26 Aprel 2024

Cümə, 07:26

HƏM ATA, HƏM QARDAŞ, HƏM DOST…

Oğulun ata - Xalq Şairi Qabil İmamverdiyev haqqında xatirələri

Müəllif:

15.01.2017

Ötən il Xalq Şairi Qabil İmamverdiyevin (Qabil) 91 yaşı tamam olacaqdı. O, 1926-cı ildə Bakıda doğulub. V. İ. Lenin adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirən İmamverdiyev daha sonra Moskvada Ali Ədəbiyyat Kursunda təhsil alıb, müxtəlif ədəbi-bədii qəzetlər və jurnallarda, televiziya və radioda çalışıb. Yaradıcılığa 1944-cü ildə «Gəl, baharım» şeiri ilə başlamış şairin şeirlərindən ibarət ilk toplu «Səhər açılır» adı ilə 1950-ci ildə çap olunub. İmamverdiyevin «Mənim mavi Xəzərim», «Ömrüm boyu», «Küləkli havalarda», «Qoy danışsın təbiət», «Vətəndaş sərnişinlər», «Nəsimi», «Ömrün həbləri», «İlahi qisməti», «Dostlarım, tanışlarım» və s. kitabları oxucular tərəfindən böyük maraqla qarşılanıb.

Qabilin yaradıcılığnda vacib mərhələ olmuş «Nəsimi» poemasında müəllif İmadəddin Nəsiminin daxili dünyasını poetik şəkildə açmağa nail olub. Qabilin Azərbaycan ədəbiyyatına töhfəsi yüksək qiymətləndirilib. O, Azərbaycan Dövlət Mükafatı laureatıdır. Bundan başqa, şair Əməkdar incəsənət xadimi, Xalq Şairi fəxri adlarına, «Şöhrət» və «İstiqlal» ordenlərinə layiq görülüb.

Tanınmış poeziya ustası, təxminən, 10 il əvvəl Bakıda dünyasını dəyişib. Lakin onun haqqında xatirələr bu gün də yaxınları və doğmalarının ürəyində yaşayır. Bəs Qabil gündəlik həyatda necə insan, necə ata olub? Qabilin oğlu Mahir İMAMVERDİYEV onunla bağlı xatirələrini bizimlə bölüşüb.

- Mahir, atanızın Azərbaycanın tanınmış şairi olduğunu nə zaman anladınız?

- Ailədə yeganə uşaq idim və təbii ki, valideynlərimin bütün diqqəti yalnız mənə yönəlmişdi. «Yaxşı» və «əla» qiymətlərlə oxuyurdum. Xüsusilə humanitar fənləri bəyənirdim. Bu da anlaşılandır: atam Azərbaycanın Xalq Şairi, anam Azərbaycan dili və ədəbiyyat müəlliməsi.

Atamın böyük şair olduğunu 10 yaşımda olarkən dərk etdim. O zaman o, Azərbaycan Dövlət Mükafatı laureatı olmuşdu. Bununla da atamın karyerasında yüksəliş başlandı. Lakin onun məşhurluğu müəllimlərin mənə münasibətinə heç bir təsir göstərmirdi.

190 saylı məktəbdə oxuyurdum. Direktorumuz Sona Tağıyeva idi. O, mənim nazımla oynamırdı. Onun üçün hər kəs kimi, adi şagird idim. Üstəlik, mən özüm də nə valideynlərimə, nə müəllimlərimə problem yaradırdım. Valideynlərimi heç vaxt məktəbə çağırmayıblar. Əvəzində, Bakı Dövlət Universitetinə qəbul olunan zaman atamın adından istifadə etməli oldum. «Tapşırıqsız» filologiya fakültəsinə düşə bilməzdin. Bir yerə 10 uşaq iddialı idi. Uzun-uzadı yalvarışlardan sonra, atam tanışlarından istifadə etmək qərarına gəldi və Bakı Dövlət Universitetinin ozamankı rektoru Faiq Bağırzadəyə ağız açdı. O isə öz növbəsində mənə, daha doğrusu, Qabilə «yaşıl işıq» vəd etdi. İmtahanöncəsi atam küçədə prorektor Yəhya Məmmədovla rastlaşmışdı, o isə səhhətindən şikayətlənməyə başlamışdı. «Qabil, deyəsən, ölürəm. Təzyiqim oynayır!». Atam onun sözlərinə zarafatla cavab vermişdi: «Ölməyə vaxt tapdın? Qoy, oğlum universitetə qəbul olunsun, sonra nə istəyirsən et». Atamın özünəməxsus yumor hissi var idi. O, «qara yumor»u sevirdi.

- Və universitetə qəbul olundunuz?

- Bəli. Müəllimlər mənə yaxşı münasibət göstərirdi. Amma qəsdən qiymətimi azaldanlar da olurdu. Onlar hesab edirdilər ki, atam hər imtahanqabağı onlara zəng vurmalı, şəxsən xahiş etməlidir. Yaxşı yadımdadır, «Ədəbiyyatşünastlığın əsasları» fənni üzrə professor Xalid Əlimirzəyevə verməli olduğumuz imtahanöncəsi atam elə professorun da iştirakı ilə hansısa hadisəni qeyd edirdi. Səhər atam məni universitetə apararkən maşınımıza qonşumuz - dekan müavini İfrat Əliyeva da əyləşdi. O məndən imtahanın vaxtını soruşdu. Bu zaman atam təəccübləndi: «Oğlum, bu gün imtahanın var?». İmtahanı kimin götürəcəyini bildikdə isə sevindi: «Biz onunla dünən bir masa arxasında bir-birimizin sağlığına badə qaldırırdıq!».

Dekan müavini atamın professorun yanına getməsini, mənə görə xahiş etməsini istədi. Lakin atam imtina etdi. Düşünürdü ki, bu, professorun xətrinə dəyər. Üstəlik o, düşünürdü ki, mən imtahanları köməksiz-filansız verməliyəm. Nəticədə, fənni bilsəm də, mənə «3» yazdılar. Təbii ki, buna etirazımı bildirdim. Bu zaman müəllim «təslim oldu». Sən demə, o mənim qiymətə reaksiyamı yoxlamaq istəyirmiş və qiyməti sonradan asanlıqla «4»ə çevirə bilmək üçün karandaşla yazıbmış.

- Bəs atanız evdə necə idi? Sərt idi, yoxsa yeganə oğlunu əzizləyirdi?

- Əzizləmirdi. Amma çox sərt də deyildi. O, çox təmkinli, inadkar və emosional insan idi. Haqlı deyildisə, dərhal üzr istəyirdi. Bir dəfə məni yaxşıca kötəkləmişdi də. Amma sonra buna görə peşman olmuşdu.

...Səkkizinci sinifdə oxuyurdum. Atam mənə maşınını yumağı tapşırmışdı. Məni sükan arxasına əyləşdirdi və maşını geri - su kranının yanına sürməyimi istədi. İstəyirdi, oğlunun maşın sürməyi öyrənib-öyrənmədiyini görsün. Mən isə maşını şair Zeynal Xəlilin qarajına çırpdım. Atam çox qəzəbləndi və bir şillə vurdu. Dostları mənim niyə vurulduğumu anlamırdılar. Axı, atam sükanın 15 yaşlı uşağın işi olmadığını bilirdi. Ümumiyyətlə, biz onunla tez-tez mübahisə edirdik. O dövrdə atamın hər şeyi var idi: maşınları, mənzilləri, bağ evləri. Həmişə deyirdi ki, bu varidat onun üçün elə də vacib deyil.

Ölkədə ağır günlər başladıqda, hər kəs tapılmayan malları tapmaq üçün mağazalara qaçışanda, kommersiya ilə məşğul olmaq qərarına gəldim, alverə başladım. Atam bunu eşidəndə əməlli-başlı qalmaqal baş verdi. Alverə görə həbs olunacağım təqdirdə, məni azad etmək üçün heç bir addım atmayacağını deyirdi. Atam köhnə qanunlarla yaşayırdı. Yadımdadır, Yazıçılar İttifaqının sədri İmran Qasımov Hökumət evinin yaxınlığındakı yeni üçotaqlı mənzilə köçməyi təklif etmişdi. Lakin o, sadəcə, qarajından imtina etməmək üçün darısqal ikiotaqlı evdən getməkdən boyun qaçırmışdı. Onun son arqumenti isə bu oldu ki, köhnə evə su fasiləsiz verilir.

- Bəs ananız onun bu inadkarlığına necə reaksiya verirdi?

- Anam Hacıbəyim xanım əksinə, çox təmkinli, sakit insan idi. O, 1930-cu ildə 8 uşaqlı ailədə doğulmuşdu - 5 qardaş, 3 bacı idilər. Anam 13 yaşından işləməyə başlamışdı. Ailəsində hər kəs qənaətcilliyə öyrəşmidi. Ağır, narahat dövr idi. Anam müharibədən sonra belə, adəti üzrə, qənaətlə yaşayır, kibriti belə, artıq yandırmamağa çalışırdı. Atam əksinə, bugünlə yaşayır, bədxərclik edirdi. Onun ehtiyatı heç zaman olmayıb. O, dostları ilə pul xərcləməyi sevirdi. Heyvanları, xüsusilə pişikləri çox sevirdi. Hər dəfə restorana gedəndə həyətin pişikləri üçün ayrıca lüləkabab sifariş verirdi. Bilirsiniz, o da mənim kimi, ailənin yeganə uşağı olmuşdu. Onun da mənim kimi, qardaşları yox idi. Odur ki, Qabil mənim üçün həm ata, həm qardaş, həm dost idi…

- Bildiyimizə görə, Qabil müəllim zarafatlaşmağı sevirdi və dostlarına tez-tez «oyun» qururdu. Bizə ən məzəli əhvalatlardan danışın…

- Bəli, atam zarafatı çox sevirdi. Hər dəfə qonorar alarkən ucadan və təntənəli şəkildə «ABV!» qışqırırdı. Kassir bunun nə demək olduğunu heç cür anlamırdı. Bir dəfə atam tam ciddi şəkildə izah etmişdi: «ABV - «Allah Bərəkət Versin» deməkdir».

...Sizə daha bir hadisəni danışım. Günlərin birində atam qohumu Rəfael ilə Yardımlıya getmişdi. O, maşını gözlənilmədən Odrağan yoxuşunda nəhəng bir ağacın yanında saxlayır. Otururlar, yeyib-içirlər. Atam ağacın şərəfinə badə qaldırır, ağaca «Yaşılbəy» adını verir və deyir: «Bilirsən, niyə bu ağacın yanında dayandım? Vaxt gələcək, mən həyatda olmayacağam. Sən isə hər dəfə bu yolla getdikdə Yaşılbəyi görəcək, məni xatırlayacaqsan».

O vaxtdan, biz hər dəfə Yardımlıya gedərkən həmin ağacın yanından keçir, atamı xatırlayırıq. Əvvəllər hər gün «Allah sənə rəhmət eləsin, Qabil» deyirdik. İndi bunu daha az edirik. Atamızı unutmamışıq. Sadəcə, ailəmizdə 5 nəvə var. Onların böyüyü 5 yaşlı Qabildir. Ona kimin şərəfinə Qabil adlandırıldığını, ulu babasının necə gözəl insan olduğunu demişik. O da ulu babası ilə fəxr etdiyini deyir…



MƏSLƏHƏT GÖR:

452