19 Mart 2024

Çərşənbə axşamı, 06:19

TRAMP YÜKÜ

ABŞ-ın yeni prezidentinin qarşısında çox ciddi vəzifələr durur

Müəllif:

01.01.2017

Donald Trampın ABŞ-da keçirilmiş Prezident seçkisində qalib gəlməsi dünya siyasətinin əsas mövzularından biri olaraq qalır. Hər halda, bütün skeptik proqnozlara rəğmən, bu gün Birləşmiş Ştatlar dünyanın yeganə fövqəldövlətidir və demək, orada keçirilən dövlət başçısı seçkisi dünyamiqyaslı hadisədir.

Seçki artıq geridə qalıb və indi, Trampı siyasi Olimpə gətirib-çıxarmış amilləri daha detallı təhlil etmək, eyni zamanda, Ağ evin yeni administrasiyasının yürüdəcəyi kursa dair proqnozlar vermək olar. Amma bu işə daxili siyasi və iqtisadi gözləntilərdən başlamaq lazımdır. Çünki Trampın qələbəsinin əsas səbəbi onun məhz ölkə daxilindəki ciddi problemləri çözəcəyinə dair vədləridir.

 

«Ürək köçürülməsi» tələb olunur?

Amerikalı investor, bankir, sabiq yüksəkrütbəli məmur, qlobalist, ölkənin ən məşhur ali məktəblərindən olan Massaçusets Texnologiya İnstitutunun dekanı, professor Cefri Qarten ölkənin hazırkı vəziyyətini belə izah edir: «Vaxtilə özünün parlaq həyat tərzi, zənginliyilə gözləri qamaşdıran ABŞ bu gün «ikinci dərəcəli» ölkələrlə eyni səviyyəyə düşmək risqi ilə qarşı-qarşıyadır. Digər ölkələrin kapitalından və texnologiyalarından asılılıq tədricən artır. Əhalinin 10%-i aclıq astanasındadır. Hər üçüncü uşağın 17 yaşadək dövlət yardımına ehtiyacı var. 35 milyon amerikalı tibbi sığortadan məhrumdur. Ölkədə hər 25 dəqiqədən bir qətl baş verir. Büdcə kəsri və dövlət borcu sürətlə artır. Təhsilin səviyyəsi aşağı düşür, texnoloji infrastrukturumuz dağılır. Banklarımız çaşqınlıq içərisindədir, həyasızlıq və siyasi qütbləşmə getdikcə artmaqda, milli hökumət isə zəifləməkdədir».

Daha bir məşhur şəxs, Kaliforniya Universitetinin makroiqtisadiyyat üzrə mütəxəssisi Bred Delonq da ABŞ iqtisadiyyatı haqqında kədərlə danışır, onun getdikcə nostaljiyə çevrildiyini deyir: «Amerika kapitalizminə ürək köçürülməsinə ehtiyac var. Amerika kapitalizminin həyat gücünün mənbəyinə çevrilmiş maliyyə spekulyasiyalarını aradan qaldırmaq, onu Amerika sənayesinin dirçəldilməsi kimi vacib funksiyanı üzərinə götürə biləcək əsl kapitalistlərlə əvəzləmək lazımdır. Amerikanın ən zəif tərəfi öz şirkətlərini yaratmış, şəxsi qazanc götürən, yeni texnologiyalar yaradan köhnə üslublu kapitalistlərin, iri investorların yoxluğudur. Amerika artıq belə nəhəng sənayeçilərini itirib».

Beləliklə, 2016-cı ilin payızında amerikalı seçicini narahat edən əsas məsələnin iqtisadi məsələlər olması təəccüblü deyil: «Pew Research Center» tərəfindən aparılmış araşdırma göstərib ki, seçicilərin 84%-i bu məsələni «çox vacib» sayır. Bunun səbəbi Barak Obamanın prezidentliyi dövründə sıravi amerikalıların maddi vəziyyətinin böhrandanəvvəlki səviyyəyə yüksəlməməsidir. ABŞ-ın Siyahıyaalma Bürosunun (Census Bureau) sentyabrda açıqladığı məlumata əsasən, 2015-ci ildə ev təsərrüfatının orta gəliri 5,2% artsa da (ildə 56,52 min dollaradək), bu göstəriciyə görə 2007-ci ilin səviyyəsinə (57,42 min dollar) çatmaq mümkün olmayıb. Census Bureau bildirir ki, hazırda, təxminən, 43 milyon amerikalı yoxsulluq həddində yaşayır.

Tramp özünün iqtisadi proqramında amerikalı seçiciləri maddi durumlarının yaxşılaşacağına inandırmağa çalışıb. İndi, ən köklü islahatlardan biri vergi sistemində gözlənilir. Tramp vərəsəlik verginin ləğvini, uşaqlara qulluq xidmətinə görə vergi tutulmasını, fiziki şəxslərin gəlir vergisinin maksimal stavkasının azaldılmasını nəzərdə tutur.

Vergi yükünün azaldılmasını əhalinin bütün təbəqələri gözləyir. Gəlir nə qədər çoxdursa, ixtisar da bir o qədər ciddi olacaq.

 

Ticarət müharibəsi risqi

Tramp ABŞ-ın mövcud ticarət razılaşmalarına yenidən baxılacağını da vəd edib. Söhbət Kanada və Meksika ilə azad ticarət haqqında Şimali Amerika razılaşmasından da (NAFTA) gedir. Onun daha bir vədi Çindən bütün idxala 45%-lik tarifin tətbiqi ilə bağlıdır.

Bu cür ticari maneələr siyasəti həyata keçirilərsə, bu, ABŞ-ın Ümumdünya Ticarət Təşkilatı (ÜTT) qarşısındakı öhdəliklərinin pozulmasına səbəb olacaq. O, Çinlə miqyaslı «ticarət müharibəsi»nə də yol aça bilər. «Trampın qələbəsinin gətirdiyi ən nəhəng qlobal iqtisadi risk yəqin ki, Çinlə münasibətlərə və ticari məsələlərə aiddir», - deyə Intelligence Unit-in baş iqtisadçısı Saymon Beptist özünün Twitter səhifəsində yazıb.

Vaşinqtonun Peterson adına Beynəlxalq İqtisadiyyat İnstitutunun iqtisadçıları isə hesab edir ki, ABŞ-ın ticarət tərəfdaşları Trampın qadağanedici rüsumlarına anoloji addımlarla cavab verə bilər ki, bu da ABŞ iqtisadiyyatında resessiyaya səbəb ola, amerikalıları milyonlarla iş yeri hesabına başa gələr.

Bundan başqa, «Eurasia Group» yazır ki, Trampın prezidentliyi dövründə ABŞ 12 ölkə arasındakı Trans-Sakit Okean tərəfdaşlığı haqqında sazişi (TPP) çətin ki, ratifikasiya etsin. İnstitutun ekspertləri hesab edir ki, bu halda Asiya-Sakit okean regionundakı ticarətdə «oyun qaydaları»nın yazılmasında əsas rol Çinə keçəcək.

 

Amerikan həyat tərzi. Qeyb olan «xoşbəxtlik»?

Qərbi iqtisadçılarının fikrincə, Amerika iqtisadiyyatında maliyyə kapitalı lazım olduğundan daha çox kök salıb və bununla da, milli gəlirin əsasına çevrilib. İstehsalatdan uzaqlaşma kursu yürüdən ABŞ işsizlik və sosial problemlərlə qarşı-qarşıya qalıb. Birləşmiş Ştatların digər ölkələrmin orta sinfindən dəfələrlə yaxşı yaşayan orta sinfi tədricən «xoşbəxt günləri» itirir, kütləvi şəkildə daha aşağı həyat səviyyəsinə doğru yuvarlanır. Qeyri-müntəzəm və qeyri-mütəşəkkil sosial münaqişə getdikcə cəmiyyətin bütün təbəqələrinə yayılır.

Ölkədə cinayətkarlığın səviyyəsi durmadan artır. Az qala hər gün kütləvi güllələnmələr baş verir. CNN telekanalının məlumatına görə, 2003-2015-ci illərdə Amerikada odlu silahla öldürülənlərin sayı 400 min nəfəri ötüb. Hüquqi məsələlərə xərclər təhsilə, səhiyyəyə xərclənən vəsaiti dəfələrlə üstələyir. Digər ölkələrlə müqayisədə ABŞ daha çox insanın həbsxanada olduğu ölkəyə çevrilib. Kriminalistika üzrə mütəxəssis Endrü Malkolm «The New York Times» qəzetində yazır: «Birləşmiş Ştatlarda yeni silahlanma yarışı başlayıb. Amma bu yarış hər hansı başqa ölkə ilə yox, ölkədəki cinayətkarlarla hüquq-mühafizə orqanları arasında gedir. Bu, yalnız tapança və ya kiçik kalibrli silahlara yiyələnmə yarışı deyil. İndi, söhbət həm də yarımavtomat tipli silahlardan gedir».

Amerikanın orta məktəblərində və universitetlərində təhsil alan əcnəbilərin sayı getdikcə artırsa, orta məktəbi yarımçıq atan vətəndaşlar 25% təşkil edir. Böyük şəhərlərdə lazımi səviyyədə təhsili olmayan gənclər arasında işsizlik 50%-ə çatır. Afroamerikalılarla Latın Amerikasından olanlar arasında bu göstərici daha yüksəkdir. Bütün bu məlumatları Amerika mənbələri verir.

 

Gəlirlər arasında fərq artır

Etiraf etmək lazımdır ki, Barak Obama Ağ Evə rəhbərlik etdiyi 8 ildə nəinki ölkəsini İkinci Dünya müharibəsindən sonrakı dövrün ən ciddi iqtisadi böhranından çıxarıb, həm də sabit artıma nail olub. ABŞ Ticarət Nazirliyinin İqtisadi Təhlil Bürosunun ilkin məlumatına görə, üçüncü kvartalda Amerika iqtisadiyyatındakı artım 2,9% olub. Halbuki, proqnoz 2,5% idi. Bu, son 2 ildə ÜDM-in artımında ən ciddi göstəricidir.

Bununla yanaşı, ABŞ-ın tarixi problemi, konkret desək, gəlirlərin bərabər bölünməməsi getdikcə daha ciddi hal alır; məsələn, əgər 1970-ci illərdə gəlirləri az olan vətəndaşlar (əhalinin 20%-i) ümumi milli gəlirin 5,4%-ni əldə edirdisə, bu gün həmin göstərici 3,9%-ə düşüb. Eyni zamanda, əhalinin ən zəngin təbəqəsinin (yenə də əhalinin 20%-i) milli gəlirdəki payı 41,8%-dən 48%-ə artıb.

Amerikalı tədqiqatçıların məlumatına görə, zavodların bağlanması, istehsalın uzaq xaricə köçürülməsi nəticəsində yalnız 1970-1980-ci illərdə 35 milyon insan iş yerini itirib. Sonrakı illərdə Reyqan, Klinton və hər iki Buşun administrasiyası onların dövründə milyonlarla yeni iş yerinin açıldığını iddia etsə də, bu iş yerlərinin əksəriyyəti xidmətlər sahəsinə aid azgəlirli vakansiyalar olub.

Ümumilikdə, qloballaşma ideoloqları sənaye sahəsində çalışanlara «informasiya əsri»ndə inkişaf edəcək yeni yüksək texnologiyalar sahəsində yüksək maaşlı «təmiz» işlər vəd edirdi. Lakin Yeni İngiltərədə zavodların bağlanılması üzündən iş yerini itirmiş 674 min işçinin yalnız 3%-i iqtisadiyyatın yüksək texnologiyalar sahəsində işlə təmin olunub.

Bunu Birləşmiş Ştatların yeni seçilmiş prezidenti Tramp da etiraf edir. O, məşhur «Gettisberq çıxışı»nda deyib: «Əmək qabiliyyəti ən yüksək həddə olan hər dördüncü amerikalı işsizdir. Hər beşinci ev təsərrüfatında heç kəs işləmir. 45 milyon amerikalı ərzaq talonu alır, 47 milyon isə yoxsul yaşayır. Zəngin olmayan şəhərlilər, afroamerikalılar və Latın Amerikası icmaları əziyyət çəkir - biz onların ümidlərini puç etmişik. Mənim iqtisadi planım ildə 4%-lik artımı təmin etməli, ən azı, 25 milyon yeni iş yerinin açılmasına imkan verməlidir. Biz buna ticari islahatlarla bərabər, vergilərin miqyaslı şəkildə azaldılması və sadələşdirilməsilə, tənzimlənmənin zəiflədilməsi ilə, Amerika energetikasına məhdudiyyətlərin ləğvi ilə nail olacağıq. Bizə iş yerləri lazımdır! İndi, onlar, xüsusilə yaxşıları (mütəxəssislər - R+) bizdən qaçır. Xüsusilə orta sinif üçün vergilər ciddi şəkildə azaldılmalıdır. Onları hər kəə unudub. Orta sinfə aid 2 övladlı ailənin vergisi, təxminən, 35% azaldılacaq. Onlar sərbəst qalmış puldan istifadə edə biləcək - bu pullar da bizim iqtisadiyyatımıza gedəcək. Kommersiya fəaliyyətinə görə vergi 35%-dən 15%-ə endiriləcək. İndi, 10%-lik vergi tətbiq etməklə, Amerika korporasiyalarının xaricə çıxardığı trilyonları geri qaytarmaq mümkündür. Bu, işləmir. Nəticədə, şirkətlər 2,5-5 milyard dollar arasında vəsaiti ölkəyə qaytara bilmir. Bir çox şirkət ABŞ-ı vergilər yüksək olduğundan deyil, pullarını ölkəyə qaytara bilmədiklərindən tərk edir. Onlar, sadəcə, öz pullarının ardınca gedir. Biz bu prosesi sadələşdirəcəyik. Qoy onlar pullarını Amerikaya qaytarsın, qoy o pulu burada, ölkəmizin qurulmasına xərcləsin».

 

Romanın taleyini yaşamamaq

ABŞ-ın yaradıcıları ölkələrini Roma İmperiyası ilə müqayisə etməyi çox sevərdi. Hətta hazırkı paytaxt Vaşinqton əvvəllər Roma adlandırılıb, Potomakın qollarından biri isə Romadakı Tibr çayının şərəfinə Yunan Tibri adlanırdı. Əbədi şəhər kimi, Vaşinqton da 7 təpənin üzərindədir. Bu gün də bir çox mütəxəssis müasir ABŞ-ı Roma İmperiyası ilə müqayisə edir. Amma onun süquta uğradığı dövrlə. Çünki Roma İmperiyasını çökdürən əsas səbəblərdən biri bitmək bilməyən müharibələr, nəhəng məsrəflər olub. O zaman məhz bu üzdən xəzinə sürətlə boşalıb. Səbəblər arasında boğucu vergilər, inflyasiya və nəticədə zənginlərlə yoxsullar arasında böyük uçurumun yaranması da var idi.

Amma ABŞ-ın süqutu onun ənənəvi düşmənlərinə belə, sərf etmir - bu, dünya miqyaslı faciə ola bilər. Onu da unutmaq lazım deyil ki, ABŞ-ın problemləri xroniki xarakter daşıyır və ölkəsinin gələcəkdə Roma İmperiyasının taleyini yaşamaması üçün Tramp çox iş görməlidir.



MƏSLƏHƏT GÖR:

416