5 May 2024

Bazar, 06:54

BÜTÜN CƏBHƏBOYU MÜHARİBƏ

Rusiya ilə ABŞ arasındakı gərginlik Suriyadan dünyanın digər regionlarına da yayıla bilər

Müəllif:

15.10.2016

Suriyadakı son hadisələr fonunda Rusiya ilə ABŞ, ümumiyyətlə, Qərbin aparıcı dövlətləri arasında münasibətlər o qədər kəskin xarakter alıb ki, müşahidəçilər, artıq nəinki yeni «soyuq müharibə»nin mümkünlüyündən, hətta tərəflər arasındakı narazılığın açıq hərbi toqquşmalara aparıb çıxara biləcəyindən danışır. Halbuki, vaxtilə Ukrayna hadisələrindən sonra, Amerika və Rusiya diplomatlarının intensiv dialoqu bərpa etməsinə məhz Suriya səbəb olmuşdu. Üstəlik, bu yaxınlaradək tərəflər terrorçuluqla mübarizədə səylərin birləşdirilməsindən danışırdı. Cəmi 1 ay əvvəl - sentyabrın 12-də Suriya münaqişəsindəki tərəflər arasında barışığın şərtləri ilə bağlı razılığa gəlinməsində Rusiya ilə ABŞ vasitəçi qismində iştirak etmişdi. Lakin barışıq çox sürmədi - sentyabrın 19-na keçən gecə Hələbdə BMT ilə Qızıl Aypara Cəmiyyətinin Suriya bölməsinin təşkil etdiyi humanitar yardım karvanı məhv edildi.

Qeyd edək ki, bundan dərhal sonra Qərb dövlətləri baş verənlərə görə Suriyadakı Rusiya aviasiyasını günahlandırıb. Çünki konvoya zərbələrin endirildiyi vaxt, həmin məkanda Rusiyaya məxsus 2 «Su-24» bombardmançısının uçduğunu radarlar qeydə alıb. Eyni təyyarələr Suriyanın hökumət ordusunu Hərbi Hava Qüvvələrində də var. Lakin gecə uçuşlarını yalnız Rusiya pilotları həyata keçirə bilir.

Rusiya öz növbəsində, baş verənləri təxribat adlandırıb, avtomobil karvanının məhz havadan vurulduğuna dair sübutların olmadığını bəyan edib. Bundan başqa, zərbələrin endirildiyi vaxt yük maşınları müxalifətin nəzarətində olan ərazidə imiş.

Beləliklə, humanitar yardım aparan karvana hücuma görə günahkarlar tapılmayıb. Lakin faktın özü qiyamçılarla Suriya ordusunun hərbi əməliyyatları bərpa etməsi üçün formal bəhanə olub. Qeyri-formal səbəb isə bəlkə də tam fərqlidir. Sentyabrın 17-də ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Deyr-əz-Zor şəhərində “İD” yaraqlılarının mühasirəsində olan Suriya hərbçilərinin mövqelərinə zərbələr endirib. Halbuki, o anadək bu ərazi Rusiya və Suriya aviasiyasının fəaliyyət zonası sayılırdı. Zərbələr nəticəsində 62 hərbçi həlak olub və dərhal terrorçuların hücumu başlayıb. ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı faktı etiraf edib və bunun anlaşılmazlıq olduğunu açıqlayıb. Lakin Qərb KİV bu haqda çox az yazıb. Rusiya mətbuatı isə zərbəyə tuş gələnlər arasında, guya, 7 rusiyalı hərbçinin də olduğuna dair xəbərlərə, ümumiyyətlə, yer ayırmayıb. İnformasiya, sadəcə, İnternetdə yayılıb.

Bundan sonra Rusiya BMT TŞ-nin fövqəladə iclasını çağırıb. Lakin toplantı qalmaqalla bitib. Bundan cəmi bir neçə gün sonra İnternetdə heç kəsin rəsmən təsdiq etmədiyi daha bir xəbər yayılıb: guya Suriya sahilində yerləşən Rusiya HDQ-yə məxsus gəmilər xarici ölkələrin xüsusi xidmət orqanlarının Hələb əyalətinin qərbində yerləşən koordinasiya mərkəzini dəqiq zərbələrlə məhv edib. Məlumata görə, nəticədə İsrail, ABŞ, Türkiyə, Səudiyyə Ərəbistanı, Qətər və Böyük Britaniyadan olan 30 zabit həlak olub.

Belə bir zərbənin endirildiyinə heç bir sübut yoxdur. Lakin ABŞ Dövlət Departamentinin rəsmisi Con Kirbi oktyabrın 3-də verdiyi açıqlamada Rusiya ilə Suriyada barışığa nail olunması məqsədilə aparılan danışıqların dayandırıldığını bəyan edib (Vaşinqton bundan sonra Moskva ilə sadəcə, Suriya səmasında insidentlərdən qaçmağa yönəlmiş hərbi əlaqələri saxlayır). Birləşmiş Ştatlar qərarını «Rusiyanın hərbi əməliyyatların dayandırılmasına dair öhdəliklərə əməl etməməsi» üzündən «səbrinin tükənməsi»lə əsaslandırıb. ABŞ-ın dövlət katibi Con Kerri isə Rusiya və Suriya hökumətlərinin problemin diplomatik həll yolunu axtarmadığını, hərbi qələbəyə çalışdığını bəyan edib.

Moskva bunlara cavab olaraq əməkdaşlığın davam etdirilməsi üçün məhz ABŞ-ın əsas şərtlərə əməl etmədiyini bildirib. Söhbət, nəhayət, mötədil müxalifətlə terrorçuların bir-birindən ayrılmasından gedir. Bu arada Rusiya aviasiyası Əsəd ordusuna Hələb uğrunda döyüşlərdə kömək edir. Qeyd edək ki, Hələb müxalifətin müqavimət rəmzlərindən birinə çevrilib və hökumət qoşunlarının onu ələ alması çox böyük psixoloji əhəmiyyət daşıya bilər.

Bütün bunlarla yanaşı, Qərb dövlətləri Rusiyanı xəstəxanaların və digər mülki obyektlərin bombalanmasında günahlandırır, bunun yüzlərlə dinc sakinin ölümünə yol açdığını bildirir. Londonun Müdafiə və Təhlükəsizlik üzrə Analitik və Konsaltinq Mərkəzinin (IHS) məlumatına görə, bu ilin əvvəlindən Rusiya aviasiyasının “İD” qüvvələri və obyektlərinə qarşı reydləri 26%-dən 17%-dək azalıb. Kreml isə əvvəlkitək iddia edir ki, rus aviasiyası yalnız ekstremist təşkilatların mövqelərinə hücum edir. Bununla yanaşı, Moskva Qərbi özünün analoji əməllərindən danışmağa çağırır və onu yalnız Suriyada yox, başqa regionlarda da bu cür əməllər törətməkdə təqsirləndirir.

Bu arada Fransa Beynəlxalq Məhkəməyə müraciət etmək niyyətini açıqlayıb. Paris məhkəmədən Suriyadakı mümkün hərbi cinayətlərin araşdırılmasını istəyəcək. Eyni bəyanatla ABŞ-ın dövlət katibi Con Kerri də çıxış edib.

Amma göründüyü kimi, məsələ tək dinc suriyalılarda deyil. Oktyabrın 6-da Rusiya Müdafiə Nazirliyi “S-400” və “S-300” sistemləri vasitəsilə Suriyada «istənilən naməlum uçan obyekti vurmağa hazır olduqlarını» bəyan edib. Söhbət Suriya hökumətinin nəzarətində olan ərazilərdən gedir. Nazirlik bildirir ki, bu ərazilərdə qeydə alınacaq hər hansı bu cür obyekt Rusiya hərbçiləri üçün təhlükə sayılacaq. Rusiya öz aviaqrupunun Suriya ərazisində müddətsiz olaraq yerləşdirilə biləcəyindən də danışır.

Pentaqon da öz «təhlükəsizlik tədbirləri»ndən bəhs edir. ABŞ-ın Müdafiə naziri Piter Kuk Suriyada aviasiyanın olmadığı bir şəraitdə “S-300” və “S-400” sistemlərinin kimi hədəfə aldığını soruşur.

Oktyabrın 8-də isə Rusiya Müdafiə Nazirliyi öklənin Kalininqrad vilayətinə «İsgəndər»lərin yerləşdirildiyini təsdiqləyib. Bunun «hərbi hazırlıq planı çərçivəsində» edildiyi bildirilir. Amma NATO-da fərqli düşünürlər. Alyansda hesab edirlər ki, «İsgəndər»lər nüvə başlıqlarına malikdir və bu üzdən «bu addım regionda gərginliyi artıracaq».

Vəziyyətin diplomatik müstəviyə çıxarılmasına oktyabrın 8-də edilmiş növbəti cəhd də tam iflasa uğrayıb və yeni «lütfkarlıq”lara yol açıb. Rusiya Fransanın təklif etdiyi qətnamənin BMT TŞ-də qəbulunu əngəlləyib. Söhbət Hələbdə uçuşsuz zonanın yaradılmasını nəzərdə tutan qətnamədən gedir. Rusiya XİN bəyan edib ki, sənədin mətninin «ABŞ-ın təkidi” ilə hazırlandığına heç bir şübhə yoxdur, Hələbdə aviasiyanın uçuşunun qadağan edilməsi isə «Cabhat ən-Nusra» terror qruplaşmasının və ona qoşulmuş yaraqlıların qorunması məqsədi daşıyır. Bununla yanaşı, Moskvada hesab edirlər ki, Suriyadaxili siyasi proseslər «məhz Qərbin himayə etdiyi müxalifət tərəfindən sobataj olunur».

Bunun ardınca BMT TŞ Rusiyanın BMT-nin xüsusi nümayəndəsi Staffan de Misturanın planı əsasında hazırladığı alternativ qətnamə layihəsini rədd edib. Plan «Cəbhat ən-Nusra» yaraqlılarının Hələbdən çıxarılaraq, müxalifətin nəzarətində olan İdlib əyalətinə yerləşdirilməsini nəzərdə tuturdu.

Təbii ki, bütün bunların fonunda amerikalılar müttəfiqləri və tərəfdaşları ilə birlikdə Rusiyaya qarşı yeni sanksiyaların tətbiqindən danışmağa başlayıb. “WSJ” nəşri Almaniyanın bütünlükdə Avropa İttifaqı adından bu təşəbbüslə çıxış edə biləcəyinə dair xəbər yayıb. «Deutsche Welle» isə alman siyasətçiləri arasında bu təşəbbüsün əleyhinə olan şəxslərin mövcudluğunu yazır. Fakt faktlığında qalır: məsələ müzakirə olunmaqdadır. Yeri gəlmişkən, Rusiya Prezidenti Vladimir Putin oktyabrın 3-də imzaladığı fərmanda gözlənilmədən məhz sanksiyalar məsələsinə toxunub. Putin ABŞ ilə plutoniumun istifadəsi haqqında razılaşmanı qüvvədən salıb, bir müddət sonra isə elmi araşdırmalar, həmçinin nüvə və energetika sahəsində əməkdaşlığı da dayandırıb. Rusiyalı mütəxəssislər bu anadək geniş ictimaiyyətə malik olmayan həmin sənəd haqda bütün fikirlərini söyləyiblər; məsələn, sən demə, amerikalılar plutoniumun sənaye üsulu ilə məhvini bacarmırmış (yaxud istəmirmiş), onun, sadəcə, anbarlarda saxlanılmasını təklif edirmiş.

Amma Putinin imzaladığı sənəddə əsas məqam tam başqadır. Prezident qərarını «ABŞ-ın Rusiyaya qarşı düşmən əməlləri nəticəsində strateji sabitliyə yaranmış təhlükələr»lə əsaslandırıb. Daha sonra Rusiyanın müqaviləni bərpa etməsi üçün Vaşinqtonun yerinə yetirməli olduğu şərtlər sadalanır. Bu, ABŞ-ın NATO-ya 2000-ci ildən sonra qoşulmuş ölkələrin ərazisindəki infrastrukturunun kiçildilməsi və hərbi kontingentinin azaldılması, Maqnitski qanununun, 2014-cü ildə qəbul olunmuş Ukraynanın azadlığına dəstək qanununun Rusiyaya qarşı olan bütün müddəalarının ləğvi, Rusiyanın ayrı-ayrı subyektlərinə, hüquqi və fiziki şəxslərinə Vaşinqton tərəfindən tətbiq olunmuş bütün sanksiyaların aradan qaldırılması, həmçinin bu sanksiyalar, o cümlədən «ABŞ-a qarşı qaçılmaz əks-sanksiyalar üzündən» dəymiş zərərə görə kompensasiyaların ödənilməsidir. Sosial şəbəkə istifadəçilərindən biri yazıb ki, Putinin bu siyahıda Alyaskanın qaytarılmasını tələb etməməsi qəribədir. Siyahı o qədər qeyri-realdır ki, ya Vladimir Vladimiroviçin ağlı çaşıb (bu, inandırıcı gəlmir), ya da o, Suriya probleminin ən qızğın mərhələsində «qərbli tərəfdaşları» əməlli-başlı ələ salmaq fikrinə gəlib. Bəs onu buna nə vadar edib?

Tərəflər onsuz da yüksəktonlu ritorikadan istifadə edir. Dünya KİV-də və beynəlxalq təşkilatlarda indi elə sözlər işlədilir ki, bunu əvvəllər yalnız qalmaqallı jurnalist və politoloqların belə, yalnız bir hissəsi edirdi; məsələn, Rusiya XİN Vaşinqtonun «Dəməşqdə arzuladığı hakimiyyət çevrilişinə nail olmaq üçün» «şeytanla sövdələşməyə getməyə», yəni, «qəddar terrorçularla ittifaq yaratmağa» hazır olduğunu bəyan edib. Bundan əvvəl isə ABŞ Dövlət Departamentinin sözcüçü Con Kirbi Rusiyanı Suriyadakı əməllərinə görə sərt tənqid etmiş, terrorçuların «əməliyyatlarını genişləndirmək üçün hakimiyyət vakuumundan istifadəni davam etdirəcəyini», onların aksiyasının «heç şübhəsiz ki», «Rusiyanın maraqlarına, hətta bəlkə də şəhərlərinə zərbələri də» özündə birləşdirəcəyini, Rusiyanın «resurs, bəlkə də hətta təyyarə itkilərinin davam edə biləcəyini» söyləmişdi. Rusiya XİN-in rəsmisi Mariya Zaxarova amerikalı həmkarının sözlərini «Tut!» komandası ilə müqayisə edib. Nə az, nə çox - bax, belə.

Amma bu da son deyil. Suriya ilə bağlı uğursuz qətnamənin BMT TŞ-də müzakirəsi zamanı Böyük Britaniyanın qurumdakı daimi nümayəndəsi Metyu Raykroft Rusiyanın vetosunu «BMT TŞ-nin daimi üzvlüyündən və digər üstünlüklərdən utanmazcasına istifadə» kimi qiymətləndirib. Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çürkin isə buna cavab olaraq deyib ki, «dünyanın bir çox yerlərində vəziyyətin getdikcə yaxşılaşdığı bir dövrdə, Böyük Britaniyanın «hər cür tör-töküntüyə» dəstək verməkdən, müstəmləkəçi adətlərdən imtina etməsinin vaxtıdır».

Bu, son bir neçə həftədə baş vermiş diplomatik söhbətlərin yalnız bir hissəsidir.

İndi, problem ondadır ki, Rusiya ilə ABŞ vəziyyətə tamamilə fərqli yanaşır. Bunu ən yaxşı nümayiş etdirən «New York Times» nəşrində çap olunmuş «Bəlkə də Rusiyanın Hələbi belə sərt bombalaması təsadüf deyil və deyəsən, onun gözləntiləri doğrulur» başlıqlı məqalədir. Yazıda bildirilir ki, Hələb qiyamçı qrupların son dayaqlarından biridir və mühasirə şəraitində onlar «qorxulu seçim qarşısında qalır: kömək üçün ekstremistlərə üz tutmaq, yaxud acından ölmək». Qərbin ən nüfuzlu qəzetlərindən birinin müəllifinin fikrincə, Rusiyanın məqsədi də məhz budur - qiyamçıların cihadçılarla qarışdırılaraq, ləkələnməsi.

Başqa mətbuat orqanları isə amerikalıların müxalifəti daşınan zenit raket kompleksi ilə silahlandıra biləcəyinə, nəticədə, onların Rusiya və Suriya təyyarələrini vurmaq imkanının yaranacağına eyham vurur. Bu üzdən Qərb KİV Rusiyanı Əfqanıstan təcrübəsini unutmamağa, yaşananların onun ərəb dünyası ilə münasibətlərini uzun müddətə poza biləcəyini düşünməyə çağırır.

Həqiqətən də Kreml səlahiyyət müddəti başa çatmaqda olan ABŞ administrasiyasının sərt addımlar atmağa həvəs və əzmini itirdiyi indiki şəraitdə, vəziyyətdən maksimum «qazanc»la çıxmaq istəyir. Bununla yanaşı, Putinin Suriyada uğur qazanacağına Qərbdə inanan yoxdur. Axı bütün Suriyanı nəzarətdə saxlaya bilmək üçün Rusiya çox ciddi vəsaitə və qüvvəyə malik olmalıdır. Əsədin imkanları isə 5 ildir davam edən müharibədən sonra elə də çox deyil. Amma bu savaşdan sonra Suriya müxalifətinin gücü də Əsədin gücündən artıq deyil. Odur ki, indi məsələ Suriyadakı əsas kənar qüvvələrin nə istəməsindədir: hədəfləri ABŞ ilə Rusiyanı hara aparıb çıxara bilər?

Putinin Suriyada daha uzun müddət qalmaq niyyəti artıq tam aydındır. Amma bu, hələ Kremlin Əsədə yardıma yollanmaq haqqında qərar verdiyi anda da bəlli idi. Hələlik, Vaşinqtonun buna konkret nə ilə cavab verəcəyi bilinmir. Artıq qeyd olunduğu kimi, ABŞ-da keçiriləcək prezident seçkisinədək Vaşinqton, çətin ki, Suriya ilə bağlı ciddi addımlar atsın. Seçkidən sonra isə hər şey ölkənin başına kimin keçəcəyindən asılı olacaq: Moskvaya qarşı az da olsa barışdırıcı mövqe tutan Tramp, yoxsa «qırğı» mövqeli, Lavrovla birlikdə fədakarcasına basdığı «yenilənmə» düyməsini çoxdan unutmuş Klinton? Trampla ikinci debat zamanı xanım Klinton qalib gələcəyi təqdirdə, Putinə «meydan oxuyacağı» vədini artıq verib. O, Suriyada yol verilən «hərbi cinayətlər”i araşdıracağını da bildirib.

Bununla yanaşı, amerikalı siyasətçilərin son fikirləri, müxtəlif KİV-də yer alan materiallar belə qənaətə gəlməyə əsas verir ki, ABŞ isteblişmentində, hələ ki, Rusiyaya münasibətdə hansı xəttin əsas götürüləcəyi ilə bağlı yekun qərar yoxdur. Bu isə öz növbəsində, indiki vəziyyəti XX əsrin «soyuq müharibə»sindən fərqləndirən ilk məqamdır - o zaman SSRİ birmənalı olaraq, düşmən idi. İndisə hər şey bu qədər birmənalı deyil.

Beynəlxalq birlik üçün də Vaşinqtonla Moskva arasında münasibətlərin ciddi şəkildə pisləşməsi bir çox xoşagəlməzliklərə yol açır. Bu, ilk növbədə, nüvə silahlarına nəzarətin zəifləməsi deməkdir: əgər iki fövqəldövlət öz aralarında razılığa gələ bilmirsə, nüvə iddiasında olan başqa ölkələr haqqında nə danışmaq olar? Bundan başqa, Rusiya ilə ABŞ arasındakı gərginlik Suriyadan dünyanın digər regionlarına yayıla, ilk növbədə, yenə də elə həmin Ukraynaya gedib çıxa bilər. Mərkəzi Asiya ölkələri, Baltik regionu, Moldova, Balkanlar və təəssüf ki, Cənubi Qafqaz da təhlükə qarşısındadır. Rusiya ilə ABŞ/NATO arasında birbaşa toqquşma, əlbəttə ki, olmayacaq. Amma onlar, artıq Suriya məsələsində münasibətlərin açıq şəkildə aydınlaşdırılması ilə məşğuldur.



MƏSLƏHƏT GÖR:

384