüb. Özü də bu bölgü müxtəlif faktorların təsiri ilə hələ sovet hakimiyyətindən əvvəl formalaşıb. Demək olar ki, bütün Şərq dövlətlərində olduğu kimi, Özbəkistanda da klanlar yüksək gəlirli vəzifələr və postlar, həmçinin iqtisadiyyatın müxtəlif sahələrinə nəzarət uğrunda mübarizə aparır.

İndi, Kərimovun ölümü ilə bu mübarizə kəskinləşə, eyni zamanda radikal islamçıların mövqeləri güclənə bilər. Məsələ ondadır ki, hətta eks-prezidentin «dəmir əli» belə, onların sayının artmasını əngəlləyə bilməyib. Hələ 90-cı illərin əvvəllərində ÖİH əhalisinin 10%-ni etnik özbəklərin təşkil etdiyi Əfqanıstanla sıx əlaqələrə malik idi. O, dəfələrlə Özbəkistana soxulmağa çalışsa da, ölkə rəhbərliyinin sayıqlığı və ordu vəziyyətin nəzarətdən çıxmasına imkan verməyib. Ayrı-ayrı terror təşkilatlarının sırasında Suriyada vuruşan etnik özbəklərin sayındakı artımı da qeyd etmək lazımdır. Əgər Özbəkistanın yeni hökuməti radikal islamçıların ölkəyə gəlməsini əngəlləyə bilməzsə, bu, Çin də daxil olmaqla, bütünlükdə region üçün mənfi fəsadlara yol açacaq. Nəticədə müsəlman uyğurların yaşadığı Sintszyan-Uyğur muxtar rayonunda separatçılığın şiddətlənəcəyi də istisna etmək olmaz.

Kərimovun Özbəkistanında yaşaya bilməyən «dünyəvi, demokratik» müxalifətə gəlincə, «Erk» partiyasının nümayəndəsi Dustnazar Xudoynazarovun bəyanatı onun xarakterini tam açıqlığı ilə göstərir: Xudoynazarov ölkənin Surxandar vilayətində baş nazir Şövkət Mirziyayevin qarşıdan gələn prezident seçkisindəki mümkün namizədliyinə etirazların başladığını bəyan etsə də, sonradan vilayətdə heç bir etirazın olmadığı üzə çıxıb. «Uğursuz-siyasətçi»nin bu bəyanatını onun yaşadığı Ukraynanın saytları yayıb.

«Erk» partiyasının lideri Məhəmməd Salihin «hakimiyyətsizlik» dövrünün mütləqiyyət dövründən daha təhlükəsiz olduğu haqda bəyanatı da maraqlıdır. Razılaşın ki, bu, xaosa, vətəndaş qarşıdurmasına və qan axıdılmasına çağırışdan başqa bir şey deyil.

 

Qonşularla «sıfır problem»

Özbəkistanın qonşuları ilə bütün mübahisələrinin səbəbi sovetlər dövrünün ağılsız siyasətidir. O zaman dövlət sərhədlərinin müəyyənləşdirilməsində tez-tez, sadəcə, xətkeşdən istifadə edilir, xəritədə sərhəd xətlərini ərazilərin xüsusiyyəti nəzərə alınmadan çəkilirdi.

Özbəkistan, Qırğızıstan və Tacikistan ərazisində etnik azlıqların yaşadığı çox sayda anklav var. Onlar sovet dövründə çəkilmiş sərhədlərlə amansızcasına parçalanıb. Bu gün Daşkəndin yalnız Türkmənistanla problemi yoxdur ki, bu da Çinə uzanan türkmən qaz borusunun Özbəkistan ərazisindən keçməsi ilə əlaqədardır.

Daşkəndin Qazaxıstanla münasibətlərini də problemsiz saymaq olmaz. Problem isə iki lider arasında regionda nüfuz uğrunda gedən mübarizədən yaranıb.

Özbəkistanın Qırğızıstanla etnik özbəklərin yaşadığı Oş əyaləti üzündən yaşanan münaqişəsi daha ciddidir. Son 26 ildə burada çox sayda insan tələfatı ilə nəticələnmiş 2 ciddi toqquşma olub.

Unqar-Too dağları ətrafında da ərazi mübahisəsi var. Özbəkistanın “VVS” kanalı oradan Qırğızıstanın razılığı ilə radioyayım həyata keçirir. Bu il avqustun 22-də Özbəkistanın güc strukturları bu dağ üzərində nəzarəti ələ alıb.

 

Geosiyasət

Yaxın gələcəkdə Rusiya, Çin və ABŞ arasında Özbəkistan uğrunda mübarizənin şahidi olacağıq. Analitiklərin fikrincə, bu rəqabət Rusiya-Çin münasibətlərinin əsl simasını dünyaya aça bilər. Çünki regionun əsas oyunçuları məhz bu iki dövlətdir. Moskva əhəmiyyətli hərbi qüdrətə malikdir, Pekin isə ənənəvi olaraq, iqtisadi güc sahibi kimi çıxış edir. Maraqlı olan odur ki, Çinlə-Rusiya qlobal siyasətlə bağlı razılığa gələrək, vahid gücə çevrilə bilməsə, Mərkəzi Asiyada onların arasında qarşıdurma başlaya bilər. Digər tərəfdən, Rusiya ilə Çin üçün regionda rəqabətdən çox əməkdaşlıq üçün ortaq nöqtələr tapması asandır. Özbəkistanda radikal islamçıların mümkün fəallaşması, xaos və zorakılıq istər Moskva, istərsə də Pekin üçün təhlükədir. Və əlbəttə ki, bu iki fövqəldövlət ümumi rəqib olan ABŞ-a qarşı birləşə bilər. Vaşinqton nə Rusiyanın regiondakı tarixi hegemonluğunu bəyənir, nə də Çinin artan nüfuzunu. Okeanın o tayından gələcək təsir üsullarında da yəqin ki, yenilik olmayacaq: bu və ya digər məsələ ilə bağlı daimi «əndişə», bütün radikallar daxil olmaqla, mərkəzdənqaçan qüvvələrə dəstək, xaosa sürükləmə.

Xoşbəxtlikdən, bu gün Özbəkistanda vəziyyət kifayət qədər sabitdir və İslam Kərimovun xələfinin seçimi xüsusi gərginlik olmadan baş tutub.

 

O, kimdir?

Səmərqənddən olan Şövkət Mirziyayev ixtisasca mühəndis-melioratordur. Əvvəllər o, Səmərqənd vilayətinə başçılıq edib. 2003-cü ilin dekabrından Özbəkistan hökumətinin başçısıdır. Bu dövrdə kənd və su təsərrüfatı, kənd təsərrüfatı məhsullarının emalı və regionların inkişafı onun kurasiyasında olub. Analitiklərin fikrincə, gələcəkdə Ş.Mirziyayev güc strukturlarına xüsusi diqqət yetirəcək. Ölkənin Milli Təhlükəsizlik Xidmətinin başçısı Rüstəm İenoyatovun onu dəstəkləməsi də təsadüf deyil.

Kərimovun vəfatından dərhal sonra Baş nazirin müavini, Daşkənd klanının lideri, qərbpərəst siyasətçi Rüstəm Əzimovun ev dustağı edildiyi haqqında xəbər yayılmışdı. Bəzi maraqlı qüvvələrin bu yolla klanlararası mübarizəni qızışdırmağa çalışdığını düşünmək olar. Amma Kərimovun dəfnində Əzimovun Miriyayevlə yanaşı dayandığını hər kəs gördü. Onlar mərhum prezidentin cənazəsini də birlikdə daşıyırdılar. Yəni, Ş.Mirziyayevin prezident olduqdan sonra Baş nazir postunu məhz R.Əzimova təklif edəcəyi heç də istisna deyil.

Ş.Mirziyayev ölkədaxili dəstəklə yanaşı, Moskvadan da müsbət siqnal alıb - Kərimovun məzarını ziyarət edən Rusiya Prezidenti Vladimir Putin məhz onunla söhbətləşib. Mirziyayevin namizədliyi Moskvaya sərf edir. Hər halda, onu sabiq prezidentin daxili və xarici siyasətinin davamçısı kimi qiymətləndirirlər. İlkin mərhələdə məhz belə olacaq - o, davamçı rolu oynayacaq ki, bununla da ölkə daxilində və xaricindəki bütün əsas oyunçuların dəstəyini qazanmaq şansı əldə edəcək. Amma gec və ya tez, Kərimovun kölgəsindən çıxmaq və öz siyasətini yürütmək lazım gələcək. Bəs onda necə olacaq?

Bəzi ekspertlər Şövkət Mirziyayevi «rusiyapərəst» siyasətçi sayırsa, digərləri onu «çinpərəst» adlandırır. Amma Rusiyanın Özbəkistana təsiri, güman ki, istənilən halda qalacaq və güclənəcək. Bununla yanaşı, Daşkəndin bir anda KTMT və ya Aİİ-yə üzv olacağını söyləmək tezdir. Özbəkistan elitasının yeni nəslinin Qərbə meyillənəcəyini də istisna etmək olmaz.

İstənilən halda, Özbəkistan ölkə daxilində və xaricindəki köhnə problemləri ilə yeni eraya qədəm qoyur. Regionun «barıt çəlləyi» olduğunu nəzərə alsaq, Özbəkistan üçün qüvvələr nisbəti çox vacibdir. Bəs Özbəkistan elitası özünü Şərqə xas müdrikliklə apara, bu nisbəti qoruyub-saxlaya biləcəkmi?

Bunu zaman göstərəcək.



MƏSLƏHƏT GÖR:

418