1 May 2024

Çərşənbə, 05:29

DİRÇƏLİŞ: NÖVBƏ PAMBIĞINDIR

Azərbaycan «ağ qızıl» istehsalının əvvəlki inkişaf templərini qaytarmaq niyyətindədir

Müəllif:

15.10.2016

Neftdənsonrakı dövrə sürətli iqtisadi adaptasiyanın vacibliyi Azərbaycan hökumətini ölkə üçün ənənəvi olan sahələrə müraciət etməyə yönəldib. Bu sahələrə düzgün keçid qısa müddətdə dövlət gəlirlərinin önəmli hissəsini təmin edə bilər. Necə deyərlər, bütün yeniliklər çoxdan unudulmuş köhnəlikdir.

Ölkənin kənd təsərrüfatının keçmiş zamanlarda ən populyar istiqamətlərindən biri pambıqçılıq idi. SSRİ dövründə Azərbaycan uzun illər xam pambıq yığımı üzrə liderlərdən olub, amma son 20 ildə bu sahə aqrar sektorun başqa bölmələri ilə birlikdə tənəzzülə uğradı. Əgər 1981-ci ildə respublikada pambıq yığımı 1 mln. tona çatmışdısa, ötən il sahələrdən cəmi 35 min ton pambıq yığılıb ki, bu, ölkənin ən aşağı göstəricisidir.

Doğrudur, hakimiyyət əvvəllər də aqrar islahatlar çərçivəsində pambıqçılığın dirçəldilməsini stimullaşdırmağa cəhd etmişdi, ancaq cari ildən başlayaraq, bu məsələ strateji vaciblik kəsb edib. Ölkə başçısı İlham Əliyevin pambıqçılığa böyük diqqəti də bundan xəbər verir.

Bu yaxınlarda dövlət başçısı pambıqçılığın populyar olduğu regionlara səfər edib və pambıq tarlaları ilə şəxsən tanış olub. İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında bildirib ki, bu il 100 min ton, gələn il 250-300 min ton, sonrakı illərdə isə daha çox pambıq tədarük edilməlidir.

“Təkcə bu il pambıqçılıqda 70 minə yaxın insan işləyir. Gələn il biz əkin sahələrimizi iki, yaxud 2,5 dəfə artırsaq, bu sahədə 100 mindən çox, bəlkə də 150 min insan işlə təmin ediləcək”, - deyə Prezident vurğulayıb.

Bildirmək gərəkdir ki, dövlət öz tərəfindən pambıqçılara maliyyə dəstəyi verəcək. Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq, emal müəssisələrinə satılmış hər kiloqram xam pambığa görə istehsalçılara 0,1 manat subsidiya verilməsi nəzərdə tutulur. Bu sərəncam 2016-cı ildə istehsal edilmiş və emal müəssisələrinə satılmış xam pambığa da şamil edilir.

Fermerlərin məhsul daşınmasına və yığımına xərclərini azaltmaq üçün pambıq emalı müəssisələri onlara tədarük qiymətinin 90%-i səviyyəsində avans verib. Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi pambıq zərərvericilərinə qarşı preparatların qiymətini 70% aşağı salıb. Eləcə də, pambıqçılar indən belə, həm də taxıl istehsalçılarının malik olduğu bütün güzəştlərdən yararlana biləcəklər. O cümlədən, pambıq becərən fermerlər bu ildən başlayaraq, önəmli endirimlə yanacaq-sürtkü materialları ala biləcəklər. Subsidiyalarla yanaşı, dövlət fermerləri lazımi texnika ilə də təmin edir - yalnız bu il 100 ədəd pambıqyığan maşın alınıb.

Prinsipcə, çağdaş şəraitdə məhz maliyyə ilə stimullaşdırılma bu sahəni inkişafa aparacaq lokomotivə çevrilə bilər. Qeyd edək ki, bu il pambığın tədarük qiyməti 40 qəpikdən 50 qəpiyə qaldırılıb. Birinci növ pambığın tonunu fermerlər emal müəssisələrinə 500 manata verirlər (əvvəllər qiymət 410 manat idi), ikinci növünkü 470 manatdır (əvvəl 390 manat olub). Üçüncü növün qiyməti 440 manata qalxıb (əvvəl 370 manat idi), dördüncü növ də 440 manata qalxıb (əvvəl 350 manat idi). 

Ancaq bu, son hədd deyil. Hər şey biznesin iqtisadi səmərəliliyindən asılıdır, yalnız o, bazar iqtisadiyyatı çərçivəsində kənd sahibkarlarının «ağ qızıl”a uzunmüddətli marağını təmin edə bilər. İstənilən halda, hökumət səviyyəsində pambıqçılığın inkişafı üzrə 2020-ci ilə qədər hazırlanmış uzunmüddətli strategiyaya görə, 200 min hektara yaxın sahə pambıq üçün ayrıla bilər.

Məhsuldarlığın yüksəldilməsinə gəldikdə isə, xüsusilə də, suvarma sahəsində yeni texnologiyaların tətbiqi nəticəsində, onun həcmi 35-45 sentnerə qaldırıla bilər. “Bu cür orta məhsuldarlıq şəraitində 200 min hektardan 700 min ton pambıq yığılacaq. Bu, faktiki olaraq pambıqçılığın tam, özü də çağdaş səviyyədə bərpası deməkdir", - deyə Prezident İlham Əliyev vurğulayıb.

Paralel olaraq, xam pambıq istehsalının artırılması ilə pambıqtəmizləmə zavodlarının imkanları da genişləndirilməlidir, hazırda bu zavodların istehsal həcmi 300-350 min ton ətrafında dəyişir. Düzdür, hələ ki, ölkədə bu həcmdə məhsul istehsal olunmur, amma 2018-ci ildə bu həddin keçilməsi mümkündür. Buna görə də yeni pambıqtəmizləmə zavodlarına ehtiyac yaranır. Ümumiyyətlə, böyük ehtimalla, bu layihələr məhz özəl sahibkarlar üçün maraqlı olacaq. Necə deyərlər, tələb təklif yaradır. Deməli, dövlət bunun üçün əlavə maliyyə resursları xərcləməli olmayacaq.

Hələ ki, sahələrdə pambıq yığımı gedir və fermerlər bütün gücləri ilə çalışaraq itkiləri azaltmaq, yüksək nəticə əldə etmək istəyirlər. Ənənəvi pambıq rayonlarında - Salyanda və Sabirabadda, demək olar ki, bütün zonalarda pambıq əkilib. Salyan Rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Tarıyel Atamalıyevin sözlərinə görə, pambıq yığımında 1500-dən çox pambıqyığan iştirak edir. Amerikada istehsal edilmiş 5 yeni pambıqyığan kombayn alınıb, rayon bu payız elə o qədər də pambıqyığan maşın əldə edəcək.

“Gələn il də 7 min hektarda pambıq əkmək nəzərdə tutulub, hazırda gələn il pambıq əkiləcək torpaqlar müəyyən edilir ”, - deyə o bildirib və əlavə edib ki, qısa müddət ərzində 100 tona yaxın birinci növ pambıq yığılıb və pambıqtəmizləmə zavodlarına göndərilib.

Neftçala rayonunda iki həftə ərzində 244 ton birinci növ pambıq yığılıb. Bu rayon da 6 ədəd pambıqyığan kombayn alıb, yaxın zamanlarda elə bu qədər də alacaq. 2017-ci ildə bu rayonda pambıq tarlaları genişləndiriləcək və 10 min hektara çatacaq. Orta məhsuldarlıq 25-30 sentner olarsa, rayonda pambıq istehsalı 30 min tona çata bilər. Bu, rayonun sovet dönəmində istehsal etdiyi pambıq məhsuluna bərabərdir. Bir vaxtlar ən iri məhsul istehsalçısı olan başqa bir pambıqçılıq bölgəsində - Sabirabadda artıq 500 min ton birinci növ məhsul yığılıb.

Pambığın istehsalı və emalı ilə iki şirkət - MKT və «Agro» MMC məşğuldur. Onlar uyğun olaraq, 2 413 və 3 656 hektarda pambıq əkilməsi ilə bağlı fermerlərlə saziş bağlayıblar. Bu qurumlar «Aqrolizinq» ASC-dən 40 lafet, onlarca traktor və başqa texnikalar alıblar.

Ancaq Saatlı, Ağcabədi, Zərdab, Yevlax və başqa rayonlar da pambıq yığımını artırmaqda maraqlıdırlar. Hər yerdə fermerlər, demək olar ki, eyni şeyi deyirlər - sahəyə indiki maraq qalarsa, pambıq yığımının həcmi də artar.

Düzdür, kənd təsərrüfatı, ənənəvi olaraq, iqtisadiyyatın ən riskli sahəsidir və təəssüf ki, təbiət kataklizmləri, qeyri-standart hava şəraiti bəzən fermerlərin planlarına köklü şəkildə təsir edə bilər. Amma başlıcası odur ki, bölgələrdə uzun müddətdən bəri bərqərar olan pambıq əleyhinə əhval bu gün aradan qalxmaqdadır. Kənd sahibkarlarını “ağ qızıl”ın iqtisadi səmərəliliyinə inandırmaq mümkün olub. Amma onların marağına böyük dəstək üçün kənd təsərrüfatı sığortası sistemini də inkişaf etdirmək, güzəşt subsidiyaları ilə yanaşı, əlavə kreditləşdirmə problemini də həll etmək lazımdır.

Bununla yanaşı, müstəqillik illərində ölkənin aqrar sektorunun əsas problemlərindən biri həm regionlar arasında, həm də pambıq istehsalçıları ilə emal müəssisələri arasında zəif əlaqələndirmə olub. Bu məsələdə qarşılıqlı münasibətləri lazımi səviyyəyə qaldırmaqla ən yaxşı nəticələr əldə etmək mümkündür.

İndi ölkənin 24 rayonunda pambıq becərilir və müxtəlif növlərdən olan pambıqlar əkilir. Yalnız subsidiya və texnikanın, pambıqtəmizləmə zavodlarının bərabər paylanması, infrastruktur problemlərinin və başqa problemlərin vaxtında həll edilməsi ilə qarşıya qoyulan məqsədlərə nail olmaq mümkündür.


MƏSLƏHƏT GÖR:

412