4 May 2024

Şənbə, 07:23

ŞENGEN MÜDAFİƏSİ

Avropada birləşmiş müstəqil ordunun yaradılması iddiaları getdikcə daha da qızışır

Müəllif:

01.11.2016

«Artıq Avropada hərbi ittifaqın, yəni, Şengen müdafiəsinin yaradılması istiqamətində işə başlamağın vaxtıdır». «Reuters»in məlumatına görə, bunu Almaniyanın Müdafiə naziri Ursula fon der Lyayen bildirib. O, müdafiə ittifaqının yaradılması ideyasını Şengen ölkələri arasındakı vizasız rejimlə müqayisə edib.

Deyəsən, səsverməyə qatılmış britaniyalıların 51,9%-nin dəstəklədiyi «Brehit» Avropa İttifaqı daxilində qarşılıqlı münasibətləri kökündən dəyişməyə qadirdir. Avrofunksionerlərin sözlərinə görə,   əvvəllər Londonun mövqeyi üzündən təxirə salınmalı olmuş bir çox layihənin indi reallaşdırılmaq üçün real şansı yaranıb.  Onların arasında hazırda Avropada fəal şəkildə müzakirə olunan məsələ - vahid ordunun yaradılması da var. Böyük Britaniya Aİ-nin mövcud olduğu illər ərzində buna daim qəti şəkildə etirəz edirdi. Londonda düşünürdülər ki, NATO-nun funksiyasını təkrarlayacaq quruma  ehtiyac  yoxdur.

İndi isə Avropa ölkələrinin hərbi siyasətlərini ABŞ-ın hökmranlıq etdiyi NATO-dan kənar qurmaq istəyi reallaşmaq şansı qazanıb. Britaniyalılar Aİ-də qalmağa «yox» deməsinin səhəri gün Almaniya və Fransanın Xarici İşlər nazirləri «Avropa Təhlükəsizlik Paktı» ideyasını  irəli  sürüblər.

Avropanın yeni qlobal strategiyası Aİ-nin himayəsi altında daha sıx əməkdaşlığa, ittifaqın ABŞ-dan müstəqil fəaliyyət göstərəcək silahlı qüvvələrə malik olmasına çağırır.

 

Aİ - dən  əvvəl

Avropada Silahlı Qüvvələrin birləşdirilməsi cəhdləri hələ iqtisadi və siyasi sahədəki inteqrasiya proseslərindən əvvəl də olub. İkinci Dünya müharibəsinin başa çatmasından cəmi 3 il sonra, 1948-ci il martın 17-də Qərbi Avropanın 5 dövləti - Belçika, Böyük Britaniya, Lüksemburq, Niderland və Fransa Brüssel Paktı imzalayıb. Sənəddə iqtisadi, sosial və mədəni sahələrdə əməkdaşlıqla yanaşı, mümkün təcavüzkara qarşı «kollektiv özünümüdafiə» maddəsi də var idi. Pakt, əsasən, alman militarizminin bərpasının və Sovet İttifaqından gələn hərbi təhlükənin önlənməsinə yönəlmişdi.

Lakin artıq 1 il sonra Şimali Atlantika Alyansının yaradılması ilə hər hansı ciddi bir quruma həvalə olunmamış müdafiə funksiyaları məhz NATO-ya keçib.

1950-ci ildə Şimali və Cənubi Koreyalılar arasındakı müharibədən ciddi şəkildə təsirlənmiş avropalılar yenidən Silahlı qüvvələrin birləşdirilməsi məsələsinə qayıdıb. Fransanın Baş naziri Rene Plevenin təşəbbüsü ilə müvafiq layihə də hazırlanıb. Layihə Fransa, İtaliya, Qərbi Almaniya və Benilüks ölkələrinin vahid komandanlıq altında birləşməsini nəzərdə tuturdu. Amma taleyin hökmü ilə layihə məhz Fransanın üzündən iflasa uğradı -  ölkə parlamentinin aşağı palatası ideyanı dəstəkləmədi.

Lakin avropalılar bu ideyadan imtina etmədi. 1954-cü ildə Paris razılaşması Brüssel paktını başqa ad ilə yenidən gündəmə gətirdi. Bu dəfə Qərbi Avropa İttifaqı (QAİ) adlanan layihəyə Qərbi Almaniya ilə İtaliya da qoşuldu. Lakin NATO lap əvvəldən Avropanın hərbi təhlükəsizliyinin təminində hakim mövqeyə yiyələndiyindən, yeni hərbi-siyasi birlik dərhal Şimal Atlantika Alyansından tam asılı vəziyyətə  düşdü.

Zaman keçdikcə Avropa İttifaqı QAİ-dən hərbi səlahiyyətləri tədricən almağa başladı. 2002-ci ildə isə faktiki olaraq, onun Aİ-yə inteqrasiyası prosesi başa çatdı. Bununla yanaşı, özündə yalnız Aİ üzvlərini yox, həm də Norveç, Türkiyə, İslandiya və s. dövlətləri birləşdirən QAİ-nin mövcudluğuna 2011-ci ildə son qoyuldu.

Amma Avropanın vahid ordusunun yaradılması cəhdləri bununla da bitməyib. 1991-ci ildə Fransa, Almaniya, Belçika, Lüksemburq və İspaniya birləşmiş briqadalar yaradaraq, ona «Avrokorpus» adını verib. 1995-ci ildə isə fransızlar, italyanlar, ispanlar və portuqallar «Avropanın çevik reaksiya qüvvələri»ni (Eurofor) yaradıb və məqsədin Aralıq dənizi regionunda təhlükəsizliyin təmini olduğunu bəyan etmişdi.

 

Avropa İttifaqının hərbi strukturları

Tədricən, Aİ-nin himayəsi altında çoxmillətli hərbi struktur yaradılıb və bununla da Aİ yalnız siyasi, sosial, iqtisadi deyil, həm də hərbi-siyasi alyansa  çevrilib.

Əvvəlcə 2001-ci ildə Avropa İttifaqı Şurasının tərkibində muxtar hərbi-siyasi planlaşdırma və idarəetmə orqanları  yaradılıb: Siyasət və təhlükəsizlik məsələləri üzrə Komitə, Hərbi Komitə, Hərbi Qərargah. Bunun ardınca ittifaqın hərbi potensialının inkişafı ilə məşğul  olacaq Avropa Müdafiə Agentliyi də formalaşdırılıb.

Bundan başqa, Aİ-nin bir sıra hərbi bölmələri də var: «Çevik reaksiya qüvvələri» (EUFOR, 2000-ci ildə yaradılıb), «Avropa korpusu» (1991), «Avropa jandarmeriya qüvvələri» (2004), «Avropa Dəniz Qüvvələri», «Avropa İttifaqının hərbi qrupları» (2004) və s.

 

Ordu nə üçün lazımdır?

Bəzi ekspertlərin fikrincə, Avropa ordusunun yaradılmasına dair yenidən gündəmə gəlmiş ideya, yəqin ki, Aİ-də nəzarətdən çıxmış miqrant axını və sosial böhran  üzündən sabitliyin pozulması ilə bağlıdır. Bu mənada,  vahid ordunun yaradılması hərbi-polis funksiyasının həyta keçirilməsinə imkan verəcək.

Bundan başqa, Avropanın hərbi-sənaye kompleksi də Aİ-nin əlahiddə hərbi strukturunun yaradılmasını dəstəkləyir. Avropa XXI əsrdə silah satışında ABŞ-ı bir neçə dəfə geridə qoyub.  Rəqibsiz yeni bazarın açılması bu mənada ona sərf edir.

Bu arada Avropa Komissiyası bir qədər irəli gedərək, hələ sentyabrda Avropanın müdafiə sənayesi şirkətlərinin birgə istiqraz vərəqələrinin buraxılması təklifilə çıxış edib. Hərbi texnologiyaların inkişafının dəstəklənməsi üçün vahid Avropa  Müdafiə  Fondunun yaradılması da  planlaşdırılır. Avrokomissarların fikrincə, bu, Aİ-nin birgə müdafiə imkanlarının inkişafına yardım edəcək, onun texnologiyalar idxalından  asılılığını  azaldacaq. Bundan başqa, Aİ ölkələrinin birgə müdafiə proqramları üçün ƏDV-də güzəştlərin edilməsi də təklif olunur.

 

Yenə  də  NATO

Beləliklə, Avropa Ordusunun parlaq gələcəyi ilə bağlı müzakirələrin intensivliyi hər ötən gün daha da artır. Bir çox Avropa liderlərinin bəyanatı göstərir ki, Aİ-də NATO-nun Avropa regionunun təhlükəsizliyinin təmini işindəki roluna münasibət birmənalı deyil. İndi, Avropa Ordusunun yaradılması ideyasının əsas təbliğatçıları Almaniya, Fransa, Rumıniya, Çexiya, Finlandiya və bir neçə digər  dövlətdir. Bu ideyaya qarşı çıxanların sırasında isə Böyük Britaniya ilə yanaşı, ABŞ-ın Polşa və Baltikyanı dövlətlər kimi müttəfiqləri də yer alır.

Bununla yanaşı, ideyanı Amerika əleyhdarı sayılmayan bir sıra siyasətçilər də dəstəkləyib. Söhbət NATO-nun sabiq baş katibləri Havyer Solano ilə Yaap de Hoop Skefferdən gedir. Onlar Avropa Siyasi Araşdırmalar Mərkəzinin «Avropanın müdafiəsi məsələsində daha güclü vəhdət» adlı məruzəsinin müəlliflərindəndirlər.  Məruzədə ümumavropa silahlı qüvvələrinin yaradılmasına açıq çağırış yer alıb.

Vahd Avropa Ordusunun yaradılmasının tərəfdarları hesab edir ki, 2009-cu ildə imzalanmış birgə müdafiə haqqında Lissabon müqaviləsi bunun üçün yaxşı bünövrə  sayıla  bilər.  O, NATO Nizamnaməsinin alyans ölkələri üzərinə hücuma məruz qalmış müttəfiqin yardımına gəlmək öhdəliyi qoyan 5-ci maddəsinin anoloqudur.

Avropa Komissiyasının başçısı Jan-Klod Yunker isə bir qədər də qabağa gedərək bildirib ki, Aİ-nin öz ordusu olmasa, o, ciddi qəbul olunmayacaq. «Ümumavropa ordusu Rusiyaya göstərəcək ki, biz Aİ dəyərlərini müdafiə etmək əzmindəyik. Avropanın imicinə ciddi zərər dəyib və deyəsən, xarici siyasətdə bizi artıq ciddi qəbul etmirlər», - deyə «The Times» qəzetinin yazdığına görə, siyasətçi  bildirib.

Yunkerin bu yaxınlarda Strasburqda Avropa Parlamentinə etdiyi müraciətinin  böyük hissəsi də bu məsələyə həsr olunub. Onun sözlərinə görə, ittifaqın sərhədlərinə nəzarətin gücləndirilməsi ümumavropa təhlükəsizlik və müdafiə strategiyasının ortaya çıxmasını nəzərdə tutur ki, bu da NATO-nun prioritetlərilə heç də həmişə üst-üstə düşməyə bilər. Yunker hesab edir ki, bu işi yerlərdə vəziyyəti daha yaxşı bilən, ona adekvat reaksiya vermək bacarığında olan yerli mütəxəssislər icra edə bilər.

Amma görünən odur ki, Yunker öz Baş qərargahı olan, ABŞ-ın Avropadakı komandanlığından asılı olmayan qitə ordusunun mövcudluğunun vacibliyinə heç də bütün opponentlərini inandıra bilməyib. Məsələn, Aİ-nin xarici məsələlər və təhlükəsizlik siyasəti üzrə adi nümayəndəsi Federika Moqerini bildirib  ki, Avropa İttifaqının müdafiə siyasətilə bağlı fəaliyyət planı Avropa ordusunun yaradılmasını yox, «Aİ-nin hazırda həyata keçirdiyi 17 missiya, o cümlədən Aralıq dənizinlə miqrant axınına nəzarətə dair missiya çərçivəsində əməkdaşlığı» nəzərdə tutur. Moqerininin sözlərinə görə, bu addımlar NATO-nun fəaliyyətini əvəz edən yox, onu təkmilləşdirən addımlar  olmalıdır.

Fəaliyyət planı artıq dekabrda Avropa İttifaqı Şurasının müzakirəsinə verilməlidir. Demək, onunla bağlı müzakirələr də hər ötən gün daha da qızışacaq.



MƏSLƏHƏT GÖR:

422