26 Aprel 2024

Cümə, 21:33

İLK SEVİL

Mərziyə Davudova əsas qəhrəmanı o qədər təbii, inandırıcı ifa edirdi ki, sonda tamaşa salonundakı qadınlar da onunla bərabər öz çadralarını atırdılar

Müəllif:

15.12.2016

Aktrisalığın qəhrəmanlığa bərabər olduğu illər idi. Hələ də qızlar, qadınlar təkcə qohum-qardaş qorxusundan deyil, bütövlükdə cəmiyyətin qınağından çəkinir, bu sənətə yaxın dura bilmirdilər. Ona görə də Azərbaycan teatr səhnəsində qadın rollarını uzun illər aktyorlar ifa etməli olmuşdular. Mərziyə Davudova belə bir vaxtda bu sənətə gəldi. Və Azərbaycanın ilk peşəkar aktrisalarının sırasına qoşuldu.

...1901-ci ilin 8 dekabrında Həştərxanın Serevo kəndındə dünyaya gəlmişdi Mərziyə Davudova. Milliyyətcə tatar idi. Təhsilə böyük marağı olan, qızının savad almasını istəyən anasının istəyi ilə kəndlərində varlıların ianəsi ilə fəaliyyət göstərən “Darültəhsil” adlı dördillik qızlar məktəbində oxudu. Həmin məktəbi bitirdikdən sonra Həştərxanda “Cəmiyyəti-xeyriyyə-islamiyyədə təhsilini davam etdirdi.

Atasını erkən itirdi. 1915-ci ildə anası yenidən ailə qurdu. Mərziyə tək qaldı. İlk dəfə on dörd yaşında getdiyi, baxdığı birinci tamaşadan sonra ovsununa düşdüyü teatr bundan sonra Mərziyə Davudovanı daha çox cəlb etməyə başladı. İlk səhnə həyəcanını da Həştərxanda yaşadı. İqbal məktəbində “Birinci Teatr” adlı ikipərdəli tamaşada Əfifə rolunu ifa edəndə 16 yaşı vardı. O vaxta qədər “Cəmiyyəti-xeyriyyə-islamiyyə” məktəbini bitirmiş, artıq müəllimlik fəaliyyətinə başlamışdı. Sonralar özü bu barədə deyirdi: “Mən 1916-cı ildə müəllimlik təhsili aldıqdan sonra Həştərxanda, məktəbdə dərs verirdim. 1917-ci ildə 1 May bayramında müəllimlərin verdiyi bir tamaşada Əfifə adlı əsas rolda çıxış etdim. 1920-ci ildən başlayaraq, əvvəlcə Bakıda opera teatrında, sonra isə M.Əzizbəyov adına Dövlət Dram Teatrında çalışmağa başladım”...

1917-ci ildə sənhəyə ilk çıxışı onu dram dərnəyinə həvəsləndirmişdi. Həmin vaxtlar Azərbaycanın iki böyük sənətkarı - Hüseyn Ərəblinski və Mirzəağa Əliyev tez-tez Həştərxanda qastrol səfərində olur, oradakı həvəskar aktyorların iştirakı ilə tamaşalar göstərirdilər. Onlar həm də yerli teatr həvəskarlarının hazırladıqları tamaşalara baxırdılar. Səhnədə Mərziyə Davudovanın oyununu bəyənən Hüseyn Ərəblinski onun teatr marağının keçici həvəs olmadığını anladı, istedadının fərqinə vardı. O, 1918-ci ildə Həştərxanda qastrolda ikən Mərziyəni Bakıya dəvət etdi.

1919-cu ildə gənc qız anasını da itirdi. 1920-ci ildə Bakıya gəldi. Bu şəhərlə bağlı ilk istəyi, ən böyük arzusu Hüseyn Ərəblinski ilə tərəf-müqabil olmaq idi. Ancaq geçikmişdi. Səhnəyə çıxmağı, rollar oynamağı həqarət bilən cəmiyyətdəki nadanlar teatr sevgisini Hüseyn Ərəblinskiyə bağışlamamışdılar. 1919-cu ildə Azərbaycanın peşəkar teatr sənətinin banilərindən biri, aktyor və rejissor Hüseyn Ərəblinski dayısı oğlu tərəfindən qətlə yetirilmişdi.

...Gənc qız böyük ümidlərlə gəldiyi bu şəhərə həmişəlik bağlandı. Görünür, tale Mərziyəyə həyat səhnəsində belə bir rol seçmişdi. Ömrünün bundansonrakı illəri Bakıda keçəcəkdi. Tezliklə Azərbaycanın başqa bir qüdrətli sənətkarı ilə - Abbas Mirzə Şərifzadə ilə tərəf-müqabil kimi səhnəyə çıxdı. Aralarında dillərdə dastana çevrilən sevgi başladı...

Şübhəsiz ki, Mərziyə Davudovanın peşəkar aktrisa olmasında bu böyük sənətkarın - Abbas Mirzə Şərifzadənin misilsiz  rolu var idi. Onlar səhnədə  tərəf-müqabil, həyatda sevgiliydilər. Evləndilər. 1924-cü ilin 6 fevralında qızları Firəngiz dünyaya gəldi...

Azərbaycan teatr sənəti özünün qürurla yada salınacaq illərini yaşayırdı. Hər tamaşa bir sənət hadisəsinə çevrilirdi. Səhnəyə yeni aktrisalar gəlirdi. Azərbaycan teatr sənəti qüdrətli aktyorlarımızla yanaşı, Şövkət Məmmədova, Fatma Muxtarova, Sürəyya Qacar, Həqiqət Rzayeva, Münəvvər Kələntərli, Mərziyə Davudova kimi bacarıqlı aktrisalarımızın sayəsində inkişaf edirdi. Bu qədər istedadlı aktrisanın arasında seçilmək, tanınmaq asan məsələ deyildi. Mərziyə Davudova elə ilk rolları ilə fərqlənə bildi. O, “Arşın mal alan” musiqili komediyasında Gülçöhrə, sonra Cahan xala rollarını oynadı. “İblis” tamaşasında Abbas Mirzə Şərifzadə ilə tərəf-müqabili oldu. Bu rollar onu tamaşaçılara sevdirdi. “Sevil” tamaşasındakı Sevil rolu isə gənc aktrisaya ayrı bir şöhrət gətirdi. Əsər dövrün ovqatını əks etdirirdi. Mərziyə Davudova da əsas qəhrəmanı - Sevili o qədər təbii, inandırıcı ifa edirdi ki, sonda tamaşa salonundakı qadınlar onunla bərabər öz çadralarını atırdılar. Mərziyə Davudovanın ifası barədə Cəfər Cabbarlı 1933-cü ildə yazmışdı: "Mərziyə yetkin bir sənətkardır, ustadır. Aktrisa səhnədəki əhval-ruhiyyəsi ilə bütün tamaşa salonuna təsir edən heyrətamiz bir istedada malikdir".

Onun Sevili o qədər məşhur oldu ki, digər teatrların səhnələrində də böyük uğurla göstərildi. Mərziyə Davudova bu rolla rus tamaşaçıları qarşısına da çıxdı. 1930-1931-ci illərdə o, Bakıda Rus Dram Teatrında Sevil rolunu oynadı. Aktrisa Sevil rolunu azərbaycanca, başqa aktyorlar isə öz rollarını rusca ifa etdilər. Ümumiyyətlə, o dövrdə bu cür maraqlı yaradıcılıq görüşləri keçirilirdi.

1930-1931-ci illər tamaşa mövsümündə Mərziyə Davudova Bakı Türk İşçi Teatrına da dəvət olundu. Həmin teatrın aktyorları ilə birlikdə “Sevil” tamaşasında çıxış etdi. Yenə səhnəyə məşhur Sevili ilə çıxdı...

Bu iki sənətkarın - Abbas Mirzə Şərifzadə ilə Mərziyə Davudovanın evliliyi uzun sürmədi. Firəngiz balaca ikən ayrıdılar. Ata-anasının ayrılıq səhnəsi Firəngiz Şərifovanın yaddaşında çox ağrılı bir xatirə kimi yaşayırdı. İlləröncə Firəngiz xanım danışmışdı bunları mənə: “Axşamüstüydü. Pilləkənlərdə dayanmışdıq. Mən anamın qucağındaydım. Atam da, anam da çox kədərliydilər. Mən isə sanki onların ayrıldıqlarını hiss edirdim. Əllərimi atama tərəf uzadıb ağlayırdım. Sanki bununla onu geri qaytarmaq istəyirdim...”.

Ancaq sənətdə yoldaşlıqları davam edirdi. Hər ikisi yenə teatrda çalışır, oynadıqları bir-birindən maraqlı rolları ilə adlarını Azərbaycan teatr sənəti tarixinə yazırdılar...

Çox keçmədi ki, Mərziyə Davudova teatrın başqa bir istedadlı aktyoru ilə - özündən iki yaş kiçik, milliyyətcə acar olan Ülvi Rəcəblə evləndi. Bu evlilikdən Rauf adlı oğulları dünyaya gəldi.

Talelərində o qədər bənzərliklər var idi ki... Ülvi Rəcəb də Mərziyyə Davudova kimi Bakıya uzaq bir yurddan gəlmişdi. O, 1903-cü ildə Batumi yaxınlığındakı Canivri kəndində doğulmuşdu. 1918-ci ildə, müharibədən geri dönən Ülvi Rəcəb elə həmin il Batumda qastrolda olan Azərbaycan aktyorları ilə tanış olmuşdu. “Artistlər cəmiyyəti”nin zalında oynanan “Otello” tamaşasına baxan Ülvi Rəcəbi Hüseyn Ərəblinski öz Otellosu ilə heyran etmişdi. O zaman bəxti gətirmişdi, Azərbaycan aktyorlarının göstərdikləri bir neçə tamaşada epizodik rollar oynamış, “Arşın mal alan” operettasında, xəstələnən aktyorun yerinə Soltan bəy rolunda səhnəyə çıxmışdı. Ülvi Rəcəb o vaxtdan həyatını aktyorluq sənətinə bağlamışdı. Bakıya isə o, rejissor Aleksandr Tuqanovun dəvəti ilə gəlmişdi, 1925-ci ildən Milli Dram Teatrında işləməyə başlamış, tezliklə Ülvi Rəcəb teatrın aparıcı aktyoru Abbasmirzə Şərifzadə ilə dublyor olmuşdu...

1932-ci ildə Mərziyə Davudovaya Əməkdar artist adı verildi. 1936-cı ildə isə o, Xalq artisti adına layiq görüldü. 1937-ci ildə Mirzə İbrahimovun “Həyat" dramı ilk dəfə tamaşaya qoyuldu. Mərziyə Davudova bu tamaşada Həyat, Ülvi Rəcəb isə Süleyman oldu. “Həyat” onları şöhrətlərinin zirvəsinə ucaltdı. Mehdi Məmmədov yazırdı: “Tamaşa gurultulu müvəffəqiyyət qazandı. İfaçılar ansamblı, xüsusilə də əsas rolların ifaçıları - Mərziyyə Davudova (Həyat) və Ülvi Rəcəb (Süleyman) yüksək qiymətləndirilmişdir. Əsasən, klassik repertuarda romantik səpkili rollar oynayan bu aktyorlar indi “Həyat” tamaşasında həyati cizgilərlə, məişət boyaları ilə zəngin olan realist xarakterlər yaratmaqla böyük qələbə əldə etdilər. Yekdilliklə təsdiq olundu ki, bədii siqləti böyük olan bir tamaşa, onun nəzdində və mərkəzində isə Mərziyyə Davudova kimi sənətkarın ifasında Həyat obrazı yarandı”.

Ancaq ona böyük uğur gətirən bu tamaşa aktrisanın həyatının ən acı xatirısinə döndü. Çünki “Həyat” tamaşasında oynadığı Süleyman rolu həyat yoldaşının - Ülvi Rəcəbin Milli Dram Teatrında son işi oldu. Tamaşanın premyerasından bir müddət sonra Ülvi Rəcəbi həbs edildi. Teatr sənətindəki xidmətlərinə görə, 1933-cü ilin 25 aprelində Əməkdar artisti fəxri adı verilən aktyor 1937-ci ildə “xalq düşməni” adı ilə mühakimə olundu.

1937-ci ilin repressiyasının qurbanı yalnız Ülvi Rəcəb olmadı. Sovet hökumətinin repressiya siyasəti teatr sənətimizə də ağır zərbələrini vurdu. Bənzərsiz aktyor, millətinin təssübkeşi Abbas Mirzə Şərifzadə də “xalq düşməni” adı ilə güdaza getdi. Onu da, Ülvi Rəcəb də 1938-ci ildə güllələdilər.

Ülvi Rəcəb, Abbas Mirzə Şərifzadə “xalq düşməni” elan olunduqdan sonra Mərziyə Davudova da çox sorğu-suala çəkildi. Həyatının ağır günlərini yaşadı. Bir tərəfdən, istintaqa aparılıb-gətirilməkdən yorğun düşdü, bir tərəfdən də evdə atalarını soruşan iki övladının - qızı Firəngizin və oğlu Raufun suallarıyla üz-üzə qaldı. O, ömrünün sonunadək qəlbində daşıyacağı repressiya xofunu gizlədərək həm uşaqlarını ovutmalı, həm də sənətinə davam etməli oldu.

Yorulmadan çalışır, yeni tamaşalarda oynayır, teatra gələn gənclərə bacardığı qədər köməklik göstərirdi. Xalq artisti Hökümə Qurbanova xatirələrində yazırdı ki, bu da taleyin qismətidir. Mərziyə xanımın ilk dəfə yaratdığı obrazları sonralar mən oynadım. Həmişə həyəcan keçirirdim ki, o bu məsələyə necə baxacaq. Böyük ürək və istedad sahibi idi. Həmişə tamaşadan sonra məni ilk təbrik edib oyunumu bəyəndiyini söyləyən Mərziyə xanım olardı.

...Mərziyə Davudovanın sənət uğurları davam edirdi. O, 1948-ci ildə “Şərqin səhəri” pyesində oynadığı Gülzar roluna görə, o vaxtın ən yüksək mükafatlarından sayılan Stalin mükafatına layiq görüldü. 1949-cu ildə isə sovet incəsənətindəki xidmətlərinə görə ən böyük fəxri ad - SSRİ Xalq Artisti adını aldı. Fəxri adları, mükafatları bununla da bitmədi. İki dəfə - 1946-cı ildə və 1949-cu ildə Mərziyə Davudova Qırmızı Əmək Bayrağı ordeni ilə təltif edildi. 1959-cu ildə “Şərəf nişanı” ordeni və bir sıra medallarla mükafatlandırıldı. 1947, 1951 və 1953-cü illərdə Azərbaycan Sovet Sosialist Respublikası Ali Sovetinə deputat seçildi. O, Məşədi Əzizbəyov adına Azərbaycan Dövlət Milli Dram Teatrında çalışmaqla bərabər, 1956-cı ildən ömrünün sonunadək Azərbaycan Teatr Cəmiyyətinin sədri vəzifəsini yerinə yetirdi.

Mərziyə Davudova həm də 1928-ci ildən başlayaraq, filmlərdə çəkildi. "Hacı Qara", "Bir ailə", "Bakının işıqları", "Bir məhəllədən iki nəfər", "Koroğlu" və digər rolları onu həm də kinoaktrisa kimi tanıtdı.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının o zaman elə tamaşaları olurdu ki, tamaşaçılar, Mərziyə Davudovanın oyununa heyranlıqla baxmaq üçün gəlirdilər. Mənfi və ya müsbət xarakterindən asılı olmayaraq, aktrisanın canlandırdığı hər bir rol - “Kral Lir”də Qoporelya, “Hamlet”də Gertruda, “Maqbet”də Ledi Maqbet, “Tufanlı il”də Kaplan, “Tufan”da Kabanixa, “Nizami”də Məhsəti, “Oqtay Eloğlu”da Firəngiz, “Sevil”də Sevil,  “Almaz”da Yaxşı, ”Səyavuş”da Südabə, “Fərhad və Şirin”də Şirin, “Topal Teymur”da Almaz, “Qaçaq Nəbi”də Həcər, “Xanlar”da Qızyetər, “Solğun çiçəklər”də Gülnisə, “Polad qartal”da Nərgiz və başqa  rolları diqqət mərkəzindəydi.

Qızı Firəngiz Şərifova hələ səkkiz yaşında dramaturq Cəfər Cabbarlının təkidi, atası Abbas Mirzənin razılığı ilə "Oqtay Eloğlu"nda Sevər, "Sevil"də Gündüz rollarıyla səhnəyə çıxmişdi. Mərziyə xanım onu konservatoriyaya - ailələrinin yaxın dostu Üzeyir Hacıbəylinin yanına apardı. Dedi: “Üzeyir bəy, Firəngiz bizim davamçımız ola bilərmi?”. Bəstəkar Firəngiz xanımı dinləməmiş öz fikrini dedi: “Abbas Mirzənin yadigarı mütləq onun davamçısı olmalıdır”. Firəngiz Şərifova 1941-ci ildə Üzeyir bəyin məsləhəti ilə Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyası) vokal fakültəsinə daxil oldu. Sonradan həyatını səhnə ilə bağladı, Abbas Mirzə Şərifzadənin və Mərziyə Davudovanın arzularının layiqli davamçısı oldu.

1962-ci ilin 6 yanvarında Mərziyə Davudovanın səhnə sevgisi ilə dolu, sevincli, şöhrətli, ağrılı-acılı həyatı bitdi. Aktrisa öz rolları ilə Azərbaycan teatr sənətinə yazdığı adla həmişəlik yaddaşlara köçdü.



MƏSLƏHƏT GÖR:

461