26 Aprel 2024

Cümə, 18:08

«ÜÇ MƏKAN»

Şəkidə keçirilmiş II Beynəlxalq Teatr Festivalı tamaşaçılara incəsənətə qeyri-ənənəvi yanaşma təqdim edib

Müəllif:

01.10.2016

Yaradıcılıq məkanına sevgi. Şəkiyə Tiflis, Xarkov, Moskva, Dubay və Bakıdan II Beynəlxalq Teatr Festivalına gəlmiş incəsənət adamları bu barədə danışırdılar. Bu mövzu ətrafında müzakirələr Şəki Dram Teatrının səhnəsində tamaşa formasında da gedib. Səhnədə festivala qonaq gəlmiş teatrların tamaşaları göstərilirdi. Festival «Üç məkan» adlanırdı; çünki üç şəhər - Bakı, Mingəçevir və Şəki üçün yaradcılıq aksiyası kimi nəzərdə tutulmuşdu. Ancaq festival tamaşalarının əsas hissəsi Şəki üçün planlaşdırılmışdı.

Qədim sənətlərin və bədii yaradıcılığın vətəni olan şəhər yaradıcılıq forumu üçün yolgöstərən ulduz və talisman olmalı idi. Bu forum dünya teatr camiəsi ilə yanaşı, turistlərin də sevgisini, diqqətini və marağını özünə cəlb etməli idi. Festival iki ildə bir dəfə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ölkədə teatr işinin inkişafı üzrə 10 illik (2009-2019) Dövlət Proqramı çərçivəsində keçirilir və Şəki İcra Hakimiyyəti tərəfindən fəal dəstəklənir.

 

Coğrafi məkana sevgi

Festivala gələnlər yorulmadan bu sevgidən danışırdılar. Şəkidə sentyabr ilin gözəl zamanıdır. İnsanlar mehriban, duz-çörəkli və qonaqpərvərdirlər. Şəhər rəhbərliyi çalışır ki, müxtəlif ölkələrdən gəlmiş qonaqlara, eləcə də həmvətənlərimizə Şəkidə rahat və yaxşı olsun. Sonucda, yerin gözəlliyi, insanlar, teatr camiəsi, insanların ailəvi dostluğa və bir-birlərini daha yaxşı tanımağa meyilli olması xarici qonaqlarda, eləcə də Azərbaycan vətəndaşlarında unudulmaz təəssürat yaradıb. Heyranedici bu təəssürat, adətən, insanları sevdikləri yerə dəfələrlə dönməyə məcbur edir.

Bizim Ukraynadan, Gürcüstandan, Rusiyadan və Birləşmiş Ərəb Əmirliklərindən olan yeni dostlarımız yalnız Şəkiyə dönməklə kifayətlənmək istəmirlər, həm də onunla yaradıcılıq münasibətlərini davam etdirmək istəyirlər. Bu, Şəki torpağında keçirilmiş görüşlərin müsbət nəticəsidir. İdeyalar, dostluq münasibətləri belə yaranır, yaradıcılıq və peşə əlaqələri bu cür meydan çıxır. Ən başlıcası isə Şəki adlı coğrafi məkana - ustalar və qədim sənətlər şəhərinə bir aşiqlik hissi yaranır.

 

«İrakli Qogiyanın ekzotik teatrı»

Diqqəti Azərbaycan teatrlarının festivalda təqdim etdiyi tamaşalarda saxlamayaq. «Ölülər», «Yeddi Gözəl», «Dəli yığıncağı», «Zəng» və «Vaqif» barədə yerli KİV yetərincə çox yazıblar. Festival Şəki tamaşaçısına yeni teatr növləri ilə tanış olmaq imkanı yaratdı. Ənənəvi teatrdan son dərəcə fərqlənən bu teatrlar publika tərəfindən inanılmaz asanlıqla müasir teatr adlandırılıb. Amma dünya teatrının iki min ildən çox yaşı var və biz anlayırıq ki, yeni nəsə ortaya çıxarmaq çox çətindir. Çox vaxt yenilik yaxşı unudulmuş köhnəliyin təqdimatı olur.

«İrakli Qogiyanın ekzotik teatrı». Sandro Axmeteli adına Tiflis Dram Teatrının Vaja Pşavelinin «Ev sahibi və qonaq» pritçası əsasında təqdim etdiyi tamaşa xoş yenilik olmaqla yanaşı, həm də sübut etdi ki, repertuarlı teatr heç də tamaşaçını zalda saxlamaq üçün qaçaraq komediya-əyləncə dramaturgiyasından yapışmalı deyil. Sən demə, əxlaqi mənbələrə geri qayıtmağın özü də çağdaş məna və həmçinin rituallarla zəngin hərəkətlərlə ifadə edilmiş çağdaş ritm kəsb edə bilər. Bunun üçün rejissor keçmişə boylanıb və səhnədə kistinlərin (indiki çeçenlərin) və xevsurların (xristianların) adət və rituallarını canlandırıb.

Dağ adamlarının dünyası sirr və anlaşılmazlıqlarla doludur. Onlar əsrlərlə qoruduqları yazılmamış qanunları ilə yaşayırlar. Amma rejissor hesab edir ki, qanunları insanlar yaradır, elə onları insanlar da dəyişməli, ya da yerli-köklü ləğv etməlidirlər; məsələn, qan düşmənçiliyini. Çünki tamaşanın finalında həlak olan iki qəhrəman - qan düşməniləri Qonaq və Ev sahibi real həyata kabus kimi dönürlər və nəsil ağacının hər iki tərəfində elə dayanır ki, innən belə bu cür hadisələr baş verməsin. Çünki insana həyat onu uzatmağa və yaratmağa verilib, özünəbənzər insanları məhv etmək üçün yox.

Ən maraqlısı odur ki, quruluşçu rejissor İrakli Qogiyanın aktyorları, daha dəqiqi, aktrisaları bütün tamaşa boyu səslənən bütün milli musiqi alətlərində ifa edə bilirlər. Hətta onların adı da musiqi ladı kimi səslənir. Dinləyin: doli, çuniri, çiponi, fanduri. Və bu alətlər səhnə hərəkətlərini yerinə yetirən qarageyimli qızlar tərəfindən əldən-ələ ötürülür. Tamaşada xor həm matəmi, həm də dağ kəndlərinin sakinlərini, sadə dillə deyilsə, xalqı təcəssüm edir. Məlum olub ki, rejissor məhz bu quruluş üçün xüsusi pedaqoq dəvət edib və o, aktrisalara bütün xalq çalğı alətlərində ifa etməyi öyrədib. Bunun nəticəsində tamaşada səs polfioniyası alınıb ki, bu da teatr atmosferinə quruluşçunun əldə etməyə çalışdığı ekzotik çalarları bəxş edib.

 

«Gözəl çiçəklər» fiziki teatrı

Xarkovlular da yüksək səviyyə göstərdilər. Truppada cəmi beş nəfər vardı, amma onlar ifa zamanı bədənlərinə tam hakim idilər. Belə teatr üçün bu məsələ həddindən önəmlidir, çünki burada mətn, demək olar ki, yoxdur, aktyor bədəninin ifadə qabiliyyəti isə ən vacib işdir. Bədən hər şeyi ifadə edən alətdir: həm emosional durumu, həm xarakteri, həm də problemə, situasiyaya, başqa personaja yanaşma tərzini ifadə edir.

Düşünürsən ki, bu cür teatr əvvəllər olmayıb və ənənəvi teatrın daşlaşmış formalarından uzaqlaşmaq istəyənlər tərəfindən yaradılıb. Amma gerçəkdən onlar axtarışdadırlar! Buna görə də incəsənətlə öz qarşılıqlı münasibət dünyalarını yaradırlar. Onların «Piy» tamaşası insanla tərəqqinin münasibətlərinə yenidən baxışdır. İnsan və informasiyanın da. İnsan və qajetlərin də. İnsan və getdikcə daha çox gerçəkliyi sıxışdıran virtual aləmin də. Sonucda insan gerçəklə qurama arasında sərhədləri silən, onu iki dünya arasında qoyan, ruhunu zəhərləyən və onu proqramlaşdırılmış mexanizmə çevirən texnoloji kəşflərinin qurbanına çevrilməklə risk edir. Buna görə də finalda rusca piy mənasını verən «jir» sözündə hərflərin yeri dəyişdirilir və “ye” mənasını verən «jri» alınır. Və bu, doğrudur. Çünki istehsal etdiyimiz hər şeyi özümüz yeyirik.

 

«Triktster - kontemporari teatrıdır»

Şəki izləyiciləri Moskvadan gəlmiş daha bir qeyri-ənənəvi teatrı da gördülər. Pantomim, modern rəqs, fiziki teatr və quruluşçu düşüncə çuğlaşaraq, «Bədən hissələri» adlı tamaşaya hopmuşdu. Hədisələr metafora və səhnə rəmzləri ilə zəngin idi. Belə bir sual qoyulmuşdu ki, ayrı-ayrılıqda bədən hissələri nə edə bilər: ayaqlar, əllər, ürək… Tamaşa müəllifləri bu fikri daim, amma dinamik şəkildə körükləyirlər. Yalnız bu bədən hissələrinə elə gəlir ki, onlar müstəqildir və bir-birlərindən asılı olmayaraq yaşaya bilərlər. Əslində isə bədən hissələri, sadəcə, bədən adlı vahid və böyük orqanizmin sözəbaxan vintcikləridirlər.

Və aydın olur ki, reallıqda bədənin heç bir hissəsi təkbaşına, başqaları olmadan yaşaya və fəaliyyət göstərə bilməz. Bu, illüziyadır. Çünki əslində, bütün siqnallar, lap elə əmrlər baş adlanan vahid mərkəzdən gəlir.

Bir çox izləyicilər tamaşanın Sovet İttifaqının dağılmasını əks etdirdiyini düşündülər. Əlqərəz, yozumlar fərqli ola bilər. Çox da ola bilər. Amma bu tamaşanın çox vacib bir məqamını unutmaq olmaz: başla-ürəyin qarşılıqlı əlaqəsini. Əgər bu əlaqə varsa, deməli, vəziyyət hələ tam qorxulu deyil və dünyanın xilas olmağa ümidi var…

 

Son söz

Festival başa çatdı, amma özündən sonra gözəl xatirələr, emosional təəssürat, yeni yaradıcılıq və dostluq əlaqələri qoydu. Sonra nə olacaq? Nəticələr nədir? Bu suala festivalın direktoru Şaiq Səfərov cavab verdi: «Əslində, «Üç məkan» festivalı Azərbaycan teatrı üçün üçüncü ölçünü açır».



MƏSLƏHƏT GÖR:

411