30 Aprel 2024

Çərşənbə axşamı, 12:34

ÇƏTİN KEÇƏN 25 İL

MDB məkanında siyasi dəyişikliklər Birlikdə islahatların zəruri olduğu dövrə təsadüf edib

Müəllif:

01.10.2016

Sentyabrın 16-17-də Bişkəkdə MDB dövlət başçılarının yubiley sammiti keçirilib. 1991-ci ildə keçmiş sovet respublikalarının sivil şəkildə ayrılması üçün meydan kimi elan olunmuş Müstəqil Dövlətlər Birliyinin 25 yaşı tamam olub. Bunu ərazisində xeyli ciddi hadisələrin, o cümlədən silahlı münaqişələrin baş verdiyi regional təşkilat üçün ciddi yaş saymaq olar. Bu gün MDB özündə Rusiya, Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Moldova, Tacikistan, Türkmənistan və Ukraynanı birləşdirir. Gürcüstan 2009-cu ildə, məlum hadisələrdən sonra Birliyi tərk edib. Ukraynanın təşkilata üzvlüyü isə 2014-cü ildən, sanki havadan asılı vəziyyətdədir - o vaxtdan Kiyev təşkilata ödəmələr etmir, faktiki olaraq, onun toplantılarına qatılmır. Amma Ukrayna MDB-ni rəsmən tərk etməyib.

Bişkək sammitinə əksər dövlət başçıları qatılmışdı. İstisna yalnız Moldova (onu Baş nazir təmsil edirdi), Türkmənistan (Baş nazirin müavini), Özbəkistan (XİN başçısı) və Ukrayna (Ukraynanın Qırğızıstandakı səfiri) idi.

Sammit çərçivəsində qəbul edilmiş ən vacib qərarlardan biri kimi, Birlikdə islahatların aparılması zərurətinin bəyanını göstərmək olar. Bu, onun müasir reallıqlara maksimum uyğunlaşdırılması üçün vacib sayılıb. Xərclərin azaldılması, işçi mexanizmlərinin təkmilləşdirilməsi, sammitlərin gündəliyinin maksimum yüngülləşdirilməsi, Xarici İşlər Nazirləri Şurasına və İqtisadi Şuraya daha böyük səlahiyyətlərin verilməsi, nəhəng nəqliyyat-tranzit layihələri ilə bağlı siyasi koordinasiyaya xüsusi diqqətin ayrılması da təklif olunur. Nəticədə, Bişkəkdə «Birliyin inteqrasiya proseslərinin inkişafında müasir reallıqlara uyğunlaşdırılması» haqqında sənəd imzalanıb. Digər vacib sənədlər arasında «Yaxın 3 ildə terrorçuluqla mübarizədə əməkdaşlıq» və «Birlik ölkələrinin kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı» haqqında sənədləri göstərmək olar.

Ötən dövr ərzində MDB-ni dəfələrlə «dəfn etsələr» də, o, bir çox sual və şübhələrin olmasına rəğmən, hələ yaşayır. Birliyin qeyri-effektivliyi və zəifliyi haqqında çox yazılıb, çox deyilib - publisistikadan tutmuş, akademik sahəyədək. Bu mənada, bir neçə amili xüsusi qeyd etmək olar. İlk növbədə, əlbəttə ki, rusiyalı ekspertlərin o qədər də sevmədiyi məqamı yada salaq - lazımi təhlili aparmaq üçün onu nəzərə almamaq olmaz. MDB-də Rusiya şəriksiz liderliyə iddia edib və edir. Onun ərazi, iqtisadi, elmi-texniki, hərbi potensialı, həmçinin son zamanlardakı xarici siyasi iddiaları buna imkan verir. Moskvanın bu imkanlarını MDB-nin istənilən digər üzvünün imkanları ilə müqayisə etmək mümkün deyil. Bu fonda Birliyin digər üzvlərinin MDB-nin arxasında hər zaman SSRİ-nin əlamətlərini sezməsi təəccüb doğurmur. MDB-də təmsilçilik məsələsinə isə şəxsi fayda baxımından yox, Rusiya ilə Qərb arasındakı bayağı qarşıdurma kontekstində yanaşılıb.

MDB-nin qeyri-effektivliyinin ikinci səbəbi, Birliyin fəaliyyətə başladığı ilk anlardan yuxarı səlahiyyətlərə malik olmamasıdır. Demək, onun böhranlı vəziyyətlər üçün real işlək mexanizmləri də yoxdur. Bəzi üzv dövlətlər arasında (o cümlədən, bir çox hallarda Rusiyanın da iştirakı ilə) müxtəlif qarşıdurmaların, açıq münaqişələrin olması inteqrasiya prosesinə hər zaman mane olub.

 

«Mən yalana artıq cavab verdim»

MDB məkanının ən köhnə (Birliyin özündən də «yaşlı»), ən açıq və ən təhlükəli münaqişələrindən biri Qarabağ problemidir. MDB Dövlət Başçıları Şurasının Qırğızıstanda dar çərçivədə keçirilən iclasında Ermənistan Prezidenti Serj Sarqsyan bu mövzuya da toxunmağı lazım bilib. O, «Atəşkəs razılaşmasının məhz Bişkəkdə imzalandığını», «MDB üzvlərinin müəyyən mənada, bu müddətsiz razılaşmanın reallaşdırılmasının qarantı olduğunu» bildirib. Cəbhə xəttində apreldə baş vermiş hadisələrə toxunan Sarqsyan bildirib ki, o zaman atəşkəs razılaşmasını məhz Azərbaycan pozub. Münaqişənin siyasi yolla həllindən danışan Sarqsyan növbəti dəfə problemin məğzindən uzaqlaşaraq, «hərbi əməliyyatların dayandırılması haqqında razılaşmadan, insidentlərin araşdırılması mexanizmlərindən və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin missiyasının genişləndirilməsindən» danışıb. Yəni, Sarqsyan Azərbaycanın qəti etiraz etmədiyi, sadəcə, problemin dinc yolla həlli üçün əsas məqamlar saymadığı məsələlərdən söz açıb. Bakıda hesab edirlər ki, sadalananlardan daha vacib məsələlər var - suveren dövlət olan Azərbaycan ərazisinin bir hissəsinin işğalı, işğal olunmuş ərazilərdə infrastrukturun, daha da önəmlisi, tarixi, dini və mədəni abidələrin dağıdılması, həmçinin regionun ekologiyasına zərər vuran digər əməllər. Bundan başqa, Dağlıq Qarabağdan və ona bitişik 7 rayondan qovulmuş 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün var. Ermənistan prezidentinə cavab vermək üçün beraluslu həmkarından əlifba sırası ilə gedən çıxış növbəsini ona verməsini istəyən Prezident İlham Əliyev də məhz bu məqamları hər kəsin nəzərinə çatdırıb. «Mən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsinin başqa beynəlxalq strukturlarda həll edilməsini əsas tutaraq, bu gün bu mövzuda danışmağı lazım bilmədim. Amma erməni tərəfinin növbəti şikayətini eşidəndə, bunu şərh etməyi özümə borc saydım. Erməni tərəfi bu şikayətlərlə artıq bütün beynəlxalq təşkilatları bezdirib», - deyə Əliyev bildirib. O, danışıqlar prosesinə əsas maneənin Ermənistanın 20 ildən çoxdur danışıqlarla yox, onun imitasiyası ilə məşğul olmasını göstərib. Dövlət başçısı bildirib ki, erməni tərəfi məhz «bu prosesin sonsuz olması üçün vaxtaşırı müxtəlif təxribatlara əl atır və onlardan biri məhz bu ilin aprelində oldu».

İlham Əliyev BMT Təhlükəsizlik Şurasının hələ 1990-cı illərin əvvəllərində qəbul etdiyi 4 qətnamənin erməni işğalçı qüvvələrinin Azərbaycan ərazilərindən qeyd-şərtsiz çıxarılmaısını tələb etdiyini xatırladıb, Ermənistanın bu qətnamələrə məhəl qoymadığını, yeni reallıqlar yaratmağa çalışdığını söyləyib.

S.Sarqsyan Azərbaycan Prezidentinin sözlərinə replika ilə cavab verib: «Yalana cavab verməyin, sadəcə, mənası yoxdur». İ.Əliyev isə bu replikaya cavabında deyib: «Mən yalana artıq cavab verdim».

Qarabağ münaqişəsi ilə yanaşı, MDB ərazisində Dnestryanı problem, gürcü-abxaz, gürcü-osetin münaqişələri (Gürcüstanın MDB-ni tərk etməsinə bu münaqişələr səbəb olub), indi isə üstəlik, Ukrayna problemi var. Yeri gəlmişkən, Bişkək sammitində Ukrayna böhranı haqqında da danışılıb. Səfir Doroşenko Rusiyanın sədrliyinə qarşı çıxaraq, Moskvanın «Ukraynanın bir hissəsini işğal etdiyini, ölkənin şərqində isə hərbi qarşıdurmaya yol açdığını» bildirib.

İkinci irad 2020-ci ildə keçirilməli olan siyahıyaalma ilə bağlı olub. Səfir bildirib ki, Ukrayna prosesdə yalnız bir halda iştirak edəcək ki, Rusiya siyahıyaalma zamanı Krım əhalisini nəzərə almasın. Putin buna belə cavab verib: «Rusiya heç yeri işğal etməyib. Krımda baş verənlər Ukraynadakı bəzi siyasi qüvvələrin qanunsuz əməllərinin nəticəsidir. Məhz bu, sonda dövlət çevrilişinə aparıb çıxarıb».

MDB-yə sədrliyə gəlincə, Putin Birliyin Nizamnaməsinin Ukrayna tərəfindən imzalanmadığını və ratifikasiya olunmadığını xatırladıb: «Odur ki, o, strukturun işinin təşkili ilə bağlı təkliflər vermək iddiasında ola bilməz».

Burada daha vacib olanı söz atışması faktının özü yox (ən azı, ona görə ki, opponentlər çox fərqli çəki dərəcəsində idi), onun Moskva ilə Kiyev arasındakı ziddiyyəti aşkar şəkildə ortaya qoymasıdır. Bu qarşıdurmanın həllinə çalışan «Normand formatı», hələ ki, nəticə əldə edə bilmir.

 

Dəyişikliklər zamanı...

Bütün bunların fonunda 25 ildə MDB-nin «çətiri» altında olan dövlətlərin bu və ya digər formada digər strukturlara «yayılması» heç də təəccüblü deyil. Misal kimi, İttifaq Dövlətini (Rusiya və Belarus), KTMT-ni (hərbi sahə), AAİ-ni (iqtisadiyyat), ŞƏT-i (region çərçivəsini aşan hərbi-siyasi blok), GUAM-ı göstərmək olar. Bu təşkilatları bir-biri ilə müqayisə etmək olmaz. Onların nə dərəcədə uğurlu olduğu isə başqa söhbətin mövzusudur. Amma bu qurumları MDB ilə müqayisə edəriksə, Birlik həyata keçirilməyən qərarlarının sayına görə, əlbəttə ki, liderdir. İndi,  MDB-nin yenidən formalaşdırılması prosesinin nə dərəcədə uğurlu olacağını proqnozlaşdırmaq da çətindir. Bundan başqa, bəlkə də indi bunun üçün heç də ən uğurlu dönəm deyil, çünki birlik üzvlərinin əksəriyyətinin başı öz daxili işlərinə qarışıb; məsələn, Rusiyada parlament seçkisi keçirilib və yeri gəlmişkən, o, ölkənin siyasi müstəvisində hər hansı sürpriz dəyişikliklərə səbəb olmayıb. Səsvermənin nəticəsinə görə, mandatların əksəriyyətini «Vahid Rusiya» qazanıb. Sonrakı yerləri RFKP, RLDP və «Ədalətli Rusiya» tutur. Bununla yanaşı, ölkə başçısı Putinin təşəbbüsü ilə idarəçilik səviyyəsində kifayət qədər ciddi dəyişikliklər baş verir. Prezident DİN rəhbərliyində «təmizlənməyə» başlayıb. Bu günlərdə o, Narışkini Xarici Kəşfiyyat Xidmətinin rəhbəri təyin edib (Fradkov RDY Direktorlar Şurasına rəhbər təyin olunub, Dövlət Dumasının spikeri postuna isə Prezident Administrasiyası rəhbərinin birinci müavini Volodin namizəd göstərilib). FTX-nin vacib strukturlarında, orduda (Xəzər Donanmsı, Baltik Donanması) da yeni təyinatlar var. Bundan başqa, uşaq ombudsmanı, təhsil naziri yenilənib, yerlərdə çox sayda yeni təyinatlar olub.

Azərbaycanda isə Konstitusiyaya əlavə və dəyişikliklərlə bağlı referendum keçirilib. Dəyişikliklər, ilk növbədə, birinci vitse-prezident vəzifəsinin yaradılmasını, prezidentin səlahiyyət müddətinin 5 ildən 7 ilə artırılmasını nəzərdə tutur. Bundan başqa, indi dövlət başçısı növbədənkənar prezident seçkisi də elan edə biləcək. Prezident postunu vaxtından əvvəl tərk edərsə, növbədənkənar seçkinin keçirilmə müddəti 3 aydan 60 günə endirilir. Yeni Əsas Qanunda Prezidentin parlamenti buraxmaq səlahiyyətinin olduğu, 18 yaşına çatmış şəxslərin parlament seçkisində iştirak edə bilməsi kimi məqamlar da əksini tapıb.

Birliyin bir çox digər ölkələrində isə siyasi həyatdakı dəyişikliklər kifayət qədər ağrılı keçir; məsələn, Moldova gələn il üçün MDB-yə sədrlikdən imtina edib. Bu, ölkənin ciddi daxili böhran (həm siyasi, həm iqtisadi) yaşaması ilə əlaqədardır. Kişinyov-Moskva münasibətləri də ən yaxşı dönəmini yaşamır. Putinin Bişkəkdə bəyan etdiyi kimi, «Moldova hökumətinin müstəqil olmadığı indiki şəraitdə Kişinyovla yalnız hansısa işçi dialoqun qurulması haqqında danışmaq olar». Amma artıq ikitərəfli formatda da konsensusun əldə olunması çətin görünür, «çünki Moldova Avropa İttifaqı ilə məlum razılaşmanı imzalayıb və bu səbəbdən, Avropa Komissiyasının iştirakı da tələb olunur».

İyulda polis məntəqəsinin ələ keçirilməsi ilə yaşanmış «epopeya»dan sonra, Ermənistanda da vəziyyət son dərəcə gərgin olaraq qalır. Həmin hadisələrdən sonra, Prezident Sarqsyan hökumətdə dəyişikliklərlə məşğuldur. Sentyabrın 13-də o, İrəvanın sabiq meri, bunadək isə «Qazprom»un törəmə şirkəti olan «Armqazprom»un rəhbəri, Moskvada «Qazprombank»ın vitse-prezidenti olmuş Karen Karapetyanın Baş nazir təyin olunması haqqında sərəncam imzalayıb. Ermənistan mətbuatının yazdığına görə, Karapetyan işə «gümrah» başlayıb - o, hökumətin iqtisadi blokunu, demək olar ki, tam dəyişib. Yeri gəlmişkən, bu blokda bir neçə oliqarx da yer alırdı. Bundan başqa, yeni Baş nazir qaz və elektrik enerjisi tariflərinin aşağı salınmalı olduğunu, əsl milli birlik hökumətinin yaradılmasının vacibliyini bəyan edib. Lakin erməni ekspertləri bu bəyanatların reallığa çevriləcəyinə şübhə edir. Çünki Karapetyan sərt islahatçı roluna qətiyyən uymur və onun aşkar rusiyapərəst siyasətçi olduğu bəllidir. Bu isə Ermənistanda heç də hər kəsi qane etmir. Bəlkə də Sarqsyan bununla, sadəcə, vaxtı 2018-ci ilədək uzatmağa çalışır.

Məlum olduğu kimi, həmin ildən ölkədə parlament idarəçiliyinə keçiləcək və bu zaman Sarqsyanın özünün kabinetə rəhbərlik etmək şansı yaranacaq.

Özbəkistanı da prezident seçkisi gözləyir. Burada da gözlənilməz hakimiyyət dəyişikliyi iqtisadi durumun ağır olduğu dövrə təsadüf edib.

Qırğızıstan da dəyişikliklər astanasındadır. Maraqlıdır ki, Bişkək sammiti bitər-bitməz, Qırğızıstana 2011-ci ildən başçılıq edən Almazbek Atambayev  ürəyində yaranmış problemlə əlaqədar qısamüddətli məzuniyyətə çıxıb. Dövlət başçısı ürəyindəki problem üzündən, BMT Baş Assambleyasının 71-ci sessiyasına yollanmaqdan imtina edib. Üstəlik, bütün bunlar ölkə Konstitusiyasına dəyişikliklərin təklif edilməsi ilə əlaqədar yaranmış gərginlik fonunda baş verir. Atambayev hesab edir ki, ölkənin Baş nazirinə və parlamentinə daha böyük səaliyyətlər verilməlidir. Prezidentin sabiq müvəqqəti dövlət başçısı Roza Otunbayeva da daxil olmaqla, opponentləri isə qırğız liderinin bununla öz hakimiyyətini uzatmağa çalışdığına əmindir. Onların fikrincə, Atambayev Baş nazir postunu tutmaqla, hakimiyyətdə qalmaq niyyətindədir.

Yeri gəlmişkən, sentyabrın ortalarında Türkmənistan Prezidenti Qurbanqulu Berdımuhammedov da ölkə Konstitusiyasının dəyişdirilməsini nəzərdə tutan qanun imzalayıb. Yeni Konstitusiyada prezidentin səlahiyyət müddəti 7 ildədək artırılmalı, bu posta namizədlər üçün yaş məhdudiyyəti ləğv edilməlidir.

 

Alternativ isə yoxdur

Beləliklə, MDB üzvlərinin inteqrasiya naminə nələrə getməyə hazır olduğu üzv dövlətlərdə siyasi vəziyyətin bu və ya digər dərəcədə sabitləşəcəyindən sonra aydın olacaq. Amma bu Birliyə ehtiyacın olduğu da şübhə doğurmur. Bu, xüsusilə nəqliyyat-kommunikasiyası və tranzit, miqrasiya siyasəti, terrorçuluq və cinayətkarlıqla mübarizə sahələrinə aiddir; üstəlik, MDB məkanında adları yuxarıda sadalanan beynəlxalq strukturlar (Aİİ, KTMT, ŞƏT və s.) müxtəlif səbəblərdən, MDB-də birləşən bütün iştirakçıları bir araya gətirmir. Odur ki, Birlik hələlik xüsusilə iştirakçıların sayı baxımından alternativsizdir. Onun mədəni-humanitar əməkdaşlıq baxımından dəyərini xüsusi qeyd etmək lazımdır. İlham Əliyev də Bişkəkdə məhz bunu qeyd edərək, Azərbaycanın bu sahədə əməkdaşlığın möhkəmləndirilməsindəki rolunu xüsusi vurğulayaraq deyib ki, «Bu Birlik olmasaydı, yəqin ki, bugünkü inam və qarşılıqlı anlaşma səviyyəsi olmazdı».

 

Yeri gəlmişkən, 2017-ci il üçün Azərbaycanın Gəncə şəhəri Birliyin mədəniyyət paytaxtı elan olunub.



MƏSLƏHƏT GÖR:

407