26 Aprel 2024

Cümə, 10:30

ƏSAS EVİN İÇİDİR

SOCAR 2018-ci ildə Avropaya ilk qazın çatdırılmasına qədər Azərbaycanın qazlaşdırılmasını başa vurmaq niyyətindədir

Müəllif:

15.11.2016

Azərbaycan artıq çoxdan özünü etibarlı təbii qaz ixracatçısı kimi sübut edib. Ölkə 10 ildir ki, qonşu Gürcüstan və Türkiyəni «mavi yanacaq”la təmin edir. Artıq gələn onillikdən Azərbaycan «Şahdəniz - 2» və «Cənubi Qaz Dəhlizi” layihələrinin hesabına Avropa qaz bazarının önəmli oyunçusuna çevriləcək və «mavi yanacaq» nəqlinin şaxələndirilməsi strategiyasına önəmli töhfələrini verəcək.

Ancaq beynəlxalq bazarlara çıxmazdan öncə, ilk növbədə, daxili bazarda problemlərin həll edilməsi də vacibdir. Bu cür problemlər, xüsusilə kənd rayonlarında çox idi. Şəhər və rayonların sakinləri üçün qaz bir çox həyati vacib problemlərin həll edilməsi deməkdir. Xüsusilə evlərin isidilməsi ilə bağlı ciddi problem vətəndaşları qış vaxtı odundan və ya bahalı elektrikdən istifadə etməyə məcbur  edir.

Məhz buna görə Azərbaycan regionlarının sosial-iqtisadi inkişafı üzrə bir neçə proqramda başlıca məsələlərdən biri kimi, ölkənin qazlaşdırılması dayanır. İşlərin sürətləndirilməsi üçün «Azəriqaz» QSC 2009-cu ildə SOCAR şirkətinin balansına verildi.

«Son 5-6 il ərzində Azərbaycanın qaz təsərrüfatı sahəsində ciddi dəyişikliklər baş verib. Bir biznes layihəsi kimi, heç bir gəlir vermədiyi halda ölkədə təsərrüfatların qazlaşdırılması səviyyəsi 92%-ə çatıb. Bu, Prezident İlham Əliyevin tapşırığı ilə həyata keçirilən sosialyönümlü layihədir. Görülən işlər nəticəsində, biz ölkədə aktiv qaz abunəçilərinin sayını 2010-cu ildəki 780 min göstəricidən indiki 1,98 milyon göstəricisinə qaldıra bilmişik. Biz düşünürük ki, cari ilin sonuna bu göstərici artıq 2 milyona çatacaq», - deyə SOCAR başçısı Rövnəq Abdullayev bildirib.

«Biz həm də qaz şəbəkəsində itkiləri yetərincə azalda bildik. Əvvəllər bu, 16% təşkil edirdi. Bizim gözləntilərə görə, 2016-cı ilin sonuna kimi bu göstərici 3,6%-ə qədər azalmalıdır. Mütləq göstəricilər itkilərin miqyasını daha dəqiq göstərir - biz itkiləri 2 mlrd. kubmetrdən 500 mln. kubmetrə kimi azalda bildik. Həmçinin, itkilərin azaldılmasına imkan verən layihələrin gerçəkləşdirilməsini davam etdiririk. Elə yerlər var ki, biz qaz şəbəkəsini tamamilə yeniləmişik; məsələn, Hacıqabulda itkilər 1%-dən çox deyil. Bakı qəsəbələrində itkilərin səviyyəsi ən yüksək idi. Götürək Xəzər rayonunu, biz qaz təsərrüfatını öz balansımıza götürən zaman itkilər 76% idi, indi biz bunu 20%-ə salmağı bacarmışıq. Bu rayonda həm ödəniş problemi, həm də qanunsuz qoşulmalar vardı. Bu vəziyyəti biz kökündən dəyişdik. Bütünlükdə, istehlakçılardan qazhaqqının yığılması səviyyəsi yüksəldi və əminliklə deyə bilərəm ki, hazırda əhalinin «Azəriqaz» İB qarşısında heç bir borcu yoxdur. Bu abunəçi kateqoriyası ödənişləri 100% həyata keçirir», - deyə SOCAR başçısı bildirib.

Dövlət Neft Şirkəti prezidentinin sözlərinə görə, ölkə rəhbərliyi tərəfindən SOCAR qarşısında əhalinin qazla 2018-ci ilə, yəni Azərbaycan qazının Avropaya ixracına başlanmasına kimi tam təmini öhdəliyi qoyulub.

Şirkət rəhbəri, həmçinin bildirib ki, indiyə kimi Azərbaycanda qaz təsərrüfatının təkmilləşdirilməsi üzrə işlərə qoyulan sərmayələr 1,2 milyard manatı keçib.

SOCAR yalnız 2015-ci ildə qazpaylayıcı şəbəkənin tikintisi və təmiri üzrə işlərə 350 mln. manatdan çox vəsait xərcləyib. Bu vəsaitlərin hesabına 12 min kilometrdən çox magistral və şəbəkə daxili qaz kəmərinin, bir neçə ölçmə və qazpaylayıcı stansiyanın tikintisi başa çatdırılıb. Bu, 2015-ci ildə 430 yaşayış məntəqəsini qazlaşdırmağa və əlavə olaraq, 100 min abunəçini qazla təmin etməyə imkan yaradıb.

2016-cı ildə şirkət əvvəllər qaz verilməmiş 257 yaşayış məntəqəsini qazlaşdırmağı planlaşdırır. Bütünlükdə, 2010-cu ildən bu yana ilk dəfə qaz verilmiş yaşayış məntəqələrinin sayı 1000-dən çoxdur.

Azərbaycana paralel olaraq, SOCAR Gürcüstanda da iri qazlaşdırma layihəsi həyata keçirir. Əhalinin təbii qazla təmin edilməsi üçün bu proqram çərçivəsində şəhər və kəndlərdə qazpaylayıcı şəbəkənin tikintisi və təmiri üzrə işlər görülür. Proqramın əsas hissəsi 2017-ci ildə başa çatdırılacaq və bunun nəticəsində Gürcüstan əhalisinin 75%-i təbii qazdan istifadə edə biləcək.

Həm topdan, həm də pərakəndə təbii qaz bazarında fəaliyyət üçün hələ 2007-ci ildən «SOCAR Georgia Gas» MMC yaradılıb. Şirkət təbii qazın nəqlini və paylanmasını gerçəkləşdirir, istehlakçıları və paylayıcıları qazla təmin edir.

«SOCAR Georgia Gas» 2008-2016-cı illərdə Gürcüstanda 600 yaşayış məntəqəsini qazlaşdırıb, ümumi uzunluğu 5,36 min kilometr olan qaz xətləri çəkib ki, bu da 209,136 min abunəçini qazla təchiz etməyə imkan yaradıb. Hazırda «SOCAR Georgia Gas» bütün Gürcüstan üzrə 517,843 min abunəçiyə xidmət edir.

2016-cı ilin sonuna kimi şirkət qonşu ölkədə daha 1,6 min kilometr yeni qaz xətti çəkməyi və daha 40 min potensial abunəçini qazla təchiz etməyi planlaşdırır. Bütünlükdə, 2009-2017-ci illər üzrə investisiya öhdəlikləri çərçivəsində «SOCAR Georgia Gas» tərəfindən 7 min kilometrdən artıq qazpaylayıcı şəbəkə tikilməlidir ki, bu, 250 min potensial abunəçinin şəbəkəyə qoşulmasına imkan yaradır. Ümumilikdə, 2017-ci ilə kimi Gürcüstanın qazlaşdırılması üzrə işlərə $250 mln.-dan artıq vəsait yatırılması nəzərdə tutulur.

SOCAR-ın qazlaşdırma üzrə zəngin təcrübəsindən bir sıra Avropa ölkələri də yararlana bilər. Söhbət, ilk öncə, qazın nəqli və paylanması üzrə sistemi olmayan Albaniya və Çernoqoriyadan gedir. Azərbaycan qazının İtaliyaya nəqlini nəzərdə tutan Trans-Adriatik Qaz Kəməri (TAP) Albaniyadan keçəcək. Buna görə SOCAR-ın bu ölkədə qazpaylayıcı sistem yaradılmasına marağı tamamilə təbiidir. Bu, şirkətə pərakəndə qaz satışından böyük gəlirlər əldə etməsinə imkan yaradacaq.

Başqa Balkan ölkələrinə, o cümlədən Çernoqoriya və Bosniya - Herseqovinaya gəldikdə isə, regionun qazlaşdırılması TAP-a qoşulacaq İoniya -Adriatik Qaz Kəməri (IAP) layihəsinin gerçəkləşdirilməsindən sonra mümkün olacaq.

Çernoqoriya iqtisadiyyat naziri Vladimir Kavariç bu ilin avqust ayında bəyan edib ki, IAP ölkəsinin qazlaşdırılması üçün yeganə imkandır. Buna görə də hökumət layihənin uğurla və sürətlə gerçəkləşdirilməsi üçün əlindən gələni etməlidir.

Avqust ayının sonunda SOCAR sadalanan Balkan ölkələri ilə memorandum imzalamaqla IAP-a qoşulub. Yəni ümumi səylər nəticəsində region ölkələrinin Azərbaycan qazına çıxış əldə etməsi ilə yanaşı, onun hər bir evə çatdırılmasına da imkan yaranacaq.

 

                Azərbaycanda təbii qazla təmin olunmuş əbunəçilərin cayı

  2009

   2010

   2011

   2012

   2013

   2014

   2015

 

 1182,6

 

 1259,1

 

 1348,8

 

 1465,3

 

 1628,1

 

  1710

 

 1835,2

 

 


MƏSLƏHƏT GÖR:

389