8 May 2024

Çərşənbə, 05:21

İRƏVAN ÜÇÜN SİQNAL

Ermənistan başqalarının silahları ilə «oynamaqla» Dağlıq Qarabağda status-kvonu qoruyub-saxlaya bilməyəcək

Müəllif:

01.12.2016

Tanınmış telejurnalist, «Rossiya seqodnya» beynəlxalq informasiya agentliyinin baş direktoru Dmitri Kiselyov bu yaxınlarda bir neçə həftəlik fərqlə əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevdən, daha sonra Ermənistanın dövlət başçısı Serj Sarqsyandan müsahibə götürüb. Bu müsahibələr hər iki respublikanın dövlət müstəqilliyinin 25-ci ildönümünə həsr olunduğundan, hər iki lider beynəlxalq və regional siyasət, Rusiya ilə münasibətlər, sosial-iqtisadi problemlər, perspektivlər və digər məsələlər haqqında kifayət qədər geniş danışıb. Onlar məlum səbəblərdən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə xüsusi diqqət ayırıblar.

Prezident İlham Əliyev müsahibəsində bildirib ki, Dağlıq Qarabağ istər tarixi, istərsə də hüquqi baxımdan Azərbaycanın ayrılmaz hissəsidir. O, problemin sülh yolu ilə həlli üçün BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin hüquqi baza olduğunu deyib, həmin sənədlərin erməni işğalçılarının Azərbaycan ərazilərindən dərhal və tam çıxarılmasını tələb etdiyini xatırladıb. Təəssüf ki, istər bu qətnamələrin tələblərinə, istərsə də Avropa Parlamenti, AŞPA, İƏT, Qoşulmama Hərəkatının müvafiq çağırışlarına 20 ildən artıqdır ki, əməl olunmur. Əsas səbəb Ermənistanın bu tələblərə əməl etmək istəməməsidir. Problemin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədrləri - Rusiya, ABŞ və Fransa da münaqişə bölgəsindəki hazırkı status-kvonun qəbuledilməz olduğunu prezidentlər səviyyəsində dəfələrlə bəyan etsə də, məsələ bu bəyanatlardan o yana keçmir.

Prezident İlham Əliyev münaqişənin həlli şərtlərini də açıqlayıb: Dağlıq Qarabağ əhalisinin təhlükəsizliyinin, həyat fəaliyyətinin təmini, ona özünüidarə hüququnun verilməsi, Azərbaycan tərəfindən bölgədə müxtəlif investisiya layihələrinin reallaşdırılması, həmçinin iki xalqın keçmiş “DQMV” sərhədləri çərçivəsində ərazilərin işğaldan azad olunması ilə dinc əməkdaşlığı. «Azərbaycanın ərazi bütövlüyü məsələsində kompromis ola bilməz, lakin yerli özünüidarə məsələlərinə dair kompromis ola bilər. Əgər razılığa gəlsək, bu, gələcəkdə muxtar respublika ola bilər», - deyə İ. Əliyev qeyd edib.

Beləliklə, Prezident İlham Əliyev nəinki münaqişənin həlli ilə bağlı prinsipial mövqeyini ortaya qoyub, həm də ilk dəfə Azərbaycan tərəfinin kompromis olaraq, Dağlıq Qarabağa muxtar respublika statusu verməyə hazır olduğunu söyləyib. Yəni, bütün 70 illik sovet dönəmində Dağlıq Qarabağın malik olduğu muxtar vilayət statusundan daha yüksək status təklif edərək, ona dövlət atributları verməyə razılığını bildirib. Bununla Azərbaycan lideri topu erməni tərəfinə atıb.

Məlum olduğu kimi, İrəvan BMT TŞ-nin qətnamələrinə, ATƏT-in Minsk qrupu tərəfindən problemin sülh yolu ilə həlli üzrə danışıqlara əsas baza kimi irəli sürülmüş «Madrid prinsipləri»nə zidd olaraq, öncə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsini daim tələb edir, üstəlik, bunun ermənilərə sərf edən formada çözümünə çalışır.

Təəssüf ki, Ermənistan prezidenti Serj Sarqsyanın anoloji müsahibəsi münaqişənin dinc yolla həlli prosesində müsbət dəyişikliyə o qədər də böyük ümidlər yaratmayıb. Özü haqqında, guya, mötədil, məsuliyyətli lider təsəvvürü yaradacaq fikirlər səsləndirsə də, əslində, adəti üzrə bicliyə əl atır, faktları saxtalaşdırır, beynəlxalq hüquqi sülh prosesinin tarixini istədiyi kimi təhrif edirdi; məsələn, Sarqsyan Azərbaycanın Dağlıq Qarabağ regionunun və ətraf 7 rayonunun 20 ildən artıqdır işğal altında saxlanmasına rəğmən, ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü «tanıması» haqda bəyanatı ilə beynəlxalq birliyi xeyli təəccübləndirib. Üstəlik, bunu o şəxs deyir ki, azərbaycanlıları qarşı qətliamlarda, kütləvi «təmizləmə”lərdə şəxsən iştirak edib, sonradan isə Azərbaycanın işğal altındakı ərazilərində nümayişkaranə şəkildə miqyaslı hərbi təlimlər keçirib. Sarqsyan heç bir əsas olmadan iddia edir ki, vasitəçilərin təklifləri arasında Dağlıq Qarabağın statusunun «sərbəst iradə ifadəsi» yolu ilə müəyyənləşdirilməsi ilk yerdə durur. Halbuki, bütün sənədlərdə ilk olaraq Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş rayonların Azərbaycana qaytarılmasının vacibliyi qeyd olunur. Dmitri Kiselyovun birbaşa verdiyi «erməni tərəfi 2011-ci ilin yayında imtina olunmuş «Kazan sənədi» əsasında danışıqlara qayıtmağa hazırdırmı?» sualına cavabında  Sarqsyan həmin danışıqların iflasına görə günahı Azərbaycan tərəfinin üzərinə qoymağa çalışıb, sualı birbaşa cavablandırmaqdan yayınıb və tərəflər arasında inamın olmadığına dair boşboğazlıq etməyi üstün tutub. Ondan yalnız bir fikri çəkib-çıxarmaq mümkün olub: problemin siyasi həllinin alternativi yoxdur, İrəvan ATƏT-in Minsk qrupunun vasitəçiliyinin lap erkən dövründə irəli sürdüyü 3 prinsip əsasında danışıqlara hazırdır: güc tətbiq etməmə və onunla hədələməmə; dövlətlərin ərazi bütövlüyü; xalqların bərabərliyi və onların öz müqəddəratını təyin etməsi. Başqa sözlə, Sarqsyan «Madrid prinsipləri»nin əvvəllər razılaşdırılmış 6 əsas elementini kənara atmaq və danışıqlara «yeni səhifədən» başlamaq istəyir. Söhbət ABŞ, Fransa və Rusiya prezidentlərinin 2009-cu ildə Akvildəki görüşündə razılaşdırılmış elementlərdən gedir. Ermənilər qoşunlarını Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarmamaq üçün danışıqları sonsuzluğadək davam etdirməyə hazırdır.

S. Sarqsyan müsahibəsində məhz qeyd olunan məqamı israrla önə çəkməyə çalışıb. O, qoşunların təmas xəttində insidentlərin araşdırılması mexanizminin, Azərbaycan Prezidenti ilə «qaynar xətt»in yaradılması mövzusunu sözün əsl mənasında «çürüdüb». Sarqsyan hesab edir ki, bu, atəşkəs rejiminin pozulması hallarına operativ reaksiya verilməsi üçün vacibdir. Sarqsyanın sözlərinə görə, onun Müdafiə naziri postunu tutduğu dövrdə müdafiə nazirləri arasında belə əlaqə var imiş və bu, çox fayda verirmiş. Amma o, həmin dövrdə tərəflər arasında intensiv və məzmunlu danışıqların getdiyini, hazırda isə erməni tərəfinin danışıqların imitasiyası ilə məşğul olduğunu qəsdən dilə gətirməyib.

Serj Sarqsyanın bəyanatları və davranışı göstərir ki, aprel məğlubiyyətindən sonra, quyruğunu qısmış bu şəxs sonradan Rusiyadan «İsgəndər» raket kompleksləri və digər hərbi sistemlər, həmçinin hərbi zəmanət alaraq yenidən ruhlanıb və var qüvvəsilə «status-kvo»dan yapışıb. Halbuki, ABŞ-ın ATƏT-in Minsk qrupundakı sabiq təmsilçisi Metyu Brayza ermənilərin Rusiya prezidenti Vladimir Putinin təklifini qəbul etməyə meyilləndiyini söyləyirdi. Söhbət Putinin İrəvana Rusiyanın XİN başçısı Sergey Lavrov vasitəsilə çatdırılmış 2 rayonun boşaldılması təklifindən gedir (güman ki, bu, Füzuli və Cəbrayıl rayonlarıdır. Lələtəpə yüksəkliyini itirmiş ermənilər bununla da həmin rayonlara onsuz da nəzarəti böyük ölçüdə əldən verib). Bunun əvəzində təhlükəsizlik tədbirləri gücləndirilməli, münaqişənin həlli istiqamətində intensiv danışıqlara başlanılmalı idi.

Bu arada Rusiya Prezidenti Vladimir Putinin Ermənistan-Rusiya birgə hərbi qrupunun yaradılmasına dair ölkəsinin Xarici İşlər Nazirliyinə bu yaxınlarda verdiyi göstərişi bir çox suallar yaradıb. Regionda qüvvələr balansı baxımından belə qrupun yaradılması elə bir ciddi dəyişikliyə səbəb olmayacaq. Çünki bu halda hərbçilərə nə 1 nəfər əlavə əsgər, nə 1 ədəd yeni tank veriləcək. Məsələnin hərbi-siyasi tərəfinə gəlincə, onsuz da Rusiya ilə Ermənistan arasında ikitərəfli müttəfiqlik müqaviləsi var. Üstəlik, KTMT haqqında razılaşmaya əsasən, Moskva Ermənistan ərazisinə (!) hücum ediləcəyi təqdirdə, onu qorumaq öhdəliyi götürüb.

Yeri gəlmişkən, Ermənistan müxalifəti bu birgə qrupun yaradılmasını heç də məmnunluqla qarşılamayıb. Onların fikrincə, bununla da Ermənistanın müstəqilliyinin son atributu - ordu da Rusiyanın nəzarətinə veriləcək. Məlum olduğu kimi, rusiyalı sərhədçilər çoxdan Ermənistan sərhədini qoruyur, Rusiyanın dövlət şirkətləri isə bu vassal ölkənin dəmir yolunu, qaz və enerji şəbəkələrini, telefon rabitəsi və digər vacib sahələrini idarə edir. Yeni yaradılacaq birgə qrupa komandanlığın formal olaraq erməni tərəfinə veriləcəyilə bağlı deyilənlər də heç kəsi razı salmır. Aydındır ki, Moskvadan və ya Rusiyanın Cənub hərbi dairəsindən birbaşa göstəriş olmadan rus hərbçiləri İrəvanın heç bir əmrini yerinə yetirməyəcək.

Belə olan təqdirdə, birgə qrupun yaradılması nəyə gərəkdir? Bunun bir neçə izahı ola bilər. Birincisi, Ermənistanda müşahidə olunan siyasi burulğan, Qərbdəki erməni diasporunda İrəvanın xarici siyasətindəki Rusiyapərəst meyllərdən artan narazılıq fonunda Kreml rəhbərliyi yerli silahlı qüvvələrə nəzarəti artırmaq ehtiyacı hiss edib. İkincisi, bu, əlavə silah tədarüklərilə yanaşı, Rusiyanın Ermənistanın təhlükəsizliyinin qarantı öhdəliklərinə sadiqliyinin də nümayişidir. Əgər əvvəllər Rusiyanın Gümrüdəki 102-ci hərbi bazası Ermənistanı Türkiyə tərəfindən mümkün hərbi təzyiqlərdə qoruyurdusa, özündə rus hərbi hissələrilə yanaşı, Ermənistanın ordu korpusunu da birləşdirəcək yeni birgə qrupun yaradılaraq Naxçıvanla sərhədin perimetri boyunca dislokasiya olunması Moskvanın Azərbaycan tərəfindən bu istiqamətdə atıla biləcək hərbi addımlar zamanı erməniləri qorumağa hazır olduğunu nümayiş etdirməlidir.

Şübhəsiz ki, «Smerç» reaktiv qurğularının və «İsgəndər» sistemlərinin tədarükü, həmçinin Rusiya-Ermənistan birgə hərbi qrupunun yaradılması Ermənistanın regiondakı destruktiv davranışını daha da gücləndirəcək. Moskvanın bu hərəkətlərilə guya ermənilərin təhlükəsizlik sahəsində olan təlaşını aradan qaldırmağa, onları işğal altındakı Azərbaycan torpaqlarının heç olmasa bir hissəsindən çıxmağa razı salmağa çalışdığı haqqında bütün deyilənlər tamamilə əsassızdır. Təcrübədə biz bunun əksini müşahidə edirik. Apreldəki hərbi uğursuzluqdan sonra müəyyən güzəştlərə meyllənmiş Ermənistan rəhbərliyi Rusiyadan yeni silahlar və əlavə hərbi zəmanət aldıqdan sonra mövqeyini yenidən sərtləşdirib. Beləliklə, yaranmış reallıq Azərbaycanı müdafiə qabiliyyətini gücləndirmək üçün əlavə tədbirlər görməyə vadar edir. Artıq İsraildən, Pakistandan yeni silahların alınması ilə bağlı danışıqların aparıldığı açıqlanıb. Miqyası ermənilərdə qorxu yaratmış hərbi təlimlər isə işğal olunmuş ərazilərin azadlığı uğrunda əməliyyatlara da çevrilə bilər. Bundan başqa, Azərbaycanın gələn il üçün nəzərdə tutulmuş dövlət büdcəsinə dəyişiklik edilib və büdcədə müdafiə xərcləri əhəmiyyətli dərəcədə artırılıb. Odur ki, Ermənistanda Rusiyanın nümayişkaranə hərbi dəstəyindən sonra Bakını İrəvanın istəyinə uyğun sülhə məcbur edəcəyini düşünürlərsə, kökündən yanılırlar.

Bu kontekstdə Prezident İlham Əliyevin noyabrın 12-də Azərbaycan Ordusunun ön cəbhədəki mövqelərinə baxış zamanı səsləndirdiyi bəyanat maraqlıdır. «Əgər erməni silahlı qüvvələri aprel döyüşlərindən düzgün nəticə çıxarmasalar, gələcəkdə Lələtəpə əməliyyatı kimi bir çox uğurlu əməliyyatlar olacaq. Ermənistanın siyasi rəhbərliyi, nəhayət, dərk etməlidir ki, işğalçılıq hərəkətləri onları uçuruma aparır», - deyə Azərbaycan Prezidenti bildirib. İrəvan üçün daha ciddi siqnal isə Ali Baş Komandanın bu xəbərdarlığı artıq azad olunmuş Lələtəpə yüksəkliyində səsləndirməsi olmalıdır.

Bu arada Rusiyanın Ermənistana nəzarətini gücləndirməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesinin dalandan çıxarılması üçün Moskva ilə intensiv dialoqu daha da aktuallaşdırır. Bu danışıqlar isə son illər regiona epizodik səfərlərdən, rahat Avropa paytaxtlarında görüşlərdən başqa bir iş görməyən həmsədrlərin başı üzərindən aparılmalı olacaq. Üstəlik, onun tərkibində dəyişikliklər də var. Bu yaxınlarda Minsk qrupundakı təmsilçisini dəyişmiş Fransanın ardınca amerikalı həmsədrin də dəyişəcəyi elan olunub. Bu postu tutan Ceyms Uorlik özünün Twitter səhifəsində vasitəçilik missiyasının dekabrın 31-də başa çatacağını yazıb. Diplomatın sözlərinə görə, bundan sonra o, Rusiyada nəhəng «Yeqorov, Puqinski, Afanasyev və tərəfdaşları» hüquq şirkətində salışmaq niyyətindədir. Bu bəyanatdan sonra Uorlikin Minsk qrupunun həmsədri olduğu dövrdə vəziyyətə nə üçün ABŞ təmsilçisi kimi baxmadığı, daha çox rusiyalı həmkarının fikirlərinin ifadəçisi kimi çıxış etdiyi aydın olur.

Münaqişə tərəfləri arasında dialoq olmadığından, onlar Dağlıq Qarabağ probleminin həlli ilə bağlı danışıqları vasitəçi ölkələrin ali nümayəndələrilə aparır; məsələn, noyabrda Azərbaycan və Ermənistan prezidentləri regiona səfər etmiş ABŞ dövlət katibinin Avropa və Asiya məsələləri üzrə köməkçisinin müavini Bricit Brinski qəbul ediblər. Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov fransalı həmkarı Jan-Mark Eyro ilə görüşüb, onun dekabrın 8-də Hamburqda keçiriləcək ATƏT Xarici İşlər Nazirləri Şurası toplantısı çərçivəsində XİN başçıları səviyyəsində «3+2» formatında görüş təklifini qəbul edib. Söhbət Azərbaycan və Ermənistan XİN başçılarının Minsk qrupuna həmsədrlik edən ölkələrdən olan həmkarları ilə birgə görüşündən gedir.

Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli istiqamətində substantiv danışıqların bərpası cəhdlərinin nəticə verib-verməyəcəyini demək çətindir. Bir şey aydındır ki, bu olmazsa, hərbi əməliyyatların başlama riski gündən-günə artacaq. Bu isə yalnız Cənubi Qafqaz üçün yox, daha genişmiqyaslı təhlükədir. İstəməzdik belə olsun.



MƏSLƏHƏT GÖR:

420