27 Aprel 2024

Şənbə, 00:19

AVROPA, HARA BELƏ?

Son zamanlar avrointeqrasiyanın mümkün inkişaf yollarının müzakirəsi Aİ üçün ölüm-qalım məsələsinə çevrilib

Müəllif:

15.03.2017

Martın 25-də 60 yaşı tamam olacaq Avropa İttifaqı (Aİ) tarixinin heç də ən yaxşı dönəmini yaşamır. Söhbət heç Böyük Britaniyanın onun sıralarını tərk etməsindən də getmir. Hərçənd, Britaniyanın ümum-Avropa bazarının möhkəmlənməsinə töhfəsini qiymətləndirməmək olmaz. Söhbət son zamalar bu birlikdə yer alan 27 dövlətin bir-birinə qarşı saysız-hesabsız tələblər irəli sürməsindən gedir. Uzun müddətdir, problemlər ya qismən çözülür, ya da ümumiyyətlə, ciddiyə alınmır. Nəticədə, onlar nəinki azalır, əksinə, getdikcə artır. Sonda bu, ittifaqı geridönüşü olmayan parçalanmaya apara bilər.

Avropada çoxları düşünür ki, problem Aİ-nin öz gücünü düz hesablamadan qapılarını Şərqi Avropa ölkələrinin üzünə açması ilə başlayıb. Qeyd edək ki, 2004-2013-cü illər ərzində Aİ-yə 13 şərq qonşusu qoşulub. Təcrübə göstərib ki, yeni ölkələrin ittifaqa qoşulması prosesi son dərəcə sürətlə getdiyindən, ümumi bazar onu «həzm edə» bilmir.

«Gənc avropalılar»ın (postsovet bloku ölkələrini belə adlandırırlar) iqtisadi inkişaf səviyyəsinə görə xeyli geridə qalmaları az deyilmiş kimi (onlarda əhalinin adambaşına düşən gəlir Aİ-nin 15 ölkəsinin orta göstəricisinin yalnız 40%-ni təşkil edir), onların Qərbi Avropanın sosial-iqtisadi modeli ilə tanış olmadıqları da üzə çıxıb. Bu, inteqrasiya prosesini daha da çətinləşdirib.

2017-ci ilədək Aİ-nin müxtəlif fondlarından ayrılan dotasiyalar Baltikyanı ölkələrin ÜDM-nin, təxminən, 20%-ni təşkil edib. Eyni göstəricini digər «gənclər» haqqında da demək olar. «Die Welt»in məlumatına görə, Polşa Aİ-yə ödədiyindən 9,4 milyard avro çox vəsait alıb. Çexiyada bu fərq 5,7, Rumıniyada 5,2, Macarıstanda isə 4,6 milyard avrodur.

Lakin Aİ artıq Şərqi Avropa ölkələrinə yardımı azaltmağa başlayıb. Halbuki, onlara dəstək proqramı 2020-ci ilədək nəzərdə tutulur. İlkin hesablamalara görə, 2017-ci ildə dotasiyalar 24% azalacaq.

Nəzərə alsaq ki, getdikcə yeni xərclər yaranır (qaçqınların məskunlaşdırılması və təhlükəsizliyin təmini, iqtisadi artımın stimullaşdırılması və işsizliklə mübarizə), Böyük Britaniyanın gedişi ilə ümum-Avropa büdcəsi 10% azalır, büdcədə, təxminən, 14 milyard avro kəsr yaranır, başqa cür ola da bilməz. Yeri gəlmişkən, Aİ-nin digər əsas maliyyə «donor”ları Almaniya (ilə 17 milyard avro) ilə Fransadır (6,1 milyard avro). Doğrudur, bu ölkələrin xərclərinin bir hissəsi müxtəlif güzəştlər hesabına geri qayıdır. Böyük Britaniya üçün bu rəqəm 5-7 milyard avro idi.

Beləliklə, Aİ-nin 2017-ci il büdcəsinin xərclər hissəsi ötən illə müqayisədə 7%, yəni, 133,8 milyard avro azalıb.

Başqa variant yoxdur. Yeni vergilərin tətbiqi planı isə - məsələn, hər ölkənin ƏDV-dən 1-2% tutulması və ya benzin vergisi (bütün Aİ ərazisində yanacağın qiymətinin eyni olmasını nəzərdə tutan bəyannaməyə əsasən) - vəziyyəti o qədər də düzəltməyəcək.

 

 

Avroskeptiklər hücumdadır

Böyük Britaniyanın maliyyə öhdəliklərinin digər donor ölkələr arasında bölüşdürülməsi isə arzuolunan deyil. Çünki bu, «Almaniya üçün alternativ», Fransa Milli Cəbhəsi, İtaliyanın «Beş ulduz» hərəkatı, Hollandiyanın «Azadlıq” partiyası və s. kimi avroskeptik partiyalarının populyarlığını daha da artıracaq.

Amma Aİ asanlıqla təslim olmaq istəmir və Böyük Britaniyanın «dərsini vermək» fikrindədir. Londona təqdim olunan 60 milyard avroluq «hesab» da bununla bağlıdır. Avrokomissarların fikrincə, bu məbləğ Birləşmiş Krallığın vahid Avropa qarşısındakı bütün büdcə öhdəliklərini ödəməlidir. Buraya Londonun əvvəllər təsdiqlədiyi, Britaniyanın infrastrukturunda istifadə edilməklə reallaşdırılmış ümum-Avropa layihəsinə xərclər aid deyil.

Böyük ehtimalla, bu tələblərin perspektivi yoxdur. Amma bu, yalnız Böyük Britaniyanın etirazları ilə bağlı deyil. Məsələ ondadır ki, Aİ-ni tərk etdiyi üçün ölkələrin bu yolla cəzalandırılmasına edilən cəhdlər, ümumiyyətlə, suveren dövlətlərin könüllü birliyi prinsipinə ziddir.

Belə çıxır ki, avroskeptiklərin populyarlığı gündən-günə artır. Üstəlik, söhbət yalnız Aİ-nin donoru olan ölkələrin deyil, həm də dotasiyalaşdırılan ölkələrin narazı sakinlərindən gedir. Onların arasında qarşılıqlı ittihamlar ildən-ilə artır. Qərbi Avropa ölkələri, faktiki olaraq, «yenilər»i dolandırdıqları üçün hiddətlənir; məsələn, 2015-ci ildə Aİ büdcəsinə ən çox maliyyəni Niderland sakinləri ödəyib - adambaşına 331 avro. Sonrakı yerləri isveçlilər (262 avro), britaniyalılar (215 avro) və almanlar (211 avro) tutur.

Şərqi Avropa ölkələrindən ucuz işçi qüvvəsinin axını da narazılıq yaradır.

«Yenilər»in narazılıqları da az deyil; məsələn, onların fikrincə, məhz Aİ-nin dotasiya siyasəti, Qərb kapitalının, ticarətinin və xidmətlərinin ekspansiyası sosialist düzəninin caynağından xilas olmuş ölkələrin müstəqil iqtisadi inkişaf yoluna qədəm qoymasına mane olub. Bundan başqa, Şərqi Avropa ölkələri öz «havadar”larını onlarla metropoliyanın müstəmləkəsi ilə davrandığı kimi davranmaqda da günahlandırır.

Yeni Avropa ölkələrinə tədarük olunan ərzaq və sənaye malları ilə bağlı qızışmaqda olan qalmaqal isə sanki odun üzərinə yağ töküb. Məlum olub ki, bu məhsulların əksəriyyəti keyfiyyətinə görə qitənin inkişaf etmiş ölkələrində satılan anoloqlarından geri qalır. Macarıstan, Slovakiya, Polşa və Çexiya kimi ölkələrdə aparılmış ekspertizalar bunu təsdiqləyib. Sən demə, bu ölkələrin liderləri artıq bir neçə ildir, Avropa Komissiyasına müraciət edərək, keyfiyyət məsələsində ikili standartlara son qoyulmasını tələb edirmiş.

 

Dəyişikliklər gözləntisində...

Göründüyü kimi, ümum-Avropa evində əhval heç də yaxşı deyil. Məhz bu səbəbdən, Aİ son illərin sınaqlarına vahib cəbhə kimi sinə gərə bilmir. 2008-2009-cu illərin, daha sonra isə 2014-cü ilin iqtisadi böhranları onu xeyli zəiflədib. İndi, onun terror təhlükəsindən qorunma, kütləvi qaçqın axını, Rusiya ilə qarşıdurma, «Brexit», yeni administrasiyanın gəlişi ilə ABŞ-ın xarici siyasət vektorlarının dəyişməsi və s. kimi məsələlərin həllinə hazır olmadığı üzə çıxıb.

Avropa ötən ilin yayından qaçılmaz dəyişiklikləri gözləməkdədir. Artıq hər şeyin bu cür davam edə bilməyəcəyi hər kəsə məlumdur. Böyük Britaniyanın Aİ-ni tərk etməsi isə bu prosesdə sanki detonator rolu oynayıb.

Daha sonra İtaliyada keçirilən referendumda hakimiyyətin milli hökumətin əlində cəmləşməsi və Aİ ilə sıx əməkdaşlıq tərəfdarı olan Baş nazir Matteo Rensinin tərəfdarları məğlub olub. Böyük Britaniyanın gedişindən sonra, Brüssellə-Polşanın hakim partiyası və partiyanın lideri Yaroslav Kaçinski arasında münasibətlər də pisləşib. Və əlbəttə ki, ABŞ-da keçirilən prezident seçkisində Donald Trampın qalib gəlməsi Avropa liderlərini əməlli-başlı təşvişə salıb.

Avropada inteqrasiyanın mümkün inkişaf yollarının müzakirəsi əvvəllər də müxtəlif formatlarda keçirilən sammitlərin gündəliyində durub. Son zamanlar isə bu, Aİ üçün ölüm-qalım məsələsinə çevrilib. Odur ki, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerin Avropa Parlamentində martın 1-də ortaya qoyduğu «Ağ kitab» heç kəs üçün gözlənilməz olmayıb. Söhbət Aİ-nin 2025-ci ilədək 5 mümkün inkişaf yolunun yer aldığı sənəddən gedir.

Sənəddə həyəcan və bədbin rənglər çoxdur. Jan-Klod Yunker bunu, artıq «yumşaq güc»ün kifayət etməməsi ilə əsaslandırır. O hesab edir ki, indi «gücün qaydalardan üstün ola biləcəyi» dönəmdir. Yunkerin fikrincə, indi, Avropa “özünün ayrı-ayrı hissəsinin kollektiv ağırlığı ilə» fəaliyyətə keçməlidir.

 

Beş ssenari

Birinci ssenari «əvvəlki kursun davamı”nı nəzərdə tutur - Aİ-də qalan 27 ölkə əvvəlkitək islahatlarla, iş yerləri probleminin həlli ilə, iqtisadi inkişaf və investisiyalarla məşğul olacaq. Eyni zamanda, Yunkerin də dediyi kimi, miqrasiya böhranının təcrübəsi göstərir ki, «ciddi fikir ayrılıqları yaranacağı təqdirdə, birlik yenidən pozula bilər».

İkinci ssenari Aİ-nin əsas səylərini ümumdaxili bazarın inkişafına yönəltməsidir. Bu zaman paralel olaraq, siyasi inteqrasiya prosesləri dayandırılmalıdır. «Amma birgə ticarət resursları məhduddur», - deyə Avropa Komissiyasının rəhbəri bildirib. Onun fikrincə, bu, «bütün səviyyələrdə gözləntilərlə nəticələr arasında uçuruma səbəb olacaq».

Üçüncü ssenari «çox istəyən çox işləməlidir» prinsipi ilə hərəkət edəcək «müxtəlif sürətli Avropa»nı nəzərdə tutur. Bu halda, inteqrasiya prosesləri Aİ daxilində bunu istəyən ölkələr arasında gedəcək, iştirak etmək istəməyənlər isə seçimlərində sərbəstdirlər. Bu yerdə Yunker bir xəbərdarlıq da edir: Aİ daha qeyri-şəffaf və çətin struktura çevrilə bilər.

Dördüncü ssenari - Aİ-nin səyləri «az olsun, effektiv olsun» prinsipi ilə bir neçə istiqamətə yönəltməsini nəzərdə tutur. Bu halda texnoloji innovasiyalar, təhlükəsizlik, miqrasiya, sərhədlərin müdafiəsi və müdafiə prioritet istiqamətlər olacaq. Regionların dəstəklənməsi, əmək bazarı, tibb və sosial siyasət isə dövlətin kompetensiyasına qaytarılacaq. Avropa Komissiyasında hesab edirlər ki, bu ssenari ilə bir sıra istiqamətlərdə ciddi irəliləyişə nail olmaq mümkündür.

Nəhayət, beşinci ssenaridə söhbət Aİ ölkələrinin «səlahiyyətləri, resursları və qərarlara görə məsuliyyəti bölüşməsindən» gedir. Yəni, üzv ölkələr birgə fəallığı artırmalıdır. Bu zaman əsas istiqamət «avrozona ölkələri üçün yaxşı olan hər kəs üçün yaxşıdır» şüarı ilə avrozonanın gücləndirilməsidir.

«Bu, ictimaiyyətin Aİ-nin legitimliyinə şübhə ilə yanaşan, onun milli hökumətlərdən həddindən çox səlahiyyət qopardığını düşünən hissəsinin əhvalını korlayacaq», - deyə Yunker bildirib.

 

Qızğın mübahisələr

«Ağ kitab» peyda olar-olmaz, iki və daha çox sürət ideyası ətrafında qızğın mübahisələr başlay            ıb.

Ümumiyyətlə, bu barədə ilk dəfə hələ 2009-cu ilin iqtisadi böhranı zamanı danışılmışdı. O zaman bu, bəzi analitiklərin cəsarətsiz xəbərdarlığı idisə, indi, az qala, Aİ-ni dağılmaqdan xilas etməyin yolu kimi təqdim olunur;

məsələn, Fransa, Almaniya, Lüksemburq və İtaliya parlamentlərinin aşağı palatalarının spikerləri açıq məktubla çıxış ediblər. İtaliyanın «La Stampa» qəzetində dərc olunmuş məktubda deyilir: «Məhz indi, daha sıx siyasi inteqrasiyaya keçməyin, böyük səlahiyyətlərə malik federativ ittifaq dövlətinin yaradılmasının vaxtıdır… Avropa ideallarına inananlar Aİ-nin çarəsizcəsinə süquta yuvarlandığını müşahidə etməməli, əksinə, onu dirçəltmək imkanı qazanmalıdır. Aİ-nin ona (Avropa federasiyasına) dərhal qoşulmaq istəməyən digər üzvlərinə isə bunu sonradan etmək imkanı yaradılmalıdır».

«Digər üzvlər» dedikdə, ilk növbədə, Aİ-nin dotasiyaları hesabına yaşayan Şərqi Avropa ölkələri, həmçinin avrozonaya və Şengen zonasına qoşulmamış (müvafiq olaraq 9 və 5 ölkə) nəzərdə tutulur.

«Ağ kitab»ın müəllifləri hesab edir ki, Aİ daxilində daha çox inteqrasiya etmiş 15 və daha az inteqrasiya etmiş 12 dövlətdən ibarət qruplar yaratmaq olar.

Lakin bu koalisiyaya seçim meyarları, hələ ki, aydın deyil. İqtisadi nailiyyətlərə əsaslansaq, məsələn, Aİ-nin ən nəhəng iqtisadiyyatlarından, ittifaqın 6 yaradısından biri olan İtaliyanın dövlət borcu ÜDM-in 132%-nə bərabərdir. Yunanıstanın dövlət borcu daha çoxdur. Ən az borc isə Estoniya, Lüksemburq və Bolqarıstandadır - 30%-dən az. Latviya ilə Polşanın borcu da Aİ-nin liderləri olan Almaniya ilə Fransanın borcundan daha azdır. Demək, meyar kimi, iqtisadi yox, siyasi məqsədəuyğunluq götürüləcək.

Belçikanın Baş naziri Şarl Mişelin sözlərinə görə, avrozona çərçivəsində inkişaf və istahatların mühərrikinə çevriləcək «əsas nüvə”nin yaradılması vacibdir. O, bildirib ki, söhbət «köhnə Avropa»nın inkişaf etmiş dövlətlərindən gedir.

 

 

Yollar Romaya aparır

«Ağ kitab»ı oxuyan hər kəs haqlı olaraq bir sual verir: «Quo vadis?» («Hara belə?»). Bununla, əfsanəyə görə, apostol Pyotrla Xristos arasındakı dialoqla paralel aparılır. Pyotrun «Quo vadis, Domine?» (“İlahi, hara belə?”) sualına Xrostos belə cavab verib: “Eo Romam iterum crucifigi” (“Çarmıxa çəkilmək üçün Romaya gedirəm”).

Romada Domine-Kvo-Vadis kilsəsi var. Əfsanəyə görə, həmin kilsə bu söhbətin baş tutduğu yerdə yerləşir. Martın 25-də Aİ-nin 27 üzvünün liderləri elə həmin Romada, həmin kilsənin yaxınlığında Avropa İttifaqının yaradılmasının əsasını qoymuş Roma müqaviləsinin 60 illiyini qeyd edəcək. İttifaq tarixində ilk dəfə olaraq genişlənmək əvəzinə, kiçilir.

Yunkerin «Ağ kitab»ı isə indi, bir suala cavab tapmağa çalışır: bundan sonra necə olacaq?

Hələlik, 5 variant var...



MƏSLƏHƏT GÖR:

411