30 Aprel 2024

Çərşənbə axşamı, 10:31

İŞĞALÇILARIN KƏLƏYİ

İrəvan Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli prosesinin sabotajını davam etdirir

Müəllif:

15.11.2016

Qarabağ probleminin nizamlanması prosesi, deyəsən, yenidən dalana dirənib. Halbuki Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində apreldə baş vermiş hərbi toqquşmalardan sonra prosesin dalandan çıxacağı gözlənilirdi. Ermənistan qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmaqla, status-kvonu dəyişməkdən qəti şəkildə imtina edir, bununla da münaqişə bölgəsində vəziyyəti məqsədyönlü şəkildə gərginləşdirir.

 

Məsuliyyət İrəvanın üzərinə düşür

Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, düşmənin hərbi birləşmələri Ordumuzun mövqelərini mütəmadi olaraq qumbaraatanlardan, iriçaplı pulemyotlardan və 60 millimetrlik minaatanlardan atəşə tutur. Azərbaycan Silahlı Qüvvələri isə öz növbəsində, cavab atəşi ilə düşməni susdurur. Nazirlik bildirir ki, «qoşunların təmas xəttində gərginliyin məqsədli şəkildə artırılmasına görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rejiminin üzərinə düşür».

İrəvanın son hərbi təxribatları Ermənistanın yeni Müdafiə naziri Vigen Sarqsyanın özünü yerli ictimaiyyətin gözündə təsdiqləmək istəyi ilə də bağlıdır. Bu «qoçaq» məmurcığaz Azərbaycanın işğal olunmuş ərazilərinə nümayişkaranə şəkildə səfər də edib, üstəlik, orada kifayət qədər «məntiqli» açıqlama ilə yadda qalıb: ermənilər «dünənki deyil, sabahkı müharibəyə hazırlaşmalıdır».

Müdafiə naziri Sarqsyan eyni soyadın daşıyıcısı olan prezidenti kimi, əlbəttə ki, «dünənki» müharibənin artıq baş verməyəcəyini bilir. İşğalçıların təcavüzkar siyasətdən əl çəkməməsi isə sabahkı müharibəni qaçılmaz edir. Azərbaycan Ermənistan rəhbərliyini dəfələrlə xəbərdar etdiyi kimi, imitasiya xarakterli danışıqlarda iştirak etməyəcək və torpaqlarını istənilən yolla azad edəcək. Odur ki, erməni hərbçilərinin aprel döyüşləri zamanı Azərbaycan Ordusunun azad etdiyi strateji yüksəkliklərə nəzarəti yenidən ələ almaq cəhdləri iflasa məhkumdur.

Maraqlıdır ki, qoşunların təmas xəttində vəziyyətin növbəti dəfə gərginləşməsi, İrəvanın Müdafiə nazirini Azərbaycanın işğal olunmuş ərazilərinə göndərmək kimi siyasi demarşı ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişə regionuna növbəti səfəri ilə eyni vaxta təsadüf edib. Oktyabrın sonunda regiona gəlmiş vasitəçilər danışıqlar prosesini Vyana və Sankt-Peterburq görüşlərində əldə olunmuş razılaşmalar əsasında canlandırmağa çalışır. Moskva, Vaşinqton və Paris isə son zamanlar Ermənistanla-Azərbaycan arasında sülhə nail olunması imkanlarının xeyli azaldığını bir neçə dəfə bəyan edib; məsələn, ABŞ-ın Dövlət katibi Con Kerri və Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov münaqişənin yaxın zamanlarda həllinin mümkün olmadığını bildiriblər. Doğrudur, vasitəçilər sülh nizamlanması prosesinin uzanmasına görə özlərini o qədər də günahkar saymır. Halbuki, ATƏT-in Minsk qrupunun yaradıldığı vaxtdan ötən 25 ildə problemin həllinə çoxdan nail olmaq mümkün idi. Bunun üçün Ermənistan konkret olaraq Azərbaycan torpaqlarının işğalçısı kimi göstərilməli, ondan erməni qoşunlarının yad torpaqları tərk etməsini tələb edən beynəlxalq sənədlərə uyğun hərəkətə məcbur olunmalı idi. Lakin bunlar edilməyib. Odur ki, vasitəçilər münaqişə zonasında status-kvonun tezliklə dəyişdirilməsinin vacibliyinə dair bəyanatlarla kifayətlənməli olur. Üstəlik, bu tələbi işğalçı tərəf qəti şəkildə rədd edir, Azərbaycan torpaqlarının işğalı nəticəsində yaranmış vəziyyəti dəyişmək istəmir.

Həmsədrlərin Bakıya bu yaxınlarda etdiyi səfər zamanı amerikalı vasitəçi Ceyms Uorlik bir sıra vacib bəyanatlar səsləndirib. Onun fikirləri beynəlxalq vasitəçilərin Azərbaycan torpaqlarının ermənilər tərəfindən işğalı nəticəsində yaranmış status-kvonun qorunub-saxlanmasının mümkünsüzlüyünü anladığını göstərir. Uorlik bildirib ki, işğal altındakı torpaqlar Azərbaycana qaytarılmadan, sülh razılaşmasını əldə etmək mümkün olmayacaq. Bundan başqa, amerikalı diplomat bildirib ki, qaçqın və məcburi köçkünlərin öz torpaqlarına qaytarılması, həmçinin münaqişə zonasına beynəlxalq sülhməramlıların yerləşdirilməsi «danışıqların elementləri» olaraq qalır.

Uorlikin dilə gətirdiyi daha bir maraqlı məqam: həmsədrlər Azərbaycan Prezidenti İlham Əliyevin Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi məsələsini gündəmə gətirməsini alqışlayır. Həqiqətən də, rəsmi Bakı Azərbaycan Dövlətinin Dağlıq Qarabağ ermənilərinə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət verməyə hazır olduğunu dəfələrlə bəyan edib. «Rossiya seqodnya» agentliyinin Baş direktoru Dmitri Kiselyova bu yaxınlarda verdiyi müsahibəsində isə Prezident İlham Əliyev Azərbaycanın Dağlıq Qarabağa muxtar respublika statusu verməyə hazır olduğunu bir daha dilə gətirib. Amma beynəlxalq birlik tərəfindən tanınmış ərazisinin beşdəbiri hələ də işğal altında olan Azərbaycandan daha böyük güzəştlər gözləmək mümkün deyil.

İlham Əliyevin problemin həlli yollarının müzakirəsi üçün Ermənistan Prezidenti Serj Sarqsyanla yenidən görüşməyə hazır olması da Azərbaycanın sülhsevər mövqeyini göstərir. Amma təəssüf ki, Ermənistan kompromisə getmək istəmir və bununla da problemin dinc yolla həlli şanslarını sıfıra endirir; məsələn, Ermənistanın Karen Karapetyanın başçılıq etdiyi yeni hökuməti öz proqramına «bir qarış torpağı da qaytarmamaq» prinsipini daxil edib və bu, əslində, İrəvanın işğal etdiyi Azərbaycan torpaqlarını xoşluqla qaytarmaqdan birmənalı imtinası deməkdir.

Daha bir maraqlı məqam: nə zaman ki, danışıqlar prosesi Ermənistanı işğal etdiyi Azərbaycan torapqlarından çıxmaq məcburiyyəti ilə üz-üzə qoyur, İrəvandan qəddar «qırğı»ların səsi daha çox gəlməyə başlayır. Misal kimi, 1990-cı illərin əvvəllərində silahsız azərbaycanlı uşaqlara, qadın və qocalara qarşı törətdiyi qətliamlarla yadda qalmış, «Komandos» ləqəbli peşəkar quldur Arkadi Ter-Tadevosyanı göstərmək olar. Xəstə xülyalarını reallıq kimi təqdim edən bu gicbəsər «20 dəqiqədə bütünlükdə Azərbaycanı partladacağı» ilə hədələyir.

Halbuki, hələ apreldə Azərbaycan Ordusu işğal altındakı Qarabağın tərifli «müdafiə xətti» haqqında mifi darmadağın edən zaman Tadevosyan kimilər Azərbaycanın hərbi qüdrəti qarşısında qorxuya düşmüşdü. Erməni işğalçıların bir neçə strateji mövqedən sıxışdırılıb-çıxarılmasından bir neçə ay sonra isə deyəsən, erməni xadimləri yenidən əzələ nümayiş etdirmək fikrinə düşüb. Onları, güman ki, növbəti dəfə cəsarətləndirən Rusiyanın Ermənistana verdiyi «İsgəndər» zenit-raket kompleksləridir. Lakin Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov «İsgəndər»li işğalçıların gözləntilərinin qeyri-adekvat olduğuna dair tutarlı əsaslar gətirib: «Bu, regionda qüvvələr balansını işğalçı tərəfin xeyrinə dəyişməyib. Biz bütün istiqamətlərdə mütləq üstünlük əldə etmişik. Düşmənin istifadə edə biləcəyi bir neçə qurğuya Azərbaycan Silahlı Qüvvələri əlimizdə olan minlərlə raket və hərbi vasitə ilə cavab verə bilər. Silahlı Qüvvələrimiz düşmənin istənilən məsafədəki hərbi infrastrukturunu məhv etmək iqtidarındadır. Ermənistanın bu raketlərdən istifadə ilə bağlı hədələri yalandan başqa bir şey deyil».

Erməni hərbçilərinin «cəsarət»ini qiymətləndirən zaman İrəvanın mütəmadi olaraq Moskva və Kollektikv Təhülkəsizlik Müqaviləsi Təşkilatına (KTMT) işarə etməsinə də toxunmaq lazımdır. İrəvanda az-çox sağlam düşünə bilən insanlar anlayır ki, ermənilərin işğal etdiyi Qarabağ uğrunda tammiqyaslı müharibə başlayarsa, Rusiyanın təcavüzkar Ermənistanı müdafiə etməsi üçün heç bir siyasi-hüquqi əsas olmayacaq. Xüsusilə də bu, KTMT-yə də aiddir: Ermənistan istisna olmaqla, təşkilatın bütün üzvlərinin Azərbaycanla sıx, dostluq münasibətləri var. Bu mənada, KTMT-nin bu yaxınlarda İrəvanda keçirilmiş sammiti də maraqlı olub. Erməni siyasətçiləri və ekspertləri toplantıda rusiyapərəst blokun Ermənistanın «Qarabağ iddiaları»na çoxdan gözlənilən dəstəyi verəcəyinə ümid etsələr də, ümidləri puç olub. Təşkilat bu məsələdə Ermənistana heç bir dəstək nümayiş etdirməyib. Bu dəstək özünü təşkilata Ermənistan nümayəndəsinin Baş katib seçilməsində də göstərməyib. Bu məsələ məhz təşkilat üzvlərinin KTMT-nin başında Azərbaycanla silahlı münaqişə şəraitində olan dövlətin təmsilçisini görmək istəməməsi üzündən təxirə salınıb.

Bu arada Ermənistanın təxribatçı siyasətinə son günlər daha bir ştrix də əlavə olunub. İrəvanda qondarma «DQR»in adının dəyişdirilərək, «Artsax respublikası» qoyulması məsələsi gündəmə gətirilib. Əslində, erməni işğalçıları illərdir ki, işğal altındakı Qarabağda tarixi adları dəyişməklə məşğuldur (tarixi Azərbaycan torapqları olan İrəvan, Zəngəzur və Göyçə vilayətlərində yaradılmış Ermənistan respublikasının özündə toponimlərin erməni adları ilə əvəzlənməsi də öz yerində). Amma bu dəfə bir məqama xüsusi diqqət yetirmək lazımdır: Qarabağın adının dəyişdirilərək «Artsax» (yeri gəlmişkən, «Artsax» sözünün də ermənilərə heç bir aidiyyəti yoxdur və o, türk leksikası ilə qədim Alban dövlətinin tarixi ilə bağlıdır) qoyulması İrəvanın sülh prosesində müəyyən güzəştlərə getmək məcburiyyətinə qaldığı vaxta təsadüf edir. Bu səbəbdən, rəsmi Bakı Ermənistanın «Artsax» təşəbbüsünü beynəlxalq birliyin çaşdırılmasına, danışıqlar prosesinə əlavə maneələrin ortaya çıxarılmasına cəhd kimi qiymətləndirib. Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış separatçı rejimin adının dəyişdirilərək, “Artsax respublikası”adlandırılması cəhdi Ermənistanın məsələnin mahiyyətindən yayınmaq və beynəlxalq ictimaiyyəti aldatmaq siyasətinin növbəti nümunəsidir.

Lakin aydındır ki, İrəvanın bütün bu hiylələri vəziyyəti dəyişməyə, münaqişənin inkişafına hər hansı təsir göstərməyə qadir deyil. Problem yalnız ermənilərin Qarabağın işğalına son qoyması, münaqişə regionunda beynəlxalq hüququn zəfər çalması ilə mümkündür. Son günlərdə ermənilərin cəbhə xəttində yenidən fəallaşması da təxribatdır və rəsmi İrəvanın erməni ictimaiyyətinin diqqətini ölkədə daha da ağırlaşmış iqtisadi vəziyyətdən yayındırmaq məqsədi güdür. Ermənistan iqtisadiyyatının göstəriciləri ölkədə kollapsın qaçılmazlığına heç bir şübhə qoymur. Bu ilin sonuna Ermənistanın ümumi dövlət borcu 5,9 milyard dollar təşkil edir. Ölkənin Maliyyə Nazirliyi məcburiyyət qarşısında qalaraq bəyan edib ki, Ermənistanın xarici borcu 2016-cı ilin sonuna ÜDM-in 43,7%-dən 54,4%-dək artacaq. Bununla yanaşı, ölkədə demoqrafik böhran da dərinləşir. Son məlumatlara görə, 2016-cı il oktyabrın 1-də Ermənistanda daimi yaşayan əhalinin sayı 2 milyon 993,9 nəfər olub. Bu, ilin əvvəlilə müqayisədə 4,7 min nəfər azdır. İndi, erməni statistikləri 1992-ci ilin sonunda ölkə əhalisinin 3,6 milyon nəfər olduğunu həsrətlə xatırlayır. Ümumilikdə, ölkənin 1991-ci ildə müstəqilliyini elan etməsindən sonra, Ermənistanda əhalinin sayı 634,7 min nəfər azalıb.

Beləliklə, demoqrafik böhran Azərbaycanın Qarabağ bölgəsinin işğalından istfadə edərək hakimiyyətdə qalmaq və varlanmaq məqsədi güdən Ermənistan rəhbərliyinin siyasətinin ölkə əhalisinə məhvedici təsirinin göstəricisidir. Halbuki, erməni ictimaiyyətinin bir məqamı anlamasının vaxtı çoxdan çatıb: Ermənistanın çiçəklənməsi, layiqli gələcək qurması, bütünlükdə regionda isə sabitlik və təhlükəsizliyin bərqərar olması yalnız Azərbaycana qarşı təcavüzə son qoyulmasından keçir. Bu, istər indiki, istərsə də gələcək nəsillərin rifahı üçün vacibdir.

 

Sarqsyan qaragüruhu Avetyanın arzusuna qarşı

Azərbaycan öz növbəsində, regionun bütün dövlətləri və xalqlarının maraqlarına uyğun hərtərəfli əməkdaşlığa hazır olduğunu dəfələrlə bəyan edib və edir. Bu, Ermənistanın Qafqa-Xəzər inteqrasiya prosesinə qoşulmasını da nəzərdə tutur. Amma bunun üçün əvvəlcə erməni tərəfi Azərbaycan torpaqlarının işğalına son qoymalıdır. Bakı eyni dərəcədə tolerantlıq və humanizm də nümayiş etdirir. Bunun bariz nümunəsi kimi, erməni hüquq müdafiəçiləri Vahe Avetyan ilə Vaan Martirosyanın Bakıya gəlmələrini göstərmək olar. Onlar Bakıya «Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi: əsas maneələr və nizamlama perspektivləri. Ermənistan və Azərbaycandan baxış» beynəlxalq konfransında iştirak etmək üçün təşrif buyurublar. İstər Avetyan, istərsə də Martirosyan əsl cəsarət, obyektivlik nümayiş etdirdikləri üçün Ermənistanda “izqoy” elan olunublar və vətənlərindən kənarda yaşamağa məcburdurlar. Avetyan Bakıya gəlməyi, Xocalı soyqırımı qurbanlarının abidəsi önündə baş əyməyi çoxdan arzuladığını gizlətmir. Bakıya gələr-gəlməz o, bu istəyini yerinə yetirib: «Arzu edirəm ki, biz - iki xalq - yanaşı, sülh əşraitində yaşayaq. Bizim talelərimiz bir-birilə bağlıdır. Biz milli ədavət təbliğatını özümüz, vasitəçilər olmadan dayandırmalıyıq». Avetyan münaqişənin həllini Dağlıq Qarabağa Azərbaycanın ərazi bütövlüyü çərçivəsində yüksək muxtariyyətin verilməsində görür.

Vaan Martirosyana gəlincə, o, əmindir ki, «nə qədər ki, Ermənistanda Xocalı soyqırımını törətmiş qüvvələr hakimiyyətdədir, barışıq olmayacaq». Onun sözlərinə görə, Bakıda dövlətin mühafizə etdiyi erməni kilsəsinin olduğu, Azərbaycanın regionlarında erməni ziyarətgahlarının qaldığı, paytaxtda isə 38 min erməninin yaşadığı ermənilərdən gizlədilir. 

Ermənistanın hakim rejiminin təxribatı ilə Qarabağ münaqişəsi bölgəsində gərginliyin artırılması, İrəvanın qoşunlarını Azərbaycanın işğal altındakı ərazilərindən könüllü olaraq çıxarmaqdan imtinası həqiqətən də, iki ölkə arasında tezliklə sülhün bərqərar olacağına ümid yeri qoymur. Beləliklə, Qarabağda sülh perspektivi cinayətkar Sarqsyan qaragüruhunun yürütdüqü hazırkı siyasətin girovu olaraq qalır.



MƏSLƏHƏT GÖR:

394