29 Aprel 2024

Bazar ertəsi, 12:29

UŞAQLAR ARASINDA UZUN ÖMÜR

Qeyri-adi bəstəkar Oqtay Zülfüqarov haqqında xatirələr

Müəllif:

01.10.2016

Görkəmli bəstəkar Oqtay Qədir oğlu Zülfüqarov avqustun 31-də dünyasını dəyişib. Onu “uşaqların dostu” adlandırırdılar. Bu, təsadüfi deyildi, o, Azərbaycanda uşaqlar üçün musiqi yazan ilk bəstəkarlardan biri idi. O, uşaqların zərif ruhunu musiqi vasitəsilə tutmağı, onların əhvalını anlamağı gözəl bacarırdı. Başqa sözlə, onlarla eyni dildə - uşaqların dilində danışmağı bacırırdı.

Oqtay Zülfüqarov Azərbaycan bəstəkarlıq məktəbinin parlaq təmsilçilərindən biridir. O, 1945-ci ildə 1 saylı musiqi məktəbinin violonçel üzrə sinfinə daxil olub və iki ildən sonra 7 illik təhsili başa çatdırıb, bundan sonra Asəf Zeynallı adına Musiqi Məktəbində təhsilini davam etdirib.

Evdə piano olmadığına görə, Oqtay gecələr sinifdə məşğul olub və öz yaradıcılığına görə, respublikada keçirilən bir sıra mahnı müsabiqələrində çoxsaylı mükafatlara layiq görülüb. Bir müddət o, Dövlət Konservatoriyasının violonçel sinfində oxuyub, daha sonra imtahan vermədən Qara Qarayevin bəstəkarlıq sinfinə daxil olub.

Gənc bəstəkar ilk uğuru Azərbaycan bəstəkarlarının 1957-ci ildə keçirilmiş qurultayında əldə edib, üçüncü kurs tələbəsi olan Oqtay fortepiano üçün trio ifa edib. Qara Qarayevin sinfini 1958-ci ildə uğurla bitirən Oqtay Zülfüqarov öz müəlliminin tövsiyəsi ilə uşaq mahnıları seriyası üzərində işləməyə başlayıb. Həmin zaman o, «Qız-ulduz», «Pişik və Sərçə» və «Meşə nağılı» operalarını yazıb. 1962-ci ildə böyük simfonik orkestr üçün yazdığı «Şənlən, mənim xalqım!» üverturası, musiqili komediyası, fleyta və violonçel üçün konsertlər, simfonik poemalar, kantatalar, instrumental pyeslərə görə, Moskvada laureat adına layiq görülüb.

Zülfüqarov 2010-2012-ci ildərdə uşaqlar üçün «Sehrli alma» adlı ikihissəli balet bəstələyib, həmçinin «Tumurcuq» uşaq musiqi teatrının (sonradan adı «Aysel»ə dəyişdirilib) rəhbəri Tamillə Babayeva və Vidadi Xəlilovla birlikdə II və V siniflər üçün musiqi dərsliyi yazıb. Uzun illər Oqtay Zülfüqarovun rəhbərlik etdiyi uşaq musiqi teatrı «Tumurcuq» Azərbaycan Dövlət Televiziyası üçün verilişlər hazırlayıb. Bəstəkar musiqi ilə yanaşı, şeirlər də yazıb və bu şeirlər «Oxuyur Aysel» adlı topluda nəşr edilib.

1972-ci ildə Oqtay Zülfüqarov Azərbaycanın Əməkdar incəsənət xadimi, 2000-ci ildə isə Azərbaycanın Xalq Artisti adlarına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib. 20 il o, Dövlət Uşaq Filarmoniyasının bədii rəhbəri olub.

Bu gün maestronu yaxından tanıyan dostları, qeyri-adi musiqisini ifa edən sənət yoldaşları onun haqqında xatirələrini «R+»la bölüşürlər. 

Zemfira Qafarova, musiqişünas, əməkdar incəsənət xadimi, Konservatoriyanın professoru:

- Əlbəttə, elə bir bəstəkar yoxdur ki, uşaqlar üçün musiqi yazmasın, amma Oqtay müəllim uşaq musiqisi sahəsində böyük məhsuldarlıqla işləyib və özünü parlaq göstərib. Onun tərəfindən iri simfonik kamera və instrumental əsərlər, məsələn, violonçellə orkestr üçün konsert, fleyta ilə orkestr üçün konsert, kvartetlər, fortepiano üçün trio yazsa da, onun uşaq bəstəkarı adlanmağa haqqı çatır. O, uşaq psixologiyasını gözəl bilirdi, onları sevirdi və onlar da qarşılıqlı cavab verirdilər.

Bu istedadlı adama mən həyat yoldaşım Əmir Qafarovun rəhbərlik etdiyi Mədəniyyət İşçiləri Evinin nəzdində uşaq teatrı yaratmaqla bağlı fikrimi bölüşmüşdüm. Teatr «Tumurcuq» adlanırdı, daha sonra onun adını «Aysel»ə dəyişdilər. O, çox populyar idi, yalnız Bakıda deyil, respublikanın rayonlarında da konsertlə çıxış edirdi və  tez-tez televizorda göstərirdilər.

Oqtay müəllim ünsiyyətcil insan idi, insanları sevirdi. O, yalnız uşaqlar üçün mahnı və səhnəciklər, operettalar yazmaqla kifayətlənmyib, həm də şəkillər çəkib və heykəllər düzəldib; məsələn, o, bağında hər şeyi özü düzəldib. Uzun müddət Uşaq Filarmoniyasının bədii rəhbəri olduğundan, uşaqlar üçün yalnız musiqi yazmayıb, həm də rejissor və dirijor kimi tamaşalar qoyub.

Oqtay Rəcəbov, bəstəkar, Əməkdar müəllim, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü:

- Oqtay Zülfüqarov özünü uşaq musiqisinə həsr etmiş böyük musiqiçi, bəstəkardır. Axı bugünkü uşaqlar gələcəyin mühəndisləri və həkimləri, müəllimləri və hərbçilərdirlər. Onlara hələ uşaq yaşlarından musiqinin köməyi ilə valideynlərə, Vətənə sevgi aşılamaq lazımdır. Bəllidir ki, cəmiyyətin iqtisadi inkişafı estetik inkişafdan asılıdır.

O, uşaqlar arasında layiqli və uzun ömür yaşadı. Nə vaxtsa mən ondan soruşdum: «Uşaqlar sizi yormur?». Cavab verdi: «Mən onlardan nurlu enerji alıram, bu da mənim ömrümü uzadır". Bu gün mən gənc bəstəkarlara tövsiyə edərdim ki, uşaqlar üçün daha çox musiqi yazsınlar. 

Çox nəsillər tərəfindən sevilən və ifa edilən «Telefon», «Qatar», «Ovçu» və başqa mahnıları ilə yanaşı o, «Meşə nağılı», «Pişik və qarğa», «Qız-ulduz» kimi uşaq operaları, uşaq opera-baleti və başqa əsərlər də yazıb. Uşaqlar üçün populyar musiqi bütün ölkənin mədəni səviyyəsini xeyli yüksəldir.

O, pedaqoji fəaliyyətdən uzaq olsa da, körpələr üçün musiqi incəsənətinin sirlərini açıb. Buna görə də bizim ölkədə çoxlarını Zülfüqarovun tələbəsi sayırlar, onların içində tanınmış bəstəkarlar, musiqiçilər, müğənnilər çoxdur.

Arif Mirzəyev, bəstəkar, orqançı, respublikanın Əməkdar artisti:

- Oqtay müəllim səmimi, xeyirxah, açıqürəkli və çox zəhmətsevər insan idi. İmkan daxilində hər kəsə bacardığı qədər yardım edərdi; Onun möhtəşəm əsəri - «Şənlən, mənim xalqım!» bayram üverturası uğur qazanmışdı, Ümumittifaq radiosunda səslənmişdi; misal üçün, həmin uşaq mahnısı «Cip-cip cücələrim!» kimi məşhur idi. Onun əsərlərinin musiqisi qeyri-adi və özünəməxsus idi.

Eldar Mansurov, bəstəkar, respublikanın Xalq Artisti:

- Oqtay müəllim - böyük və işıqlı şəxsiyyət, bizim dövrün ən parlaq bəstəkarlarından biri idi. O, bir çox musiqi janrlarında usta idi, amma öz həyatını uşaqlara həsr elədi. O, uşaq musiqili teatrının yaradıcısıdır. Yeni uşaq mahnıları əvvəlcə onun ailəsində uşaqları tərəfindən sınaqdan keçirilirdi, sonra bütün ölkənin uşaqları tərəfindən ifa edilirdi. Məşhur «Kim sevirsə idmanı...» mahnısının taleyi belə olmuşdu. «Şəngülüm, Şüngülüm, Məngülüm» operettasından başqa, onun yazdığı «Abşeron bağları», «Vətən hissi», «Dostluq» kompozisiyaları da məşhurdur. Həmçinin romansları, estrada mahnıları, teatr və kino üçün musiqisi də çox populyardı.

Cahangir Zülfüqarov - Oqtay Zülfüqarovun oğlu, Əməkdar incəsənət xadimi, bəstəkar, Azərbaycan Dövlət Uşaq Filarmoniyasının müəllimi:

- Oqtay Zülfüqarovu “Azərbaycan uşaqlarının babası”adlandırırlar. Ölkənin müxtəlif guşələrindən uşaqları atamın yanına gətirirdilər və o həmişə deyirdi ki, yüz uşaqdan yüzü də istedadlıdır. Onlarla lap erkən yaşlarından musiqi ilə məşğul olmaq lazımdır. Onun yanında təhsil almış uşaqlar bir müddət sonra teatra öz uşaqlarını, daha sonra isə nəvələrini gətirirdilər.

Atam çox istəyirdi ki, mən özümü tamamilə uşaqlarla məşğuliyyətə həsr edim, amma mən onun qədər səbirli deyiləm. Uşaqlarla işləmək çox mürəkkəbdir. Yadıma çox peşəkar oxuyan, amma çox böyük vəzifəli adamın qızı olan dördyaşlı qızın əhvalatı düşür. Qız studiyada yazılış zamanı birdən susdu. Onu heç cür dilə tuta bilmirdilər. Hamı susurdu - atası da. Atam bütün uşaqlarla dil tapa bilirdi. Birdən atam ucadan dedi: «Utanmırsan, özünü necə aparırsan?!». Və qız oxumağa başladı. Hamı təəccübləndi, o cümlədən qızın atası da - hələ heç kimin yüksək tonla danışmağa cəsarət etmədiyi bir insan da.

Atam həmişə həyəcanla Konservatoriyanın dəhlizində Üzeyir bəylə baş vermiş yeganə görüşünü xatırlayırdı. O, atamdan soruşmuşdu ki, hansı alətdə ifa edir? Qara Qarayevin kompozisiya dərsləri kimi, bu görüşü də həmişə xatırlayırdı. Əlbəttə, Azərbaycanın peşəkar musiqisi dahi Üzeyir bəydən başlayır.

Atam mənim üçün yalnız ata deyildi, həm də öz əsərlərimi göstərərək məsləhət ala bildiyim böyük dost idi. Deyim ki, o, dərhal mənim səhvlərimi görürdü, halbuki həmin səhvləri mən yalnız bir müddət sonra aşkar edə bilirdim. Atamın uşaqlar üçün yazdıqlarını təkcə uşaqlar yox, böyüklər də oxuyur.

1986-cı ildən Kukla Teatrında işləyirəm, atamın nəvəsi simfonik orkestrdə fleyta çalır, ondan ötrü atam Fleyta ilə orkestr üçün konsert yazıb.

Bizim bütün ailəmiz musiqi ilə bağlıdır, hamısı «Tumurcuq» («Aysel») musiqi teatrının işində və onun televiziya çəkilişlərində iştirak edib. Hərənin öz rolu vardı - mən, məsələn, operator idim, bir bacım rejissor, başqası aktrisa idi. Anam 40 il vokal dərsi keçib. Biz atamın necə böyük adamlarla olduğu kimi, 40 uşaqla məşğul oldğunu müşahidə edirdik. Onun məruzə ilə çıxış etdiyi Polşada demişdilər ki, dünyanın heç bir yerində 2-6 yaşlı uşaqların çıxış etdiyi musiqili teatr yoxdur.

Atam heç zaman işsiz oturmazdı, əgər susurdusa, deməli, şeir yazırdı. «Oxu, Aysel!» toplusundakı bütün şeirlər kimi, bunlar da sonradan onun mahnılarında istifadə edilirdi.

Atam böyük vətənpərvər idi, öz xalqını və ölkəsini çox sevirdi, onun uğurları ilə çox fəxr edirdi. O, özünü tamamilə incəsənətə həsr etmişdi. Heykəl yonurdu, rəsm çəkirdi, bəzi işləri muzeylərə qoyulub, əsas işləri evdə saxlanılır. Üzərində muncuqla Üzeyir bəyin portretini işlədiyi vaza böyük bəstəkarın ev-muzeyini bəzəyir. Atam xatirimdə xeyirxah, işıqlı, böyük yumor hissinə malik və ömrünün son gününə qədər işləmiş böyük dünyagörüşlü insan kimi qalıb.

Allah rəhmət eləsin!



MƏSLƏHƏT GÖR:

423