30 Aprel 2024

Çərşənbə axşamı, 18:55

FƏSADLARA YOL AÇAN MÜQAVİLƏ

«İqtisadi NATO»nun başı üzərini “qara bulud”lar alır

Müəllif:

01.10.2016

ABŞ-ın hazırkı Prezidenti Barak Obamanın ən nəhəng ideyalarından olan Birləşmiş Ştatlarla Avropa arasında Trans-Atlantik Ticarət və İnvestisiya Tərəfdaşlığının (TTIP) başı üzərini “qara bulud” örtür. Əksər avroskeptiklər artıq bu layihəni dəfn etməyə belə meyillidir. Halbuki, o, dünya ÜDM-nin 46%-ni, beynəlxalq ticarətin isə üçdəbirini özündə cəmləyə bilər.

 

Effektivlik sıfıra bərabərdir

Skeptiklər bir yana, hətta Fransa Prezidenti də artıq 3 ildən artıqdır, heç bir nəticə verməyən danışıqların dayandırılması arzusunu dilə gətirib. Almaniyanın vitse-kansleri və İqtisadiyyat naziri Ziqmar Qabriel isə təəssüflə bildirib ki, razılaşmanın 27 maddəsi üzrə danışıqların 14-cü raundunun keçirilməsinə baxmayaraq, maddələrin heç biri üzrə razılıq əldə edilməyib.

Müzakirə olunan maddələrdən heç biri ilə bağlı ümumi fikir yoxdur. Hətta sadələşdirilmiş TTIP-light versiyası da keçməyib! Bu tələni amerikalılar bu ilin əvvəlində, Obamanın prezidentlik müddətinin sonunadək razılaşmanın imzalanmasının mümkünsüzlüyünü anlayan zaman düşünmüşdü. Üstəlik, «yüngül» versiyanın qatı əleyhdarları kimi, ABŞ-da böyük tələbat olan Avropanın maşınqayırma və sənaye avadanlığı sahəsinin nümayəndələri, yəni, əslində, əsas razılaşmadan ən çox qazanc əldə edəcək dairələr çıxış edir. Hər şey sadədir - light versiya onları ümumiyyətlə nəzərə almayıb.

Halbuki, bu işlərə elə təmtəraqla başlanılmışdı ki! Atlantik okeanının hər iki tərəfindən olan siyasətçilər layihəyə dəbdəbəli adlar da qoyurdu. ABŞ prezidentliyinə namizəd Hillari Klinton onu, hətta «İqtisadi NATO» adlandırırdı! «Avropa və universal dəyərlərin dünyada yayılması üçün siyasi rçaq!» - deyə Aİ-nin ticarət məsələləri üzrə komissarı Sesiliya Malmstrem sanki onun fikrini təkrarlayırdı. ABŞ-ın ticarət naziri Penni Pritsker isə deyirdi: «Bu layihə sayəsində XXI əsrdə ticarətin qaydalarını ABŞ ilə Avropa diktə edəcək».

Amma iş gəlişigözəl sözlərdən o yana keçməyib. Heç bir addım da!

Məlum olub ki, danışıqlar aparan tərəflərin dövlətlərin rolu, sahibkarların hüquqları və demokratik dəyərlərlə bağlı təsəvvürləri tamamilə fərqlidir; məsələn, müqavilə Avropa cəmiyyətinin ərzaq məhsullarının keyfiyyəti, sabit maliyyə bazarları, kimyəvi təhlükəsizlik kimi standartlarını təhlükə altına qoya bilər.

 

Bütün cəbhəboyu təzyiq

Bəs razılaşma nə haqqındadır? Hər halda, qarşılıqlı ticarətdə hələ də mövcud olan kiçik tarif maneələrinin aradan qaldırılması üçün deyil! Bunun öhdəsindən ÜTT də kifayət qədər uğurla gəlir. Söhbət dünya miqyasında tamamilə yeni azad ticarət qaydalarının qoyulmasından gedir. TTIP-nin istər ABŞ, istərsə də Avropadakı tərəfdarları bunu Çinin qlobalçılıq cəhdlərinin qarşısını almağa yönəlmiş addım sayır.

Hər iki tərəf üçün vacib olan çox sayda problem müzakirə olunur - ətraf mühitin mühafizəsi sahəsinin tənzimlənməsindən, ərzaq məhsullarının təhlükəsizliyindən, sənayedə və kənd təsərrüfatında kimyəvi maddələrdən istifadə qaydalarından tutmuş, intellektual mülkiyyət hüququnun, internet istifadəçilərinin məlumatlarının qorunmasına, istehlakçıların və xarici investorların maraqlarının müdafiəsinədək. Müzakirələr zamanı qanunvericiliyə, bank tənzimlənməsinə, dövlət xidmətləri sektoruna və s. də toxunulacaq.

Razılaşma dövlətin layihələrə cəlb olunan hüquqi, məhkəmə və tənzimləyici strukturlarında fundamental dəyişikliklərə hesablanıb. Danışıqların 3 ildir davam etməsini və nəticə verməməsini də məhz bununla izah etmək olar.

Nəzərə alsaq ki, ABŞ hansısa universal qaydanın hazırlanmasının qarşılığında avropalılara sadəcə onların biznes format və normalarını təkrarlamağı təklif edir, danışıqlardan başqa nə isə gözləmək çətindir. Bu, xüsusilə investorlarla dövlət arasındakı münaqişələrin həlli mexanizminə aiddir. Özəl şirkətlər kommersiya arbitraj məhkəmələrinə dövlət tərəfindən ehtimal olunan qayda pozutnusu ilə bağlı şikayət ünvanlaya bilər. Başqa sözlə, şirkət dövlətin fəaliyyətinin onun gəlirlərinə mənfi təsir göstərdiyini düşünərsə, bundan şikayət edə bilər; məsələn, istər ekologiya, istər səhiyyə sahəsində istehsalçıya qarşı tələblərin artırılmasını nəzərdə tutan qanun layihəsini əngəlləmək olar. Bununla yanaşı, hökumətə və fərdi şəxslərə hər hansı korporasiyanı məsuliyyətə cəlb etdirmək üçün anoloji hüquqlar verilmir.

Ekspertlərin fikrincə, Amerika şirkətləri üçün ənənəvi olan bu mexanizm Avropanın nəzarətçi və tənzimləyici orqanlarının işini, Avropa demokratiyası prinsiplərinə uyğun qəbul edilmiş qanunverici normaları iflic edə bilər.

Öz növbəsində, avropalıların münaqişələrin ümumi məhkəmələrdə nizamlanması və apelyasiya vermək hüququna dair təkliflərini ABŞ qətiyyətlə rədd edir.

Daha bir nümunə. Vaşinqton Avropa avtomobilləri üçün idxal rüsumlarını ləğv etməyə hazırdır. Lakin bunun yalnız Aİ bazarlarına öz kənd təsərrüfatı məhsullarının buraxılacağı təqdirdə mümkün olduğunu deyir. Halbuki, Avropada genetik modifikasiya olunmuş ərzaq məhsullarından, bitkilərdən istifadəyə ciddi məhdudiyyət var - bunun üçün məhsulun insan sağlamlığına zərər ola biləcəyinə dair cüzi şübhə kifayətdir. ABŞ-da isə prinsip fərqlidir: məhsulun insana zərəri sübut olunmayıbsa, onu istehsal etmək və satmaq olar.

Almaniya rəsmiləri ictimaiyyətin buna mənfi reaksiya verəcəyini əvvəlcədən bildiyindən, ölkəyə «hormonlu ətlər" buraxılmayacağını dərhal bəyan edib.

Avropa təhsil sahəsindəki dövlət xidmətlərinin də kommersiya ticarət qaydalarına tabe olmasına imkan verməyəcək. TTIP çərçivəsində audiovizual sahənin müzakirəsi ümumiyyətlə istisnadır. Məqsəd Avropa İttifaqının mədəni və dil müxtəlifliyinin qorunub-saxlanılmasıdır.

Daha sonra məlum olur ki, ABŞ-da kənd təsərrüfatı məhsulları istisna olmaqla, bütün sahələrdə müəllif hüquqları var; məsələn, Amerikanın supermarketlərində yerli istehsal olan feta pendiri, və ya Kaliforniya şərabı - «şampan», «burqund şərabı» və s. satılır. Aİ-də Avropa ölkələrinin konkret regionlarından olan istehsaçıların brendi ilə məhsul istehsalının qadağan edilməsi isə «proteksionizmin bir forması» kimi qiymətləndirilərək, rədd olunur.

 

Troya atı

ABŞ-la ticarət razılaşmasının yerində saydığı bir vaxtda, Kanada ilə anoloji müqavilə (SETA) artıq praktiki olaraq razılaşdırılıb və onun oktyabrın 27-də Brüsseldə keçirilməsi nəzərdə tutulan Aİ-Kanada sammitində təsdiqlənəcəyi gözlənilir. Ziqmar Qabrielin sözlərinə görə, bu, Ottavanın Vaşinqtondan fərqli olaraq, bir çox məsələlərdə Aİ-yə güzəştə getməsi nəticəsində mümkün olub.

Ekspertlər isə Kanada ilə razılaşmanın mətnində CETA-nı TTIP üçün Troya atına çevirən şərt görüb. Məsələ də ondadır ki, CETA Kanada ərazisində fəaliyyət göstərən bütün korporasiyaların hüquqlarını onun baş ofisinin harada yerləşməsindən asılı olmayaraq, qoruyur. Yəni, razılaşmada tərəf kimi yalnız Kanada yox, Amerikaya məxsus transmilli korporasiyalar da çıxış edə bilər. Sadəcə, bunun üçün o, Kanada ərazisində hansısa fəaliyyətlə məşğul olmalıdır.

Bununla yanaşı, Avropa Parlamentinin CETA-ya meylinə baxmayaraq, razılaşma milli parlamentlərdə dinləmələrdən keçməlidir.

TTIP ilə bağlı isə bu, nəzərdə tutulmayıb.

Yes we can stop TTIP! - Bəli, biz TTIP-nin qarşısını ala bilərik!

İndi, 2008-ci ildə Obamanın seçki kampaniyasının şüarı olmuş «Yes we can» («Bəli, biz bacararıq!») bu layihənin əleyhidarları arasında böyük populyarlıq qazanıb. Amma ona cüzi dəyişiklik edilib: «Bəzi, biz TTIP-nin qarşısını almağı bacararıq!».

Bütün Avropada yüzminlərlə insan son 3 ildə bu şüarla mitinqlərə çıxır, ölkə rəhbərliyini razılaşmadan imtinaya məcbur etməyə çalışır. Onların fikrincə, TTIP Avropada ekoloji və sosial standartları aşağı salacaq, ticarət sahəsindəki mövcud norma və qaydaları pozacaq.

 

Qarşıdan seçkilər gəlir

Bu arada həm Avropada, həm də ABŞ-da milli suverenlik və proteksionizm tərəfdarları güclənir. Razılaşma layihəsinin məzmunu haqqında məlumatların ictimaiyyətə sızmaması üçün TTIP-nin şərtləri tam məxvi saxlanılsa da, Avropa ölkələri və ABŞ ictimaiyyətində təşəbbüsə dəstək getdikcə azalır. Cəmi 2 il əvvəl onu dəstəkləyənlər 50% idisə, indi bu rəqəm 15%-ə güclə çatır. Bu rəqəmlər, təbii ki, elektoral reytinqlərdədə özünü göstərir.

Avropanın hazırkı hakim partiyalarının nümayəndələri anlayır ki, layihəyə dəstəyin davam etdirilməsi növbəti seçkilərdə onların məğlubiyyətilə nəticələnə bilər. Avropanın aparıcı dövlətləri olan Almaniya, Fransa, İtaliya və Avstriyanın siyasi rəhbərliyinin TTIP ilə bağlı mövqeyini dəyişməsinə də məhz ictimai rəyin dinamikası səbəb olub.

ABŞ-da da azad ticarət ideyasını dəstəkləyənlərin sayı azalır. Hillari Klinton dövlət katibi olarkən bu ideyanı fəal şəkildə dəstəkləyirdisə, prezident seçkisi kampaniyası zamanı insanlara nə TTR, nə də TTIP-ni imzalayacağına dair vəd vermək məcburiyyətində qalıb. Üstəlik, Demokratlar Partiyasında da əksəriyyət Aİ ilə razılaşmanın əleyhinədir. Konqresdəki respublikaçı çoxluq da eyni mövqedədir. Müqavilənin əleyhinə çıxanlar arasında Tramp da var.

 

Danışıqlar qeyri-müəyyən vaxtadək təxirə salınıb 

Avropanın aparıcı dövlətlərinin rəhbərliyi TTIP-yə şübhə ilə yanaşsa da, Aİ-nin xarici ticarət nazirlərinin bu günlərdə Bratislavada keçirilən görüşündə danışıqlar prosesinin davam etdirilməsi qərara alınıb. Bununla yanaşı, nazirlər ABŞ-la sözügedən razılaşmanın Barak Obamanın prezidentlik səlahiyyətləri bitənədək imzalanmasının mümkünsüzlüyünü etiraf edib. Nəticədə, fasilə verilməsi qərara alınıb. Qərara əsasən, danışıqlar ABŞ və Fransada prezident seçkilərinin (müvafiq olaraq, 2016-cı ilin noyabrı və 2017-ci ilin payızı), Almaniyada isə parlament seçkisinin bitməsinədək (2017-ci ilin payızı) təxirə salınır. Yəni, danışıqların real şəkildə bərpası yalnız 2017-ci ilin sonu - 2018-ci ilin əvvəllərində mümkün olacaq.



MƏSLƏHƏT GÖR:

372