4 May 2024

Şənbə, 23:45

QORUMAQ ƏLDƏ ETMƏKDƏN ÇƏTİNDİR

25 il ərzində Azərbaycan suveren dövlətin qurulması və müstəqilliyin möhkəmləndirilməsi üçün tələb olunan bütün əsas məsələləri həll etməyi bacarıb

Müəllif:

01.11.2016

Ötən əsrdə Azərbaycan iki dəfə dövlət müstəqilliyini elan etmək imkanı qazanıb. Lakin əsrin əvvəlində elan olunmuş Azərbaycan Demokratik Respublikası (ADR) cəmi 2 ilə yaxın mövcud ola bilibsə, onun varisi - müasir Azərbaycanın müstəqilliyi artıq əbədi və dönməzdir.

Müsəlman Şərqində ilk Demokratik Respublikanın süqutundan 70 il sonra ədalət yenidən zəfər çalıb - 18 oktyabr 1991-ci ildə Azərbaycan özünün Dövlət Müstəqilliyini bərpa edib. Lakin tarixi təcrübə göstərir ki, müstəqilliyi qoruyub-saxlamaq onu əldə etməkdən qat-qat çətindir. Üstəlik, Azərbaycanın müstəqilliyini bərpa etdiyi dönəmdə şərtlər çox ağır idi.

Ermənistan tərəfindən başlanılmış işğalçı müharibə, ölkənin parçalanması təhlükəsi və kənardan gələn digər çağırışlar, daxili siyasi ədavət və iqtisadi böhran gənc dövlətin gələcəyini böyük şübhə altına almışdı. Dünya xəritəsində yeni müstəqil dövlət olan Azərbaycanın real şəkil alması - nisbətən sabit Nazirlər Kabinetinin, ordunun, dövlət büdcəsinin formalaşması üçün, ən azı, 3 il lazım gəldi. Bütün bunlar yalnız dünyamiqyaslı siyasətçi Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlişindən sonra mümkün oldu.  Xarici qüvvələrin yaratdığı separatçılıq ocaqlarını söndürməyi, getdikcə qızışan vətəndaş müharibəsinin qarşısını almağı, Qarabağda barışığa nail olmağı, ictimai-siyasi sabitliyi təmin etməyi yalnız o  bacardı.

Heydər Əliyev Bakının müstəqillik yolundan dönməyəcəyini dünyaya artıq 1994-cü ildə elan etmişdi. O, bunu bütün maneələrə rəğmən, ölkənin gələcək inkişafının əsasına çevrilən «Əsrin Müqavilə»sini  imzalamaqla bu istiqamətdə önəmli bir addım atdı.  Eyni sözləri Bakı-Tbilisi-Ceyhan Neft Kəməri və Bakı-Tbilisi-Ərzurum Qaz Xətti, həmçinin «Şahdəniz» yatağının işlənməsinə dair müqavilə haqqında da demək olar. Yalnız sonralar məlum oldu ki, dövlət çevrilişinə dəfələrlə edilən cəhdlər, yüksəkrütbəli dövlət xadimlərinin həyatına sui-qəsdlər, Heydər Əliyevin özü ilə «hesablaşmaq» cəhdləri xarici oyunçuların onun müstəqil siyasi kursuna etirazı imiş. Buna baxmayaraq,  Azərbaycan müstəqillik tarixində öz siyasətini hər hansı xarici qüvvədən çəkinmədən yürütdüyünü dəfələrlə sübut edib. Bakı hər zaman sırf milli və dövlət maraqlarından çıxış edib. Ən başlıcası isə münasibətlərin qurulması zamanı yürüdülən balanslaşdırılmış və düşünülmüş siyasət tərəfdaş ölkələr tərəfindən də anlaşıqlıqla qarşılanıb.

Rusiyanın Gürcüstanı qaz tədarükündən məhrum etdiyi vaxt Azərbaycanın onu donmaqdan necə xilas etdiyini xatırlayaq. Yaxud, Bakının Qərbin İran və Rusiyaya qarşı sanksiyalarını dəstəkləməkdən imtinası da yaddaşlardadır. Türkiyə ilə Rusiyanın münasibətlərində bu yaxınlarda yaranmış problem zamanı Bakının davranışı xüsusilə diqqətəlayiqdir. O zaman çoxları hesab edirdi ki, Azərbaycan iki dost ölkə arasında çətin seçim etmək məcburiyyətində qalacaq.  Lakin onun nə Ankara ilə qardaş münasibətlərinə,  nə də Moskva ilə strateji tərəfdaşlığına zərər gəldi. Əksinə, Bakı barışdırıcılıq missiyasını üzərinə götürdü və nəticədə, sonda hər iki tərəf  Prezident İlham Əliyevə təşəkkür etdi.

Belə nümunələr çoxdur və Azərbaycanın beynəlxalq məsələlərdəki rolunun dünya tərəfindən etiraf olunmasına məhz onun müstəqil siyasəti imkan verib. 2011-ci ilin oktyabrında Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsini isə onun müstəqilliyinin  20-ci ildönümünə əsl hədiyyə saymaq olar.

«Bu hadisə təkcə ona görə önəmli deyil ki, biz dünyanın ali orqanına seçildik və orada iki dəfə sədrlik etdik. Ona görə önəmlidir ki, dünyanın 155 ölkəsi bizə səs verdi, özü də çox ağır mübarizə şəraitində. Bəzi qüvvələr bizə qarşı birləşmişdi və imkan vermək istəmirdilər ki, Azərbaycan seçilsin. Yəni, biz o yerə böyük çətinliklə sahib olduq. Bu da daha bir göstəricidir. Yəni, dünya birliyi deyəndə biz bütün ölkələri  nəzərdə  tuturuq. Dünya birliyi bu gün bizi dəstəkləyir», - deyə RİA «Novosti»nin məlumatına görə,  Prezident  Əliyev bildirib.

Amma bu medalın tərs üzü də var - ikili standartlar. Belə ki, demokratiya və insan haqlarının müdafiəsi adı altında Azərbaycana heç bir əsası olmayan təzyiqlər göstərilir. Bunu Prezident İlham Əliyevdə Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyətini qəbul edərkən açıq şəkildə dilə gətirmişdi.

«Burada bir neçə səbəb var. Onlardan ən əsası budur ki, Azərbaycan öz yolu ilə gedir. Biz müstəqil siyasət yeridirik, bu siyasət heç kəsə qarşı, o cümlədən bizə bu çirkin hücumları edənlərə qarşı yönəlməyib. Bizim Avropa İttifaqına daxil olan dövlətlərlə, ABŞ ilə çox geniş siyasi, iqtisadi, enerji əlaqələrimiz var. Siyasi əlaqələr səviyyəsində tərəfdaş münasibətləri mövcuddur. Lakin belə görünür ki, bu ölkələrin hansısa dairələri üçün bu, azdır, onlar daha çoxunu istəyirlər. Bəlkə də bizim etibarlılığımıza əmin deyillər», - deyə Prezident RİA «Novosti»yə müsahibəsində bildirib.

Dövlət başçısının da dediyi kimi, Azərbaycan kənar təlimatlara əməl etməyi, üçüncü tərəfə qarşı hər hansı kampaniyada iştirakı ağlından belə, keçirə  bilməz. Bu gün özü-özünü təmin edən Azərbaycan heç kəsdən heç nə istəmir və əməkdaşlığı yalnız bərabərhüquqlu əsaslarla qurur.

Azərbaycan illər keçdikcə müstəqilliyini möhkəmləndirərək, beynəlxalq proseslərin iştirakçısından təşəbbüskarına və ya moderatoruna çevrilib. Bununla yanaşı, Bakı yalnız regionalmiqyaslı layihələrdə iştirakla kifayətlənmir; məsələn, Bakı-Tbilisi-Ərzurum Qaz Kəməri «Cənub Qaz Dəhlizi» kimi qitələrarası layihəyədək genişlənib və indi onun məqsədi Xəzər regionundan Mərkəzi Asiyaya və Avropaya qaz nəql etməkdir.

Bu gün biz Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran kimi regional əməkdaşlıq formatlarının şahidi oluruq. «Biz bu gün “Şərq-Qərb” dəhlizinin yaradılmasında fəal rol oynayırıq. Bakı-Tbilisi-Qars Dəmir Yolu yaxın aylarda istismara veriləcək. Beləliklə, biz özümüzü daha da gözəl imkanlarla təmin etmək üçün Avropanı Asiya ilə birləşdiririk. Çünki bu dəhliz bizə çox böyük iqtisadi mənfəət gətirəcək. Bu dəhlizdən keçən yüklərin həcmi onmilyonlarla ton səviyyəsində olacaq. Bununla bərabər, biz “Şimal-Cənub” dəhlizini də yaradırıq», - deyə İlham Əliyev qeyd edib.

Təqdirəlayiq haldır ki, Azərbaycan bu gün beynəlxalq kosmik klubunda azsaylı üzvlərdən biridir. Ölkə artıq 2 peykini  səmaya buraxıb,  3-cü peyk isə hazırlanır. Ümumilikdə, Bakı texnoloji inkişaf yolunu seçib və artıq dünyaya öz intellektual məhsullarını təklif edə bilir; məsələn, bir sıra ölkələr, artıq Azərbaycanın «ASAN xidmət» brendinə maraq göstərir. «ASAN xidmət» əhaliyə və biznesə 250-dən artıq elektron xidmət göstərir. Bu xidməti yaradan Azərbaycan dövlət xidmətlərini əhali üçün daha əlçatan edib, bürokratiya və məişət korrupsiyasının qarşısını alıb.

Son illərdə ölkə sivilizasiyalararası dialoqun mərkəzinə çevrilib, burada miqyaslı beynəlxalq tədbirlər keçirilir. Bakı 2012-ci ildə «Eurovision» mahnı müsabiqəsinə ev sahibliyi edib, 3 il sonra birinci Avropa Oyunları da burada keçirilib. Bu ildən etibarən, Bakıda “Formula 1” yarışları təşkil olunur. İndi isə ölkə 2017-ci ilin yayında keçirilməli olan İslam Həmrəyliyi Oyunlarına hazırlaşır.

«Biz gənc dövlətik. Bu il Azərbaycan müstəqilliyinin 25 illiyini qeyd edir. Ölkə rəhbərliyinin qarşımıza qoyduğu vəzifələrdən biri də özümüzü dünya xəritəsində tanıtdırmaqdan ibarətdir. Və bu gün biz ölkəyə böyük turist axınının şahidi oluruq. Bu yaxınlarda keçirilən Şahmat Olimpiadasında otellərimizin 95%-nin dolduğu haqqında məlumat almışıq. Bu, tariximizdə ilk belə haldır», - deyə Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov «Vesti nedeli» proqramına müsahibəsində bildirib.

Azərbaycanda sosial sahəyə, təhsilə, səhiyyəyə də böyük diqqət ayrılır. Ölkədə 3000-dən artıq məktəb, 600 tibb ocağı tikilib. Məcburi köçkünlər üçün yeni qəsəbələr salınır.

Bununla yanaşı, Azərbaycanın əsas problemi - ölkə ərazisinin 20%-nin qonşu Ermənistan tərəfindən işğalı hələ də həll olunmamışqalır. Rəsmi Bakı problemin beynəlxalq vasitəçilərin köməyi ilə sülh yolu ilə həllini istəyir. Bununla yanaşı, Azərbaycan torpaqlarını işğaldan hərbi yolla azad etmək hüququnu da özündə saxlayır. Ölkənin bugünkü hərbi gücü buna imkan verir. Bu mənada, Azərbaycan Ordusunun bu ilin aprelində Ermənistan silahlı qüvvələrinin təxribatına verdiyi cavabı yada salmaq kifayətdir. Əgər bu gün düşmən ordu tamamilə kənar sədəqələrdən asılıdırsa, Azərbaycan öz gücünə Qafqazın ən qüdrətli ordusunu yaradıb.  Bakı Rusiya, Türkiyə, İsrail, İran, Belarus və digər ölkələrdən silah alır. Prezident Əliyevin də dediyi kimi, Pakistandan da silah alınması planlaşdırılır. Üstəlik, ölkə özü  də silah-sursat istehsal edir ki, bu da ordunun döyüş qabiliyyətinin ən yüksək səviyyədə saxlanılmasına imkan verir.

Bir sözlə, 25 ildə Azərbaycan müstəqilliyinin möhkəmləndirilməsi, suveren dövlətin formalaşdırılması işində bütün əsas vəzifələrin öhdəsindən gəlib.  Ən əsası isə, seçilmiş yolla dünya birliyinin özünü təmin edən, etibarlı və bərabərhüquqlu üzvü kimi irəliləmək üçün lazımi şərait yaradılıb.



MƏSLƏHƏT GÖR:

439