26 Aprel 2024

Cümə, 20:22

SƏHV CİNAYƏTƏ BƏRABƏRDİR

Yeni terror aktları rəsmi Ankaranı təhlükəsizlik tədbirlərini gücləndirməyə vadar edir

Müəllif:

15.01.2017

2017-ci il ərəfəsində və ilin ilk günlərində Türkiyədə vəziyyət yeni faciəvi hadisələrlə daha da kəskiləşdi. Bu, ölkənin daxili siyasi həyatı ilə yanaşı, regiondakı geosiyasi mövqelərinin də kəskin pisləşdiyini göstərir. Yaranmış fövqəladə vəziyyət rəsmi Ankaranı türk xalqı və dövlətinin bütün resurslarının təcili olaraq səfərbər edilməsinə yönəlmiş həyati qəralar qəbul etmək məcburiyyətində qoyur.

 

Andrey Karlovun qətli

Rusiyanın Ankaradakı səfiri Andrey Karlovun qətlə yetirilməsi yalnız Rusiyanı deyil, Türkiyəni də sarsıdıb. 62 yaşlı səfir dekabrın 19-da Ankaranın Müasir İncəsənət Qalereyasında Rusiyaya həsr olunmuş fotosərginin açılışı zamanı güllələnib. Polis və xüsusi təyinatlılarla atışma nəticəsində cinayətkar öldürülüb. Məlum olub ki, bu, 22 yaşlı Mövlut Mert Altıntaşdır. O, əvvəllər 2,5 il təhlükəsizlik orqanlarında çalışıb.

Qətlin təşkilatçılarının uzağa hədəflənmiş siyasi məqsədlərinin olduğuna şübhə yoxdur. Bəs görəsən, bu görünməmiş cinayətin kökləri hara gedib çıxır? Rəsmi Ankara iddia edir ki, rusiyalı diplomatın qətlinin arxasında ABŞ-da yaşayan müsəlman vaiz Fətullah Gülənin hərəkatı dayanır. Türkiyənin hüquq-mühafizə orqanlarının məlumatına görə, Karlovun qətli ilə əlaqədar artıq 12 nəfər saxlanılıb. Onların arasında qatilin qohumları və Gülən hərəkatının fəalları da var. Ölkənin Xarici İşlər naziri Mövlut Çavuşoğlu bildirib ki, Karlovun qətlinin FETÖ ilə əlaqələrini təsdiqləyən təkzibolunmaz faktlar mövcuddur.

Hər halda, istər Türkiyə rəhbərliyi, istərsə də əksər ekspertlər Andrey Karlovun qətlinin arxasında Ankara ilə Moskvanın yaxınlaşmasını istəməyən qüvvələrin dayandığına əmindir. Rusiya və Türkiyə liderləri də bəyanatlarında bunu açıq şəkildə ifadə edir; məsələn, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaradakı art-qalereyada törədilmiş qətli «son dərəcə faciəvi hadisə» kimi qiymətləndirərək bildirib ki, ölkəsi «heç kəsin Rusiya-Türkiyə münasibətlərini pozmasına imkan verməyəcək». Rusiyanın dövlət başçısı Vladimir Putin isə öz növbəsində, Ərdoğanla telefon danışığında Andrey Karlova sui-qəsdi «alçaqcasına törədilmiş qətl» və «təxribat» adlandıraraq, bunun Türkiyə ilə mehriban münasibətlərin pozulmasına yönəldiyini söyləyib.

Diqqətçəkən əsas məqamlardan biri, Putin ilə Ərdoğanın son zamanlar iki ölkə arasında yaxınlaşmanın əsas cəhətlərindən biri kimi, Suriya problemi ilə bağlı anlaşmanı göstərmələridir. Bəlkə də Karlovun Rusiya, Türkiyə və İranın XİN başçılarının Moskvada keçirilməli olan üçtərəfli görüşü ərəfəsində qətlə yetirilməsi təsadüf deyildi. Görüş Suriyada uzunmüddətli sülhə nail olunması yollarının axtarılması məqsədilə keçirilirdi. Türkiyənin XİN başçısı Mövlut Çavuşoğlu rusiyalı həmkarı Sergey Lavrovla görüşdə onu da bildirib ki, səfirə hücumun təşkilatçılarının əsas məqsədi «Rusiya-Türkiyə münasibətlərinə zərbə vurmaq, sizinlə son zamanlar əldə etdiyimz uğurları ləkələməkdir». Lavrovla Çavuşoğlu bildiriblər ki, ölkələri «Rusiya-Türkiyə münasibətlərinin inkişafını, onların Suriya və İraqda terrorçuluqla mübarizə sahəsində əməkdaşlığını əngəlləməyə yönəlmiş istənilən təxribatın qarşısını almağa hazırdır».

Beləliklə, Karlovun qətli ilə bağlı hadisələr kontekstində terrorçuluqla mübarizə məsələsi daha böyük aktuallıq qazanıb. Türkiyə üçün bu, daxili siyasi maraqlar  - Gülənin «paralel dövləti»nin ifşası çərçivəsini aşır və birbaşa Suriya və İraq ərazisində at oynadan «İslam Dövləti»ndən gələn təhlükə ilə bağlıdır.

 

«Reina» dəhşəti

Yeni il gecəsi Türkiyə növbəti dəhşətli terror aktı ilə sarsıldı. Hücumun təşkilinə görə məsuliyyəti isə “İD” öz üzərinə götürdü.

Terrorun necə törədilməsinə gəlincə, cinayətkar İstanbulun Ortaköy rayonundakı «Reina» gecə klubuna girərək, içəridəki insanları güllələməyə başlayıb. Qanlı qətliamda 39 nəfər dünyasını dəyişib (onlardan 16-sı əcnəbidir), daha 70 insan yaralanıb. Türkiyə polisinin araşdırmaları nəticəsində, terror aktını törətməkdə şübhəli bilinən terrorçunun şəxsiyyəti müəyyənləşdirilib. Türkiyə KİV-in məlumatına görə, bu, özbəkistanlı Abdulqadir Maşaripovdur. Maşapirov Əbu Məhəmməd Xorasan adı ilə də tanınır. “İD” liderləri  hücumu yüksək qiymətləndirib və bunun Ankaranın Suriyada apardığı hərbi əməliyyatlara görə qisas olduğunu bəyan edib.

İstanbulun gecə klubundakı terror Türkiyə üçün faktiki olaraq Ankaraya qarşı müharibə elan etmiş terrorçularla amansız mübarizənin həyati əhəmiyyət daşıdığını bir daha ortaya qoyub. «Türkiyəni diz çökdürməyə çalışırlar. Terrorçular ölkəyə hər tərəfdən hücum edir. Düşmənlər türk xalqının kürəyinə bıçaq sancmaq istəyir. Bütün bunlara ən yaxşı cavab isə türk xalqının qəhrəmanlıq tarixidir. Bizimlə belə oyunlar keçməz!» - deyə Prezident Ərdoğan bildirib. Türkiyədən Suriya əməliyyatlarına görə qisas almaq qərarına gəlmiş “İD”nin istəyinə nail olmayacağına şübhə yoxdur. Suriya ərazisində yaşanan son hadisələr göstərir ki, Ankara “İD” ilə müharibəni nəzərəçarpacaq dərəcədə gücləndirib. «Fərat qalxanı» adlı əməliyyatı davam etdirən Türkiyə Suriyanın şimal hissəsini terrorçulardan uğurla təmizləyir. Bu işdə Ankaranın Rusiya ilə əməkdaşlıq etməsi xüsusilə maraqlı məqamdır. Moskva Türkiyənin antiterror əməliyyatlarına tam anlayışla yanaşır. Beləliklə, iki ölkə arasında Suriya Prezidenti Bəşər Əsədin siyasi taleyi ilə bağlı mövcud olan fikir ayrılığı, sadəcə, taktiki əhəmiyyət daşıyır. Türkiyə ilə Rusiyanın Suriya məsələsindəki miqyaslı strateji hədəflərinin üst-üstə düşməsi bu məqamı ikinci plana keçirib. Söhbət, ilk növbədə, qarşı-qarşıya duran suriyadaxili qüvvələr arasında tezliklə sülhə nail olunmasından gedir ki, son zamanlar bu istiqamətdə ciddi irəliləyiş var - Suriyada Rusiya, Türkiyə və İranın vasitəçiliyi ilə atəşkəs hökm  sürür.

Bundan başqa, Ankara ilə Moskva Suriyanın ərazi bütövlüyünün qorunub-saxlanması, bu iztirablı ölkədə terrorun kökünün tam kəsilməsi məsələlərində də həmrəydirlər. Son məqam Ankara üçün yalnız “İD” ilə mübarizə kontekstində deyil, həm də kürd terroruna birdəfəlik son qoyulması baxımından son dərəcə aktualdır. Məlum olduğu kimi, kürd terroru onilliklərdir ki, Türkiyənin ərazi bütövlüyünə və təhlükəsizliyinə təhdiddir.

 

PKK-nın qanlı izi

Yeni ilin ilk günlərində kürd terrorçuları növbəti terror aktını törətməklə bir daha gündəmə gəliblər. İzmirdə yerləşən məhkəmə binasının qarşısında minalanmış avtomobilin partladılması nəticəsində 2 nəfər - polis və məhkəmə işçisi həlak olub. Hadisənin ardınca başlamış atışma nəticəsində, terrorçuluqda şübhəli bilinən iki nəfər məhv edilib.

Türkiyənin Ədliyyə naziri Bekir Bozdağ İzmirdə törədilmiş terror aktının arxasında PKK-nın dayandığına əmindir. Baş nazirin müavini Veysi Kaynak isə xüsusi xidmət orqanlarının İzmirdə daha qanlı terrorun qarşısını aldığını bildirib. Partlayışın baş verdiyi ərazidən tapılmış silahlar bunu təsdiqləyir.

İstanbulun gecə klubunda törədmliş terror aktı kimi, İzmirdəki partlayış da Suriyanın şimalında «Fərat qalxanı» əməliyyatının davam etdirilməli olduğunu təsdiqləyib. Çünki orada Türkiyə ordusu yalnız “İD” terrorçularının bölgədən sıxışdırılıb-çıxarılması ilə yox, həm də PKK ilə sıx əlaqəli işləyən kürd qruplaşmalarının («Demokratik Birlik Partiyası» və Suriya kürdlərinin «özünümüdafiə qüvvələri») zərərsizləşdirilməsi ilə məşğuldur. Bununla yanaşı, PKK-nın İraq ərazisində məskunlaşmış dəstələri ilə mübarizənin gücləndirilməsi də az əhəmiyyət  daşımır.

Türkiyənin Baş naziri Binəli Yıldırım yanvarın 7-də Bağdadda bu ölkənin Prezidenti Fuad Maasum və hökumət başçısı Heydər əl-Abadi ilə danışıqlar aparıb. Nəticədə, tərəflər İraqın şimalındakı Başik şəhərindən Türkiyə hərbi kontingentinin çıxarılmasına dair razılıq əldə edib. Bundan başqa, Yıldırım İraqın kürd muxtariyyatı rəhbərliyinin PKK dəstələrinin Sincar rayonundan çıxarılmasına yardım etməyə hazır olduğunu bildirib. İraqın Baş naziri əl-Abadi isə Sincarda təhlükəsizliyi İraq Ordusu ilə kürd peşmergəsinin birgə təmin edəcəyini  söyləyib.

Əhalisinin əksəriyyətini türkmənlərin təşkil etdiyi Sincarın PKK-nın nəzarətinə keçə biləcəyindən narahat olan Ankara üçün bu, çox vacib qərardır. Türkiyə Prezidenti Ərdoğan bu yaxınlarda bildirmişdi ki, Ankara Sincarın yeni Kandilə çevrilməsinə imkan verməyəcək. Qeyd edək ki, İraqın şimalında yerləşən Kandil rayonu PKK üçün sığınacaq və bazaya çevrilib.

Türkmən siyasətçilərlə də görüşən Yıldırım Türkiyənin İraq üçün indiki ağır dövrdə digər etnik qruplardan daha çox əziyyət çəkən türkmənlərə dəstək üçün əlindən gələni edəcəyini  bildirib.

Türkiyə-İraq Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının birgə bəyanatı da maraqlıdır. Bəyanatda hər iki tərəf milli təhlükəsizliklərinə istənilən təhdidlə birgə mübarizəyə hazır olduğunu bildirir.

Bundan başqa, Binəli Yıldırım kürd muxtariyyatının rəhbəri Məsud Bərzani ilə Ərbildə keçirdiyi birgə mətbuat konfransında deyib: «PKK qruplaşmasının mövcudluğuna son qoyulması üçün lazım olan bütün addımlar atılacaq. Biz “İD”, PKK və FETÖ kimi təşkilatlar arasında heç bir fərq görmürük. Onların hər biri yalnız Türkiyədə deyil, İraqda da problemlər yaradır. Türkiyə, İraq və İraq Kürdüstanı vahid məqsədə qulluq edir - terrorçu qruplaşmalar məhv  edilməlidir».

Bütün bunlarla yanaşı, İraq və Suriyada birgə aparılan antiterror mübarizəsi fonunda Türkiyə ilə ABŞ arasında ziddiyyətlər özünü daha çox göstərməyə başlayıb. Bu, ilk növbədə, Vaşinqtonun Yaxın Şərq siyasətində əsas vasitə saydığı kürdlərə «stavka» etməsi ilə bağlıdır. Baş nazir Yıldırım bu yaxınlarda  Türkiyə parlamentində etdiyi çıxışı zamanı kürd terrorçularının silahla təchizatına görə məsuliyyəti  ABŞ Prezidenti Barak Obama administrasiyasının üzərinə qoyub. «ABŞ Türkiyə ilə strateji tərəfdaşlığın Vaşinqtonun terrorçu təşkilatlarla əməkdaşlığı üzündən pozulmasına imkan verməməlidir», - deyə o, qeyd edib.

Ankaranın və hakimiyyətpərəst KİV-in faktiki olaraq Qərbi Türkiyədə sabitliyin pozulmasına yönəlmiş fəaliyyətdə günahlandırması da Türkiyə ilə ABŞ arasında fikir ayrılıqlarının hansı həddə çatdığını göstərir. Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasından olan deputatlardan biri, hətta İstanbulun «Reina» gecə klubundakı terrorun təşkilində MKİ-ni ittiham edib. Bu bəyanata konkret kiminsə qeyri-ciddiliyi kimi yanaşmaq mümkündüsə, Ankaradan Amerikanın «İncirlik» hərbi bazasındakı mövcudluğuna son qoyula biləcəyinə dair gələn siqnalları siyasi baxımdan düşünülməmiş addım saymaq çətindir.

 

Türkiyədə və onun ətrafında baş verən bütün son olaylar bu nəhəng Avrasiya fövqəldövlətini suverenliyi və təhlükəsizliyi ilə bağlı maraqları, türk xalqının gələcəyi baxımından son dərəcə dəqiq hesablamalar aparmaq məcburiyyəti ilə üz-üzə qoyur. Çünki səhvə yol vermək cinayətə bərabərdir…



MƏSLƏHƏT GÖR:

399