26 Aprel 2024

Cümə, 09:55

HAKİMİYYƏT NAMİNƏ DEYİL...

Mehriban Əliyevanın Azərbaycanın Birinci vitse-prezidenti təyin olunması ilə ölkənin həyatında yeni mərhələ başlayır

Müəllif:

01.03.2017

Azərbaycan ötən il sentyabrın 26-da keçirilmiş referendumla ölkə Konstitusiyasına edilmiş dəyişiklik əsasında yaradılmış vitse-prezidentlik institutunun formalaşdırılmasına başlayıb. Bu istiqamətdə atılmış ilk praktiki addım kifayət qədər məntiqli və gözlənilən olub.

Prezident İlham Əliyevin fevralın 21-də imzaladığı Sərəncamla Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin edilib. Elə həmin gün Təhlükəsizlik Şurasının iclasını keçirən dövlət başçısı ölkənin Birinci vitse-prezidentini təqdim edib. «Bu gün mənim Sərəncamımla Mehriban Əliyeva Azərbaycan Respublikasının Birinci vitse-prezidenti vəzifəsinə təyin edilib. Mehriban Əliyeva uzun illərdir ki, ölkəmizin ictimai-siyasi həyatında, mədəni həyatımızda mühüm və fəal rol oynayır», - deyə Prezident bildirib.

O, ilk növbədə, M.Əliyevanın ölkənin ictimai-siyasi həyatında oynadığı rolu vurğulayaraq, onun Milli Məclisin deputatı kimi gördüyü böyük işlərə diqqət çəkib. M.Əliyeva millət vəkili kimi, seçicilərinin çoxsaylı problemlərinin həlli ilə yanaşı, geniş beynəlxalq fəaliyyətlə də məşğul olub. «Bu fəaliyyət nəticəsində müxtəlif ölkələrdə qazandığımız dostların sayı artıb», - deyə Prezident qeyd edib.

Mehriban Əliyevanın beynəlxalq miqyasda nüfuzlu ictimai-siyasi fiqura çevrilməsi, əlbəttə ki, onun 2004-cü ildən rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilə qırılmaz surətdə bağlıdır.

Humanitar, sosial, mədəni və beynəlxalq sahələrdəki fəaliyyəti ilə Fond bəzən, hətta həmin istiqamətlərdə dövlətin başladığı islahatların təşəbbüskarına çevrilir.

Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, ölkədə bir sıra vacib dövlət layihələrinə məhz Fondun təşəbbüsü ilə start verilib. «Onların arasında “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı xüsusi qeyd edilməlidir. Məhz bu proqramın başlanması nəticəsində son 13 il ərzində ölkəmizdə üç mindən çox məktəb əsaslı təmir olunub və ya yenidən tikilib... Digər layihələr ölkəmizin hərtərəfli inkişafına xidmət göstərib. Heydər Əliyev Fondunun xətti və dəstəyi ilə minlərlə insan tibbi müalicə ilə təmin edilib. Bir çox hallarda bu məsələlər ictimaiyyət üçün açıqlanmır», - deyə dövlət başçısı qeyd edib. Onun sözlərinə görə, Heydər Əliyev Fondunun mədəniyyətlə, incəsənətlə bağlı layihələri mənəvi, tarixi, mədəni irsimizin qorunmasında, Azərbaycanın dünyada təbliğində əvəzolunmaz rol oynayıb.

M.Əliyevanın mədəniyyətlərarası və sivilizasiyalararası dialoq sahəsindəki fəaliyyəti ayrıca diqqətə layiqdir. «Azərbaycan - tolerantlıq məkanı» layihəsi çərçivəsində ölkənin regionlarında onlarca tarixi-memarlıq və dini abidələr bərpa olunub. Buraya məscidlərlə yanaşı, kilsələr, sinaqoqlar da daxildir. Layihə çərçivəsində Bakıda yəhudi uşaqları üçün təhsil kompleksi də açılıb.

Heydər Əliyev Fondu Strasburq Kafedral kilsəsində vitrajların, Versal Sarayındakı abidələrin, Fransanın müxtəlif regionlarında kilsələrin, Berlin qəsrinin, Roma katakombalarının, Vatikan kitabxanasında saxlanılan qiymətli foliantların bərpasına da yardım göstərib.

Mehriban Əliyeva xidmətlərinin qiymətləndirilməsi kimi, «Yüzilliyin mesenatı» Beynəlxalq Xeyriyyə Fondunun «Yaqut xaç» ordeni, miqyaslı xeyriyyəçilik fəaliyyətinə görə, «Qızıl ürək» kimi nüfuzlu mükafatlara layiq görülüb. Ona Fransanın «Şərəf Legionu» ordeninin zabit dərəcəsi, Polşa Respublikasının «Xidmətlərə görə» Böyük Komandor Xaçı ordeni, Ümumdünya Səhiyyə Təşkilatının və bir sıra digər ali beynəlxalq qurumlqrın, eləcə də Küveyt Dövlətinin Fəxri diplomu kimi digər mükafatlar verilib.

«Mehribanın beynəlxalq aləmdə böyük nüfuzu var. Məhz öz fəaliyyəti nəticəsində bir çox ölkələrin ən yüksək dövlət mükafatları və ordenləri ilə təltif edilib. Eyni zamanda, on ildən artıqdır ki, Mehriban Əliyeva UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiridir. Dünyada ikinci belə şəxsiyyət yoxdur ki, hər iki mötəbər təşkilatın eyni zamanda səfiri olsun», - deyə İlham Əliyev qeyd edib.

Mehriban Əliyeva qlobalsəviyyəli tədbirlərin təşkilində də böyük təcrübəyə malikdir. «Eurovision-2012» beynəlxalq mahnı müsabiqəsinin, birinci Avropa Oyunlarının, gimnastika üzrə qitə və dünya çempionatlarının yüksək səviyyədə təşkili məhz onun aktivindədir. Azərbaycanda bu il keçiriləcək IV İslam Həmrəyliyi Oyunlarının təşkili də ona həvalə edilib ki, bu da M.Əliyevanın xidmətlərinin beynəlxalq olimpiya hərəkatı tərəfindən etirafının göstəricisidir.

Dövlət başçısının Mehriban Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti təyin etmək qərarına gəlməsi də onun bu cür çoxşaxəli fəaliyyətinin nəticəsidir. Prezident onun şəxsi keyfiyyətləri və ölkə qarşısındakı xidmətlərilə yanaşı, vətəndaşların Mehriban Əliyevaya üstünlük verdiyini də nəzərə alıb. Bu üstünlük isə məhz sadalanan xidmətlərin nəticəsidir. Odur ki, ölkənin birinci xanımının yüksək dövlət vəzifəsinə təyin olunması əhali üçün də sürpriz olmayıb. Müşahidələr hər zaman göstərib ki, Mehriban Əliyeva əhali arasında populyarlığına görə, yalnız ölkə prezidentindən geri qalır. Anoloji reytinq qiymətini o, beynəlxalq səviyyədə də alıb. «Mehriban Əliyeva siyasi çəkisinə görə, faktiki olaraq, Azərbaycanın beynəlxalq arenadakı ikinci simasıdır», - deyə Qafqaz üzrə mütəxəssis, siyasi elmlər namizədi Artur Atayev bildirib. Atayevin fikrincə, xanım Əliyevanın bu cür yüksək posta təyin olunması bütün maraqlı tərəflərə Azərbaycan siyasətinin müstəqilliyini nümayiş etdirib.

Bundan başqa, qadınlara Avropadan əvvəl səsvermə hüququ vermiş Azərbaycan dünyaya qadınların dövlətin idarəolunmasında fəal iştirakı ilə bağlı növbəti nümunə göstərib.

İndi, əksər ekspertlər əmindir ki, Mehriban Əliyevanın əhalinin problemlərini həll etmək üçün daha geniş imkanları olacaq. Üstəlik o, dövlət əhəmiyyətli məsələlərin həllində prezidentə də kömək edə biləcək. Vitse-prezidentlik institutu məhz bu məqsədlə yaradılıb. Bu, icra hakimiyyətinin vertikalının güclənməsinə, dövlət idarəçiliyində daha effektiv mexanizmin yaradılmasına imkan verəcək.

«Vitse-prezident vəzifələrinin təsis edilməsi Azərbaycanda prezident üsul-idarəsinin təkmilləşdirilməsini, onun müasir çağırışlara adekvatlığını, fors-major vəziyyətlərdə dövlət idarəçiliyi mexanizminin optimal funksionallığını təmin etmək məqsədindən irəli gəlir, iqtisadi islahatların dairəsinin genişləndirilməsinə və onların sürətləndirilməsinə xidmət edir. Həmçinin yeni institutun formalaşdırılması ilə Azərbaycan Prezidentinin səlahiyyətlərinin icra mexanizmi dəqiqləşir, dövlət idarəçiliyi iflic vəziyyətə düşmək təhlükəsindən sığortalanır», - deyə Konstitusiya dəyişiklikləri referendumu ərəfəsində Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov «Sputnik-Azərbaycan» informasiya agentliyinə müsahibəsində bildirmişdi. Onun sözlərinə görə, hökumət «dərin iqtisadi tranformasiyalar» üçün zəmin yaradır.

Müxtəlif geosiyasi çağırışları da nəzərə alsaq, mərkəzi hakimiyyətin möhkəmlənməsi ölkəni daxili sabitliyin mümkün pozulması hallarından da sığortalayacaq. Bu, Azərbaycanın qarşısında Ermənistan tərəfindən işğal olunmuş torpaqların azad edilməsi vəzifəsinin dayandığı bir vaxtda xüsusilə aktualdır.

Bir sözlə, Mehriban Əliyevanın ölkənin Birinci vitse-prezidenti təyin olunması hakimiyyətin daha da möhkəmlənməsinə imkan yaradacaq, sosial-iqtisadi islahatları dərinləşdirəcək, ölkədə ictimai-siyasi sabitliyi gücləndirəcək.

«Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır», - deyə Mehriban Əliyeva ona göstərilmiş yüksək etimada görə dövlət başçısına və Təhlükəsizlik Şurasının üzvlərinə minnətdarlıqla bildirib. O, Azərbaycanın və Azərbaycan xalqının maraqlarını hər şeydən uca tutacağını, Azərbaycana layiqincə xidmət etməyə çalışacağını söyləyib.

İndi, prezidentin də dediyi kimi, Mehribani Əliyevanın həyatında «yeni mərhələ başlayır». Bütün ekspertlər əmindir ki, bu, Azərbaycanın həyatında da yeni mərhələ olacaq.



MƏSLƏHƏT GÖR:

408