26 Aprel 2024

Cümə, 05:04

ƏBƏDİ MÜHARİBƏ?

Rusiya ilə Qərb sülh şəraitində yaşaya bilmir, amma qarşıdurma təhlükəli həddə də çatmayacaq

Müəllif:

15.01.2017

Rusiya-Amerika münasibətləri «soyuq müharibə»nin ən şiddətli dövrü sayılan ötən əsrin 80-ci illərindən bu yana ən pis həddə çatıb. İndi, tərəflər arasında qarşıdurma bütün cəbhələrdə son dərəcə qızğın şəkil alıb - hərbi (əsasən, Suriya), iqtisadi (sanksiyalar), ideoloji və informasiya.

Hər iki dövlətin beynəlxalq miqyasda əhəmiyyətini, həmçinin onların postsovet məkanındakı nüfuzunu nəzərə alsaq, hadisələrin necə inkişaf edəcəyi, Moskva ilə Vaşinqton arasındakı çoxmərhələli münaqişənin mümkün fəsadları ilə bağlı proqnozların sayı-hesabı yoxdur. Lakin əsas iki ssenari üzərində dayanılır.

Birinci variant - münaqişə getdikcə dərinləşəcək, beynəlxalq birlik üçün təhlükə artacaq. Bununla yanaşı, birbaşa hərbi toqquşma, xüsusilə kütləvi qırğın silahlarından istifadə ilə qarşıdurma ehtimalı əvvəlkitək azdır. ABŞ Rusiyaya iqtisadi təzyiqləri dayandırmayacaq, silahlanma yarışını gücləndirəcək, yəni, faktiki olaraq, SSRİ-nin dağılması ilə nəticələnmiş taktikanı davam etdirəcək. Tramp, əslində, düşünüldüyü qədər «rusiyapərəst» olmadığını göstərəcək, administrasiyasına Rusiyaya aşkar mənfi münasibətdə olan insanları daxil edəcək.

İkinci ssenariyə görə, vahid maraqlar naminə ümumi dil tapılacaq - terrorçuluqla mübarizə hər iki tərəfin milli maraqlarına daxildir. Trampın rəhbərlik etdiyi ABŞ müttəfiqlərini, məsələn, Şərqi Avropa ölkələrini qorumaq üçün Rusiya ilə müharibə risqindən qaçacaq. Bundan başqa, Tramp seçki kampaniyası zamanı Amerika Ordusundan xaricdə istifadəyə son qoyulacağına dair verdiyi vədini yerinə yetirəcək. Suriya problemi həll olunacaq. Rusiya isə iqtisadi cəhətdən o qədər zəifləyəcək ki, yeni silahlanma yarışına girə bilməyəcək, nəticədə, daha üzüyola olacaq.

 

Yumşaq müharibə

İlk baxışdan nikbinlik üçün əsas o qədər də çox deyil. Rusiya, yəqin ki, əla şagird olacaq və Amerikanın yumşaq güc kimi «fənn»lərdən aldığı dərsi yaxşı mənimsəyəcək. ABŞ-da prezident seçkisi ərəfəsində Demokratlar Partiyasının, Milli Kəşfiyyatın, Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları iddia edirdilər ki, Moskva «tamamilə təmiz» vasitələrlə ABŞ vətəndaşlarının «simpatiya»sını dəyişməyə çalışır. Guya «amerikalı seçiciləri aldatmaq üçün» Amerikanın siyasi təşkilatlarına xaker hücumları olub, bu yolla əldə edilmiş məktublar yayılıb, KİV-ə yalan məlumatlar ötürülüb; məsələn, populyar «The Washington Post» nəşrinin «Rusiyanın təbliğatı seçki zamanı yalan xəbərlərin yayılmasına kömək edib» başlıqlı materialında iddia olunur ki, təxminən, 200 ABŞ saytı Rusiya təbliğatının yayıcısı qismində çıxış edib. Onlar Donald Trampın maraqlarına uyğun olan, eyni zamanda, «Amerika demokratiyasını sarsıdan» yalan xəbərlər yayıb. «Amerika demokratiyası» isə, məlum olduğu kimi, insan haqları və müxtəlif xeyriyyə proqramları ilə yanaşı, Amerika soft power-nin arsenalındakı ağır artilleriyadandır. Odur ki, «onların inamının sarsıdılması» hədəfi kifayət qədər məntiqli görünür. Bu konteksdə, artıq amerikalılar nəinki Rusiyanın onların seçkiqabağı prosesinə qarışmaq iqtidarında olduğunu etiraf edir, hətta bundan şikayətlənirlər də.

Yanvarın 6-da MKİ, FTB və MTA-nın Rusiyanın ABŞ-da keçirilmiş prezident seçkisinə müdaxiləsinə dair birgə məruzəsi açıqlanıb. Sənəddə iddia olunur ki, demokratlara kiberhücumların arxasında Rusiya Silahlı Qüvvələri Ali Qərargahının Baş Kəşfiyyat İdarəsi dayanır. Müdaxilənin təşəbbüskarı kimi isə şəxsən Putinin adı çəkilir. Bundan 1 həftə əvvəl - dekabrın 29-da isə Amerika Rusiyanın bir sıra qurum və təşkilatlarına sanksiyalar tətbiq edib. Sanksiyalarla üzləşmiş qurumlar arasında FTB, Ali Qərargahın Baş Kəşfiyyat İdarəsi də var. Bundan başqa, 35 rusiyalı diplomat casusluqda ittiham olunaraq, ABŞ-dan çıxarılıb. Bu qərar, deyəsən, çox müzakirə olunub. Hər halda, bundan 1 ay əvvəl amerikalı konqresmenlər ölkədəki rusiyalı diplomatların hərəkətinin məhdudlaşdırılmasını nəzərdə tutan (ofis binalarından maksimum 40 kilometr aralana bilərlər) qanun layihəsinə də səs vermişdilər. Yeri gəlmişkən, bundan əvvəl ABŞ Konqresinin Nümayəndələr Palatası kəşfiyyat xidmətlərinin 2017-ci ildəki fəaliyyətinə dair qanun layihəsi də qəbul edib. O, «Rusiyanın xarici dövlətə gizli müdaxiləsinin qarşısının alınması» üzrə xüsusi qurumlararası komissiyanın yaradılmasını nəzərdə tutur. İyunda isə ABŞ Konqresinin «soyuq müharibə» zamanı mövcud olmuş, rus kəşfiyyatçılaının ABŞ ərazisindəki fəaliyyətini ifşa etmək işinə baxmış komitənin bərpa edilə biləcəyinə dair məlumat yayılmışdı. Qeyd edək ki, həmin komitə eyni zamanda Moskvanın maraqlarına uyğun çalışan təşkilatların maliyyələşdirilməsi məsələsini də araşdırırdı.

Maraqlıdır ki, bu işdə Brüssel də Vaşinqtondan geri qalmır. Avropa Parlamentinin qəbul etdiyi yeni qətnamə Avropa İttifaqına qarşı düşmənçilik təbliğatı (o cümlədən Rusiya tərəfindən) ilə mübarizəni nəzərdə tutur. Söhbət yalan informasiyaların yayılması, Aİ üzvləri, həmçinin Aİ ilə ABŞ arasında parçalanmaya, vətəndaşların hakimiyyət institutlarına inamının qırılmasına və s. yönəlmiş fəaliyyətdən gedir. Rusiya hökumətinin bu məqsədlə saysız-hesabsız alətlərdən istifadə etdiyi bildirilir: analitik mərkəzlər, telekanallar (xüsusilə RT telekanalı), xəbər agentlikləri (Sputnik), sosial media, hakerlər, internet-trollar. Bundan başqa, bir sıra siyasi partiyalar, xüsusilə qatı solçular və populistlər də bu məqsədlər üçün maliyyələşdirilir.

Vladimir Putin Avropa Parlamentinin qətnaməsini «demokratiyanın tənəzzülü» adlandırıb. O, dərhal Rusiyanın informasiya təhlükəsizliyinə dair yeni doktrina imzalayıb. Sənəddə xaricdən gələn informasiya-psixoloji həmlələrə sinə gərilməsinin vacibliyi bildirilir, bu əməllərin ölkədə siyasi və sosial sabitliyin pozulmasına yönəldiyi vurğulanır. Doktrinada deyilir ki, son zamanlar «Rusiya əhalisinə, ilk növbədə, gənclərə informasiya təzyiqi artır» və burada məqsəd «Rusiyanın ənənəvi mədəni-əxlaqi dəyərlərinin korlanmasıdır». Bundan başqa, sənəddə xarici KİV-də Rusiyanın dövlət siyasətinə qərəzli qiymət verən materialların artdığı qeyd olunur, üstəlik, xaricdə Rusiya KİV-in «aşkar ayrı-seçkiliklə üzləşdiyi» bildirilir. Bununla yanaşı, IT-dən hərbi məqsədlər üçün də istifadə olunur - xarici dövlətlər «Rusiyanın dövlət orqanlarına, elmi təşkilatlarına və müdafiə-sənaye kompleksi müəssisələrinə qarşı texniki kəşfiyyat aparır».

 

Üçüncü ssenari

Kibermüharibə ilə yanaşı, ənənəvi mühafizəkar qarşıdurma üsulları da var. Rusiya-Amerika qarşıdurmasında daha bir narahatedici məqam Suriyada 6 ildir davam edən müharibə və Şərqi Avropada maraqların toqquşmasıdır. Sonuncunu Rusiya NATO, ABŞ və Aİ tərəfindən «geosiyasi işğala məruz qalmış» region sayır. Moskvada hesab edirlər ki, Qərbin bu regiondakı «təcavüzkar siyasəti Ukraynanın, o cümlədən NATO üzvlərinin suverenliyi və ərazi bütövlüyünə təhlükədir». Bu riskləri azaltmaq üçün Şimali Atlantika Alyansı gələn il xərclərini 4 dəfə artırmağı planlaşdırır. ABŞ Ordusu Avropadakı hərbi təlimlərin miqyasını artırmağı düşünür. Almaniyanın Bremerhafen şəhərinə artıq 2800 ədəd hərbi texnika və 4 min hərbçi göndərilib.

Üstəlik bu, ABŞ-ın 2017-ci il üçün dövlət bücəsindən Rusiya ilə hərbi əməkdaşlığa vəsaitin ayrılmasına qadağa qoyulması fonunda baş verir. İndi, Moskva ilə müxtəlif texnoloji sahələrdə əməkdaşlığa məhdudiyyət qoyulması da nəzərdə tutulur (yalnız raket mühərriklərinin tədarükçüləri istisnadır). Bundan başqa, Rusiya ilə raketdən müdafiə sahəsində informasiya mübadiləsinə qoyulmuş qadağanın müddəti 2027-ci ilədək uzadılıb. Avropada Amerikanın (NATO-nun) HHM sistemi məsələsi də iki ölkə arasında əsas problemlərdən biri olaraq qalır. Moskva onu öz təhlükəsizliyinə təhdid sayır və istər bu, istərsə də hər hansı digər risklərə adekvat cavab verməyə hazır olduğunu bildirir.

Lakin hələlik o, Tramp administrasiyasından konkret addımlar gözləyərək, açıq-aşkar ehtiyatlı davranır, hətta bəzən sülhsevərlik nümayiş etdirir. Rusiyada hesab edirlər ki, Barak Obamanın səlahiyyət müddəti bitmək üzrə olan administrasiyası Moskva ilə qarşıdurma üçün yeni qanunverici baza hazırlamağa tələsir və Trampın işini ağırlaşdırmaq üçün əlindən gələni edir. Ümumiyyətlə, Kreml Obamanın «yolüstə» olan administrasiyasından uzaq durmağa çalışır və onun bütün bəyanatlarını «qürub isterikası» kimi qiymətləndirir. Putin «təxribata getməyəcərk», nəinki Rusiyadan amerikalı diplomatların qovulmasını belə, lazım bilməyib, hətta onların uşaqlarını Kremldə təşkil olunmuş «Yolka bayramı»na dəvət edib.

Moskvadan ən maraqlı siqnallar isə ötən ilin sonunda gəlib; məsələn, Rusiyanın yeni xarici siyasət doktrinasında Rusiya ilə Qərb arasında ciddi böhran təhlükəsinin olduğu bildirilsə də, Vladimir Putin ölkəsinin «düşmən axtarmadığını, əksinə, dostluq istədiyini» bəyan edib. Bir sıra KİV isə hətta bəzi jurnalistlərə Qərblə bağlı ritorikanı dəyişmək haqqında tapşırığın olduğunu yazır. Bundan başqa, 2017-ci il üçün Rusiyanın müdafiə büdcəsinin 2016-cı ildəkindən, təxminən, 25% az olacağı açıqlanıb. Üstəlik, azalma 2018-ci il üçün də nəzərdə tutulur. 2030-cu ilə isə Rusiya müdafiə sənayesinin, təqribən, 50%-nin yüksək texnologiyalı vətəndaş və ikili istifadə məhsullarına yönələcəyi planlaşdırılır. Vurğunun müdafiə sahəsindən sosial sahəyə yönəldilməsi, böyük ehtimalla, Rusiyanın son dərəcə ağır iqtisadi durumu ilə bağlıdır. Bu ölkə seçki ərəfəsindədir. Hökumətə 2017-2025-ci illər üçün kompleks fəaliyyət planının hazırlanması və təsdiqlənməsi tapşırılıb. Plana əsasən 2019-2020-ci illərdən gec olmadan Rusiyada iqtisadi artım tempi dünyanın iqtisadi artım tempini üstələməlidir. Odur ki, Kremlin xarici siyasi iddiaları bir müddət daxili vəziyyətin lazımi səviyyədə saxlanılmasına qurban verilə bilər. Bunun, öz növbəsində, Qərblə münasibətlərdə müsbət dəyişikliyə yol açacağı istisna deyil.

Ağ evin də diqqəti ölkədaxili vəziyyətə yönəltməsinin vacibliyini Tramp hələ seçkiqabağı çıxışlarında dilə gətirirdi. O, uğurlu iş adamı kimi, gəliri əvvəlcədən hesablamağı bacarmalıdır. Çünki sanksiyalar, faktiki olaraq, Moskvanı siyasətində hansısa dəyişikliyə vadar etməyib. Odur ki, bəlkə də taktikanı tam dəyişmək lazımdır və ola bilsin, bu, Rusiyanın Qərbdən asılılığını artıracaq praqmatik addım olardı; məsələn, Rusiyanın yeni informasiya təhlükəsizliyi doktrinasında Putin ölkəsinin xarici IT-dən asılı olduğunu, həmçinin bunun Rusiyanın sosial-iqtisadi inkişafının başqa dövlətlərin geosiyasi maraqlarından asılı vəziyyətə saldığını etiraf edib. Ölkədə iqtisadi vəziyyətin yaxşılaşması isə, ən azı, orta sinfin inkişafına, möhkəmlənməsinə səbəb olacaq, onlarsa sonradan iqtisadi maraqların siyasi maraqlardan üstün tutulması üçün Kremlə təzyiq etməyə başlayacaq. Yəni, əslində, söhbət hazırda yaşananlardan gedir - Rusiya hərbi xərcləri sosial xərclərin xeyrinə azaldır.

İctimaiyyət qarşısında Putinin qərarını «əla» qiymətləndirən Trampın fikirlərinin arxasında nələrin gizləndiyini isə yalnız zaman göstərəcək. Əslində, o bunu tamamilə fərqli mənada da söyləyə bilər. Bundan başqa, Vaşinqtonda Trampla Putinin barışığına qarşı çıxanlar çox ola bilər - konqresmenlər və senatorlar, milli təhlükəsizlik xidmətinin əməkdaşları, aparıcı ekspertlər və jurnalistlər. Rusiya məsələsində Amerika isteblişmenti də əksər vətəndaşlar kimi, ikiyə bölünüb. Odur ki, bu şəraitdə bəlkə də ən yaxşısı, münasibətlərə sıfırdan başlamaq cəhdi ola bilər.

Son zamanlar Qərb KİV-də faktiki olaraq, Rusiyanı rahat buraxmağa çağıran analitik yazıların sayı artıb. Belə yazıların müəllifləri hesab edir ki, Moskvanı üzüyola tərəfdaşa çevirmək cəhdlərinə son qoyulmalıdır, onun SSRİ kimi kollaps yaşayacağını gözləmək lazım deyil. Tərəflərin münasibətlərində ciddi soyuqlaşmanın olmasına baxmayaraq, hər iki tərəfdə dialoq tərəfdarları da var. Onlar mümkün kompromislərin müsbət və mənfi məqamlarını götür-qoy etməyi, maksimum realist yanaşma ortaya qoymağı təklif edir. Odur ki, Rusiya ilə Qərb ölkələrinin (ABŞ başda olmaqla) sülh şəraitində yaşayacağını gözləmək lazım deyil - bu, heç zaman olmayıb və çətin ki, nə vaxtsa baş versin. Amma qarşıdurma təhlükəli həddə də çatmayacaq. Bununla belə, istənilən formalı müharibələrin (qaynar, soyuq, yumşaq) də tam aradan qalxacağını gözləmək artıq olardı. Çünki tərəflər bu iddia ilə razılaşmasalar da, bu müharibələr hər iki tərəf üçün inkişafa təkan verən motivatordur.



MƏSLƏHƏT GÖR:

376