26 Aprel 2024

Cümə, 18:41

İDMAN TƏQVİMİ

Azərbaycan bu il İslam Oyunları, “Formula-1” və voleybol üzrə Avropa Çempionatı daxil olmaqla, bir sıra mötəbər yarışları qəbul edəcək

Müəllif:

15.01.2017

2017-ci il Azərbaycan idmanında bir sıra böyük yarışlarla yadda qalacaq. Artıq idman ölkəsi kimi tanınan Azərbaycan bu ildə də mötəbər idman tədbirlərinə ev sahibliyi edəcək. Ötən illə müqayisədə, nəinki ölkəmizdə, bütövlükdə dünyada idman yarışlarının sayında azalma hiss olunur. Bu də təbiidir. Adətən, Yay Olimpiya Oyunlarından sonrakı 1 il ərzində əksər idman növlərində fasilə yaranır. Bəzi federasiyalar yarış qaydalarında dəyişiklik edir, əksər titullu idmançılar isə istirahət edir. Bununla yanaşı, 2017-ci ildə Azərbaycan idman həvəskarlarını maraqlı yarışlar gözləyir.

R+” 2017-ci ildə ölkəmizdə baş tutacaq yarışların təqvimini təqdim edir.

2017-ci ildə Azərbaycanda təşkil olunacaq ən möbətər yarış IV İslam Həmrəyliyi Oyunlarıdır.  Mötəbər yarışın 12-22 may tarixləri arasında baş tutması nəzərdə tutulub. Oyunlarda 20 idman növü üzrə 57 dövlətdən 2000-ə yaxın idmançının mübarizə aparacağı gözlənilir. İslam Həmrəyliyi Oyunlarının təntənəli açılış və bağlanış mərasimi Bakı Olimpiya Stadionunda keçiriləcək. On gün ərzində ağır atletika, atıcılıq, “3x3” basketbol, bədii gimnastika, boks, cüdo, futbol, güləş, həndbol, idman gimnastikası, karate, stolüstü tennis, su polosu, suyatullanma, taekvondo, tennis, uşu, üzgüçülük, voleybol, yüngül atletika üzrə medallar öz sahiblərini tapacaq. Ümumilikdə, İslam Həmrəyliyi Oyunlarının təşkilatçılığında Tofiq Bəhramov adına Respublika Stadionu, “Dalğa” arena, “8-ci Kilometr” adı ilə tanınan ərazidəki stadion, Bakı Kristal Zalı, Heydər Əliyev adına İdman Arenası, Bakı İdman Sarayı, Su İdman Sarayı, Milli Gimnastika Arenasından istifadə  olunacaq. 

 

Futbol

2017-ci ildə ölkə futbolunda əsas diqqət Azərbaycan millisinin çıxışına yönələcək. Milli komanda mayda İslam Həmrəyliyi Oyunlarında mübarizə aparacaq. Bununla yanaşı, Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində yığmamız martın 26-da Bakıda Almaniya, iyunun 10-da Şimali İrlandiya, sentyabrın 4-də San Marino, oktyabrın 5-də isə Çexiyanı qəbul edəcək. 

 

Gimnastika

Azərbaycan Gimnastika Federasiyası 2017-ci ildə bir sıra mühüm tədbirlərə ev sahibliyi edəcək. Yanvarın 17-21 aralığında  Bakıda bədii gimnastika üzrə qitələrarası, 26-30 yanvarda isə beynəlxalq hakimlik kursları baş tutacaq. Qitələrarası hakimlik kurslarında 48 ölkənin təmsil olunacağı gözlənilir.

Mart 6-9 aralığında kişi idman gimnastikası üzrə beynəlxalq hakimlik kursları təşkil olunacaq. Bununla yanaşı, 18-19 fevral tarixlərində paytaxtımızda batut gimnastikası üzrə Dünya Kubokunun mərhələ yarışı keçiriləcək. Martın 16-19 aralığında kişi və qadın idman gimnastikası, 28-30 apreldə isə bədii gimnastika üzrə Dünya Kuboku təşkil olunacaq. 

Kişi və qadın idman gimnastikası üzrə yığmamız 19-23 aprel tarixlərində Avropa Çempionatında (Kluj-Napoka, Rumıniya), 2-8 oktyabr tarixlərində Dünya Çempionatında (Monreal, Kanada) iştirak edəcəklər. Bədii gimnastika üzrə yığmamız 18-22 may tarixlərində Avropa Çempionatı (Budapeşt, Macarıstan), 30 avqust – 3 sentyabr tarixlərində Dünya Çempionatında (Pesaro, İtaliya) ölkəmizi təmsil edəcək. Akrobatika gimnastikası üzrə yığmamız 8-16 oktyabr tarixlərində Avropa Yaş Qrupları Yarışlarında (Rzesrov, Polşa) mübarizə aparacaq. Aerobika gimnastikası üzrə yığmamız 22- 24 sentyabr tarixlərində Avropa Çempionatında mübarizə aparacaq (Ankona, İtaliya). Batut və tamblinq gimnastikası üzrə yığmamız 9-12 noyabr tarixlərində Dünya Çempionatında (Sofiya, Bolqarıstan) ölkəmizin idman şərəfini qoruyacaq. 

 

Cüdo

Cüdo üzrə Azərbaycan millisi Polşa və Macarıstanda baş tutacaq Avropa və Dünya çempionatlarında iştirak edəcək. Buna qədər isə martın 10-12-si tarixlərində paytaxtımız “Böyük Dəbilqə” silsiləsinin final turnirinə ev sahibliyi edəcək. Əllidən çox ölkənin iştirak edəcəyi Qran-pri yarışında dünyanın ən güclü atletləri iştirak edəcəklər. 

 

“Formula -1”

Beynəlxalq Avtomobil İdmanı Federasiyasının təqviminə əsasən, ardıcıl ikinci il Bakı “Formula-1” yarışını canlı izləyəcək. Mötəbər yarış bundan sonra Avropa deyil, Azərbaycan Qran-prisi adlanacaq. Bundan əlavə, möhtəşəm turnirin Bakı mərhələsi ötən ildən fərqli olaraq, iyunun 19-da deyil, 25-də keçiriləcək. Almaniya Qran-prisi siyahıdan çıxarıldığı üçün, “Formula-1” 2017-ci il çempionatı 20 mərhələdən ibarət olacaq. Mövsümə martın 26-da Melburnda Avstraliya Qran-prisi ilə start veriləcək. Çempion isə düz, 9 ay sonra, noyabrın 26-da Əbu-Dəbidə bəlli olacaq.

Qeyd edək ki, artıq biletləri satışa çıxarılan “Formula-1” üzrə Azərbaycan Qran-prisi dünyanın 100-ə yaxın ölkəsində canlı yayımlanacaq.

 

Şahmat

2016-cı ildə 42-ci Ümumdünya Şahmat Olimpiadasına ev sahibliyi edən Azərbaycan bu il də bir sıra yarışların təşkilatçısı olacaq. Mayda Şəmkirdə ənənəvi olaraq, Vüqar Həşimov Memorialı keçiriləcək. Mərhum qrossmeysterimizin xatirəsinə həsr olunan mötəbər yarış 2014-cü ildən etibarən keçirilir və FİDE təqvimində özünəməxsus yer tutur. Eyni zamanda, 2017-ci ildə “Baku Open” və “Naxçıvan Open” ənənəvi beynəlxalq şahmat festivalları keçiriləcək.

 

Voleybol

Sentyabrda Azərbaycan qonşu Gürcüstanla birgə qadın voleybolçular arasında Avropa Çempionatını keçirəcək. 16 ölkənin təmsil olunacağı qitə birinciliyində yarışlar paytaxt Bakı ilə yanaşı, Göyçay və Gürcüstanın paytaxtı Tiflisdə baş tutacaq.  Avropa çempionatının yarımfinal və final görüşləri Bakıda olacaq. Bakıda təşkil olunacaq Avropa Çempionatının oyunları Milli Gimnastika Arenasında keçiriləcək.

Qrapplinq

Azərbaycan tamaşaçısı üçün o qədər də tanış olmayan qrapplinq idman növü üzrə dünya çempionatı Bakıda təşkil olunacaq. 24 ölkənin iştirak edəcəyi yarışın məkanı hazırda müzakirə mövzusu olaraq qalır.

Qrapplinq bir sıra bogucu və ağrıdıcı fəndlərı birləşdirən güləş növüdü.

 

MMA

Azərbaycan MMA Federasiyası M-1 Challenge yarışının növbəti mərhələsini Bakıda keçirəcək. 14 ölkənin iştirak edəcəyi döyüş gecəsi 150-dən çox ölkədə yayımlanacaq. Qeyd edək ki, 2016-cı ildə Bakıda təşkil olunan “M-1 Challenge 67 Odlar Diyarında döyüş” adlı yarış beynəlxalq federasiya tərəfindən yüksək qiymətləndirilib.

Beləliklə 2017-ci ildə də Azərbaycan mötəbər idman yarışlarının məkanı olacaq. Ölkəmizdə və xaricdə keçiriləcək yarışlarda Azərbaycan təmsilçilərinə uğurlar  arzulayırıq.



MƏSLƏHƏT GÖR:

427