3 May 2024

Cümə, 03:21

İNTEQRASİYA ƏRAZİSİ

Azərbaycan strateji əhəmiyyətli geoiqtisadi məkanın vacib oyunçusu rolunda möhkəmlənir

Müəllif:

01.11.2016

Son günlər Bakıya ardarda 3 qitədən olan ölkələrin liderləri səfər edib: Pakistanın Baş naziri Məhəmməd Nəvaz Şərif, Venesuela Prezidenti Nikolas Maduro və Xorvatiyanın dövlət başçısı Kolinda Qrabar-Kitaroviç. Onlar Bakıda Azərbaycan rəhbərliyi ilə yalnız ikitərəfli münasibətlərin inkişafına dair deyil, həm də bütünlükdə regional və beynəlxalq siyasət, iqtisadiyyat üçün son dərəcə əhəmiyyətli olan məsələlər haqqında fikir mübadiləsi aparıb. Bu səfərlərin nəticəsi beynəlxalq arenada Azərbaycanın artan nüfuzunu və çəkisini bir daha təsdiqləyib.

 

Müttəfiq dostlar

Azərbaycanla-Pakistanı möhkəm dostluq münasibətləri birləşdirir. Bu, özünü hər iki xalqın taleyi baxımından həyati əhəmiyyət daşıyan bütün məsələlərdə qarşılıqlı dəstəkdə göstərir. Azərbaycan üçün Pakistanın Qarabağ problemi ilə bağlı mövqeyi çox əhəmiyyətlidir. İslamabad bu günədək Ermənistanı müstəqil dövlət kimi tanımayıb və bunun səbəbi onun Azərbaycan ərazisinin beşdəbirini işğal etməsidir. Pakistanın Baş naziri Nəvaz Şərif Bakıya səfəri zamanı da ölkəsinin mövqeyini bir daha təsdiq edib. O, Azərbaycanın işğal altındakı bütün torpaqlarının tam və qeyd-şərtsiz azad olunmasının vacibliyini bildirib. Bununla yanaşı, Baş nazir Azərbaycanın Kəşmir məsələsində ölkəsinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Qeyd edək ki, Bakı bu problemin BMT TŞ-nin qətnamələri əsasında sülh yolu ilə həll edilməsini vacib sayır. «Kəşmir və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qarşılıqlı dəstək ölkələrimiz arasında yaxın anlaşmanın olduğunu və mövqelərimizin nə dərəcədə üst-üstə düşdüyünü sübut edir», - deyə Şərif bildirib.

Bununla yanaşı, Azərbaycanla-Pakistan arasındakı strateji müttəfiqlik siyasi sahə ilə məhdudlaşmır. Tərəflər hazırkı ticarət dövriyyəsinin mövcud potensialı əks etdirmədiyinə əmindir. Odur ki, Bakı ilə İslamabad ticarət, energetika, kənd təsərrüfatı, sənaye, elm, mədəniyyət kimi sahələrdə əlaqələri genişləndirmək niyyətindədir. Azərbaycan Prezidenti İlham Əliyevin də bəyan etdiyi kimi, «Biz iqtisadi əməkdaşlığımızı, investisiya sahəsində əməkdaşlığı genişləndirməli, qarşılıqlı ticarət mübadiləsini inkişaf etdirməli, humanitar məsələlərə çox diqqət yetirməli, çox geniş və səmərəli əməkdaşlıq aparmalıyıq».

Azərbaycan-Pakistan əməkdaşlığının hazırkı səviyyəsini və perspektivini qiymətləndirərkən, onun dünyamiqyaslı olduğunu nəzərə almaq vacibdir. Hər iki dövlət İslam dünyasının ən nüfuzlularındadır. Pakistan nüvə silahına malik yeganə İslam ölkəsidir. Azərbaycan isə dünyaya ənənəvi islam mədəniyyətinə malik dünyəvi dövlət modelini uğurla nümayiş etdirir. O, multikulturalizm və sivilizasiyalararası dialoq nümunəsidir. Bundan başqa, Azərbaycan müsəlman dünyasının ən sürətlə inkişaf edən ölkələrindən də biridir. Nəvaz Şərifin Bakıya səfəri zamanı dediyi «Azərbaycanın inkişafı və uğuru bütün müsəlman ölkələri üçün qürur mənbəyi və bir çox inkişaf etməkdə olan ölkələr üçün idarəçilik nümunəsidir» sözləri də təsadüf deyil.

Qeyd etmək lazımdır ki, Pakistan Azərbaycan üçün heç də yalnız islam cəmiyyəti miqyasında ən yaxın dövlətlərdən deyil. Nəvaz Şərifin Bakıya səfərinin nəticələri göstərib ki, genişlənməkdə olan Azərbaycan-Pakistan müttəfiqliyi çoxsaylı münaqişələr və ziddiyyətlərlə parçalanmış Avrasiyanın geosiyasətində əhəmiyyətli amilə çevrilir.

 

Enerji məsələləri

Asiyanın aparıcı fövqəldövlətlərindən birinin liderinin ardınca Bakıya uzaq Latın Amerikası ölkəsi - Venesuela Bolivar Respublikasının Prezidenti səfər edib. O, Bakıya dəvəti Prezident İlham Əliyevdən hələ oktyabrın 10-da İstanbulda, Dünya Enerji Konqresində almışdı. Lakin Maduronun Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmaq üçün öz motivləri var idi və bu, məlum səbəblərdən Azərbaycanın maraqları ilə də üst-üstə düşürdü. Söhbət dünyanın enerji bazarında neftin qiymətinin sabitləşməsini tələb edən vəziyyətdən gedir. Karakas OPEC üzvü olan və olmayan dövlətləri beynəlxalq neft bazarında əvvəlki qiymətqoyma tendensiyalarının bərpasının vacibliyinə inandırmaq üçün əlindən gələni edir. Maduronun Azərbaycan da daxil olmaqla, bir sıra neft hasilatçısı olan ölkəyə səfəri bu məqsədi güdürdü.

Bakıda Venesuela Prezidenti neftin qiymətinin sabitləşdirilməsi üçün 10 illik yeni formulun yaradılmasını təklif edib. Onun sözlərinə görə, söhbət əvvəlcə neft bazarının qısamüddətli (yaxın 6 ay üçün) sabitləşdirilməsindən, daha sonra 10 il müddətinə neft qiymətlərinin müəyyənləşdirilməsi mexanizminin, onun sabitləşdirilməsi formulunun hazırlanmasından gedir. Bununla əlaqədar olaraq, Venesuela digər hasilatçı ölkələrlə dünya bazarında neftin qiymətinin sabitləşdirilməsinə dair razılaşmalar imzalamağı düşünür. Maduro hesab edir ki, bu, yalnız dünya iqtisadiyyatı üçün deyil, həm də Venesuelanın özü üçün çox vacibdir.

Dünyada neftin ucuzlaşması üzündən bu ölkənin ciddi iqtisadi böhranla üzləşdiyi məlumdur. Nəticədə, ölkədə getdikcə qızışan etiraz aksiyaları Maduro və başçılıq etdiyi solçu qüvvələrin hakimiyyəti üçün təhlükəyə çevrilib. Bu səbəbdən, Venesuela hökuməti karbohidrogenlərin qiymətində əvvəlki həddin nisbətən də olsa bərpasında son dərəcə maraqlıdır. Bu məqsədlə o, hasilatçı ölkələrə «qara qızıl»ın hasilat həcminin azaldılmasını təklif edir.

Dünyanın neft bazarındakı yeni konyuktura Azərbaycan iqtisadiyyatına da müəyyən mənfi təsirlər göstərib. Odur ki, rəsmi Bakı prinsipcə, Nikolas Maduronun ideyasını dəstəkləyir. Bundan başqa, Venesuela lideri ilə danışıqların yekununda İlham Əliyev bildirib ki, Azərbaycan digər enerji istehsalçılarının qərarını gözləmədən, hasilatın artırılmasından birtərəfli qaydada imtina etməyə hazırdır. Bununla yanaşı, o, digər neft hasilatçısı ölkələrin də bu yanaşmanı dəstəkləyəcəyinə ümidini ifadə edib.

Azərbaycanla-Venesuelanın mövqeyi OPEC-in sentyabrın 28-də Əlcəzairdə keçirilmiş qeyri-rəsmi toplantısında qəbul edilmiş qərarı baxımından son dərəcə vacibdir. Xatırladaq ki, həmin toplantıda kartel üzvləri neft hasilatının sutkalıq həcminin 32,5 milyon barelədək məhdudlaşdırılması qərarına gəlib. Bununla yanaşı, təşkilatın ayrı-ayrı ölkələri üçün konkret məhdudiyyət həddi müəyyənləşdirilməyib. Yekun qərarın OPEC-in noyabrın 30-da Vyanada keçiriləcək toplantısında qəbul ediləcəyi gözlənilir.

Venesuela Prezidenti Nikolas Maduronun sözlərinə görə, OPEC üzvləri və təşkilata üzv olmayan neft hasilatçıları «qara qızıl»ın qiyməti ilə bağlı razılaşmanın əldə olunmasına yaxındır. Xəzər hövzəsinin əsas neft hasilatçılarından biri, Avrasiya məkanındakı bir çox enerji layihələrinin təşəbbüskarı və lokomotivi olan Azərbaycan də OPEC-in hasilatın həcmi ilə bağlı qərarı ilə razılaşmağa hazır olduğunu gizlətmir.

 

Avropa aspekti

Xorvatiya Prezidenti Kolinda Qrabar-Kitaroviçin Azərbaycana rəsmi səfəri sırf Avropa məsələləri ilə bağlı idi. O, ikitərəfli münasibətlərdə ciddi irəliləyişlə yadda qalmaqla yanaşı, Azərbaycanla-Xorvatiya arasında əməkdaşlığın Avropanın cənub-şərqində əhəmiyyətli inteqrasiya amilinə çevrildiyini göstərib.

Azərbaycan və Xorvatiya prezidentləri İlham Əliyev ilə Kolinda Qrabar-Kitaroviç ikitərəfli əməkdaşlığın dərinləşdirilməsi və genişləndirilməsinin vacibliyini bəyan ediblər. Amma iki ölkə arasında əməkdaşlığın fəallaşdırılması üçün əsas ilk növbədə enerji sahəsi olacaq. Kolinda Qrabar-Kitaroviç hələ Bakıya səfəri ərəfəsində «Caspian Energy» jurnalına müsahibəsində bildirmişdi ki, Xorvatiya Azərbaycanla enerji sahəsində əməkdaşlığı gücləndirməkdə maraqlıdır. Bu mənada o, konkret olaraq «Cənub Qaz Dəhlizi» layihəsinin adını çəkmişdi. Qeyd edək ki, bu layihənin tərkib hissəsi olan Trans-Adriatik Boru Xətti (TAP) Azərbaycan təbii qazının Avropaya nəqlini həyata keçirməlidir. Məlum olduğu kimi, Brüssel TAP-a Aİ-nin enerji təhlükəsizliyinin təmini baxımından ən önəmli layihələrdən biri kimi yanaşır. Bu yaxınlarda Azərbaycan, Albaniya, Çernoqoriya və Bosniya və Herseqovina İonik-Adriatik Qaz Kəmərinin (IAP) tikintisinə dair qarşılıqlı anlaşma memorandumu imzalayıb. Bu kəmərin TAP-a birləşdirilməsi nəzərdə tutulub.

Azərbaycan Prezidenti İlham Əliyev xorvatiyalı həmkarı Kolina Qrabar-Kitaroviçlə mətbuata birgə bəyanatında «Cənub Qaz Dəhlizi»nin reallığa çevrilməsindən məmnunluğunu ifadə edib. «Ümidvaram ki, sonrakı mərhələdə Xorvatiya və digər Balkan ölkələri bu mühüm enerji təhlükəsizliyi, şaxələndirmə və əməkdaşlıq layihəsinə qoşulacaqlar», -deyə İ.Əliyev qeyd edib.

Xorvatiya Prezidentinin Azərbaycana səfərinin gedişində iqtisadiyyatın digər sahələrində də əməkdaşlıq perspektivləri müzakirə olunub. Azərbaycan üçün Xorvatiyanın qeyri-neft sektorunun inkişafı kontekstindəki təcrübəsi maraqlıdır. Zaqrebin Bakı ilə nəqliyyat və tikinti sahələrində əməkdaşlıq, həmçinin Xorvatiya ərazisindən, xüsusilə limanlarından Azərbaycan məhsullarının Qərbi Avropaya çatdırılmasındai istifadə olunması haqda təkliflərin bu mənada cəlbedicidir.

Kolinda Qrabar-Kitaroviçin Bakıya səfəri çərçivəsində keçirilən Azərbaycan-Xorvatiya biznes forumunda iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, onların Şərqlə-Qərb arasında nəqliyyat dəhlizi olan yeni İpək Yolunun yaradılmasındakı rolunun artırılması, həmçinin mədəniyyət, təhsil, turizm sahələrində əməkdaşlığın inkişafı ideyaları dəstəklənib.

Lakin bütün bu ideyaların tam şəkildə həyata keçirilməsi yalnız Cənubi Qafqazda möhkəm sülhün bərqərar olması, ilk növbədə Dağlıq Qarabağ münaqişəsinin çözülməsi halında mümkündür. Bu mənada, Kolinda Qrabar-Kitaroviç ölkəsinin BMT-nin müvafiq qətnamələrini dəstəklədiyini deyib, problemin Azərbaycanın ərazi bütövlüyünün bərpası şərti ilə siyasi yolla həllinə çağırıb. Zaqrebin bu məsələ ilə bağlı mövqeyi göstərir ki, Azərbaycan Xorvatiyanın simasında erməni təcavüzünün yalnız Cənubi Qafqazın deyil, bütünlükdə Avropanın təhlükəsizliyi baxımından yolverilməz olduğunu bəyan edən dost ölkə qazanıb.

Beynəlxalq arenada müstəqil və balanslaşdırılmış siyasətini uğurla həyata keçirən Azərbaycan qitələri birləşdirən strateji əhəmiyyətli geoiqtisadi məkanda regional inteqrasiya prosesilərin vacib oyunçusu rolunu möhkəmləndirir.



MƏSLƏHƏT GÖR:

409