1 May 2024

Çərşənbə, 05:22

BƏYANAT NİKBİNLİK YARATMIR

Qarabağ münaqişəsi ilə bağlı ciddi qeyri-müəyyənlik müşahidə olunur

Müəllif:

01.11.2016

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllindəki vasitəçilik səylərində yay tətili, həmçinin Ermənistanda radikalların paytaxtda polis məntəqəsini ələ keçirməsindən dolayı yaranmış böhran üzündən ortaya çıxan  pauza heç cür aradan qalxmır. ATƏT-in Minsk qrupu həmsədrlərinin Qarabağda aprel ayında baş vermiş döyüşlərdən sonra nümayiş etdirdiyi fəallıq da nəzərəçarpacaq dərəcədə azalıb. Substantiv, yəni, məzmunlu danışıqlara hələ də başlanılmayıb. ABŞ-ın dövlət katibi Con Kerri, Türkiyənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu və onun rusiyalı həmkarı Sergey Lavrovun, həmçinin Rusiya Prezidentinin köməkçisi Yuri Uşakovun son bəyanatları isə vəziyyətə nəinki aydınlıq gətirməyib, əksinə, onu daha da qəlizləşdirib. Əvvəlcə ABŞ-ın xarici siyasət idarəsi rəhbərinin sözlərini xatırlayaq: «Bu gün dünyada bir neçə dondurulmuş münaqişə var; məsələn, Azərbaycanla-Ermənistan arasındakı problem. Hazırkı mərhələdə onun həlli, ilk növbədə, liderlərin buna hazır olmaması üzündən mümkün görünmür». Bu bəyanatı ABŞ-ın Dövlət Departamentinə cəmi bir neçə ay rəhbərlik edəcək siyasətçinin (gələn ilin yanvarında ABŞ-da prezident administrasiyası dəyişəcək) fikri kimi yanaşmaq, bu səbəbdən ona ciddi əhəmiyyət verməmək də olardı. Üstəlik, erməni lobbisinin C.Kerriyə təsiri hər kəsə bəllidir.  Xatırladaq ki, 90-cı illərin əvvəllərində ABŞ Konqresində Azərbaycana tətbiq olunmuş ədalətsiz “907-ci düzəliş”in müəlliflərindən biri məhz senator Kerri olub. Kerrinin bəyanatından məlum olub ki, o, nə Bakını ermənilərin istəyinə uyğun sülhə meyilləndirə bilib, nə də işğalçı erməni qüvvələrinin Azərbaycan ərazilərinin işğalını sonsuzadək davam etdirməsini nəzərdə tutan status-kvonun möhkəmləndirilməsini bacarıb. Lakin Amerikanın rəsmi mövqeyi baxımından, dövlət katibinin bu cür bəyanatla çıxış etməsi tamamilə qəbuledilməzdir.

Azərbaycan Prezidenti İlham Əliyev də Nazirlər Kabinetinin ilin üçüncü rübünün yekunlarına həsr olunmuş toplantısında açıq şəkildə deyib: «Bu bəyanat (Kerrinin bəyanatı) o biri bəyanatlarla necə uzlaşır?! Axı, Amerika, Rusiya, Fransa prezidentlərinin dəfələrlə bəyan etdikləri bir tezis var: “Status-kvo qəbuledilməzdir”. Biz bunu alqışlayırıq. Düzdür, bu sözdən sonra heç bir praktik iş aparılmır. Belə bir ciddi bəyanat ola-ola, “hər iki tərəf günahkardır, tərəflər buna hazır deyil, bu məsələ Fələstin-İsrail münaqişəsindən də mürəkkəbdir”, - demək, sadəcə olaraq, Ermənistanın işğalçı siyasətinə dəstək verməkdir. Bunun başqa izahı ola bilməz».

Azərbaycan lideri bu mövqeyə ən yüksək səviyyədə aydınlıq gətirilməsini, düzəliş olunmasını tələb edib, əks təqdirdə, vasitəçilik missiyasının şübhə altına düşə biləcəyini deyib.

Rusiya ilə ABŞ son illərdə qlobal, həmçinin regional problemlərlə bağlı, əsasən, bir-birinə tam zidd mövqe nümayiş etdirsə də, Qarabağdakı vəziyyətin qiymətləndirilməsində Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov da  Amerika tərəfinin bədbin fikrinə oxşar fikir səsləndirib. Jurnalistlərlə söhbətində o, deyib: «Bu münaqişənin, mübahisənin yaxın zamanlarda həll olunacağına dair böyük nikbinliyin olduğunu deyə bilmərəm. Amma təbii ki, istər Bakı, istərsə də İrəvanla işi israrla davam  etdirəcəyik».

Bunun fonunda Mövlut Çavuşoğlunun məsələyə dair bəyanatı kifayət qədər nikbin  səslənir. Avropa Şurası Parlament Assambleyasının Strasburqda keçirilən toplantısında Milli Məclisin deputatı Qənirə Paşayevanın sualını cavablandıran Çavuşoğlu deyib: «Biz Qarabağ probleminin həlli üçün az səy göstərməmişik. Ermənistanla münasibətlərin normallaşdırılması üçün də çox iş görmüşük. Hətta İsveçrədə razılaşma da imzalamışıq. Lakin bu, nəticə verməyib. Bu gün Minsk qrupunun həmsədrləri və Rusiya bir neçə konstruktiv təklif irəli sürüb. Azərbaycanın, ən azı, 5 işğal olunmuş rayonunun qaytarılması gündəmdədir. Rusiya bu təklifini bizimlə bölüşüb və Türkiyə də onu dəstəkləyib. Bu barədə Azərbaycan tərəfi ilə də danışmışıq. Bu cür addımlar atılarsa, biz Azərbaycanın istənilən qərarını dəstəkləyəcəyik. Biz Ermənistanla münasibətlərin normallaşmasını istəyirik. Bu problem həll olunarsa, düşünürük ki, Azərbaycan da bunu istəyəcək».

Türkiyənin XİN başçısının Ankaranın regional məsələlərdə, xüsusilə Qarabağ probleminin həllində rolunu artırdığını göstərən bu bəyanatı İrəvan tərəfindən qəzəblə  qarşınıb. Ölkənin Xarici İşlər nazirinin müavini Şavarş Koçaryan dərhal Türkiyəni birtərəfli qaydada Azərbaycanı dəstəkləməkdə günahlandırıb - guya, belə mövqeyə malik Ankaraya problemin həlli ilə bağlı danışıqlar prosesində yer yoxdur. Amma onun fikri beynəlxalq və regional siyasətdə, xüsusilə Rusiya-Türkiyə münasibətlərinin normallaşmasından sonra heç nəyi həll etmir. Bunu Sergey Lavrovun  KTMT-nin İrəvanda keçirilən oktyabr sammitinin gedişində jurnalistlərə dedikləri də təsdiqləyir: «Türkiyə Dağlıq Qarabağ çözümündə, regionda normal iqtisadi əməkdaşlığın qurulmasını təmin etməklə, müsbət rol oynaya bilər. Bu, bizim hər zaman nəzərə aldığımız çox vacib amildir». Onun sözlərinə görə, «birdən Ermənistanla-Türkiyə razılaşmalarına Qarabağ münaqişəsindən kənar əməl etmək qərarına gələrsə, biz buna yalnız sevinəcəyik. Lakin hiss etdiyimiz odur ki, Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün açar Qarabağ münaqişəsinin həllində baş verəcək irəliləyişdir».

Sadalanan ziddiyyətlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ciddi qeyri-müəyyənliyin hökm sürdüyünü göstərir. Danışıqlar prosesinin real həllə yönəlməsi də, növbəti dalana dirənməsi də mümkündür. İndi danışıqların gedişinə Moskva həmişəkindən daha çox nəzarət edir. ABŞ ilə Fransa diqqəti Ukrayna ilə Suriyaya yönəldib. Üstəlik, bu ölkələrdə hakimiyyət dəyişikliyi gözlənilir. Rusiya-Türkiyə münasibətlərinin normallaşması, iki fövqəldövlətin Suriya böhranı ilə bağlı mövqeyində yaxınlaşma, onların birgə nəhəng enerji layihələri həyata keçirmək qərarı Ankaranın Cənubi Qafqazda sabitliyin təmini məsələsində Moskvanın tərəfdaşı kimi rolunu artırır. Bu, Qarabağ probleminin həllində də irəliləyişə yol aça bilər. Amma Rusiya Azərbaycanı qəbuledilməz güzəştlərə razı salmaq üçün Türkiyənin nüfuzundan da istifadə etməyə çalışa bilər. Ancaq Ankara Bakı ilə nə barədə danışmağın mümkünlüyünü, hansı mövzuların toxunulmaz olduğunu yaxşı bilir.

Yəqin ki, Türkiyədə keçirilmiş enerji konqresinə qatılmış, orada Putin və Ərdoğanla bilavasitə söhbətləşmək imkanı qazanan Prezident  İlham Əliyev Moskvadan və Qarabağ probleminin həlli üzrə digər vasitəçilərdən nəyi gözləməyin mümkün olduğunu bilir. Ərazi bütövlüyümüz məsələsində güzəştlərə məcbur etmək üçün Azərbaycana edilən təzyiqlərdən danışan İlham Əliyev bu mövzuya tələblərin qətiyyən yolverilməzliyini bir daha təsdiqləmək üçün toxunub.

“Rossiya seqodnya” BİA-nın Baş direktoru Dmitri Kiselyovun suallarını cavablandıran İlham Əliyev deyib: «Biz münaqişənin həllini necə görürük? Təbii ki, Azərbaycanın ərazi bütövlüyü müzakirə predmeti deyil və ola da bilməz. Biz heç vaxt Dağlıq Qarabağa müstəqillik verilməsi ilə razılaşa bilmərik və erməni tərəfi bunu gözəl bilir. Lakin məqbul güzəşt mümkündür: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat və fəaliyyətinin, özünüidarəetməsinin təmin olunması, Azərbaycan tərəfindən müxtəlif investisiya layihələrinin həyata keçirilməsi. İki xalqın sülh şəraitində birgəyaşayışı keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ətrafındakı ərazilərin azad edilməsi şərti ilə mümkündür». Daha sonra o bildirib ki, «Dağlıq Qarabağın özünüidarəetməsi məsələsində güzəşt ola bilər. Gələcəkdə əgər biz razılaşsaq, Dağlıq Qarabağ muxtar respublika ola bilər».

İlham Əliyev bu bəyanatı ilə topu ermənilərə atıb. O ermənilərə ki, BMT TŞ-nin qətnamələrinin, həmçinin «Madrid prinsipləri»nin məntiqinə  əks  olaraq, Dağlıq Qarabağın statusu məsələsini ön plana çıxarmağa çalışır. Halbuki, bu, möhkəm sülhün yaradılmasından, normal münasibətlərin qurulmasından, kommunikasiyaların açılmasından, 100 minlərlə qaçqının öz evlərinə qayıtmasından sonra, yekun mərhələdə müzakirə mövzusu olmalıdır. Yox, əgər bu gün ermənilər üçün Dağlıq Qarabağa muxtar respublika statusunun verilməsi qəbuledilməzdirsə, onlar vasitəçilərin «keçid statusu» təklifi ilə razılaşmalı, yekun status gələcək danışıqlarda müəyyənləşdirilməlidir. Əks təqdirdə, eyni vaxtda həm möhkəm sülhün yaradılması, vasitəçilərin və beynəlxalq birliyin də də isirarla tələb etdiyi kimi, həm ərazi bütövlüyü və müqəddəratı təyietmə prinsiplərinə əməl olunması mümkün  görünmür.

Həmsədrlər Avropanın rahat paytaxtlarında çoxsaylı görüşlərdən sonra, nəhayət, oktyabrın 23-də münaqişə zonasına gəlib. Azərbaycan Prezidenti İlham Əliyev Minsk qrupunun həmsədrləri Ceyms Uorlik, İqor Popov, Pyer Andryönü, həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspirşiki qəbul edib. Qeyd edək ki, fransalı həmsədr üçün bu, vida səfəri idi. Çünki rotasiya qaydasına əsasən, onu bu posta əvvəllər Fransanın Latviyadakı səfiri işləmiş Stefan Viskonti əvəzləyəcək.

Daha sonra vasitəçi missiya qoşunların təmas xəttindən keçməklə, Dağlıq Qarabağa, sonda isə orada İrəvana yollanıb.

Onların səfərində məqsəd tərəflərlə atəşkəs rejiminin möhkəmləndirilməsi, Vyana və Sankt-Peterburqda Ermənistan və Azərbaycan prezidentlərinin iştirakı ilə keçirilmiş görüşlərdə əldə olunmuş razılaşmaların   reallaşdırılmasıdır.

Minsk qrupu həmsədrlərinin regiona səfərinin praktiki nəticələri haqqında danışmaq hələ ki, tezdir. Onların ictimaiyyətə ən açıq olanı - Ceyms Uorlik jurnalistlərlə görüşündə məyyən fikirlər səsləndirib. «İşğal olunmuş torpaqlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır», - deyə o, Bakıda təşkil olunmuş mətbuat konfransında bildirib: «Danışıqların elementlərinə qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, bölgəyə sülhməramlıların yerləşdirilməsi də daxildir. Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə çözülməsi üçün bütün qeyd olunan elementlər paket şəklində müzakirə edilməlidir. İndiki status-kvo uzun sürə bilməz».

Biz Uorlikin mövcud olduğu məkandan asılı olaraq, ziddiyyətli bəyanatlar verməsinə öyrəşmişik. Bu dəfə o, İrəvanda verdiyi açıqlamasında deyib: «Çalışırıq ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olaq. Səylərimizi ikiqat artırmaq istəyirik. İnanıram ki, azərbaycanlılarla-ermənilərin birgə yaşayacaqları güc gələcək». İlham Əliyevin Dağlıq Qarabağa muxtar respublika statusunun verilməsinin mümkünlüyu haqqında bəyanatına toxunan diplomat deyib: «Tərəflərin mövqeyi üst-üstə düşməyə bilər. Amma bu məsələlər Ermənistan və Azərbaycan ictimaiyyətinin, o cümlədən Dağlıq Qarabağ əhalisinin müzakirəsinə verilməlidir. Bakıda dediklərimi burada da təkrarlayıram: biz Əliyevin bu bəyanatını son söz olduğu üçün yox, bu məsələni müzakirə mövzusuna çevirdiyi üçün alqışlayırıq». Amerikalı həmsədr KİV nümayəndələri ilə söhbətini bu sözlərlə yekunlaşdırıb: «İstənilən gələcək razılaşma əsasında Helsinki Yekun Aktının prinsipləri dayanmalıdır. Biz hər birinizə yaxşı məlum olan hər 3 prinsip əsasında işləyirik. Bunun altına həm Azərbaycan imza atıb, həm Ermənistan. Biz irəliləyişə aparacaq əsas yol kimi, bu prinsiplərə əsaslanırıq».

C.Uorlik öz adından, həmçinin həmkarlarının adından problemin həllinə nail olunması üçün səylərini ikiqat artıracaqlarını bəyan edib. O, söhbətin hər iki tərəfi qane edəcək həlldən getdiyini desə də, detallara varmayıb. Azərbaycan və Ermənistan prezidentləri arasında görüşün arzulanan olduğu, bununla  da xoşməram nümayişinin  vacibliyi haqqında fikirlərdə yenilik yoxdur. Üstəlik, yüksək səviyyədə görüşün nə vaxtı, nə yeri, nə gündəliyi bəllidir. Bu, əslində, başadüşüləndir - ATƏT-in Minsk qrupunun vasitəçiliyinə hörmətlə yanaşaraq, qeyd etməliyik ki, onlar müvafiq  fövqəldövlətlərin xarici siyasət idarələrinin ortasəviyyəli diplomatlarıdır. Səfir ranqında diplomatlar görüşlər keçirir, təkliflər hazırlayır, kompromis formullar  üzərində işləyir. Amma onların münaqişə tərəflərinə təzyiq göstərərək, onları  prinsipial məsələlərlə bağlı kompromisə getməyə məcbur etməyə səlahiyyəti və resursları yoxdur. Bunu yalnız  Minsk qrupuna həmsədrlik edən dövlətlərin prezidentlər və ya onların tapşırığı ilə XİN başçıları edə bilər. Amma hazırda ABŞ-da prezident seçkisi kampaniyası gedir və administrasiya dəyişkiliyi  gözlənilir. Təhlükəsizlik Şurasına, Dövlət Departamentinə yeni rəhbərlər təyin olunana, onlar işin mahiyyətilə tanış olana, prioritetləri və yanaşmaları müəyyənləşdirənədək proses ən azı gələn ilin yazına kimi  uzana bilər. O anda isə artıq Fransada prezident seçkisi kampaniyası başlayacaq və demək, Paris də Qarabağ problemi haqda düşünməyəcək. Beləliklə, yaxın zamanlarda danışıqların dalandan çıxarılması, prosesə dinamika verilməsi üçün real impuls ya Rusiyadan, ya da ATƏT-ə sədrlik edən Almaniyadan gələ bilər. Bəs onlar diqqəti Ukrayna və Suriyadan Qarabağ probleminə yönəldə biləcəkmi? Yoxsa Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində yeni təhlükəli hərbi qarşıdurmanı gözləmək lazım gələcək? Bu suala cavab vermək çətindir. Nikbinlik üçün əsas azdır. Lakin hərəkət etmək üçün şans və vaxt hələ ki var. Arzu edək ki, bu şans növbəti dəfə də itirilməsin.



MƏSLƏHƏT GÖR:

387